Beynəlxalq münasibətlərdə siyasi realizm
Qeyd etdiyimiz kimi siyasi elmlər Avropada yaransa da bir elm kimi XX əsrin əvvəllərindən etibarən obyektiv səbəblərdən ABŞ-da inkişaf etməyə başladı. Bu onunla nəticələndi ki, uzun müddət Amerika alimlərinin fikirləri, nəzəriyyə və konsepsiyaları, tədqiqat metodları siyasi elmlərdə dominantlıq təşkil etdi. Bu dominantlıq təbii ki, dünya siyasəti və beynəlxalq münasibətlərin öyrənilməsində də özünü göstərirdi. Beynəlxalq münasibətlərdəki, bu istiqamətdə inkişaf daha çox siyasi realizm məktəbində izlər buraxdı. Adından da göründüyü kimi bu istiqamət xarici siyasət və beynəlxalq münasibətlər haqda Şimali Amerika siyasi elitası tərəfindən qəbul olunmuş idealist nəzəriyyəyə antitezis idi.
Siyasi idealizm üçün beynəlxalq münasibətlərdə əsas əxlaq və hüquq normaları olduğunu bilirik. Bu istiqamətin nümayəndələri klassik liberalistlər kimi düşünürdülər. Belə ki, onlar üçün ABŞ xarici siyasətinin əsas məqsədi azadlıq ideyalarının və demokratiyanın qorunması olmalıdır. Onlar belə fikri bölüşürdülər ki, beynəlxalq münasibətlərin demokratikləşdirilməsi, dünya siyasətinə mənəviyyat və ədalət normalarını tətbiq etməklə xalqlar arasında müharibə və münaqişələrə son qoymaq olar. Onların təsəvvürünə görə, dünya ictimaiyyətinin demokratik dövlətləri belə dünya düzəni yarada bilərlər.
1920/40-cı illərdə amerikan elmi ictimaiyyətində siyasi idealizmə qarşı narazılıqlar artırdı. Səbəb, iki dünya müharibəsi arası dövrdə bu nəzəriyyənin təbliğ etdiyi ədalət və mənəviyyat əsasında dövlətlərarası münasibətləri tənzimləmək mümkün olmadığını göstərirdilər.
Bizə artıq məlumudur ki, realist yanaşma üçün mənəviyyat və hüquq normaları deyil, güc dövlətlər arası münasibətlərdə əsas prinsipdir. ABŞ siyasi realizminin inkişafında amerikalı filosof və teoloq R.Niburun böyük xidmətləri olub. O. “Əxlaqlı insan və əxlaqsız cəmiyyət” adlı kitabında(1936) insanın başlanğıc günahları və pisliyə meylliliyi, onların bacardıqlarından daha artığa can atmaları ilə nətincələnməsi fikrini irəli sürür. Mütəfəkkir insanların hakimiyyət və güc uğrunda mübarizəsinin qaçılmaz olduğunu bildirir. ABŞ siyasi realist məktəbinin tezisləri müxtəlif geopolitik konsepsiyalardan qidalansa da onları eyniləşdirmək olmaz.
ABŞ siyasi realizminin yaradıcısı və ən görkəmli nümayəndəsi Hans Morgentau hesab olunur (1904-80). O, əslən amerikalı olmasa da (vətəni Almaniyadır) ABŞ-ın beynəlxalq aləmdə maraqlarının fəal müdafiəçisi olmuşdur. Onun fikrinə görə bütün digərləri kimi beynəlxalq siyasət də hakimiyyət uğrunda mübarizədir. Hakimiyyətə isə o, insanların ağlı və fəaliyyəti üzərində mübarizəyə nəzarət imkanı kimi baxır. Beynəlxalq münasibətlər sahəsində hakimiyyət uğrunda mübarizəni Margentau dövlətlərin dünyada qüvvət və təsir üstünlüyünü təsdiq kimi nəzərdə tuturdu.
Siyasi realizm nöqteyi nəzərincə beynəlxalq münasibətlər- bu hər şeydən əvvəl real aktorları suveren dövlətlər olan dövlətlərarası münasibətlərdir. Dövlətlər ixtiyarlarında olan bütün güc potensiallarından istifadə edərək öz maraqlarını reallaşdırmağa çalışırlar. Mübarizə və münaqişələr beynəlxalq münasibətlərin təbiətindən gələn qaçılmaz nəticəsidir, hüquq və mənəviyyat normalarına söykənərək ümumi sülhə nail olmaq ümidləri isə boş xülyadır.
“Xarici siyasətin məqsədi uyğun güclə dəstəklənməli və milli maraqlar termini ilə müəyyənləşməlidir” sözləri H.Morgertaunun əsas tezisidir. Məhz “milli maraqlar” və “milli güc” kateqoriyaları baxımından yanaşma H.Morgentau və amerikan siyasi realizm məktəbinin əsas diqqət mərkəzində olmuşdur. İngilis dilli ədəbiyyatda və artıq milli dövlət və vətəndaş cəmiyyəti formalaşmış bir yerlərdə “millət” və “dövlət” sözləri eynilik təşkil edir. Buna görə də milli dövlət maraqlarından söhbət gedir. Siyasi realizm məktəbinin nümayəndələri bu maraqları daimi(əsas) və keçici(ötəri,aralıq) maraqlara bölür. Əsaslara:
“milli təhlükəsizlik maraqları”, ərazi müdafiəsi, əhali və dövlət institutlarının xarici təhlükədən qorunması başa düşülür;
“milli iqtisadi maraqlar”, yəni ki, xarici ticarətin inkişafı və investisiyanın artımı, ölkədən kənar xüsusi kapitalın maraqlarının müdafiəsi;
“dünya nizamının dəstəklənməsi maraqları”, bura müttəfiqlərlə qarışılıqlı münasibətlər, xarici-siyasi kursun seçilməsi daxildir.
“keçici”(ötəri) maraqları əhəmiyyətindən asılı olaraq belə ayırırlar:
“sağ qalmaq maraqları” – dövlətin mövcudluğuna qarşı hədənin aradan qaldırmaq;
“həyati maraqlar” – təhlükəsizliyə və bütün millətin rifahına zərər verə biləcək maneəyə qarşı şərait yaratmaq;
“mühüm maraqlar” – “potensial ciddi ziyanı” ölkə üçün aradan qaldırmaq;
“periferiya və ya xırda maraqlar” – üstün lokal xarakterli problemlərlə bağlı maraqlar.
“Milli güc” (qüvvət) termini altında elə resurslar nəzərdə tutulur ki, onların hesabına dövlət öz xarici siyasət məqsədlərinə çata bilər. ABŞ siyasi realizminin nümayəndələri “milli gücü” açıqlayan zaman qeopolitik konsepsiyanın təsirində olurlar. Rus tədqiqatçıları H.Morguntaunun A.Mehen və N.Spaykməndən təsirləndiyini qeyd edirlər. H.Morgentau “Milli gücü”ün strukturuna aşağıdakıları daxil edir: 1)coğrafiya; 2)təbii ehtiyatlar; 3)istehsal(sənaye) qüdrəti; 4)hərbi potensial; 5)əhalinin sayı; 6)milli xarakter; 7)millətin mənəvi ruhu; 8)diplomatiyanın keyfiyyəti. Gördüyümüz kimi H.Morgentau maddi faktorlarla yanaşı qeyri-maddi faktorları da nəzərə alır(son üçüncü) və qeyd edir ki, bu keyfiyyətlər də bu və ya digər dövlətin xarici siyasətinə və beynəlxalq münasibətlərə təsir edir.(Fridrix Borborossanın, II Vilhelmin və Adolf Hitlerin əsgərlərində bunlar hamısı eyni olduğu fikrini bildirir).
H.Morgentauya görə milli mənəviyyat(ruh) qətiyyəti müəyyən edir, bunun hesabına millət həm sülh, həm də müharibə şəraitində öz hökumətinə dəstək ola bilər. “Diplomatiyanın keyfiyyəti”nə xüsusi diqqət verir. Bu faktor xarici-siyasi kursu həyata keçirən liderlərin şəxsiyyətindən birbaşa asılıdır.
Margentau qüvvət və güc məsələlərində qeyri-dəqiq qiymətləndirmədəki səhvlərin dövlət üçün çox pis nəticələr verə biləcəyi fikrini bildirir. (Öz potensialının və rəqibin potensialının düzcün qiymətləndirilməməsi misalı kimi 1940-cı ildə Fransanın düşdüyü vəziyyəti qeyd edir).
Eyni zamanda o, siyasətdə əxlaq və hüquq normalarını tamamilə rədd etmir. Əksinə təsdiq edir ki, siyasi realizm siyasi fəaliyyətdə mənəviyyat məsələlərini nəzərə alır. Amma ki, amerikan politoloq mənəviyyat imperativləri və təcili siyasi fəaliyyət tələbləri arasında qaçılmaz əksliklər olduğunu da qeyd edir. Onun fikrinə görə dövlət “Qoy dünya məhv olsun, amma ədalət zəfər çalmalıdır!” prinsiplərilə fəaliyyət göstərə bilməz. Buna görə də əxlaqi göstəricilər insan fəaliyyəti ilə münasibətdə konkret vəziyyət nəzərə alınmaqla baxılmalıdır. Faktiki olaraq Morguntau bir dövlətin prinsiplərinin digərlərinə zorla qəbul etdirməyin əleyhinə idi, belə ki, siyasi realizm hər hansı bir millətin mənəvi keyfiyyətlərini hər hansı universal mənəviyyatla eyniləşdirmək olmaz.
Siyasi realizm Avropada müharibədən sonrakı dövrdə Amerika politologiyası Qərbi Avropa siyasi elminin inkişafına böyük təsir edir. Amerikan nəzəri və metodoloji yanaşmaları Avropalı alimlərin işlərində özünü göstərirdi. Siyasi realizm ABŞ-da aparıcı olduğu üçün təbii ki, Avropada da çox fəal nəzərə çarpırdı. Qərbi Avropa politoloqları beynəlxalq siyasətdə Morgentaunun konsepsiyalarından istifadə edirdilər ki, bu səbəbdən onların işləri orijinal alınmırdı.
Beynəlxalq münasibətlər və dünya siyasətinin öyrənilməsində fransız məktəbini qeyd etmək olar. Raymon Aron bu məktəbin görkəmli nümayəndələrindən hesab olunur. R.Aronu siyasi realizmin ortadoksal tərəfdarı hesab etmək olmaz, belə ki, o, N.Morgentaunu dəfələrlə tənqid edirdi. Bununla belə Aron da sonda tənqid etdiyi siyasi realizmlə eyni fikrə gəlir. Aron beynəlxalq münasibətlərin özünəməxsusluğuna zor və məcburiyyət üzərində monopoliyası olan vahid mərkəzin olmaması mövqeyindən yanaşır. Buna görə də o, güc tətbiq etməklə dövlətlər arasında münaqişələrin aradan qaldırılmasının mümkün olduğunu bildirir və belə nəticəyə gəlir ki, ilk növbədə müharibənin deyil, sülhün səbəblərini izah etmək lazımdır. Siyasi realizmlə çox yaxın olsalar da onların arasında fərq də var. Məsələn: Aron bildirir ki, bir zamanlar istila etmək qalibə iqtisadiyyatını rentabelli etmək üçün lazım idi. Bu gün texnologiyanın inkişafı, sənaye cəmiyyətinə keçməklə istilanın rentabelliyi enib. Bu ona görə baş verir ki, yeni sənaye texnologiyasının inkişafı, elm və texnikanın uğurlarından istifadə ərazi genişləndirmədən varlı cəmiyyətin məcmusunu yaratmaq imkanı yaradır. Sənaye sivilizasiyası siniflər və millətlər arasında əməkdaşlığı həyata keçirir. O, müharibəni mənasız, sülhü isə hamının maraqlarına uyğun edir.
Bütün bunlara baxmayaraq hərbi qüvvənin əhəmiyyəti tamamilə yox olmayıb. Beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin olmasına baxmayaraq siyasi liderlərin düşüncələrindəki əvvəlki stereotiplər hələ də qalmaqdadır. Xarici siyasət qərarlarının qəbul olunmasında şəxsiyyət faktoru yenə də dünya siyasətində əsas faktordur. Beynəlxalq münasibətlər tədqiqatında xarici siyasət qərarlarının yeni üsul və metodların öyrənilməsində əsas istiqamət olaraq qalmaqdadır. Aronun bu yanaşması beynəlxalq münasibətlərdə modernist konsepsiyaya çox yaxındır.
Yazar: Mələkxanım İsmayılova
həmçinin bax Avropa ittifaqının dünya siyasəti
həmçinin bax https://tehsilim.org/bu-gun-ingilis-dili-muellimi-olmaq-isteyenler-ucun-imtahan-kecirilir/