Çiçək
Çiçək (flos-oris) qısalmış və inkişafı məhdudlaşan reprodutiv zoğ olub, tozlamanı təmin edən bir orqandır. Botanik-alimlərin çiçəyin əmələ gəlməsi haqqında xeyli müxtəlif nəzəriyyələrinin olmasına baxmayaraq, onların böyük əksəriyyəti çiçəyi- şəklini dəyişmiş, qısalmış, məhdud boya malik, budaqlanmayan spordaşıyan zoğ adlandırırlar. Akademik V.Tutayuk çiçəyə çox düzgün olaraq belə tərif vermişdir. “Çiçək toxumun əmələ gəlməsini təmin ederək cinsi çoxalma üçün uyğunlaşmış, şəklini dəyişmiş, böyüməsi məhdudlaşmış, qısalmış zoğdur”. Çiçək sporların, toxum və meyvələrin əmələ gəlməsi ilə nəticələnən cinsi prosesi həyata keçirən qametlərin yaranmasına xidmət edir. Xüsusi morfoloji quruluşa malik orqan kimi çiçəyin müstəsna rolu qeyri-cinsi və cinsi çoxalmaların bütün proseslərini özündə tam cəmləşdirməsidir.
Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da müxtəlifdir. Çiçək tumurcuqdan əmələ gəlir. Çiçəyin yerində bir və ya bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər adətən toxumla çoxalır.
Çiçəyin quruluşunu nəzərdən keçirək:
Çiçək, çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir.Çiçəkdə şəklini dəyişmiş yarpaqların birləşdiyi yer çiçək yatağı, yaxud çiçək oxu deyilir. Bəzi bitkilərdə çiçək saplağı olmur. Belə çiçəklərə oturaq çiçəklər deyilir. Məsələn (bağayarpağı çiçəyində).
Çiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac diqqəti cəlb edir. Tacın aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasaciq yerləşir. Tac və kasaciq çiçəkyanlığını təşkil edir. Çiçək yanlığ çiçəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı həşaratları özünə cəlb edir.
Çiçəyin əsas hissələri dişicik və erkəkcikdir. Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir. Dişicik genişlənmiş hissədən- yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından ibarətdir. Bəzi bitkilərdə çiçəklər saplaq üzərində tək-tək(ərik, şaftalı, heyva) bəzilərində isə( günəbaxan, inciçiçəyi, gilas,albalı və .) qruplar halında yerləşir.
Tam və qeyri-tam çiçəklər.
Söyüd, göyrüş, qoz, qovaq, fındıq və bəzi başqa bitkilərdə çiçəkyanlığı olmur. Belə çiçəklər qeyri-tam çiçəklər adlanır. Çiçəkyanlığı olan çiçəklər tam çiçəklər adlanır.
Alma, gilas, kələm, qızılgüldə və s. Bitkilərdə çiçəkyanlığı həm ləçək, həm də kasa yarpaqlarından təşkil olunmuşdur. Belə çiçəklərə -ikiqat çiçəkyanlığı deyilir.
Bəzi bitkilərdə( dağlaləsi ,süsən, nərgizgülü) çiçəkyanlığı eyni cür yarpaqcıqlardan təşkil olunur. Belə çiçəklər sadə çiçək yanlığı adlanır.
Bircinsli və ikicinli çiçəklər.
Çiçəklərdə erkəkcik və dişiciyin olmasına görə bircinsli və ikicinsli çiçəklərə bölünür. Əgər bir çiçək daxilində həm erkəkcik, həm dişicik olarsa, bu ikicinsli çiçəklər adlanır. Almada,qızılgüldə, noxudda ikicinsli çiçəklər olur.
Bir çiçək daxilində ya erkəkcik, ya da dişicik olarsa bu bircinsli çiçəklər adlanır.
Bircinsli çiçəklərin bitki üzərində yerləşməsinə görə birevli və ikievli bitkilərə ayrılır.
Əgər erkək və dişi çiçəklər bir bitki üzərində yerləşərsə birevli bitkilər ( məsəlen, xiyar ,qarğıdalı), ayrı- ayrı bitkilər üzərində yerləşərsə ikievli bitkilər adlanır. Buna misal olaraq quzuqulağı, qovaq, söyüd, gicitkən, çətənə və s misal göstərə bilərik.
YAZAR: Almaz Əliyeva
Həmçinin bax: https://kafkazh.com/ortulutoxumlular/
Həmçinin bax: https://kafkazh.com/oduncagin-qurulusu/
Həmçinin bax: https://tehsilim.org/unec-de-meiset-zorakiliginin-qarsisinin-alinmasi-ve-onunla-mubarize-movzusunda-konfrans-kecirilib/