Bu gün Məhəmmədhüseyn Şəhriyarın anım günüdür

Daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan sənətkarımız Məhəmmədhüseyn Şəhriyarın vəfatından 33 il keçir.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi.  O 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı. Artıq 20-ci illərin ortalarından etibarən istedadlı bir gənc şair kimi tanınırdı. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi — Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Şairin şah əsərlərindən biri olan Azərbaycan şeirini diqqətlə oxusaq nə hislər yaşadığını anlaya bilərik.

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.

Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunmuşdur. Şəhriyar şeirlerini Azərbaycan türkcəsində və fars dillərində yazmışdır.

Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir. Məzarı Təbrizdə “Şairlər məqbərəsindədir”.

Həmçinin bax Psixologiyada şəxsiyyət

Həmçinin bax https://tehsilim.org/bestekarin-dogum-gunu-milli-musiqi-gunu/