Çoxkanallı telekommunikasiya sistemləri
Telekommunikasiya nədir?
Telekommunikasiya (ing. Telecommunications)— verilənlər, tele-görüntülər, səslər, faksimil sənədləri və s. daxil olmaqla istənilən növ informasiyanın elektron formada ötürülməsinin üsul və formalarını ifadə edən termin.
Azərbaycanda telekommunikasiya – Azərbaycanı televiziya, radio, internet, mobil rabitə, sabit xətlərlə təmin edən ümumi anlayış. Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində Azərbaycanın informasiya və telekommunikasiya sektoru da inkişaf etməkdədir. Buna baxmayaraq hələ də problemlər ortaya çıxmaqdadır. Bunun səbəbi isə bu sahənin hələ cavan və tam inkişaf etməmiş olmasıdır. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom vasitəsilə Azərbaycanda telekomunikasiya inkişafına nəzarət etməkdədir.
İstifadədə olan telefon xətləri (2014): 1.820.000
Dünya üzrə 64-cü yerdədir.
Mobil telefon istifadəçilərinin sayı (2014): 11.000.000
Dünya üzrə 75-ci yerdədir.
Şopenhauer demişdir: “Bütün böyük idealar üç mərhələdən keçir: birinci mərhələdə onlar gülüşlə qarşılanır, ikinci mərhələdə onlara ciddi müqavimət göstərilir, üçüncü mərhələdə isə onların doğru olduğuna heç bir şüphə qalmır”. Telekommunikasiya sektoru artıq bu üçüncü mərhələyə yetişmişdir.
Öz inkişaf yoluna yalnız səsin ötürülməsi üçün istifadə olunan kanal kommutasiyalı telefon şəbəkələri ilə başlayan telekommunikasiya xidməti bu gün qlobal şəbəkə bazası əsasında «İnternet-faks», «İnternet TV», «İnternet-video», e-mail, elektron ticarət və s. xidmətləri göstərmək səviyyəsinə kimi yüksəlmişdir.
Çoxkanallı telekommunikasiya nədir? – çoxlu sayda siqnalların eyni vaxtda və bir-birindən asılı olmayaraq bir fiziki dövrə üzrə ötürülməsini təmin edən texniki vəsaitlərin cəmi Çoxkanallı Telekommunikasiya Sistemləri (ÇKTS) adlanır.
İstənilən növ informasiya vericidən qəbulediciyə stansiya xətt qurğularının köməyi ilə ötürülür. Telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və tikintisi zamanı nəzərdə tutulan ümumi kapital xərclərinin 65-70%-i xətt qurğularının tikintisinə sərf olunur ki, bu da xətt qurğularından effektiv istifadə olunması zəruriyyətinin meydana çıxmasına səbəb olur.
Hələ 1869-cu ildə professor Q.İ.Morozov müxtəlif tezliklərdən istifadə etməklə bir dövrə üzrə bir neçə teleqraf siqnallarının eyni zamanda ötürülməsi üsulunu təklif etmişdir. Bu çoxkanallı rabitə texnikasının inkişafının başlanğıcını təşkil etdi. 1880-ci ildə Q.Q.İqnatyev bir dövrə üzrə telefon və teleqraf siqnallarının ötürülməsi sxemini tərtib etmişdir. 1893-cü ildə Y.İ.Qvozdyev elektrik süzgəclərindən istifadə etməklə bir dövrə üzrə iki teleqraf və bir telefon kanalının təşkili sxemini təklif etmişdir. 1918-1920-ci illərə qədər çoxkanallı rabitə texnikası rabitənin uzaqlığının artırılması istiqamətində inkişaf etmişdir. Çoxkanallı telekommunikasiya sistemlərinin (ÇKTS) avadanlıqlarının tərtib olunmasına və hazırlanmasına 1920-ci illərdə başlanmışdır. Bu dövrlərdə əvvəlcə hava rabitə xətləri üzrə işləyən çoxkanallı telekommunikasiya sistemlərindən istifadə etməklə rabitə magistralının tikintisinə başlanmışdır. 1940-cı illərin sonu, 50-ci illərin əvvəllərində simmetrik kabel xətlərindən istifadə etməklə 24 və 60 ədəd kanal təşkil edən ÇKTS-ləri tərtib edilmişdir, ÇKTS-lərinin təşkil etdiyi kanalların sayının artırılmasına və müxtəlif növ informasiyanın ötürülməsinə 1920, 3600, 7680 və 10800 ədəd kanala malik analoq telekommunikasiya sistemlərinin işlənib hazırlanmasına imkan vermişdir. 1960-cı illərdə yerin süni peyklərindən istifadə etməklə rabitə yaradan radiorele telekommunikasiya sistemləri işlənib hazırlanmışdır və hal-hazırda geniş istifadə olunur. 1970-ci illərdən başlayaraq kanalları zamana görə bölünən rəqəm telekommunikasiya sistemləri geniş tətbiq olunmağa başlanmışdır. Elə həmin dövrdən başlayaraq rəqəm telekommunikasiya sistemlərinin bazasında kanalların buraxma qabiliyyətini iki dəfə artırmağa imkan verən statistik telekommunikasiya sistemləri də işlənib hazırlanmışdır.
ÇOXKANALLI TELEKOMMUNİKASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI
Müasir çoxkanallı rabitə texnikasında daşıyıcı siqnal kimi müxtəlif növ siqnallardan istifadə olunur. Bunlardan ən geniş tətbiq olunanı harmonik (sinusoidal) siqnallar və ya düzbucaqlı impulsların dövri ardıcıllığıdır. 1-ci halda amplitud, tezlik və ya faza modulyasiyaları həyata keçirilir. Əgər müxtəlif kanallarda daşıyıcı siqnallar kimi müxtəlif tezlikli siqnallardan istifadə olunursa, onda belə sistemlər kanalları tezliyə görə bölünən (analoq) ÇKTS-ləri adlanır. Əgər harmonik daşıyıcı siqnalın fərqləndirici parametri başlanğıc faza olarsa, onda kanalların fazaya görə bölünməsi prosesi həyata keçirilir və belə sistemlər kanalları fazaya görə bölünən ÇKTS-ləri adlanır. Daşıyıcı siqnallar kimi düzbucaqlı impulsların dövri ardıcıllığından istifadə olunduqda modulyasiya amplitidaya (amplitud-impuls modulyasiyası), davametmə müddətinə və eninə (eninə-impuls modulyasiyası), fazaya (faza-impuls modulyasiyası) və tezliyə (tezlik-impuls modulyasiyası) görə həyata keçirilir. İmpuls daşıyıcı siqnallar istifadə olunan sistemlərdə kanalların zamana görə bölünməsi həyata keçirilir. Kanalların bölünməsinin ümumi prinsiplərindən biri kanalların istifadə olunan siqnalların formasına görə bölünməsidir. Bu halda kanal siqnallarının tezlik spektrləri kəsişirlər və bütün kanallar üzrə veriliş eyni zamanda həyata keçirilir. Kanalları formaya görə bölünən telekommunikasiya sistemlərində daşıyıcı siqnallar kimi Yakobi, Lejandra, Lagger, Uolş və başqa xətti asılı olmayan funksiyalar sistemlərinin çoxluğu ilə təsvir olunan elektrik siqnallarından istifadə oluna bilər.
1.2 Asinxron-ünvanlı telekommunikasiya sistemləri
Bəzi hallarda verici və qəbuledici son stansiyalar arasında sinxronlaşdırma prossesini həyata keçirmək böyük çətinlik törədir. Bu əsasən hərəkət edən obyektlər (avtomobil, təyyarə, gəmi) arasında radiorabitə təşkil edərkən, yerin süni peykləri vasitəsi ilə rabitə təşkil edən sirkulyar rabitə sistemlərində və digər hallarda şəbəkənin bütün mənbələrindən sinxronlaşdırma həyata keçirmədən eyni bir tezlik diapazonunda siqnalların verilməsi zəruriyyəti meydana çıxır. Bu məsələ kod-ünvan bölgülü sistemlərin köməyi ilə həll olunur və burada daşıyıcı siqnal kimi müxtəlif abunəçilər üçün müxtəlif olan kod qruplarından istifadə olunur. Həmin kod qrupları ünvanlar adlanır. Qəbuledici qurğu konkret abunəçiyə verilmiş kod qrupunu ayırır və digər siqnallara heç bir reaksiya vermir. Abunəçilər arasında birləşmə ümumi rabitə xətti vasitəsilə «biri hər biri» prinsipi üzrə həyata keçirilir. Asinxron-ünvanlı telekommunikasiya sisteminin iş prinsipini izah etmək üçün kompaderləməyə malik delta modulyasiyalı və ünvanlı tezlik-zaman kodlamalı sistemin strukturunu nəzərdən keçirmək lazımdır. Sistemin verici hissəsi delta-modulyatordan (KDM), formalayıcı sxemdən (FS), ünvanlar koderindən (ÜK) və radiovericidən (RV) ibarətdir. Kanalın girişinə analoq siqnal daxil olduqda KDM-in çıxışında ikiqütblü impuls ardıcıllığı şəklində rəqəm siqnalı alınır. KDM-in çıxışında alınan ikiqütblü siqnal FS vasitəsi ilə normallaşdırılmış birqütblü siqnala çevrilir, belə ki, bu halda müsbət impulslar isə “0”-a uyğun gəlir. FS-nın çıxışında siqnal ÜK-na daxil olur və burada hər bir impulsa uyğun davametmə müddəti T indeksində T takt intervalına bərabər olan ünvan kod qrupu formalaşdırılır. Hər bir kod qrupu n ədəd kod intervalından t indeksində k=T indeksində T/n ibarətdir.
1.3 Kombinasiyalı telekommunikasiya sistemləri
Kombinasiyalı telekommunikasiya sistemləri (KTS) elə çoxkanallı telekommunikasiya sistemləridir ki, burada v(t) qrup siqnalı kanal siqnallarının toplanması yolu ilə deyil, onların digər birləşdirmə əməliyyatı nəticəsində alınır.Tutaq ki, F indeksində T takt tezlikli ikilik impuls ardıcıllığına uyğun gələn iki ədəd rəqəm siqnalının verilməsi tələb olunur və bu zaman hər iki kanal üzrə ötürülən impulsların amplitudaları eynidir. Veriliş zamanı “1” simvolu impulsun olmasını, “0” simvolu isə fasiləni göstərir. Qrup siqnalını formalaşdıran birləşdirici qurğunun (BQ) girişində aşağıda göstərilmiş kanal siqnallarının müəyyən kombinasiyaları alına bilər.
1.Siqnal v1(t) 0 1 0 1
2.Siqnal v2(t) 0 0 1 1
3.Kombinasiyaların nömrəsi 1 2 3 4
Birləşdirici qurğunun sxemini elə tərtib etmək lazımdır ki, kanal siqnallarının hər bir mümkün kombinasiyalarına o v(t) qrup siqnalının dörd variantından birini qarşı qoya bilsin. Məsələn, qrup siqnalı kimi sinusoidal rəqslərdən istifadə oluna bilər ki, bu siqnalın da tezliyi kanal siqnallarının nömrəsindən asılı olaraq dörd mümkün qiymətdən birini ala bilər. Beləliklə, bu halda qrup siqnalı kanal siqnallarının cəmi (qarışığı) deyil və o kanal siqnallarının uyğunluğunun əks olunmasıdır. Bu halda əks olunma üsulu, yəni qrup siqnalının xarakteri ixtiyaridir və rabitə xəttinin xarakteristikalarından, siqnalın səviyyəsindən, maneənin xarakterindən və s. asılı olaraq sistemi layihələndirən şəxs tərəfindən müəyyənləşdirilir.
Kombinasiyalı birləşmə zamanı ÇKTS-nin vericisi elə bir qurğudur ki, N ədəd girişlərinə kanal siqnalları daxil olur və o kanal siqnallarının ani qiymətlərinin kombinasiyalarını əks etdirən qrup siqnalını istehsal edir. Aydındır ki, belə sistemlərdə kanal siqnallarından hər birinin mümkün vəziyyətlərinin sayı sonlu olmalıdır.
Nəzərdən keçirdiyimiz kombinasiyalı sistemlər kanalların sayı az olan halda tətbiq olunur, çünki qrup siqnalının variantlarının və razılaşdırılmış süzgəclərin sayı ilə müəyyənləşdirilən aparaturanın mürəkkəbliyi N-nin artmasına eksponensial olaraq artır. Hal-hazırda N=2 olduqda qrup traktının buraxma qabiliyyəti 2400 bit/s və N=3 olduqda isə 4800 bit/s olan iki və üç kanallı avadanlıqlar istehsal olunur ki, bunlar da tonal tezlik kanalları üzrə rəqəm siqnallarının verilişi üçün istifadə olunur.
İstifadə olunmuş ədəbiyyat:
- Mansurov T.M. Çoxkanallı Telekommunikasiya Sistemləri. Ali məktəblər üçün dərslik. I hissə. -Bakı: Çaşıoğlu, 1999. -160s.
- Mansurov T.M. Çoxkanallı Telekommunikasiya Sistemləri. Ali məktəblər üçün dərslik. II hissə. -Bakı: Çaşıoğlu, 2000. -288s.
- Mansurov T.M., Məmmədov M.Ə. Çoxkanallı Telekommunikasiya Sistemlərinin əsasları. Ali məktəblər üçün dərslik. -Bakı: Təhsil NPM, 2008. -288s.
YAZAR: Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Telekommunikasiya fakültəsi, Çoxkanallı Telekommunikasiya Sistemləri ixtisasının son kurs tələbəsi Əhmədli Lamiyə
Həmçinin bax: Kommunikasiya sistemləri mühəndisliyi ixtisası: mahiyyəti və karyera imkanları
Həmçinin bax: https://turaz.org/cebhe-boyu-erazilerde-xeyli-sayda-mina-askarlandi/
Həmçinin bax: https://tehsilim.org/filologiya-fakultsinde-umummilli-lider-heyder-eliyevin-anim-gunune-hesr-olunmus-tedbir-kecirilib/