Cümhuriyyət və Sovet dövründə Azərbaycan qadınları I hissə
Azərbaycan tarixində bir çox qadın uğurları ilə digər qadınlar üçün ilham mənbəyi olmuş və tarix boyu bu öz cəsarətləri ilə fərqlənmişlər. Milli mübarizənin qadın qəhrəmanlarında vətən sevgisi, iman, ümid, azadlıq, qətiyyət, komanda ruhu, həmrəylik, cəsarət, güvən, məsuliyyət, səbr, liderlik kimi xarakterik xüsusiyyətlər var idi. Belə cəsur və savadlı qadınlar xüsusilə, Cümhuriyyət və Sovet dövründə daha çox fərqlənmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan qadınları ilk dəfə seçmək və seçilmək hüququ qazanırlar. Qadınlara verilmiş bu hüquq sonrakı illərdə reallaşdırılmış və qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutub, bərabərhüquqlu vətəndaşlar kimi bütün imkanlardan istifadə etməyə başladılar. Çadradan azad olan Azərbaycan qadını 20-30-cu illərin ictimai-siyasi həyatında, iqtisadi və mədəni quruculuğunda fəal iştirak etmişdi.
Ümbülbanu Rəsulzadə – Ümbülbanu xanım Məhəmməd Əmin Rəsulzadənin həm həyat yoldaşı, həm də əmisi qızı olmuşdur. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümgülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk üçrəngli bayrağını məhz özünün tikməsi olmuşdur.
Nigar Rəfibəyli – Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin qızıdır. Nigar Rəfibəylinin atası X.Rəfibəylini 1920-ci ilin mayın 20-də bolşeviklər qətlə yetirmişdi. O, həm də məşhur Gəncə üsyanının şahidi olmuşdur. Bu da N.Rəfibəylidə Sovet rejiminə nifrət yaratmışdı. Bu hadisədən sonra o, Sovet rejiminin əleyhinə şeirlər yazmağa başlamışdır. Əliheydər Qarayev belə şeirlərinə görə Pedaqoji İnstitutun tələbəsi olan Nigar xanımın bütün işlərdən azad edilməsini tələb etmişdi.
Ümmügülsüm xanım – 1920-ci ilin may ayının 3-də bolşeviklər Azərbaycanda üçrəngli bayrağımızı parlament binası üzərindən endirib, öz qırmızı bayraqlarını asdılar. Bu hadisəyə ilk etiraz edənlərdən biri şair Seyid Hüseynin həyat yoldaşı, şairə Ümmügülsüm xanım olmuşdur. Həyat yoldaşı yazıçı Seyid Hüseyn 1937-ci ildə həbs edildikdən sonra, həmin ilin noyabrın 2-də onu da həbsə alıb, Bayıl həbsxanasına saldılar. Ona səkkiz il həbs cəzası kəsib, Mordva Muxtar Respublikasının Yavas qəsəbəsindəki İslah əmək düşərgəsinə göndərirlər. 1945-ci ildə sürgündən qayıdaraq Şamaxıya getsə də bir neçə ay sonra burada vəfat edir. Ümmügülsüm xanım M.Ə.Rəsulzadənin həyat yoldaşı Ümmülbanu xanımın bacısı idi. 1938-ci ildə sürgünə göndərilən Ümmülbanu xanım 1941-ci ildə Qazaxıstanda vəfat edib.
Mədinə Qiyasbəyli – M. Qiyasbəyli müəllimə idi. O, Azərbaycanın ilk qadın pedoqoqu hesab edilirdi. 1936-cı ilin dekabrın 8-də Azərbaycan SSR CM 72/73 maddələrinə əsasən həbs edilib. Əsas ittiham olaraq, onun qeyri-leqal əksinqilabi müsavatçı təşkilatının üzvü olması, dayısı oğlanları AXC Parlamentinin üzvü, müsavatçı Rəhim Vəkilovla cümhuriyyət rəhbərlərindən Mustafa Vəkilovla əlaqələri, həbs düşərgəsində aclıq edən müsavatçılar, onlara verilən işgəncələr haqqında yazıçı Maksim Qorkiyə məktub vermələri, Əhməd Cavad, Seyid Hüseynlə bağlı münasibətləri, Sovet hökuməti ilə mübarizə mövqeyində olması səbəb gətirilərək ittiham edilir.
Xədicə Qayıbova– Azərbaycan Milli Konservatoriyasının yaradıcılarından biri idi. O həm də Azərbaycanın ilk qadın piano ifaçısı idi. Bəzi qaynaqlarda onun Mircəfər Bağırovun sevgisinin qurbanı olduğu qeyd edilsə də ittihamlarda onun əks-inqilabi fəaliyyətlə məşğul olması, müsavatçı Mustafa Vəkilovun onların mənzilində gizlənib, sonra Türkiyəyə qaçması, Bakıda olmuş Türk zabitlərindən Xəlil Paşanın, Əşrəf Təmuçinin tanış kimi onlara gəlməsi, guya xarici dövlətin kəşfiyyatı ilə Dadaş Bünyadzadənin onun vasitəsi ilə əlaqə saxlaması və s. qeyd olunurdu. Xədicə xanım həm də xarici dövlətin kəşfiyyat agenti kimi saxta ittihamlarla üzləşsə də, bunları inkar edir.
Valiyyə Kazımbəyli– Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin həyat yoldaşı idi. O müharibə dövründə hərbi hospitallarda işləmişdir. O, İkinci Dünya müharibəsindən sonra qardaş ölkədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı hərbçiləri sovet əks-kəşfiyyatının caynağından qurtarmaq üçün Romaya aparmalıydı. Valiyyə xanım atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək, onlarla birgə 1947-ci il aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya gedir. Həmin təyyarə Afina şəhərində qəzaya uğradığından Valiyyə xanım 12 yüksək rütbəli azərbaycanlı ilə birlikdə həlak olur.
Ədəbiyyat siyahısı
- Nəsiman Yaqublu-Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası, Bakı 2013
- Bünyadov. Qırmızı Terror. Bakı, 1993
- Nəsiman Yaqublu-Milli azadlıq hərəkatı ensiklopediyası (Sovet rejiminə qarşı mübarizə) Bakı 2018
- Azərbaycan qadını ensiklopediyası-Bakı 2002.
Yazar: Fidan İbadova