C.Məmmədquluzadənin siyasi görüşləri

XIX əsr elə bir dövr idi ki, bu zaman insanlar doğruları görsələr də, düşüncələrini dəyişdirmirdilər. Onlar öz cəhalətlərinin “xoşbəxt” portretini çəkirdilər.
➢ Bəs kim idi insanları bu rəsmin saxtalığına inandıran?
➢ Kim idi onları qəflət yuxusundan oyandıran?
➢ Kim idi gecə-gündüz həyatını xalqına, onun gələcəyinə həsr edən?
Gəlin, bu suallar ətrafında biraz düşünək və xalqımızın bugünkü halının bünövrəsini qoyan şəxslərdən biri olan Cəlil Məmmədquluzadənin maarifçi çıxışlarına, siyasi görüşlərinə qısa da olsa göz gəzdirək. Onun Azərbaycançılıq ideyasının milli ideologiya kimi formalaşmasında, insanların şüurunda, milli mənlik hissində pərvəriş tapmasında müstəsna rolu olub. Öz hekayələri, povest və pyesləri, yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalı ilə milli məfkurəyə, azərbaycançılığın yayılmasına çalışan C. Məmmədquluzadə böyük-böyük ideyaların reallaşmasına vasitəçi olub. O, qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və işığı yalnız xalqın maariflənməsində görür. Təsadüfi deyildir ki, bədii ədəbiyyatımızda Azərbaycan xəritəsi ilk dəfə Mirzə Cəlilin əsərlərində əks olunub. Onun “Anamın kitabı” əsəri ana dilimizi əzilməkdən, məhv olmaqdan xilas edən, onun şirinliyini, gərəkliliyini, əbədi yaşamağa gərək olduğunu özündə ehtiva edən bir əsərdir. Bununla o, ana dilinə xor baxanlara dərs verir.

Azərbaycançılıq ideologiyasının davamlı təbliğatçısı olan C. Məmmədquluzadə öz əsərləri, çıxardığı jurnalla sovet ideologiyasına qarşı idi. O, ölənə qədər bu ideologiya ilə razılaşmır və həyatının sonuna yaxın bütün əlyazmalarını yandırır. Düşüncələrə görə onun bunu etməsindəki səbəb evi isitmək deyildi, söhbət Cəlilin bolşevizm ideologiyasına
etirazından gedir. Tədqiqatçılar deyir ki, bu ideologiya ilə barışmayan Cəlilin getdikcə əsəbləri pozulur. 1931-ci ilin dekabrında evin soyuq olduğunu bəhanə edib bütün əlyazmaları yandırır və”rahat yatır”.

“Molla Nəsrəddin” jurnalında “Sizi deyib gəlmişəm ey mənim müsəlam qardaşlarım” fikri özündə böyük bir milli mahiyyət daşıyır. Azərbaycançılğa xidmət edən bu fikir ətrafında minlərlə Azərbaycan türkünü birləşdirməyə müvəffəq olub. Ədib göstərirdi ki, Vətənini, xalqını, dilini canı qədər qoruyan millət üçün heç bir təhlükə qorxulu deyil, çünki millətin 3 sevgili balası var: Vətən, millət və dil. Vətənpərvər xalq isə məğlubedilməzdir. Ümumiyyətlə, azərbaycanlıların bir millət kimi formalaşmasının tarixi çətinlikləri ondan ibarət olub ki, xalq illərlə coğrafi, iqtisadi, siyasi və mənəvi cəhətdən parçalanıb, yadellilərə qarşı mübarizə prosesində sayca azalıb, maddi və mənəvi həyatı kasadlaşıb. Lakin Azərbaycan xalqı bu mübarizə prosesində daha mətinləşib, bütün məhrumiyyətlərə sinə gərib və bugünkü millət halına gəlib çıxa bilib. Məhz Azərbaycan milli ideyasının yaranmasında əsas rollardan biri də C. Məmmədquluzadənin azərbaycançılıq çıxışlarıdır. Jurnala baxanda görə bilərik ki, mollanəsrəddinçilər ictimai satiranın, gülüşün gücündən maksimum yararlanaraq, bunun vasitəsi ilə cəmiyyəti dəyişmək və inkişaf etdirmək
istəyirdilər. Onlar həm də demokratik ideyaları – insan hüquq və azadlıqlarını ədəbiyyatda və publisistikada geniş əks etdirmiş, ictimai fikrə aşılamaq missiyasını uğurla yerinə yetirmişlər. Onların məqsədi millətin özünədərkinə, azadlığına, tərəqqisinə nail olmaqdır. Xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə hazırlamaq və sövq etmək mollanəsrəddinçilik təliminin ana xəttini təşkil edirdi.
Cəlilin azərbaycançılıq ideyası, Azərbaycan məmləkətinin tarixi ərazisi və bütövlüyü haqqındakı fikirləri Azərbaycan” məqaləsində daha qabarıqdır: “ ……. dilimin adı türk-Azərbaycan dilidir , ….. Vətənim də vilayətidir.
– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutmuş qədim Rusiya höküməti ilə Osmanlı höküməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun”.
Vətəndaş ədibin çağırışı belədir: “ Vətən, vətən, vətən, Dil, dil, dil, Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-nöi bəşər üçün özgə nicat yolu yoxdur ”.
Ədib Azərbaycanın bütövlüyünün böyük carçısı idi. O, xalqa yad olan, onu cəhalətdə saxlayan qüvvələri ifşa etməklə yanaşı, onlara mütilik göstərən, zülmə boyun əyən camaatın nöqsanlarını üzünə deyirdi. Cəlil mənsub olduğu xalqın təlabatını ona başa salmaq, ictimai eyiblərini göstərmək, onları mövcud ictimai bəlalara qarşı mübarizəyə qaldrmaq üçün satira və gülüşü ən məqsədyönlü mübarizə forması kimi seçmişdir. Cəlil fəhlələrin, xalq kütlələrinin ən adi ehtiyaclarına belə sahibkarların laqeyd qaldıqlarını, onları müti vəziyyətdə saxlamağa çalışdıqlarını anladaraq “Bir boçka su” felyetonunda yazırdı: “ Ağa fəhlələr , yenə dilinizi uzatmısınız. Şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə-əlli iki nəfərə bir boçka su verir. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz, bunları yaza-yaza siz elə xəyal eləyirmişsiniz ki, bu sözləri oxuyanlar sizin halınıza yanacaqlar və sizə yazıqları gələcək və sizin müdiriniz və sərkarınız sizə rəhm eyləyəcək”. Cəlilə görə öz xeyrini düşünən hakim dairələr millətin qayğısına yaddırlar:
“ Nə qədər bizim içimizdə xanzadə və bəyzadə var, bunların yanında millət söhbəti düşəndə öskürmələri tutur və ciblərindən dəsmalı çıxarıb basırlar ağızlarına və belə bəhanə ilə kənar olurlar ”. Onun bütün əsərlərində sovet dövrünün bütün sahibkar simalarını görmək mümkündür.
Cəlil Məmmədquluzadənin timsalında ondan sonrakı davamçıları da Azərbaycan xalqının həyatına təkan verdi.

YAZAR: Vəsilə Allahverdiyeva

Həmçinin bax: “Anamın kitabı” əsərində azərbaycançılıq

Həmçinin bax: https://turaz.org/2021-2022-ci-tedris-ili-uzre-macaristanda-tehsil-teqaud-proqrami/