Bu gün M.T.Sidqinin anım günüdür
Azərbaycan maarifçisi, pedaqoq, şair və puplisist Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) 22 mart 1854-cü ildə Ordubadda anadan olmuşdur.
Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu.
Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin (“Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kəbb Nəsir” mənzum hekayətindən, “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfi traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə (“Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, “Tərcüman” (Baxçasaray), “Əxtər” (İstanbul), “Həblülmətin” (Kəlkətə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.
Böyük mütəfəkkir 9 dekabr 1903-cü ildə Qarabağlar-indiki Kəngərli rayonunda vəfat etmişdir. Məzarı Naxçıvan şəhərindədir.
Mənbə:
- http://www.nakhchivan.az/portal-1/gork-sexsiyy.htm
- “M.T.Sidqi və M.M.Nəvvabın pedaqoji ideyaları”. Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. – səh. 246-261.
- “Məhəmməd Tağı Sidqi Səfərov”. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. – səh. 513-546.
Həmçinin bax: M.Ə.Sabir yaradıcılığında Güney Azərbaycan mövzusu
Həmçinin bax: https://turaz.org/erdoganin-azerbaycana-sefer-proqrami-aciqlandi/
Həmçinin bax: https://tehsilim.org/xaribulbul-musabiqesi-davam-edir/