Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhid jurnalistlərimizin xatirəsini yad edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi milli mətbuatımızın yaranmasının 145-ci ildönümü ilə əlaqədar Azərbaycan jurnalistika tarixində xüsusi yeri olan – Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərova və Əməkdar jurnalist, Milli Qəhrəman Alı Mustafayev haqqında videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, xatirələri böyük ehtiramla anılan “Həqiqət carçısı, vətənpərvər, peşəkar və qəhrəman jurnalist…” və “Vətənpərvər və fədakar insan, peşəkar və qəhrəman jurnalist…” adlı eyni formatlı videoçarxların tərtibatında əsas məqsəd vətənpərvərlik ruhunun sosial şəbəkə izləyiciləri və virtual oxucular, gənc nəsil arasında təbliğidir.
Hər bir videoçarxda Milli Qəhrəmanlarımız – Salatın Əsgərova və Alı Mustafayevin həyatı, fədakar jurnalist fəaliyyətləri və Qarabağ müharibəsi və döyüşlərində ön cəbhədə iştiraklarını əhatə edən biblioqrafiyaları xronoloji ardıcıllıqla verilib, hər iki azərbaycanlı jurnalistin xüsusi amansızlıqla erməni quldur dəstələrinin qurbanı olduğunu əks etdirən fotoarxivlərdən seçilmiş şəkillər və məlumatlar nümayiş etdirilib.
Videoçarxda, həmçinin Azərbaycan dövləti tərəfindən adlarının əbədiləşdirilməsi məqsədilə görülmüş təbliğat xarakterli işlərin və dərc edilmiş kitabların şəkilləri və məlumatlar yer alıb. 13 slayddan ibarət Milli Qəhrəman Salatın Əsgərovaya həsr edilmiş videoçarx xatirəsinə bəstəkar E.İbrahimovanın bəstələdiyi “Salatın” mahnısı ilə, 14 slayddan ibarət Milli Qəhrəman Alı Mustafayevə həsr edilmiş videoçarx isə jurnalistin müəllifi olduğu “Dəli bir ağlamaq keçir könlümdən” şeirinin qiraəti ilə müşayiət olunur.
Balamedova Səbinə
Mənbə azərtag.az