Cinayətkarlığın psixologiyası

Cinayətkarlığa nə sövq edir?

Təbii olaraq, hər birimiz belə bir qənaətə gəlirik ki, heç bir uşaq potensial cinayətkar olaraq doğulmur. Bir fərd kimi doğulan uşağın şəxsiyyətə çevrilməsi prosesində və şəxsiyyətə çevrildikdən sonrakı yaşamı və davranışı özündə bir çox sirli məsələni gizləyir (uşaqlıq dövründə qarşılaşdığı travmalar, zorakılığa məruz qalma, valideynlərin ona münasibəti və ondan gözləntiləri, həddən artıq sevgi görmə və ya sevgisizlik, həmyaşıdların təsiri və s.). Onu da qeyd etmək lazımdır ki, indiyədək mövcud olmuş krimonoloji və psixoloji nəzəriyyələrin əksəriyyəti insanın potensial cinayətkar kimi doğulmadığını sübut etsə də, bunun əksini söyləyən (cinayətkar davranışın genetik kodlarla insan beynində yer aldığını) yanaşmalar da möcvuddur. Aydındır ki, fərdi davranış insan və qurumlar arasındakı münasibətlərin məhsuludur. Əksər kriminologiya nəzəriyyələri fərdə diqqət edir, lakin kriminal meyllərin fəaliyyətə çevrilməsinə imkan yaradan qurumları və modelləri nəzərə almırlar. Lakin qeyd etmək lazımdır ki, kriminal meyllərin olmasına baxmayaraq, cinayəti törətmək üçün cinayət imkanları olmalıdır. Yəni asan və ya cazibədar imkanlar insanları kriminal fəaliyyətə sövq edə bilər. (Felson, M. & Clarke, R. (1998).  Opportunity Makes the Thief; Practical Theory for Crime Prevention.) Bundan başqa, hər bir insan elə bir situasiya ilə qarşılaşa bilər ki, cinayət yeganə həll yolu olsun (özünü qorumaq məqsədi ilə zərər yetirmə və s.) Bu, danılmazdır.

Cəzadan cinayətə

Valideynlərin diqqətində olmalı olan suallardan biri də “verdiyim cəza islahedici xarakter daşıyır, yoxsa uşağın daha da deviantlığa (lat. deviatio – “kənara çıxma”, normadan kənar davranış) meyl etməsinə səbəb olur?” sualıdır. Amerikalı sosioloq Houvard Beker bildirirdi ki, (Bekerin Yarlıq nəzəriyyəsi. Həmçinin bu nəzəriyyə 1960-ci illərin əvvəlləri və 1970-ci illərin sonlarında cinayətkarlığa dair mövcud olan sosioloji nəzəriyyələrin ən məşhuru idi) heç bir davranış özü-özlüyündə deviant deyil. Əksinə, davranışa verilən reaksiya onu deviant və yaxud normal edir. Yarlıq nəzəriyyəsi davranışın nə üçün bəzi insanlar, qruplar və mədəniyyətlər üçün pozitiv deviant, digərləri üçünsə neqativ deviant hesab olunmasını izah etməyə çalışmışdır.

Hər bir cəmiyyətdə müəyyən qrup normalar formalaşdırılmışdır ki, həmin cəmiyyətdə bu normaları qəbul etməyən, onlara əməl etməyən insanlar xoş qarşılanmır, deviant adlandırılır və uzaqlaşdırılırlar. Uşaq psixologiyası nöqteyi-nəzərindən yanaşsaq, belə bir nəticə ortaya çıxa bilər: daima təhqir olunan, alçaldılan, cəzalandırılan uşaq (buraya deviant davranışın nə olduğu və bunun nəticəsinin izah olunmaması, valideynin qəddar münasibətini də əlavə etsək) nə üçün və niyə cəzalandırıldığını dərk etmir. Onda belə bir düşüncə formalaşır ki, “mən normal deyiləm”, “mən heç kimi qane etməyəcəyəm” və “mən heç nə bacarmıram.” Həmin uşaq böyüyüb daima cəmiyyətdə normadan kənar davranışlar sərgiləyən yetişkin insana çevrilir. Bu, bəlkə də, onu heç narahat etməyəcəkdir. Çünki artıq o, buna uşaqlıq yaşlarından alışıbdır. Adətən, insanlar, xüsusilə də uşaqlar üçün yarlığı qəbul etmək onunla mübarizə aparmaqdan asandır. Həddən artıq stiqmalaşma uşaqlarda özünüqiymətləndirmə səviyyəsinin yox olma dərəcəsinə qədər aşağı düşməsinə səbəb olur ki, bu da deviant davranışın artmasına yol açır. Belə ki, uşaq onda mövcud olmayan hər hansı bir davranış və ya xüsusiyyətə görə yarlıqlansa belə, onda formalaşmış olan düşüncə dəyişməyəcəkdir. Çünki, adətən, bizə davamlı olaraq diqtə edilən obrazımız, zorla qəbul etdirilən yarlıqlar (adlar və s.) müəyyən müddət sonra şüuraltında yer alır. Hətta uşaq ona zorla qəbul etdirilən “cinayətkar” obrazını gələcəkdə özündən asılı olmadan yerinə yetirəcəkdir.

Təbiidir ki, hər bir uşaq fərqlidir. Onların hər biri eyni zəka səviyyəsinə, davranış meyllərinə sahib deyil. Ancaq, valideynin münasibəti və uşağın ətraf mühitdən gördüyü reaksiyalar onda mənsub olduğu cəmiyyət haqqında müəyyən bir düşüncə formalaşdırır və şübhəsiz ki, o uşaq bu cəmiyyətə uyğunlaşmaq üçün davranışlarını dəyişəcəkdir. Çalışmaq lazımdır ki, bu davranış müsbətdən mənfiyə dəyişməsin.

Psixoloqlar göstərir ki, uşağa veriləcək ən yaxşı cəza onu mükafatdan məhrum etmədir. Cəzanın yaşa və uşağın səviyyəsinə uyğun seçilməməsi uşaqda qəzəb hissinin artmasına, valideynə olan sevgi və hörmətin azalmasına, özünədəyər hissinin olmamasına gətirib çıxarır. Daima cəza alan uşaq məzlumluq psixologiyasına yiyələnir. Çünki o, alçaldıcı davranışa alışmışdır və bundan artığına layiq olmadığı nəticəsinə gəlmişdir. Uşaq hansı səbəbdən cəzalandırıldığını və cəzanın məqsədini aydın başa düşməlidir.

Qeyd olunanlarla yanaşı, sosial məsuliyyət hissinin kiçik yaşlardan aşılanması önəmlidir. Uşaqlara hər bir insanın yaşından, statusundan, mənsub olduğu din və milliyətindən, irqindən asılı olmayaraq yaşamaq hüququ olduğunu, mənsub olduğu hüquq və azadlıqlara heç kəsin toxunmağa haqqı olmadığını izah etmək lazımdır. İnsanı, ilk növbədə, yaşayan və yaşamağa haqqı olan canlı kimi təsəvvür etməlidirlər. Aydındır ki, öz hüquqlarını qorumağı bacara bilməyən uşaq və ya şəxs başqalarının hüquqlarına da hörmət etməyəcəkdir.

Humanizm aşılanmalı. Seneka bir məktubunda (Epistulae Morales ad Lucilium, 95, 53) Romalı bürokrat dostu Lucilius’a bəzi nəsihətlər verdikdən sonra ona Terentius’un bu sətirlərini xatırladır: “Təbiət bizə dürüstlüyü və ədaləti göstərdi. Onun qaydalarına görə haqsızlıq etmək haqsızlıqla qarşılaşmaqdan daha pisdir. Bu sətirləri ürəyindən və dilindən əskik etmə: Mən bir insanam və insana xas heç bir şey mənə yad deyildir.” (G.Colman, The Comedies of Terence I, 1768.)

 Beynəlxalq səviyyədə uşaqların cəzalandırılması sistemi. İlk Yuvenal məhkəmələrin yaradılması hüquq pozuntusuna yol verən uşaqlara qarşı fərqli və səmərəli modelin yaranmasına səbəb oldu. Yuvenal Ədliyyə sistemi yetkinlik yaşına çatmayanların, yəni uşaqların daha humanist əsaslarla cəzalandırılmasını nəzərdə tutur, təbii ki, bu cəza islahedici, tərbiyəvi xarakter daşımalıdır.Yetkinlik yaşına çatmayanların digər böyük şəxslərlə cəzaçəkmə müəssisələrində qalması onları yenidən cinayətə sövq edən ən böyük amildir. Bilirik ki, uşaqlar əksər hallarda şüurlu olaraq cinayət işləmirlər, bəzən bu cinayətin mahiyyətini belə dərk edə bilmirlər. Ancaq ki onlar cəzaçəkmə müəssisələrində böyüklərlə birgə uzun müddət azadlıqdan məhrum olsalar, o zaman daha çox aqressiv davranışlara, normadan kənar davranışlara meyl etmələri mümkündür. Çünki artıq cəzaçəkmə müəssisəsinin cazibədar mühiti onları cəlb etmişdir. Əlbəttə ki, yüngül qanun pozuntusuna görə bir neçə ay və ya 1 il azadlıqdan məhrum edilən yeniyetmə gənc cinayətkara çevrilə bilər. Bu isə cəmiyyətə daha çox ziyan verəcəkdir.

BMT-nin UHK cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxslərin xüsusi qayğıya və yardıma olan hüquqlara malik olduğunu diqqətə çəkir. Uşaqlar qanunu pozduqları zaman onların hüquqlarını tanıyan xüsusi ədalət mühakiməsi sisteminə cəlb olunma hüququna malikdirlər. Uşaqların zəifliyi sadəcə cəza sanksiyalarının tətbiqini deyil, həm də onların islah edilməsinə və hüquqlarının bərpasına yönələn yanaşmanı tələb edir. Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin. Uşağın tutulması, həbs olunması və ya azadlıqdan məhrum edilməsi qanuna uyğun olaraq həyata keçirilir və bunlardan son tədbir kimi və mümkün olan daha qısa müddət ərzində və müvafiq qaydada istifadə edilir”. (BMT-nin UHK, Maddə 37)

Yetişkin insanların cinayətə meyli

Cəmiyyət üçün təhlükəli insanlar toplusu, təbiidir ki, cinayətkarlar hesab olunur. Bildiyimiz kimi, cinayətkarların əksəriyyəti cinayət işləməyi yaşam tərzi kimi mənimsəyib şüurlu şəkildə qəbul etmişlər. Axı belə bir sual da ortaya çıxa bilər: Bizim davranışlarımız beynimiz vasitəsilə idarə olunursa və davranışlarımızdan məsul orqan varsa, cinayət yenə də öz seçimimizdirmi? Axı biz nəyin yanlış və ya nəyin doğru olduğunu müəyyənləşdirmək qabiliyyətinə malikik. Əgər bu belədirsə, niyə yanlış və zərərverici davranışa meyl edirik?

Cinayətin biologiyası

Sual belə qoyulur: Məsələnin nə qədəri insanın özündən (kobud dildə desək, şüurundan) və nə qədəri onun biologiyasından qaynaqlanır? Bu sualın özü mənasızdır, çünki şəxsin biologiyası ilə qərar vermə müddəti arasında bir ayrım edə bilmərik. Bu iki mexanizm bir-birindən ayrıla bilməz. Tədqiqatçıların araşdırmaları göstərir ki, ən ağır cinayətlərin işləyən insanların daha sonradan beynində ciddi patoloji fəsadlar aşkarlanmışdır. Hətta onların bəziləri əməliyyat olub sağaldıqdan sonra deviant davranışa əsla meyl etməyib, digər insanlar kimi normal həyat sürüblər. Məsələn, “frontotemporal demans” adı verilən xəstəlikdə frontal və temporal lobların fəaliyyəti pozulduğu üçün özlərini nizamlama qabiliyyətini itirən belə xəstələr toplum qaydalarını tez-tez pozur. Bunun kimi bir çox qeyri-adi fakt var. Bəzən bu cür cinayəkarların beynində dəyişikliklərin getdiyi anlaşılsa da, hətta çox vaxt cinayətkarlar özləri nəyinsə yanlış getdiyini etiraf edir, (bu, sadəcə olaraq, şüuraltı ilə bağlıdır) lakin bunu sübut etmək mümkün olmadığından hüquq sistemi cəzalandırmanı asanlıqla tətbiq edir. Beyin kimyasında baş verən çox cuzi dəyişikliklər davranışda çox böyük dəyişikliklərə səbəb olur. İnsanın davranışı onun biyologiyasından ayrı tutula bilməz. Belə ki, toplum olaraq qəbul edilən normaları mənimsəmək və onlara riayət etmək üçün hər kəs eyni səviyyədə deyil. Özgür iradə anlayışı bəziləri üçün əlçatmazdır, xüsusilə də cinayətkarlar. Onlar istəyərəkdən cinayət işləmirsə, belə insanlar necə cəzalandırılmalıdır?

Bəs özündən asılı olmayan səbəblərlər cinayət işləyənləri necə zərərsizləşdirməli? Cinayətkarlara yardım etmək, onları sakitləşdirmək məqsədi ilə yola çıxan Egas Moniz prefrontal korteksin (ön-alın lobları) bağlantılarının kəsilməsindən ibarət olan əməliyyatı həyata keçirtməklə istədiyi nəticəni əldə etmişdi. Cinayətkarlarda şəxsiyyət dəyişimi və bəzi zehin geriliklərinin nəticəsi olan sakitlik meydana gəlmişdi. “Frontal lobotomi” adlandırılan bu əməliyyat beynin frontal (alın) loblarının fəaliyyətini dayandırırdı. (David Eagleman. İncognito, 2011) Lakin bu cür əməliyyatlar insanların təməl hüquq və haqlarını təhdid etdiyi üçün qadağan olundu. Zərərçəkənlərin hüquqları pozulsa da, zərərverənin də hüququ az-çox müdafiə olunmalı idi.

Başqa bir yanaşma: hər birimiz potensial cinayətkarıq. Hər birimizdə bu meyllər mövcuddur, ancaq bəzilərimiz özümüzü idarə etməyi bacarırıq, gələcək nəticələrini dərk edirik və ya əlimizdə cinayət işləməyə imkan yoxdur.

Hüquq sistemi necə qurulub?

Dünyada mövcud olan hüquq sistemi yalnız müəyyən qrup xəstəlikdən əziyyət çəkən insanların bəraət olunmasına imkan verir. Ciddi beyin xəstələri (çoxları bu xəstəliyin fərqində olmur, çünki yalnızca deviant davranışa meyl edirlər) üçün səmərəli məhkəmə prinsiplərinin formalaşdırılması mühümdür. Nevrologiya inkişaf etdikcə bu tempə uyğun olaraq hüquq sistemi də təkmilləşdirilməlidir. Bildiyimiz kimi, mövcud hüquq sistemi bəzi neyroalimlərin irəli sürdüyü özgür iradənin olmaması anlayışını kəskin şəkildə inkar etdiyi üçün bu problem mürəkkəb məsələ olaraq qalmağa davam edəcək. Ancaq, təəssüf ki, bəzi cinayətkarların (yuxarıda qeyd etdiklərimiz) daha ağır şərtlərlə cəzalandırılması, uzun müddət cəmiyyətdən təcrid olunması onların yenidən bir şəxsiyyət kimi mühitə uyğunlaşmasına ciddi əngəllər törədir. İnsan biologiyası və psixologiyasının vacib məqamlarını nəzərə alan hüquq sisteminin formalaşması vacibdir.

Təbii ki, insan cəmiyyətdən tam təcrid oluna bilməz, sosiallaşmadan yaşaya bilməz. Ancaq, yaxşı olar ki, cəmiyyətə sosiallaşma prosesində özümüzü bir insan kimi bioloji və psixoloji olaraq tanıyıb qiymətləndirək. Cəmiyyəti cinayətkarlardan qorumaq üçün ilk öncə, cinayətkar yetişdirməməyə diqqət etməliyik.

 YAZAR: Zərintac Həsənova (Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, sosial iş ixtisasının 4-cü kurs tələbəsi)

Həmçinin bax: Yeniyetmələrin hüquqazidd davranışlarının psixoloji səbəbləri

Həmçinin bax: https://turaz.org/aztu-sehid-olan-telebe-ve-mezunlarinin-siyahisini-aciqladi/

Həmçinin bax: https://tehsilim.org/bdu-nun-jurnalistika-fakultesinin-telebesi-xudayara-seir-hesr-edib/