Cəlil Məmmədquluzadənin yaradıcılığı
C.Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olmuş, 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib Nehrəm kəndində müəllimliyə başlamışdır. 1898-ci ildə ədib İrəvana köçmüş, orada mütərcimlik və vəkillik etmişdir. Sonra xoşuna gəlmədiyindən bu işdən əl çəkmiş, kiçik hekayələr yazmaqla məşğul olmuşdur. “Danabaş kəndinin əhvalatları” bu dövrdə yazılmış əsərdir. Ədibin ilk əsərlərindən biridə “Çay dəstgahı”dır. Birinci mətbu əsəri olan “Poçt qutusu” hekayəsini ilk dəfə Məhəmməd ağa Şahtaxtinskiyə oxumuşdur. Və bu əsəri bəyənərək, müəllifi öz qəzetinə işə çağırmışdır. C.Məmmədquluzadə 1904-cü ildən “Şərqi-Rus”qəzetində işləmiş, 1906-cı il aprelin 7 (20)-dən “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. C.Məmmədquluzadə mühərrirliklə yanaşı, hekayəçilik və dramaturqluq fəaliyyətini də davam etdirirdi. “Ölülər”(1909), “Anamın kitabı”(1920), “Danabaş kəndinin məktəbi”(1921), “Dəli yığıncağı”(1927) ədibin ən mühüm əsərlərindəndir.
Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, Şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir. Mirzə Cəlil, xüsusən ilk yaradıcılığında, əsasən kəndli sinfinin, məzlum kəndlilərin ideoloqu idi. O, Azərbaycan kəndlisinin dilənçi vəziyyətini görür və qəzəblənirdi. Mirzə Cəlil gördüklərini qələmə almaq, qəflət yuxusunda yatanları oyatmaq üçün çarə axtarırdı. Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsrəddin” məcmuəsi 1905-ci il inqilabından sonra Azərbaycanda xalq azadlıq hərəkatının məna və ruhunu doğru ifadə edən ən nüfuzlu bir mətbuat orqanı olaraq tanınmışdır. Xalqa arxalanan və “Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım!”-xitabı ilə işə başlayan “Molla Nəsrəddin” oxucular arasında şöhrət qazanmış, surətlə yalnız Azərbaycana, Qafqaza deyil, bütün Yaxın Şərqə yayılmışdı. C.Məmmədquluzadə ədəbi fəaliyyətə XIX əsrin axırlarında başlamış, 1904-cü ildən etibarən əsərlərini nəşr etdirmişdir. (“Poçt qutusu”,”Kişmiş oyunu” və s.), “Danabaş kəndinin əhvalatları”ndan sonra məşhur həyat və məişət novellalarını (“Buz”,”Usta Zeynal”,”Qurbanəli bəy”,”Nigarançılıq”,”Zırrama”),”Ölülər”,”Anamın kitabı”,”Çay dəstgahı”,”Danabaş kəndinin məktəbi” komediyalarını yaratmış, sovet dövründə isə “Bəlkə də qaytardılar”,”Dəli yığıncağı”,”Kamança” və s.əsərlərini yazmışdır. M.Cəlil drammaturgiya fəaliyyətinə “Çay dəstgahı” (1889) adlı alleqorik mənzum əsəri ilə başlamışdır. Müəllif “Ölülər” əsərində dini etiqat və zehniyyəti, patriarxal münasibət nəticəsində tamamilə kütləşmiş,avam,nadan camaatı göstərir.”Ölülər”əsərində ədib İsgəndərin dili ilə öz vətəndaşlarını “ölülər” deyə qəflətdən ayıltmağa, intibaha çağırır.
“Danabaş kəndinin məktəbi”adlı ikinci məşhur pyesində isə C.Məmmədquluzadə məktəb,maarif məsələsini,xalqın işıqlığa çıxması zərurətini qoyur. Həmçinin C.Məmmədquluzadənin qələmindən çıxan və jurnalda çap olunan “İran fəhlələrinin pulu hara gedir”, “İranlılara”, “Həmşəri”, “Necə qan ağlamasın daş bu gün”və s.onlarla felyeton İran- Güney Azərbaycan zəhmətkeşlərinin ağır güzəranını, inqilab mücahidlərinin mübarizəsini,fəhlələrin boyunduruğu altında inlədiyini real şəkildə əsk etdirirdi. XX əsrin əvvəllərində qadın azadlığı, qadınların örtünməsi problemi ətrafında mətbuatda gedən ciddi mübahisələrdə “Molla Nəsrəddin” ən mütərəqqi mövqedə dururdu. Qızların təhsili qayğısına qalır, azyaşlı qızların qoca kişilərə ərə verilməsini, çoxarvadlılığı, siğə və mütə kimi mənfur dini adətləri,qadın əsarəti və hüquqsuzluğunun hər cür təzahürlərini kəskin tənqid edən silsilə materiallar çap edirdi.Jurnalda C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin, Əli Nəzminin bu mühüm ictimai mövzuda çap etdirdikləri felyeton, hekayə və şeirlər böyük tərbiyəvi əhəmiyyət kəsb edirdi. “Xanımlara”, “Mırt-mırt”, “Anam-bacım”, “Filosoflar”, “Dörd yüz qız”, “Dağarcıq”,”Nişanlı bir qız”,”Övrət məsələsi”,”Qız tərbiyəsi”,”Molla Cəfərqulu”,”Qanlı faciə” kimi təsirli felyetonlarında Mirzə Cəlilin qaldırdığı xeyirli ideyaları bütün mollanəsrəddinçilər müdafiə və davam etdirirdilər.
YAZAR: Gültanə Tapdıqova
HƏMÇİNİN BAX: XVIII əsrdə Qafqazda Gürcüstan Rusiya yaxınlaşması
HƏMÇİNİN BAX: Turaz.org/xin-yasasin-turkiye-azerbaycan-qardasligi/