Çexovu necə tanıyırsınız?

Adını ilk dəfə nə zaman eşitdiyimdən əmin deyiləm. Gözlərim tez-tez ziyarət etdiyim xalamın kitabxanasından tanış idi. “Sosyal Yayınları” (“Sosial Nəşrləri”) nın nəşr etdiyi qırmızı, qəşəng cildli rus klassikləri seriyasının olduqca həcmli bir hissəsini təşkil edirdi hekayələri. Kitabın üzündə “Bütün əsərləri” yazılan I,II,III, IV… deyə davam edən qalın cildlər 14 yaşındakı oxucuya cəzbedici görünmədiyindəndir ki, oxumağa romanlarından başladım. Oradan-buradan eşitdiyim böyük yazıçıların ən məşhur romanlarından : “Cinayət və cəza”, ” Oyandırılmış torpaq”, “Paris yıxılarkən”, “Oblomov” və digərləri. Yalnız bir neçə il sonra Çexova sıra gəldi. Universitet imtahanına hazırlaşmalı olduğum dönəmdə romanların cazibədar təsirindən uzaq ola bilmək üçün bir müddətlik pəhriz saxlamağa qərar vermişdim. Həmin qış bir neçə ay boyunca ağır-ağır irəliləyərək Çexovun hekayələrinin çoxunu oxuduğumu düşünürəm. Ədəbiyyatda Əziz Nesinin,Rüfət İlqazın, Müzəffər İzgünün şişirdilmiş komediyalarından başqa yumor bilmədiyimə görə, əvvəlcə Çexovun hekayələri çox fərqli görünmüşdü. Oxuduqca hamısının yumor sayıla bilməyəcəyini başa düşdüm. Sonra daha tez-tez rastlaşdıq. Pyeslərini oxuduğum çox az dramaturq var. Onlardan biri də Çexovdur. Həmişə ilk dəfə qarşı-qarşıya gəldiyi adamın bir jestindən qarşısındakının ən xüsusi cəhətini anlayan insanlardan biri olduğunu düşünürəm. Onlardan gizlənə bilməzsiniz, amma bu, sizi qorxutmaz, narahat etməz. Mənim gözümdə insan sərrafı Çexovun özüdür. Sanki oxucusunu belə tanıyır. Çexovu oxuyarkən, izləyərkən həmişə belə hiss etdim. Sanki mən onun danışdığı dünyaya baxanda o da məni izləyir, nəyi, necə, nə qədər başa düşdüyümü təxmin etməyə çalışır. Yazıçını bu qədər yaxınlığımda hiss etdiyim zaman mən də onun həyatına yaxından baxmaq istəyirəm. Bioqrafiyasına, xatirələrinə, haqqında yazılanlara da yaxınlaşmağa çalışıram. İndi əlimdə kitab var. Bir “Çexov kitabı”. Tam adını deməli olsam, “Çağdaşlarının xatirələrində Anton Pavloviç Çexov”. İlin əvvəlində “İletişim” nəşrlərində Məhməd Özgülün tərcüməsilə nəşr olundu. Tomris Uyar ( Red. Türk yazıçısı və tərcüməçisi) “dünya ədəbiyyatından keçən quyruqlu ulduzdur.” deyirdi onun üçün. Hekayənin nə olduğu haqqında çox qələm oynatmış bir hekayə yazıçısının haqqında belə danışdığı Çexovun öz torpağında qoyduğu izlərlə maraqlanmamaq mümkündürmü?! Mövzu Çexov olduğu üçün maraq oyandırmağı bir tərəfə, çox gözəl yazılmış xatirələr bu topluda bir yerdədir. Kiçik yaşlarında böyük bir ailənin oğlu olaraq etdiyi zarafatlardan, tibb tələbəliyinə, ilk hekayələrinin nəşr olunduğu, dramaturq olaraq tanındığı illərdən ölümcül xəstəliklə boğuşduğu son günlərinə qədər həyatının müxtəlif dövrləri, o dövrdə özünə ən yaxın olanlar tərəfindən nəql olunur. Danışanlar arasında balaca qardaşı Mixail Pavloviç Çexov da var, rejissor Stanislavski də, Qorki də. Türkiyədə az tanınan başqa rus yazıçıları, sənət və ədəbiyyat mühitindən dostları, tibb fakültəsindən dostları. Eyni şəxsdən bəhs etsələr də, təbii olaraq hamı Öz Çexovundan danışır. Kimi çox şəxsi həyatını mövzu seçərkən, məsələn, Qorki Rusiyanın və rus cəmiyyətinin böyük məsələləri barədə bəhs edir. Bu kitab xatirələrin qısa icmallarının toplusu deyil. 50 səhifə boyunca davam edən uzun qeydlər və qiymətləndirmələr var. Özü ilə olan yaxınlığa görə anladılan Çexovun üzü də dəyişir: Onun yumoristik şəxsiyyətilə yanaşı,həssaslığı da var; çox yerdə dostyanalığına və nəzakətinə baxmayaraq, lovğalığa,laqeydliyə, axmaqlığa qarşı dözümsüzdür. Çexov əsəri üçün yaşayan bir çox sənətkarla oxşar cəhətlərilə yanaşı, yaxınlarına, dostlarına bağlı, söhbət etməkdən zövq alan, eyni zamanda yaxşı bir həkim olmağa çalışan, sənətinin zirvəsində olanda belə peşəsinə marağını ititməmiş, gündəlik həyatında da həvəsli insan imiş. Səhifələrinin sayı 450-yə yaxınlaşan bu xatirələrin arasına bəzən dedi-qodular da qarışır. Bəlkə, Çexovun özünün ifadə etməyə çəkindiyi fikirləri Çexova söylədənlər belə var. Ona hiylə qurmaq istəyənlər üçün bunun heç bir əhəmiyyəti yoxdur. İnsan ən yaxın dostunu olduğu kimi başa düşə bilir ki, başqalarına da təhrif etmədən danışsın?

 

Yazan və Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran: Nigar Qayı

Qaynaq: “Bilim ve gelecek” dərgisi, iyul, 2020; Özer Or “Çehov’u nasıl bilirsiniz?

 

Həmçinin bax: Hüseyn Cavid- Həyat və Yaradıcılığı

Həmçinin bax: https://tehsilim.org/cingiz-aytmatovun-torpaq-ana-povesti/