Çinin hunları tabe etmə cəhdləri

Bu vaxt Çin İmperatoru sərhəd bölgələrini yoxlamaq üçün Şuofanqa gəldi. Burada o 180.000 min əsgərə başçılıq edirdi. O, Quo Ji-ni  Hunlara elçi göndərdi. Hun mərkəzinə gəldikdən sonra səfirlə görüşə biləcəyini qeyd edən baş müşavirə Tanhu ilə şəxsən görüşmək istədiyini söylədi. Bunun üzərinə Tanhunun önünə gətirilən elçi dedi:
“Cənubi Yue bəyinin başı Çin Sarayının şimal qapısında asılıdır. Bu gün, Tanhu Çinlə döyüşə bilər, Göylərin oğlu (Çinin İmperatoru) sərhəddəki orduya özü rəhbərlik edir. Tanhu artıq döyüşə bilmirsə, dərhal cənuba qayıtsın, Çinə tabe olsun. Səhranın şimalında su və ot olmadığı soyuq və ağrılı torpaqda necə  gizlənir və ölürsən? ”.

Bu sözləri eşidən Tanhu çox əsəbiləşdi. Baş xidmətçinin başını kəsdi, Quo Ji-ni həbs edib Baykal gölü sahillərinə göndərdi. Bununla birlikdə, Tanhu Çin sərhədlərini qarət etmədi. Əsgərə istirahət verdi və atları yedizdirdi. Ova çıxdı və ox ataraq döyüşə hazırlaşdı. Bu vaxt gözəl və şirin sözlərlə, evlilik yolu ilə sülh müqaviləsi bağlamaq istəyini bildirmək üçün elçilər göndərdi.

Çin İmperatoru Hunlara casusluq etmək üçün Vanq Vu kimi insanlar göndərdi. Hun adətinə görə, Çin səfirləri elçi çəliyini qoymadan və üzlərini boyamadan otağa girə bilməzdilər. Vanq Vu, Beydi xalqından idi və Hunların ənənələrini bilirdi. Çəliyini qoyub üzünü boyayaraq otağa girdi. Bu jest Tanhunu məmnun etdi. Varisini girov olaraq Çinə göndərmək və evlilik yolu ilə sülh müqaviləsi bağlamaq istədiyini söylədi.

Çinin hunları asılı hala salma cəhdləri:

Bundan sonra Çin İmperatoru Yanq Şini Hunlara elçi göndərdi. Bu arada, Koreya daxil olmaqla, Çinin şərqindəki bütün torpaqlar ilhaq edildi və Çin əyalətinə çevrildi. Qərbdə Jiuçuan əyaləti quruldu, beləliklə Hunlar və Tibetlilərin ataları olan Jianqın birləşməsinin qarşısını aldı. Yenə Çin, qərbdəki Yueji ilə, məmləkəti Daşia ilə, əlaqələr qurdu və Vusun bəyə bir şahzadə verdi. Bu yolla hunlarla qərbdə onları dəstəkləyənlər arasındakı əlaqələr kəsildi. Çin də şimala doğru hərəkət etdi.

Şimaldakı sahələri genişləndirdi, Şunley adlanan yer Hunlar arasında sərhəd oldu. Hunlar bunun əleyhinə çıxmağa cəsarət etmirdilər. Çin sarayındakı nazirlərin və yüksək səviyyəli şəxslərin fikrinə görə Hunlar zəifləmişdi və indi Çinə tabe ola bilərdi. Daha əvvəl Hunlara elçi göndərilmiş Yanq Şin, Tanhu ilə üz-üzə qaldığı zaman Hun adətinə görə çəliyindən ayrılaraq çadıra girmək istəmədi. Bunun üzərinə Tanhu səfiri çadırın xaricində qəbul etdi. Elçi Tanhuya evlənmə yolu ilə sülh müqaviləsi bağlaya bilməsi üçün varis oğlunu Çin sarayına girov olaraq göndərməsini söylədi. Bu, hunları Çinə qarşı daha aşağı səviyyəyə endirdi və bir növ tabeçilik statusuna saldı.

Tanhu dedi: “Bu bizim köhnə əhdimiz deyil. Köhnə müqaviləmizə görə, Çin hər dəfə bir müqavilə bağlandıqda şahzadə ilə ipək örgülər, yeməklər, mallar göndərir və beləliklə də müqavilə bağlanır. Digər tərəfdən Hunlar sərhəd bölgələrini tapdalamırlar. Bu gün Çin köhnə müqaviləni pozaraq oğlumu girov götürmək istəyir ”.

Hunların ənənəsinə görə, əgər Çin səfiri zadəgan deyil, bir Konfutsi ustadı olsaydı, danışmağa razı salmamaq üçün onun sözünü kəsərdilər. Onlar gənc səfirin Tanhuya sui-qəsd etmək üçün gəldiyini düşündükləri üçün onun cəsarətini qırdılar. Çin orduları Hun torpaqlarına hər girəndə Hunlar da cavab verdilər. Hun səfiri Çin sarayında tutulduqda Hunlar Çin səfirini də həbs etdilər. Nə olurdusa hunlar hər zaman qarşılığını verirdilər. Çin elçisi qayıtdıqdan sonra Çinlilər Hunlara başqa bir elçi göndərdi. Tanhu Çin səfirinə şirin sözlər deyərək daha çox Çin malları almaq istəyirdi. Səfirə Çin sarayına getmək və imperatoru görmək istədiyini və qardaş kimi qarşılıqlı razılaşmaq istədiyini söylədi.

Səfir Çin sarayına qayıtdı və bu xahişi çatdırdı. İmperatorun Çanqanda Tanhu üçün tikdiyi bir köşk var idi. Tanhu isə Çindən zadəgan bir elçi gələnə qədər həqiqətən danışmayacağını söylədi. Hunlar Çin sarayına zadəgan bir elçi göndərdi. Lakin elçi xəstələndi və öldü. Çin İmperatoru cəsədi götürmək üçün minlərlə qızıl sikkəsi olan yüksək səviyyəli bir məmur göndərdi. Tanhu, çinlilərin onun zadəgan elçisini öldürdüyünü düşünürdü. Buna görə də o cəsədi gətirən məmuru həbs etdi. Əslində, Tanhu sonuncu Çin elçisini aldatdı. O, əslində Çinə gəlmək, oğlunu girov göndərmək niyyətində deyildi. Hunlar öz elçilərinin ölümünü bəhanə etdilər və dəfələrlə ordularını göndərərək sərhəd bölgələrini tapdaladılar. Daha sonra Çin İmperatoru Çin qoşunlarını Şuofanqın şərqinə Hunlara qarşı yerləşdirdi.

QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Gülövşə Mahmudova
HƏMÇİNİN BAX: Hunların Çinlə barışıq cəhdləri və Uvey xaqanın hakimiyyətə gəlməsi
HƏMÇİNİN BAX: Tehsilim.org/xalq-yazicisi-kamal-abdullanin-yeni-romani-cap-olunub/