C. Məmmədquluzadə – Azərbaycançılıq ideyası

Azərbaycançılıq ideologiyasının formalaşması XIX əsrin sonlarına dayanır. “Əkinçi” qəzeti və onun timsalında yaranan maarifçilik dünyagörüşü bu ideologiyanın vüsət tapmasında mühüm rol oynamışdır. Həmin illərdə M.F. Axundov ideologiyanın öncül nümayəndəsi olmuş, azərbaycançılığı yaradıcılığının əsas qayəsinə çevirmişdir. Onun qarşısına qoyduğu başlıca amal gələcək illərdə xalqı əsrlər boyu yatdığı qəflət yuxusundan ayıltmağa çalışan, ona öz milli-mənəvi kimliyini xatırlatmaq üçün mübarizə aparan, “Millət necə tarac olur, olsun, nə işim var”, – deyənlərin əksinə, “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətlərimi xoşlamayıb bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu cür vacib əməllərə”, – deyən, bütün yaradıcılığını xalqına və vətəninə həsr edən qələm dostlarının “Molla Nəsrəddin” adlandırdığı, sözün əsl mənasında, böyük demokrat və ədibimiz Cəlil Məmmədquluzadənin varlığının mahiyyətini təşkil edirdi. Yaradıcılığı başlı-başına azərbaycançılığın salnaməsi olan C. Məmmədquluzadə qarşısına qoyduğu amaldan, öz müqəddəs sevgisindən bir an belə üz döndərməmişdir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlaması bu müqəddəs sevgi uğrunda atılan ən mühüm addım idi. Bununla da, metaforik məzmunda desək, azərbaycançılığın bayrağı dalğalanmağa başladı. Bu bayraq rənglərdən deyil, hər biri fərqli adlarla, fərqli məzmunlarla “Xalq”, “Vətən”, “Oyanın və bu cəhalət girdabından birlikdə çıxaq”, – deyən məqalə, felyeton, satirik şeirlərdən, milli-mənəvi dəyərlərimizin simvolu olan atalar sözləri, məsəllərdən toxunmuşdu.

Mirzə Cəlil üçün azərbaycançılıq bir ideya mənbəyi olmaqdan daha artığı idi. O, bütün yaradıcılığı boyu vətənin, öz müsəlman qardaşlarının halına yanmış, onları işıqlı gələcəyə aparmaq üçün yollar axtarmışdı. Elə buna görə də, yaradıcılığının ilk mərhələsində üz tutduğu şeir ənənəsindən tezliklə imtina edir, daha fərqli bir yol seçir. Məhz bu yol ona öz qayəsini həyata keçirmək üçün meydan yaradır. O da bir çox ziyalı qələm sahibləri kimi anlayırdı ki, vətənin başı üstündə dolanan qara buludları yox etmək, xalqa öz vəziyyətini izah etmək, yuxulu gözlərə işıq tutmaq lazımdır.Anlayırdı ki, mavi səmaya qovuşmaq üçün əvvəlcə xalqın zehnindəki qara buludlardan xilas olmaq lazımdır.Elə buna görə də “Molla Nəsrəddin”in ilk məqaləsi “Sizi deyib gəlmişəm” başlığı ilə nəşr olunmuşdu. Digər ziyalılardan fərqli olaraq o qələmi əlinə aldığı anda necə olur-olsun, xalqla öz dilində danışmağı qarşısına məqsəd qoyur  –sadə ana dilində:

“…Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:

– Bala, ağlama, xortdan gələr, səni aparar! – Və siz dəxi canınızın qorxusundan  səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.” (“Molla Nəsrəddin”, 7 aprel, 1906, №1)

Müəllif “Azərbaycan” məqaləsinə “Ah unudulmuş vətən! Ah yazıq vətən!” xitabı ilə başlayır. “Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.

Bəs sən hardasan, ay biçarə vətən?!” (“Molla Nəsrəddin”, 27 noyabr, 1917, №24)

İlk baxışda məqalə, doğrudan da, vətənə, öz şahidliyi ilə parça-parça olunmuş, parçaları digər dövlətlər arasında bölüşdürülmüş vətənə xitabən yazılmış təəssüratı yaradır. Bir az düşünəndə anlamaq olur ki, müəllif yalnız vətənə xitab etmir. Bəlkə də başına gələn bütün fəlakətlərə susaraq təslim olan, təslim olduqca cəhalət və yoxsulluq girdabında boğulan, boğulduqca heçliyə gedən xalqa müraciət edir. Müəllif “Azərbaycan” deyəndə sadəcə torpaqlarımızı deyil, xalqımızı nəzərdə tuturdu. Bir hissəsi cənubda, bir hissəsi şimalda yaşamağa məcbur olan, bir hissəsi isə dünyanın müxtəlif ölkələrinə “səpələnmiş” olan xalqı. Müəllif sanki “Azərbaycan” məqaləsi ilə oxucusunu qarşısına alıb deyir ki, siz unutmusunuz, amma mən, sizin hamınızın sözlərinə güldüyü Molla Nəsrəddin xatırlayır. Siz də unutmayın və xatırlayın. “HARADIR AZƏRBAYCAN?”

Yox. Müəllifin azərbaycançılığını sadəcə bu sualın cavabı ilə izah etmək olmaz. “DİLİM NƏ DİLİDİR?” – Mirzə Cəlilin yaradıcılığının təməlində duran digər bir məsələ isə “Azərbaycan” məqaləsində özünə (əslində, oxucuya) yönəltdiyi bu suala dolayı cavablar verməsidir. “Molla Nəsrəddin”də nəşr olunan bir çox məqalələrində satirik dillə rusca, osmanlıca danışan “ziyalıları”, farsca danışan və nə danışdığını heç özü də bilməyən din adamlarını tənqid edən ədib “Anamın kitabı”nda hər iki məsələni möhkəm təməl üstündə yenidən qaldırır.

Mirzə Cəlil sadəcə xaqlı ayıltmaq istəmirdi, o həm də digər qələm sahiblərinə üz tutur, onları öz “ziyalılıq” yuxularından ayıltmağa çalışırdı. Çünki xalq onların yazdığını anlamadıqca bu ziyalılığın kimsəyə faydası toxunmurdu. Məsələn, “Qəzetlərimiz” adlı məqaləsində yazırdı: “Görəcəksən ki, başdan yazılıb: “şimdi”, ortada osmanlının köhnə yazılarına oxşar filosofanə hədərən-pədərənlər, bəzi yerlərində ərəb dilicə küçə söyüşləri, axırda təzə-törəmə elmsiz yazıçılarımızın imzaları, yəni öz adları, atalarının adı, babalarının adı, sonra familiyası, sonra da təxəllüsü!” (“Molla Nəsrəddin”, 31 mart, 1911, №12)

Bəli, Mirzə Cəlilin yaradıcılığı azərbaycançılığın başlıca salnaməsidir. Bu salnaməni oxumadıqca, anlamadıqca Mirzə Cəlili də anlamaq olmaz. Mirzə Cəlil bütün həyatını, yaradıcılığını vətəninə, xalqına, öz amalına həsr etmişdir. Son olaraq belə bir sual yarandı. Görəsən, aradan keçən bir əsrdə nələrsə dəyişilibmi?..

Şükr et, yegilən bozbaşını, eylə naharı,

Lal ol və danışma!

Sal başını aşağı və heç baxma yuxarı,

Lal ol və danışma! (“Molla Nəsrəddin”, 7 aprel, 1906, №1)

YAZAR: Aytən Şamilova

həmçinin bax: Azərbaycan fəlsəfəsi: Əli bəy Hüseynzadə

həmçinin bax: https: https://turaz.org/qafqaz-maarif-birliyinin-tesiscisi-nagi-seferov/

həmçinin bax: https://tehsilim.org/resad-nuri-guntekin-olkenin-ancaq-oxuyub-yazmaqla-qurtulacagina-inananlardanam/