Çiçerinin Azərbaycan Cümhuriyyətinə notaları və Denikinlə münasibətlər

Bolşevik ordusunun Cənubi Rusiyaya doğru hərəkəti Sovet Rusiyası ilə Müsavat hökuməti arasında danışıqların başlanması ilə nəticələndi. Bu danışıqlar RSFSR Xarici işlər komissarı Çiçerin və Azərbaycan Cumhuriyyətinin Xarici işlər naziri Xoyski arasında aparılırdı. Çiçerinin Xoyskiyə göndərdiyi 1920-ci il 2 yanvar tarixli birinci notada çar generalı Denikinin Azərbaycan və gürcü xalqlarının düşməni olduğu vurğulanır, onun qoşunlarına yubanmadan cənubdan zərbə endirmək təklif olunurdu: “Biz nə qədər ki, gec deyil, Denikinə qarşı mübarizəyə başlamaq çağırışı ilə Azərbaycana xalqına müraciət edirik. Azərbaycan dövlətinin düzgün dərk edilmiş maraqları və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqları Azərbaycanı bizim təklifimizə razılıqla cavab verməyə məcbur etməlidir.”
Çiçerin, Azərbaycan Cumhuriyyətinin Denikinə qarşı mübarizəyə hazır olduğu halda Azərbaycanın “xalqların müqəddəratının həlletmə prinsipi” əsasında müstəqilliyinin tanınmasının müzakirəyə çıxarıla biləcəyindən bəhs etdi. Yəni əgər Azərbaycan Denikinə qarşı mübarizə aparsa idi, onun müstəqilliyinin tanınması Sovet Rusiyası tərəfindən müzakirəyə çıxarılacaqdı.
Çiçerinin birinci notasını Azərbaycan Cumhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyski yanvarın 6-da aldı. Həmin gün Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi və qərara alındı ki, cavab notasında Azərbaycanın Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara başlamağa hazır olduğu bildirilsin. Xoyski yanvarın 14-də Çiçerinə cavab notasında yazırdı: “Azərbaycan hökuməti öz daxili həyatını qurmaq işində rus xalqının mübarizəsinə müdaxiləni yolverilməz hesab edir. Danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır.” (1, s. 317).
Azərbaycan hökumətinin Denikinə qarşı mübarizə apara bilməməsinin 2 əsas səbəbi var idi.
1) İlk olaraq Azərbaycanın Cümhuriyyətinin İngiltərənin güclü təsiri altında idi və Sovet Rusiyası ilə hər hansı yaxınlaşmaya gedə bilməzdi. Bundan başqa İngiltərə Sovetlərə qarşı vuruşan Denikinin müttəfiqi idi. Belə olduğu halda AXC-nin Denikinə qarşı müharibəsini İngiltərə əsla qəbul etməzdi (2, s.110).
2) İkincisi isə 1919-cu ildə AXC-nin Denikinlə az qala müharibə şəraitində olmasına baxmayaraq Cənubi Rusiya ordusunun əsas komandanlıq qərargahı Bakıda yerləşirdi. Cənubi Rusiya ordusunun kazak korpusunun rəhbəri Nikolay Baratov Yusifbəyli hökumətindən Sovet Rusiyasını blokadada qoymaq tələbi qoymuşdu. Bu tələb İngiltərənin də təsiri ilə iqtisadi embarqo formasında həyata keçirilmişdi. Eyni zamanda məhz Bakıda Podşibyakinin rəhbərliyi altında rus zabitləri Denikin ordusuna daxil olmaq üçün səfərbər edilirdi (3, s. 45). Bu isə birbaşa Sovet Rusiyasına təhdid idi.
Müasir aspektdən baxdıqda AXC-nin bu şərtləri qəbul edəcəyi halda RSFSR-in hansı addımları atacağını müəyyənləşdirmək çətindir. RSFSR AXC-nin müstəqilliyini tanımasa da 1919-cu ilin iyulun 19-da gələcəkdə qurulacaq Nərimanovun rəhbərliyi altındakı Azərbaycanın müstəqilliyini tanımışdı.
Bu tanınma Paris Sülh konfransındakı de-fakto tanınmadan 6 ay əvvəl qəbul edilmişdi. RSFSR-in əsas məqsədi ölkədə hərbi çevriliş edərək Müsavat hökumətini, Azərbaycan KP-nin rəhbərliyi altında olan Azərbaycan hökuməti ilə əvəz etmək idi. Beləcə aprelə qədər davam edən nota mübadiləsində heç bir irəliləyiş əldə edilmir. Fətəli xan Xoyskinin Bakı neft mədənlərini yandırma təhdidi də heç bir effekt vermir (2. s. 106). Apreldə artıq Sovet ordusu Denikin ordusunun qalıqları üzərində qələbə qazanaraq Azərbaycan-Rusiya sərhəddinə gəlib çatmışdı. Bu zaman artıq danışıqlar aparmanın heç bir əhəmiyyəti qalmırdı.
İstifadə edilən ədəbiyyatlar
1) Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, (2004), I cild.
2) А. Г. Караев, (1926), Из недавнего прошлого : Материалы к истории Азербайджанской Коммунистической Партии.

3) Рахман Мустафа-заде, (2006), Две республики: азербайджано-российские отношения в 1918-1922 гг.

YAZAR: Əli Novruzov
HƏMÇİNİN BAX: Monqol- türk tayfaları XI-XII əsrlərdə
HƏMÇİNİN BAX: Tehsilim.org/biofizika-institutunda-doktorantura-ve-dissertanturaya-qebul-plani-muzakire-olunub/