Cənubi Qafqaz Sasani ağalığı dövründə-I hissə
Cənubi Qafqaz Sasani-Fars imperiyasının tərkibində VI əsr- Sasani mərzban idarə üsuluna qədər. I hissə
Açar sözlər: İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi, C.Qafqazın Sasanilər tərəfindən işğalı, Kəbeyi-Zərdüşt abidəsi,
Plan:
- Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi- I mərzbanlıq dövrünə qədər (262-ci ilə qədər).
- Albaniyada Arşakilərin 272-ci ildə hakimiyyətinin bərpa olunmasından II mərzbanlıq dövrünə qədər (463-cü ilə qədər)
- Albaniyada III Mömin Vaçaqanın hakimiyyəti dövründən III mərzbanlıq dövrünə qədər (510-cu ilə qədər).
Problemin qoyuluşu. 100 illər və daha da irəli getsək minillər ərzində Qafqaz, xüsusilə, Cənubi Qafqaz ərazisi həm əlverişli coğrafi və iqtisadi mövqeyinə görə, həm də strateji mövqeyinə görə ayrı-ayrı dövlətlərin və imperiyaların maraq dairəsində olmuş və Yaxın Şərqdə baş verən siyasi proseslər C.Qafqaz regionundan da yan keçməmişdir. Belə siyasi proseslərə İranda fars mənşəli Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və bu sülalənin nəinki İranda, Cənubi Qafqazda da mövqelərinin möhkəmləndirməsi daxildir. Bu yazıda daha çox Cənubi Qafqazda Sasani ağalığı zamanı baş verən siyasi məsələlərə və Cənubi Qafqazın feodal dövlətlərinə toxunulacaqdır.
- Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi- I mərzbanlıq dövrünə qədər (262-ci ilə qədər).
Albaniya, digər qonşu ölkələr kimi, uzun müddət parfiyalıları və romalıları, erkən orta əsrlər başlanğıcından etibarən isə Sasani-Fars şahənşahlarını və Bizans dövlətini maraqlandırırdı. Albaniya müəyyən dövrlərdə öz müstəqilliyini qoruya bilmişdi. Qaynaqların məlumatından belə nəticəyə gəlmək olar olar ki, ilk əvvəl Alban dövləti yeni yarandığı dövrdən bu dövləti müəyyən müddət yerli sülələ, Parfiya imperiyasının hakimiyyəti dövründə isə Parfiya Arşakilərinin şahzadə nümayəndələri tərəfindən idarə olunmağa başlanmışdır.
Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – “alban mütləqiyyəti Sasani-İran imperiyası tərəfindən ləğv olunana və ölkə İran canişinlərinə verilənədək” davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: “Arandan arşakilərin böyük nəslindən olan Qoçaq Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Qoçaq Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan”. Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya (İran) arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir. (1,2,3)
I Cəsur Vaçaqan güman ki, III əsrin əvvəlində arşaki nümayəndəsi kimi Albaniya taxt-tacına sahib olmuşdu. I Vaçaqan (215-255) Albaniya vilayətlərini vahid mərkəzdə birləşdirdi. Qaynağın məlumatına görə, I Vaçaqan “Albaniyanın vilayətlərinə tam sahib oldu”.
226-cı ildə İranda fars mənşəli Sasanilər sülaləsi (III-VII) hakimiyyətə gəldi və Parfiya Arşakilərinin hakimiyyətinə son qoyuldu. Sasanilər Parfiya şahlığının Roma ilə apardığı müharibələri davam etdirməyə başladılar. Sasani şahı I Şapur (241-272-ci illər) 260-cı ildə Roma ordusunu ağır məğlubiyyətə uğratdı və Roma imperatoru Valerian əsir düşdü. I Şapur öz qələbəsi barədə Albaniya və İberiyaya (müasir Gürcüstan) da xəbər göndərdi. Lakin albanlar və iberlər Sasani şahı Şapurun məktubunu qəbul etmədilər və Roma ilə ittifaqa üstünlük verdilər. Bu zaman Albaniyada hakimiyyətə I Vaçe (255-262-ci illər) gəlmişdi və o, şübhəsiz, arşaki sülaləsinin nümayəndəsi kimi, Roma ilə ittifaqa meyilli idi. I Vaçenin məhz Roma meyilli siyasət yeritməsi Albaniyada özünü idarəetmənin ləğv olunmasına və Albaniyada mərzbanlıq adlanan Sasani-Fars canişinlik sisteminin tətbiq edilməsinə səbəb oldu (2 s.186). Bunun əyani sübutu isə Sasani şahı I Şapurun Roma üzərində qələbəsinə həsr edilən Kəbeyi-Zərdüşt abidəsidir. Kəbeyi-Zərdüşt abidəsində Sasani şahı I Şapur özünü şahənşahe şəhristanehaye Eranşəhr – yəni, İran şəhərlərinin şahənşahı adlandırır və hökmranlıq etdiyi Adurbadaqan (Atropatena- Azərbaycan), Viruzan (İberiya), Pars (Fars vilayəti), Pahlav (Parfiya) Mad (Midiya) vilayətləri ilə yanaşı Arranın (yəni Albaniyanın) və onun vilayətinə çevrilmiş Balasakanın da adını çəkir (4).
2. Albaniyada Arşakilərin 272-ci ildə hakimiyyətinin bərpa olunmasından II mərzbanlıq dövrünə qədər (463-cü ilə qədər)
I Şapurun ölümündən yəni 272-ci ildən sonra Albaniya yenə də müstəqil xarici siyasət yürüdürdü. Buna əsaslanaraq biz 262-ci ildən 272-ci ilə kimi olan dövrü I mərzbanlıq kimi götürə bilərik. Roma imperatoru Avrelian (270-275-ci illər) dövründə Albaniya Armeniya və İberiya ilə yanaşı, Roma meylli siyasət aparırdı. Bu zaman Albaniya hökmdarının kim olduğu məlum deyil. Hər halda o, Sasani hakimiyyətinə artıq tabe deyildi.
I Vaçe haqqında başqa məlumatımız olmadığı üçün, mənbələrin I Vaçenin davamçısı, Sasani şahənşahı II Şapurun bacısı ilə evlənmiş Urnayr haqqında məlumatlarına nəzər yetirək. Urnayrın hakimiyyət illəri dəqiq məlum deyil. Moisey Kalankatlının məlumatına görə, Urnayr İran şahənşahı II Şapurun (309-379), Bizans imperatoru Böyük Konstantinin (337-361), eləcə də erməni hökmdarları III Tridatın (287-330), Tiqranın (338-345), Arşakın (345-367) və Papın (370-374) müasiri olub. Mənbələrdə onun adı ilk dəfə 313-cü ildə, alban əyanları ilə birlikdə xristianlığı qəbul etməsi münasibətilə çəkilmişdir. Onunla bağlı son məlumat 371-ci ildə baş vermiş Dzirav döyüşü ilə bağlıdır. Beləliklə, Urnayrın hakimiyyət başında ən azı 313-cü ildən 371-ci ilə kimi olduğu güman edilir. Alban tarixçisi onu “böyük müharibələrdə [sələflərinin] şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər” adlandırır.
Urnayrın daxili siyasətində əsas yerlərdən birini bütpərəstliklə mübarizə, xristianlığın dövlət dininə çevrilməsi, kilsənin torpaqla təmin olunması, ilkin bəhərin kilsəyə ayrılması tutur. Lakin Urnayrın dövründə xristianlıq Albaniyanın hər yerinə yayılıb, ümumxalq dininə çevrilmədi. Hökmdarın, saray adamlarının əyanların və Albaniya əhalisinin bir hissəsinin qəbul etdikləri xristianlıq təşəkkül tapan feodal mədəniyyətinin ideoloji əsası oldu. Əhalinin bir hissəsi öz köhnə bütpərəst inamlarına, bir hissəsi isə məzdəkizmə – atəşpərəstliyə sadiq qaldı. İran şahı II Şapurun vassalı və müttəfiqi olan Urnayrın xarici siyasəti bilavasitə Sasanilərin xarici siyasətləri ilə bağlı olduğu üçün, Albaniya da İran – Roma müharibələrinə cəlb olundu.
Bizans tarixçisi Ammian Martselinin verdiyi məlumata görə, 359-cu ildə romalılar və farslar arasında Amid altında baş vermiş döyüşdə alban hökmdarı Urnayr da II Şapuru müşayiət etmişdi; Favstos Buzand isə onun 371-ci ildə Dzirav çölündə Roma və erməni qoşunlarına qarşı aparılan döyüşdə II Şapura kömək göstərdiyini qeyd etmişdir.
Bəzi tədqiqatçılar Urnayrın Sasanilər ilə birlikdə Armeniyaya qarşı vuruşmasını pisləyirlər. Onların fikrincə, guya Urnayr Sasani şahı ilə qohumluq əlaqəsini Ön Qafqaz xalqlarının ümumi mənafeyinə qarşı qoymuşdu. Bu mülahizə qətiyyən həqiqətə uyğun deyil və Armeniya hökmdarlarının Azərbaycan torpaqlarına qarşı qəsbkarlığını ört-basdır eləməyə yönəldilmişdi. Urnayrın Sasanilər tərəfindən vuruşması ilk növbədə Albaniya torpaqlarının bütövlüyünü qoruyub saxlamaq və Armeniya hökmdarlarının Albaniyaya qarşı qəsbkarlığına son qoymaq məqsədini güdürdü.
Dzirav döyüşündə Urnayrın alban dəstələri ilə yanaşı, başda Şerqir olmaq la lek (böyük ehtimal ləzgilərdən söhbət gedir) tayfası da Sasani ordusu tərəfindən çıxış edirdi. Lakin bu döyüş Sasanilərə qələbə gətirmədi. Roma ordusunun köməyi ilə ermənilər İranın Adurbadaqan vilayətini talan etdilər. Həmçinin Marlar ölkəsi (Naxçıvan) və Albaniyanın Uti, Şakaşen, Girdiman və Kolt vilayətlər ermənilər tərəfindən işğal edildi, əhali üzərinə ağır vergi qoyuldu. Bu torpaqlar Armeniyaya mənsub olsaydı, əhali üzərinə vergi qoymağa və girov götürməyə ehtiyac qalmazdı. Deməli, torpaqların geri qaytarılmasından yox, yenidən işğal olunmasından söhbət gedir. Bəzi tədqiqatçılar tarixi şəraiti və qaynaqların ümumi vəziyyətini nəzərə almadan yuxarıda gətirilən məlumatlardan çıxış edərək belə mülahizə irəli sürürlər ki, guya Muşeq Mamikonyan Urnayrın Armeniyadan qopardığı vilayətləri geri qaytarmışdı. Əslində Urnayr Armeniya tərəfindən işğal edilmiş alban vilayətlərini qaytarmışdı (2 s. 192).
387-ci ildə erməni dövlətinin daxili çəkişmələr nəticəsində zəifləməsindən yararlanan Sasani və Roma oııu öz aralarında bölüşdürdü. Ermənistanın bu iki imperiya arasında bölüşdürülməsi tezliklə daxili idarəçiliyin də ləğvinə gəlirib çıxardı. Romaya keçmiş qərb vilayətlərinin daxili müstəqilliyi 391-ci ildə, Sasani dövlətinə keçmiş şərq vilayətlərində isə daxili müstəqillik 428-ci ildə ləğv edildi və həmin bölgə Sasani mərzbanlığına çevrildi (5 s. 182).
Urnayrdan sonra mənbələrdə alban arşakilərindən Yesuagen haqqında məlumat var. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni alban yazısı yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V-VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenatsi xəbər verirlər. Təlim-tədrisin təşkilinin Yesuagen tərəfindən həyata keçirilmiş forması xüsusi maraq doğurur. 444-cü ildə Yesuagenin İran şahənşahı II Yəzdigərdin bacısından olan oğlu II Vaçe hökmdar elan edildi. Moisey Kalankatlının məlumatına görə bu alban hökmdarı İran şahənşahı Perozun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuş Perozabad (Partav -Bərdə) şəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürülməsi xarici-siyasi dəyişikliklərlə, türkdilli köçərilərin tez-tez baş verən basqınları ilə bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə keçirilməsinə səbəb olur (1 s. 55).
V əsrin ortalarında Sasani hökmdarı II Yezdəgirdin (438-457-ci illər) hakimiyyəti dövründə Cənubi Qafqaz əhalisinin vəziyyəti daha da ağırlaşdı. Bu bir tərəfdən, həmin dövrdə Dərbənd səddinin inşası ilə əlaqədar əhali üzərinə qoyulan vergi və mükəlləfiyyətlərin miqdarının ikiqat artırılması ilə əlaqədar idi. Digər tərəfdən isə, bəhs olunan dövrdə Cənubi Qafqaz xalqlarinin dini inanclarının təqib edilməsi, zorla atəşpərəstliyin yayılması daha amansız hal almışdı. Mənbələrin məlumatından görünür ki, Sasani üsuli-idarəsinin Albaniya, Ermənistan və İberiyadakı xristian təbəələrinə münasibətdə apardığı siyasət sabit olmamış, daim dəyişikliklərə uğradı. Xristianlar Roma imperiyasında təqiblərə məruz qaldıqda İran şahları onlara himayədarlıq etmiş, xristianların simasında romalılara qarşı arxa cəbhədə müttəfiq qazanmaq ümidi ilə onları öz ərazilərində həvəslə qəbul etmişdilər. Xristianlığın qələbəsi, onun Şərqi Roma imperiyasında, həmçinin Albaniya, Ermənistan və İberiyada dövlət dininə çevrilməsi ilə Sasani İranında xristianlara münasibət dəyişdi.
Sasani şahları mötədil təriqətlərə mənsub olan xristianları təqib etməyə, İranda, eləcə də öz yerlərində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar. Qonşuluqda siyasi və dini cəhətdən İrana düşmən, lakin Roma imperiyası ilə həmdin ölkənin olması həm şimaldan, həm də qərbdən möhkəmləndirilmiş təbii sərhədləri olmayan bu ölkəni həmin istiqamətlərdən daim təhlükəyə məruz qoyurdu. Həmin dövrdə Albaniya müəyyən siyasi müstəqilliyini saxlaya bilmiş vassal ölkə idi. Dünyəvi feodalların və ruhanilərin müstəsna hüquqları, eləcə də alban arşakilərinin simasında daxili, bəzən də xarici siyasət yürüdən hökmdar hakimiyyəti saxlanmışdı. Lakin alban hökmdarlarının separatçılığı mərkəzi hakimiyyəti narahat edirdi. V əsrin ortalarında Şimali Qafqaz köçərilərinin artmaqda olan basqınlarından, eləcə də Bizansın Attila ilə müharibəyə və kilsə münaqişələrinə cəlb olunmasından istifadə edən Sasanilər Qafqaz xalqlarının müqavimətinə və müstəqilliyinə həmişəlik son qoymaq, Albaniya və İberiyanı da öz əyalətlərinə çevirmək üçün açıq və qəti tədbirlərə əl atdılar. Hər şeydən əvvəl II Yəzdigərd (438-457) Cənubi Qafqazlıların hərbi qüvvələrini imperiyanın şimal-şərq hüdudlarına – hunlarla mübarizəyə səfərbər edərək, bununla onların müqavimətini zəiflətdi.
Bu tədbirlərlə yanaşı Sasanilər Cənubi Qafqaz xalqlarını, o cümlədən albanları zorla məzdəkizmə (atəşpərəstliyə) çevirmək yolu ilə onların mədəni ideoloji assimilyasiyasına nail olmağa çalışırdılar. Etiqad məsələsi yalnız dini mahiyyət daşımırdı, bu həmçinin mühüm siyasi əhəmiyyətə malik məsələ idi. Dini assimilyasiyasının əsas məqsədi mərkəzin siyasi hakimiyyətini möhkəmləndirmək, tabe olmayan xalqların tam itaətkarlığını təmin etmək, onları öz müstəqillikləri uğrunda apardıqları mübarizədə kömək umduqları Bizansdan ayırmaq idi.
450-ci ildə II Yezdəgird Kartli və Albaniya hökmdarlarını Ktesifona çağıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur etmişdi. Elə həmin vaxt yerli əhali içərisində atəştərəstliyi yaymaq üçün Cənubi Qafqaza 700-dən çox maq göndərilmişdi. Erməni müəllifi Lazar Parpetsinin məlumatına görə, maqların gəlməsindən sonra xristian kilsələrinin dağıdılması, kilsə binalarının atəşgahlara çevrilməsinə başlandı. Xristianların zorla atəşpərəstliyi qəbul etmələrinə göstərişlər verildi. Bu addımlar bütün regionda hiddətlə qarşılandı. Əhali üsyan qaldırıb maqları, vergi yığan məmurları öldürdü, həbsxanaları dağıdıb, məhbusları azad etdi. Sasani dövləti üsyanı yatırmaq üçün böyük cəza ordusu göndərdi. Gürcü, erməni və alban üsyançılarının birləşmiş qüvvələri 450-ci ildə Xalxal adlı yerdə (alban hökmdarının qış iqamətgahı yaxınlığında) baş verən döyüşdə İran ordusunu tamamilə məğlubiyyətə uğratdılar. Üsyançılar hətta Dərbəndi də ələ keçirib oradakı Sasani qarnizonunu məhv etdilər. II Yezdəgird üsyançıların üzərinə 451-ci ildə yeni, daha böyük ordu göndərdi. Cəza ordusu Avarayr çölündə (Maku yaxınlığında) baş verən döyüşdə üsyançıları məğlub edə bildi. Bundan sonra cəza dəstələri üsyanda iştirak edənlərin ailələrinə divan tutmağa başladı.
Ümumqafqaz antisasani üsyanı yatırıldıqdan az sonra, 457-463-cü illərdə alban xalqının Sasanilərə qarşı çevrilmiş ən böyük üsyanı baş verdi. Üsyana hökmdar II Vaçe özü başçılıq edirdi. 450-451-ci illər üsyanından sonra heç bir güzəştə getməyən Sasani şahı II Yəzdigərd albanların ən vacib tələblərini belə ödəmək istəmədi.
457-ci ildə II Yəzdigərd vəfat etdi; onun ölümü İranda hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüştilikdən əl çəkməsində göstərdi. 459-cu ildə İranda hakimiyyətə Peroz (459-484) gəldi. Onun dövründə təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli quraqlıq, qıtlıq və Perozun xarici müharibələri nəticəsində daha da ağırlaşdı. Bütün bunlar Albaniyada narazılığa və arasıkəsilməz üsyanlara səbəb oldu. Erməni tarixçisi Yeqişenin dediyi kimi, İran dövlətində müvəqqəti olaraq yaranmış əminamanlıq 459-cu ildə “alban hökmdarının tabe olmaqdan qəti imtina etməsi ilə” pozuldu. Çola keçidini ələ keçirən alban üsyançıları maskutların qoşunlarını ölkəyə buraxaraq, Böyük Qafqazın on bir “hökmdarı” ilə ittifaq bağladılar və onların köməyilə Albaniyaya soxulan Sasani qoşunları ilə iki il uğurlu hərbi əməliyyatlar apardılar. Farsların Vaçe ilə dəfələrlə danışıqlara girmək cəhdləri heç bir nəticə vermədi. Onda Peroz böyük muzdla tutduğu hunları – onoqurları köməyə çağırdı. Alan qapısından Albaniyaya soxulan hunlar 462-ci ildə albanlarla döyüşə girdilər, bütün ili alban hökmdarı ilə vuruşdular. Vaçenin qoşunlarının azalmasına və dağılmasına baxmayaraq hunlar onu tabe edə bilmədilər. Bu müharibə İran ordusunun muzdlu döyüşçüləri olan onoqurlar üçün də çox uğursuz oldu. Onların bir qismi döyüş meydanında, digərləri xəstəliklərdən həlak oldu.
Albaniyada 457-ci ildə başlayan bu üsyan yalnız 463-cü ildə yatırıldı. Sasanilərin ölkədəki mövqeyi yenidən möhkəmləndi, II Vaçe taxt-tacdan imtina etdi, arşakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni Sasanilərin canişini – mərzban idarə etməyə başladı. Moisey Kalankatlı yepiskop Qutun hakimiyyətdən uzaqlaşdırılmış Vaçeyə göndərdiyi mədhiyyə-məktubundan gətirdiyi parçada siyasi hakimiyyətini itirmiş ölkənin dininin əldən verilmədiyini xüsusi qeyd edərək yazırdı: “Sənin ölkənin doğma dini hifz olunmuş, böyük kilsələr salamat, kiçik kilsələr əmin-amanlıqda, ruhanilər ibadətlərdə, qurbanlar mehrablarda qalmışdır”. Şahənşah Perozun şərq sərhədlərdə eftalilərlə apardığı uğursuz müharibələr, albanlara qarşı göndərdiyi cəza dəstələri, vergi zülmünün güclənməsi, nahararların irsi imtiyazlarının sıxışdırılması, dini təqiblər Cənubi Qafqazda yeni üsyan üçün şərait yaratdı. Albaniya, və İberiyada 481 -ci ildə başlayan bu üsyanlar təxminən 484-cü ilədək davam etdi. Üsyançı albanlar, iberlər və ermənilərlə arasıkəsilməz döyüşlər aparan farslar elə bu zaman eftalitlərə məğlub oldular. Peroz öldürüldü. 484- cü ildə eftalitlər İran hüdudlarına soxuldular. Bu hadisə onsuz da zəif düşmüş İran qoşunlarını Cənubi Qafqaz torpaqlarından uzaqlaşdırdı. 484-cü ildə şahənşah Valarş (484-488) İran hökmdarı elan edildi. İranda hökm sürən ağır siyasi və iqtisadi vəziyyət müharibə nəticəsində dağılmış kəndli təsərrüfatını bərpa etməyə çalışan Valarşı onun sələflərinin Cənubi Qafqazda həyata keçirdikləri dini təqib siyasətinə son qoymağa və Qafqaz xalqları ilə sülh bağlamağa məcbur etdi. Nvarsaq kəndində üsyançıların təqdim etdiyi şərtlərlə bağlanmış bu sülh müqaviləsinə görə İran hökuməti Albaniya, və Gürcüstanda xeyli güzəştlərə yol verdi, Albaniyada arşakilər sülaləsinin hakimiyyəti yenidən bərpa edildi. Alban hökmdarının daxili idarəçilikdə müstəqilliyi tanındı. Din və etiqad azadlığı təmin edildi, alban əyanlarının imtiyazları bərpa edildi, feodal naharar nəsillərinin iyerarxiya prinsipi toxunulmaz qaldı. Ölkənin ali hakimi və nahararların başçısı yalnız alban hökmdarı özü ola bilərdi. Sasanilər məzdəkizmi zorla qəbul etdirməməyi, xristianlar isə atəşpərəstləri öz dinlərinə döndərməməyi öhdələrinə götürdülər. Albaniyadan daxil olacaq xəracın qədəri azaldıldı. Albanlar İran süvari ordusuna atlı verməkdən azad edildilər.
3. Albaniyada III Mömin Vaçaqanın hakimiyyəti dövründən III mərzbanlıq dövrünə qədər (510-cu ilə qədər).
487-ci ildə alban arşaki sülaləsinin sonuncu nümayəndəsi, II Vaçenin qardaşı oğlu Mömin ləqəbli III Vaçaqan alban hökmdarı oldu. Moisey Kalankatlı yazır: “Vaçedən başlayaraq Mömin Vaçaqana kimi keçən 30 il müddətində Albaniya hökmdarsız qaldı…”. Alban tarixçisinin sözlərinə görə, “yenidən bir məmləkət daxilində birləşən Albaniya sakinləri hökmdar ailəsindən cəsur, müdrik, dərrakəli və hündür boylu Vaçaqanı seçdilər. Alban hökmdarı Vaçenin qardaşı Yəzdigərdin oğlu olan Vaçaqanı İran şahı Valarşın köməyi ilə taxta oturtdular”. Mömin Vaçaqanın hökmdarlığı Albaniyanın siyasi və mədəni-dini dirçəlişi idi. O, hər şeydən əvvəl, ölkədə dini birliyə nail olmağa, xristianlığın ümumdövlət dininə çevrilməsinə çalışdı. Bu məqsədlə o, atəşpərəstləri, bütün bütpərəst təriqətlərini möhkəm təqib edir, onların kökünü kəsirdi. III Vaçaqan məktəblər açır, dağıdılmış kilsə və monastırları yenidən qurur, yenilərini tikir, kilsə rütbələrini bərpa edirdi. Albaniyanın müstəqilliyini möhkəmləndirməyə çalışan III Vaçaqan yad dini-siyasi təsirlərə və xarici qüvvələrin assimilyatorçu siyasətinə qarşı dayana biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq, bu kilsənin laxlamış dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab etdi. Bu məqsədlə o, Aquen məclisini topladı. Bu məclis bir tərəfdən alban kilsəsinin müstəqilliyinin təsdiq edilməsinə kömək etməli, digər tərəfdən dövlət hakimiyyətini möhkəmləndirmək, feodal azğınlığına son qoymaq, ruhaniləri dünyəvi əyanlarla bərabərləşdirmək, dünyəvi əyanların və ruhanilərin vergi ödəyən zümrə ilə münasibətlərini nizamlamaq, eləcə də ölkənin siyasi müstəqilliyini saxlamaq və yadelli qüvvələrlə mübarizə etmək məqsədilə bütün silklərin dini birliyinə nail olmaq üçün şərait yaratmalı idi. III Vaçaqan Albaniyada son Arşaki hökmdarı oldu. Arşakilər sülaləsindən olan bütün alban hökmdarları müstəqil alban siyasəti aparır, alban ideallarına – alban dövlətinə, xalqına, dininə sədaqətlə xidmət edirdilər; tədricən onların ilkin farslıq əlamətləri aradan getmiş, onlar tez bir zamanda yerli mədəniyyəti mənimsəmiş, albanlaşmışdılar. Alban Arşakiləri dövründə Albaniyanın siyasi strukturunu mərkəzləşmiş feodal dövləti kimi təqdim etmək olar. Hökmdar ölkənin ali hakimi olub, dünyəvi və ruhani hakimiyyətin qanunverici və məşvərətçi orqanlarına, ölkənin bütün hərbi qüvvələrinə rəhbərlik edirdi. Şəhərlərin salınması da hökmdarın səlahiyyətlərinə daxil idi. İranda olduğu kimi, Albaniyada da “hökmdar hakimiyyətinə Arşakilər nəslinin ümumi malı kimi baxılır və yalnız bu nəslin nümayəndələri ona iddiaçı ola bilirdilər”. Albaniyanın mühüm strateji əhəmiyyətini (köçəri hücumlarının qarşısının Qafqaz keçidlərində alınması), onun təbii ehtiyatlarını, ticarət yollarını nəzərə alan İran şahları I əsrdən VI əsrədək Albaniyanın dövlətçiliyinə toxunmamış, burada Alban hökmdarlarının -kiçik Arşakilərin hakimiyyətini saxlamışdılar. Beləliklə, Alban dövləti alban arşakiləri dövründə qədim Albaniyanın ənənələrini davam etdirərək, özünün heç kəsdən asılı olmayan müstəqil daxili və bəzən də xarici siyasətini yürütmüşdür (1,2,3). 510-cu ildə, Sasani imperiyasında vəziyyət sabitləşən kimi, Cənubi Qafqazda müstəqil dövlətləri ləğv etdi. Albaniyada Sasani məzrbanlığının uzunmüddətli hökmranlığı dövrü (510-629) başlandı (1,2,3,5).
Nəticə: Bu yazıda Albaniyanın Sasanilər dövrünü yazan zaman belə nəticəyə gəlmək olar ki, Albaniya Sasani imperiyasının müəyyən dövrdə mərzbanlığına çevrilsə də Albaniya ən çox İrana qarşı dirənmiş və bu dirənmə öz nəticəsini vermiş və Albaniya öz daxili müstəqilliyini az müddət də olsa qorumağı bacarmışdır. Yazının ikinci hissəsində Gürcüstanın Sasanilərin zamanındakı siyasi tarixinə yer veriləcəkdir.
Ədəbiyyat:
- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. ” Elm”. 2007
- Yusif Yusifov və Ziya Bünyadov. AZƏRBAYCAN TARİXİ (ƏN QƏDiM ZAMANLARDAN XX ƏSRƏDƏK) (I HİSSƏ). Bakı-2007
- Əliyev Q. QAFQAZ TARİXİ (ən qədim çağlardan XVIII əsrin sonunadək) I hissə
- Full text of “Šahrestānīhā Ī Ērānšahr” (archive.org)
- Kalankatuklu M. Albaniya tarixi, Qoş M. Alban salnaməsi. Bakı. 2006.
YAZAR: Əli Novruzov
Həmçinin bax: Peloponnes müharibəsi
Həmçinin bax: https://turaz.org/bestekar-naile-mirmemmedli-vefat-edib/
Həmçinin bax: https://tehsilim.org/qarabag-azerbaycandir-beynelxalq-resm-musabiqesine-yekun-vurulub/