Bölgə içrə həssas nöqtələr qaldıqca… Hüseynbala Səlimov

Bölgə içrə həssas nöqtələr qaldıqca… Hüseynbala Səlimov

Ermənistanla vaxtaşırı hərbi toqquşmalar çox təəssüf ki, bir az adiləşib bizim üçün. Üstəgəl, zaman keçdikcə onların baş vermə ehtimalı artır, nəinki azalır.Məsələ bundadır ki, möhkəm və dayanıqlı sülh olmadıqca hərbi ehtiraslar daim üstünlük təşkil edir, belə ki, münaqişə nə qədər çox həll olunmamış halda qalırsa, onun güc yolu ilə həllini istəyənlərin sayı artır.

Amma münaqişəni güc yolu ilə həll edərkən belə təkrar-təkrar mümkün riskləri qiymətləndirmək lazım gəlir: axı prosesin detallarını bilmədən və bütün incə məqamları öyrənmədən dərhal hərbi vəziyyət və yaxud da ki, kampaniya elan etmək olmur…

Bu baxımdan son Tovuz hadisələri də bizim üçün sürpriz olmadı – yox, biz də gözəl bilirik ki, düşmən Dağlıq Qarabağ problemini arxa plana keçirmək üçün Azərbaycan–Ermənistan sərhədində ikici münaqişə ocağı yaratmaqdan ötrü əldən–ayaqdan gedir. Üstəlik, o, burada hərb sənətinin ən qədim və qızıl qaydasından istifadə edir – cəbhə xətti nə qədər uzun olsa, rəqib üçün bir o qədər çətin olur…

Odur ki, düşmənin bütün planları, niyyətləri və məramları prinsipcə, bizə tamam aydındır. Amma hər dəfə onun real və potensial resurslarını təhlil edib bir suala cavab verməyə çalışmalıyıq: düşmən Aran və Dağlıq Qarabağı nəzarətdə saxlaya-saxlaya sərhədlərimizin dgər istiqamətlərində hərbi toqquşmalar yaratmaq iqtidarındadırmı?

Bəli, etiraf edək ki, biz belə bir taktiki fərziyyəyə elə də inanmırıq ki, düşmən təkcə Qarabağın sərhədləri boyunca yox, həm də sərhədlərimizin digər istiqamətləri üzrə də güclü ola bilər. Odur ki, bizi heç kim inandıra bilməz ki, Tovuz hərbi kampaniyası sırf ermənilərin işidir. Heç təsadüfi deyil ki, qardaş Türkiyənin prezidenti R.T.Ərdoğan da bir neçə dəfə buna işarə etdi…

Müharibə aparmaq üçün tələb olunan resurslara gəldikdə isə, ilk növbədə hərbi texnikanı və düşmənin hərbi infrastrukturunu nəzarətdə saxlamaq, hərbi diplomatiyanın ən əsas epizodlarını izləmək lazımdır.

Təsadüfi deyildi ki, bu dəfə Serbiyadan Ermənistana silah göndərilməsinin şahidi olduq. Bu detal bizi niyə təəccübləndirdi? Öncə onu deyək ki, Azərbaycanla Serbiya arasında əlaqələrin ən yüksək halda olduğu güman edilirdi.

Nə gizlədək, Azərbaycan Kosovanın “suverenlyini” tanımayandan sonra bu əlaqələr bir az güclənmişdi, hərçənd ki, Kosova ilə bağlı qərar qəbul edəndə rəsmi Bakı heç də geosiyasi məqamları yox, beynəlxalq hüququ və özünün on illər yaşadığı problemləri əsas götürmüşdü.

İkincisi, KTMT Ermənistanın növbəti hərbi təxribatına qarışmamaq qərarına gələndə bu Serbiya üçün də bir siqnal olmalıdı idi. Amma bizi elə ən çox bu məqam düşündürür: Sizə elə gəlmirmi ki, Belqrad – Tiflis – İrəvan zəncirində Moskva adlı daha bir həlqəinin adı çəkilmir? Biz heç sözsüz ki, tələsik qərarların tərəfdarı deyilik, amma Yuqoslaviya münaqişəsinin lap əvvəlindən Serbiyanın Rusiya ilə geniş geosiyasi bağları vardı.

Amma bu oyunda ən maraqlı detal qonşu Gürcüstanın davranışı oldu. Bəli, Tiflis bizim regionda ən əsas tərəfdaşlarımızdan biridir, necə deyərlər, bizim Qərb qapılarımızdır, bazmayaraq ki, son vaxtlarda, xüsusən də bu ölkənin Keşikçidağ ətarfındakı oyunlardan sonra buna da çox bəyük şübhə ilə yanaşmaq lazım gəlir. Bəlkə də bunun nəticəsidir ki, yalnız gürcü müxalifəti ölkələrinin davranışının heç də düzgün olmadığını qeyd elədi. Beləliklə, bir daha aydın oldu ki, bizim regional siyasətimizdə həssas nöqtələr qalmaqdadır: hamımız bilirik ki, Tehran tez-tez qaydaları, bizimlə müttəfiqlik öhdəliklərini pozur, baxmayaraq ki, özü dəfələrlə Ermənistanı təcavüzkar ölkə adlandırıb. Amma bu dəfə zərbə bizim Qərb qapılarımızdan- Gürcüstandan gəldi.

Düşünürük ki, biz bu məsələ üzərində ciddi işləməliyik. Məsələ, əlbəttə, sadə deyil. Qonşu Gürcüstanın ərazisindən yəqin Rusiyanın da Ermənistana hərbi yükləri daşınır – həm öz bazası üçün, həm də İrəvana hədiyyə kimi.

Amma bizim Tiflislə xüsusi müqaviləmiz olmalıdır və əgər səhv etmiriksə, buna bənzər nəsə var. Gürcülərlə danışmalıyıq ki, nə onlar, nə də biz öz ərazilərmizdən kiminsə bizə qarşı istfadə etməsinə qəti imkan verməməliyik. Ermənistan Azərbaycana qarşı müharibə aparır və bu ölkəyə göndərilən silah əsasən Azərbaycana qarşı istifadə edilir. Əgər Gürcüstan öz ərazisindən Ermənistana hərbi yük daşınmasına imkan verməsə, İrəvanın vuruşmaq üçün silahı olamayacaq və yaxud da o, alternativlər axtarmaq zərurətində qalacaq ki, bu da indiki halda heç də asan məşğuliyyət deyil…

Mənbə :Qaynarİnfo
Müxbir:Həziyeva Ülviyyə