Bəlkə…
Bəlkə… Nə qədər ümid var bu sözün arxasında. Bir o qədər də təsəlli. Bəlkə deyib çox insanı bağışlayar insan. Bəlkə deyib çox yola baş qoyar insan. Bir “bəlkə”də gördüyüm sonsuzluğu qalaksinin məzmununda belə görmədim mən. Yəni həqiqətənmi, bir kəlmə sözlə insan yolunu dəyişər? Bir kəlmə sözlə inanar nəyinsə olacağına? Bəlkə… Bəs görəsən puç olsa o “bəlkə”? Yanarmı canı? Axı dəqiq deyildi. Təəssüflənərmi?
Biraz da omonimlik alıb fərqli mənalara gedir bəlkə. Məsələn, çox şübhə doğura bilir. Çox inandığımız anda içimizə şübhə salır. İlk addım atərkən, yaxud geri çəkilərkən bir tərəddüd yaradar insanda. Gücə baxın sözdə! Məgər, heç düşündünüzmü, leksik mənası belə olmayan bir söz özündə necə bu qədər məna toplaya bilib?!
Maraqlıdır. Ona bu mənanı, ola bilsin ki, biz vermişik. Yaxud da, o da həyat təsviridi. Belə ki, heç umursanmayan şəxslər həll edər dünyanın taleyini. Kəndlilər, fəhlələr. Cəmiyyətin gərəksizcə qurduğu bu təbəqələşmə, yəni kəndliyə xüsusi bir status verməməsi ya da varlılara özəl bir status verilməsi səbəb olub buna. Bəlkə, bu Tanırının bizim gözümü açmaq üçün bir işarədir. Hansi ki, ən kiçik zərrədən başlayar dünya.
Bəlkə… Arxasınca bir ümid, təsəlli, təəssüf, nigaranlıq, peşmanlıq və bir çox anlam aparan bəlkə. Nə üçün bu qədər anlam vermişik bir sözə? Çünki heç vaxt puç ola biləcəyini düşünmədik. Puç olan hər “bəlkə”nin sonunda ürəyi yandıran bir “kaş ki” yaranır. “Kaş ki, inansam…” “Kaş ki, şübhə duymasam…” “Kaş ki, geri çəkilsəm..” “Kaş ki, yalan ümid etməkdənsə, gerçəyi görə bilsəm…”
Nə qədər yandırar bir puç olmuş bəlkə düşündünüzmü bunu?
Ümumiyyətlə, siz “bəlkə” deyib yol aldınızmı?
Aldıqda nə deyə aldınız; ümid, təsəlli, şübhə, geri çəkilmək? Bəs sizin bəlkəniz puç oldumu? Bəlkə ilə qurduğunuz cümləni kaş ki ilə tamamladınızmı heç?
Sonra nə üçün bir kəlmə sözə bu qədər anlam veridyiniz üçün təəssüfləndinizmi?
Bəli. Demək istədiyimiz, lüğətdə belə leksik mənaya layiq olmayan bir kəlməyə biz minlərlə məna veririk. Düşünmədən, soruşmadan, araşdırmadan, risk etmədən ilk dediyimiz söz bəlkə olur.
Geri çəkilmə, ilk addım at, sonra bəlkə de. Bəlkə ilk addımı atsan qarşındakına cəsarət verəcəksən. Ümid et, sonra ona doğru nələrsə et. O ümid sənin son şansın da ola bilər. Bəlkə deməzdən əvvəl doğrunu öyrən. İçindəki şübhəyə qalib gəl. Bir bəlkə sözü ilə ən yaxın bildiyinə şübhə duyma. Gerçəkləri bilmədən, risk etmədən bir bəlkə sözünə arxalanma. Öz həyatına “kaş ki” sözünü gətirmə. Bu sənin öz əlindədir. Bəlkənin kaş ki-yə necə döndüyünü izah etdim. Bəlkə ilə başlama cümləni. Başlama ki, kaş ki ilə bitirməyəsən. Şübhəsiz, sonu görünməyən yolda bəlkə ilə başlayan cümlə kaş ki ilə bitər. Sən yolun sonuna inan. İnan, ümid et və ona doğru addım at!
Yazar: Nuranə Mirzəyeva