“Caspian European Club” rebrendinq keçirir

“Caspian European Club” rebrendinq keçirir

“Caspian European Club”un rebrendinqini keçirdik və fəaliyyətə başladığımız birinci adımızı geri qaytardıq. Bundan sonra bütün ölkələrdə “Caspian Energy Club” adlanacağıq.
Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
T.Əliyev qeyd edib ki, “Caspian Energy Club” fəallığın, enerjiliyin, çətinliklərlə görüşə və yeni zirvələrə doğru hərəkətin rəmzidir. Üslubumuza aid əsas rəng olan göy daimiliyi, mənəvi başlanğıcı, yüksək ideallara sadiqliyi, sabitliyi, yenilməzliyi və əlbəttə ki, Xəzər dənizini əks etdirir. Yeni “Caspian Energy Club” adı və “Energy for business” (“Biznes üçün enerji”) şüarı bütövlükdə klubun fəaliyyətinin məğzini bir neçə aspektdən izah edir. “Caspian Energy Club”un ilkin məqsədlərindən biri neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltmək olub. Bu baxımdan “Energy for business” şüarı bizim həmin siyasətə bağlılığımızı əks etdirir. “Caspian Energy Club” adı və “Energy for business” şüarı, həmçinin Xəzər regionunda yaşamaq və işləmək xoşbəxtliyi nəsib olmuş insanların enerjisini göstərir. İnsan resurslarının inkişafı və korporativ sosial məsuliyyət hər zaman olduğu kimi, yenə də “Caspian Energy Club”un fəaliyyətinin prioritetini təşkil edir. “Caspian Energy Club” rebrendinqi və yeni korporativ üsluba keçid tədricən baş verəcək və bu ilin dekabrında yekunlaşmalıdır.
“Caspian Energy Club”un rebrendinqi üzərində nəhəng beynəlxalq şirkətlərin və dünyanın məşhur brendlərinin 10 ildən çoxdur çalışdıqları tanınmış “Times Cosulting” reklam agentliyi işləyib.
Qeyd edək ki, sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour”, “Round Table” kimi müxtəlif tədbirlər keçirir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar təşkil olunur. Klubun mənzil-qərargahı Bakıda yerləşir, müxtəlif ölkələrdə rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.

Mənbə: azərtac
Müxbir: Jalə Hüseynova