Biznesdə ünsiyyət bacarıqları

Ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi sizə karyeranızdan tutmuş ailə həyatına kimi bir çox sahələrdə yardımcı ola bilər. Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları məlumatların dəqiq və ətraflı şəkildə paylaşılması üçün vacibdir. Əgər ünsiyyət bacarıqlarınız zəif olarsa, bu sizin iş həyatınıza mənfi təsir edə bilər. Çünki hər hansı mesajın yanlış çatdırılması planların alt-üst olmasına, hətta ciddi problemlərə səbəb ola bilər. Ən önəmli 10 ünsiyyət bacarığı aşağıdakılardır:
1. Dinləmə
Ünsiyyət qurarkən yaxşı dinləyici olmaq ən önəmli amillərdən biridir. Əgər siz biri ilə söhbət edən zaman qarşınızdakı şəxsin dediklərinə qulaq asmasanız və yalnız öz fikirlərinizi çatdırmağa çalışsanız, bu, etik bir davranış olmayacaq. Belə olan halda həmsöhbətinizin deməyə çalışdığını anlamayacaq və ona uyğun şəkildə öz fikirlərinizi irəli sürə bilməyəcəksiniz. Buna görə də aktiv dinləyici olmalı və digər insanın dediklərinə diqqət yetirməlisiniz.
2. Bədən dili
Bədən dili, jestlər, göz kontaktı və səs tonu sizin çatdırmaq istədiyiniz mesajı rəngarəngləşdirir. Rahat duruş və səmimi səs tonu dinləyicilərin sizinlə açıq şəkildə danışmasına şərait yaradacaq.
Göz kontaktı da çox önəmlidi. Həmsöhbətləriniz ilə göz kontaktı qurmaq diqqətinizi onlara yönəltdiyinizi göstərir.
Həmçinin danışarkən qarşınızdakı insanın da bədən dilinə diqqət edin. Məsələn: əgər qarşınızdakı insan danışarkən sizin gözünüzə baxmırsa, bu, onun narahat olduğunu və ya yalan danışdığını göstərir. Bu şəkildə həmsöhbətlərinizin nə hiss etdiyini anlaya bilərsiniz.
3. Aydınlıq və dəqiqlik
Çox və ya az danışmaq yaxşı ünsiyyət demək deyil. Biri ilə üzbəüz, telefonda və ya elektron poçt vasitəsilə danışarkən mümkün qədər qısa və aydın şəkildə fikirlərinizi ifadə etməyə çalışın. Əgər qarmaqarışıq danışsanız, bu zaman qarşınızdakı şəxs sizin nə demək istədiyinizi anlamaqda çətinlik çəkəcək.
4. Səmimiyyət
İş mühitində həm üzbəüz, həm də yazılı ünsiyyətdə nəzakətli olmaq çox önəmlidir. Səmimi səs tonu, kiçik bir gülümsəmə iş yoldaşlarınızı sizinlə ünsiyyət zamanı səmimi və rahat olmağa cəsarətləndirə bilər.
5. Özgüvən
Başqaları ilə ünsiyyət zamanı özgüvən sizin dediklərinizə inandığınızı və onları reallaşdıracağınızı göstərir. Sual tipli cümlələrdən mümkün qədər istifadə etməyin və təbii ki, əsəbi və təkəbbürlü görünməməyə çalışın. Daima digər insanları dinləyin və onlarla empatiya qurun.
6. Empatiya
“Mən sizin nə demək istədiyinizi anlayıram”ifadəsini istifadə etmək qarşınızdakı insanı dinlədiyinizi və onun fikirlərinə hörmət etdiyinizi göstərir. Hətta iş yoldaşlarınızın fikri ilə razılaşmasanız belə, onlarla empatiya qurmağa çalışın. Belə hallarda iş yoldaşlarınızın fikirlərinə hörmət etmək çox önəmlidir.
7. Açıq fikirlilik
Yaxşı ünsiyyət üçün əsas şərtlərdən biri söhbətə çevik və açıq düşüncə ilə daxil olmaqdır. Öz fikirlərinizi qarşınızdakı insana çatdırmaqla yanaşı, onun fikirlərini dinləməyə də açıq olun. Hətta fikirləri ilə razılaşmadığınız insanla belə dialoqa girərək faydalı söhbət edə bilərsiniz.
8. Hörmət
Əgər insanların fikirlərinə hörmət etsəniz, onlar sizlə söhbət zamanı daha rahat olacaqlar. Söhbətə diqqətlə qulaq asmaq, göz kontaktı qurmaq və ünsiyyət zaman həmsöhbətinizin adını istifadə etməyiniz onu məmnun edəcəkdir.
9. Rəy bildirmək
Rəy bildirmək önəmli ünsiyyət bacarığıdır. Menecerlər və nəzarətçilər davamlı olaraq işçilərə rəy bildirməyin yollarını axtarmalıdırlar. Çünki rəy bildirmək onları hər hansı bir işdə uğurlu olmaq üçün motivasiya edı bilər.
10. Doğru mühiti seçmək
Ən önəmli ünsiyyət bacarıqlarından biri hansı ünsiyyət formasından istifadə etməkdir. Ən yaxşı ciddi söhbətlər çox zaman üzbəüz ediləndir. Əgər danışmaq istədiyiniz insan məşğuldusa, onunla elektron poçt vasitəsilə əlaqə qurmağa çalışın. Sizin belə düşüncəli davranmağınız insanları məmnun edəcəkdir.

Yazar: Aydan İsgəndərova

həmçinin bax Marketinq nədir?
https://turaz.org/prezident-erdogan-turkiyede-qorudugumuz-dini-ve-milli-beraberliyi-qarsi-tereflerden-de-gozleyirik/