Cinsi tərbiyənin psixoloji problemləri

Cinsi tərbiyə insan cinsəlliyi ilə bağlı mövzuların öyrənilməsidir. Yaş dövrünə uyğun şəkildə uşaqlara cinsi tərbiyə verilməlidir. Lakin cinsəllik toplumumuzda bir tabu olduğundan valideynlər bu haqda uşaqları ilə danışmaqdan çəkinirlər. Uşaq təbii olaraq suallar verdikdə onu susdurur, bunu danışmağın “ayıb” olduğunu deyirlər. Halbuki, uşaq onu maraqlandıran suallara cavab tapa bilməzsə yaxud ailədə suallarını çəkinmədən verə biləcəyi şərait olmazsa, bunun bir sıra fəsadları olacaqdır.
Cinsi tərbiyə vermək ilk növbədə valideynlərin vəzifəsidir. Valideynlər özləri nəzərə almalıdırlar ki, öz dövrlərində aldıqları cinsi tərbiyədə səhvlər ola bilər. Buna görə əvvəl özləri düzgün öyrənərək uşaqda sağlam təsəvvür yaratmalı, bu məqsədlə lazım gəlsə psixoloq dəstəyi almalıdırlar.
◽️Uşaq öz bədənini tanımalı,bədəninin öxünəməxsus olduğunu bilməlidir. Cinsi istismarın qarşısını almaq üçün kimsənin bu özəl bölgəyə, onun bədəninə müdaxilə etmək haqqı olmadığı izah olunmalıdır. Cinsəllikdən danışmaq tabulaşdırıldığı halda cinsi istismara məruz qalan uşaqlar bunu da ifadə edə bilməyəcəklər. Cinsi istismara məruz qalan uşaqlar həmin mühitdən uzaqlaşdırılmalı, travmalarından qurtulmaq üçün mütləq psixoloji yardım almalıdırlar. Göründüyü kimi bir uşağa soyuqdan, mikrobdan, xəstəlikdən qorunması üçün məlumat verilməsi nə qədər təbiidirsə, cinsi tərbiyə də bir o qədər təbii və vacibdir.
◽️Cinsi tərbiyə uşağın yaşına uyğun olmalıdır. Təxminən 3 yaşından etibarən uşaqların beynində cinsəlliklə bağlı suallar yarana bilər. Məsələn, dünyaya necə gəldiyini soruşa bilər. Bu yaşda əlbəttə cinsəlliyin anatomiyasını danışmaq məntiqli olmadığı kimi, uşağın başa düşəcəyi səviyyədə də deyil. Psixoloqların fikrincə bu yaşda uşaqlara “səni leyləklər gətirib”, ”hardansa tapmışıq, almışıq” kimi nağılvari  ifadələrdənsə “ata və ana bir-birini çox sevərək qucaqladıqlarında sən dünyaya gəldin” demək daha doğrudur.
Yeniyetməlik öncəsi uşaqların yeniyetməlik dövründə baş verə biləcək dəyişikliklər haqqında məlumatlandırılması da əhəmiyyətlidir. Orqanizmdə baş verəcək fiziki, hormonal dəyişikliklərin təbii olduğu, buna görə utanmamalı olduqları izah edilməlidir.
◽️Uşaqlarda, yeniyetmələrdə cinsiyyətləri, duyğuları haqqında utanılacaq bir şeymiş kimi təsəvvür yaratmaq psixoloji problemlərə yol açacaqdır. Əsasən qız uşaqlarına qarşı edilən təzyiq gələcəkdə cinsi əlaqədən çəkinmələrinə, cinsi istəklərini, arzularını gizlətmələrinə səbəb olur. Cinsəlliyin rolunu inkar etmək mümkün olmadığı halda o heç yox imiş kimi davranmaq normal deyil.
◽️Uşaq sual verdikdə həyəcanlanıb mövzunu dəyişmək, əsəbləşmək, uşağı danlamaq doğru deyil. Əgər siz uşaqların suallarını cavablandırmasanız, xüsusilə də yeniyetməlik öncəsi dövrdə o başqa mənbələrdə cavab axtaracaq. Bilgi kirliliyinin bu qədər çox olduğu zamanda uşaqlarda cinsəlliklə bağlı yalnış təsəvvürlər yarana bilər.
◽️Cinsi tərbiyə hal-hazırda 8-ci sinif biologiya dərsliyinə daxildir. Hələ də bəzi məktəblərdə, mənim  oxuduğum məktəbdə olduğu kimi mövzunun tədris olunmaması, “utanılacaq” bir mövzu olduğu fikrini möhkəmləndirir. Şagirdlər öz orqanizmləri haqqında bilgiləndirilməlidir. Bu tənəffüs sistemi də olsa, cinsiyyət sistemi də olsa tədris olunmalı, müəllim öz vəzifəsini yerinə yetirməlidir.
◽️Aşağı yaşlardan etibarən uşaqların beyninə həkk olunan gender stereotipləri, cinsiyyətlərinə görə edilən ayrıseçkilik, yüklənən fərqli məsuliyyətlər də cinsi tərbiyənin psixoloji aspektinə əsasən yanlışdır və gender bərabərsizliyinə səbəb olur. Burada hər iki cins zərər görür. Məsələn,insan olduğu unudularaq oğlan uşaqlarına “sən oğlansan, kişisən, kişi ağlamaz” deyərək duyğularını boğmaq bu sterotiplərə daxildir. Yaxud uşağa qız olduğuna görə hansısa işi görə bilməyəcəyini, bacarmayacağını demək, özgüvənlərini qırmaq da yanlış cinsi tərbiyədir. Oğlanlara daim daha çox pul qazanmalı, ailəyə baxmalı olduğu məsuliyyəti yüklənir, qızlara isə ev işləri məsuliyyəti yüklənərək ictimai həyatdan uzaq qalmalarına çalışılır. Uşaq yaşdan öyrədilən bu gender stereotipləri insanı həyatı boyunca izləyir, bu kimi qəliblərə uyğunlaşmağa məcbur edir.
◽️Cinsi tərbiyənin öyrədilməməsi yaxud yanlış öyrədilməsi yalnız psixoloji problemlərə səbəb olmur. AİDS, QİÇS  kimi cinsi yolla yoluxan xəstəlikləri; Gonore, Sifilis, Xlamidya və s. kimi bakteriyaları; istənilməyən hamiləlik hallarını cinsi tərbiyənin natamam olduğuna nümunə göstərmək olar.

YAZAR: Qönçə Mustafayeva

HƏMÇİNİN BAX:Hemofiliya

HƏMÇİNİN BAX:https://turaz.org/vakant-dovlet-qullugu-vezifeleri-uzre-musahibe-davam-edir-21-namized-ugur-qazanib/

HƏMÇİNİN BAX:https://tehsilim.org/tops-telimlerine-yekun-vurulub/