Bu gün Axundovun anım günüdür
Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı(Bakı xanı) və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Güney Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazefhdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda) dəfn olunmuşdur.
Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.
Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”
Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.
M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.
Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850–1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.
Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.
M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.
M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”
Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.
“Kafkazh Media Group” Media və yayım şirkəti olaraq milli aydınımızı rəhmət və hörmətlə yad edirik.
HƏMÇİNİN BAX: Mirzə Fətəli Axundovun həyat və yaradıcılığında azərbaycançılıq
HƏMÇİNİN BAX: Milli Teatr Günü