Bakterioloji silah, onun təsnifatı və əsas xüsusiyyətləri

Bakterioloji silah və onun təsnifatı

Bioloji (bakterioloji) silah kütləvi qırğın silahlarının bir növü olub, bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr isə qorxulu yoluxucu xəstəlik törədən mikroblara və bu mikrobların törətdiyi zəhərlərə deyilir. Bioloji  silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir:

  1. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir, insanlar, heyvanlar və bitkilər arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına səbəb ola bilir;
  2. Onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir;
  3. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır;
  4. Bir sıra yoluxucu xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;
  1. Bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə zədələnmə təhlükəsinin daha çox olması;
  2. Yoluxmuş havanın hermetik olmayan sığınacaq və binalara nüfuz etmək və orada olan insanları yoluxdurmaq xüsusiyyəti;
  3. İstehsalının başqa kütləvi qırğın silahlarına nisbətən daha asan və ucuz başa gəlməsi.

Bioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı əlamətlərə görə təyin etmək olur:

– döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;

– binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;

– ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

– mərmilərin, konteynerlərin, müxtəlif bağlama və ya qutuların düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;

– əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların kütləvi qırılması və ya xəstələnməsi.

Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxdurulmasıdır. Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bioloji yoluxmanın sərhədləri daha da genişlənir və yoluxucu xəstəliklərin yayılma təhlükəsi artır.

Mikroblar, toksinlər və onların xassələri. Canlılar arasında xəstəlik törədə bilən mikroorqanizmlər xəstəlik törədən mikroblar və yaxud patogenlər deyilir. Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə malik deyillər və onlara saprofitlər deyilir. Yoluxucu xəstəliklərin əsas nümayəndələri bakteriyalar, viruslar, riketsiyalar və göbələklərdir.

Bakteriyalar – sadə bölünmə yolu ilə çoxalan birhüceyrəli mikroorqanizmlərdir və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici bakteriyalar taun, vəba, sibir xorası, tulyaremiya, qarın yatalağı və başqa yoluxucu xəstəliklər törədə bilirlər.

Viruslar – bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər, onları adi qidalı mühitdə yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir, qrip, qızılca, təbii çiçək və quduzluq kimi xəstəliklərin törədiciləridir.

Riketsiyalar – viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara epidemik səpgili yatalaq xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar.

Göbələklər müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər (bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda dəri xəstəlikləri xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif göbələk xəstəliklərinə rast gəlmək olur.

Bakterial toksinlər və onların xassələri. Patogen mikroblar iki növ toksin buraxırlar: endotoksinlər ekzotoksinlər. Endotoksinlər bütün patogen mikroblarda var, onlar mikrobların ölümündən və dağılmasından sonra azad olurlar. Ekzotoksinlər endotoksinlərdən fərqli olaraq mikrobların həyat fəaliyyəti dövründə əmələ gəlir (botulizm, difteriya və s.).

Bioloji silahların tətbiqi zamanı insanlar; yoluxmuş hava ilə nəfəs alarkən, yoluxmuş ərzaq və sudan istifadə etməklə, habelə yoluxmuş həşəratların dişləməsi və xəstə adamlarla təmasda olmaq nəticəsində xəstələnə bilərlər.

Epidemioloji prosesin əmələ gəlib inkişaf etməsi üçün aşağıdakı şərtlər olmalıdır:

1) infeksiya mənbəyi,

2) infeksiyanın yoluxma mənbəyi,

3) həmin infeksiyaya həssas olan əhali.

Epidemioloji prosesin gərginliyi özünü bu şəkildə biruzə verə bilər: 1) sporadiya; 2) epidemiya; 3) pandemiya. Əgər infeksion xəstəlik ərazidə tək halda müşahidə olunarsa, buna sporadiya deyilir. Əgər infeksion xəstəliyə çox saylı epidemioloji ocaqlarda (kollektivdə, şəhərdə və s.) təsadüf edilərsə, buna epidemiya deyilir. Əgər infeksion xəstəliyə böyük ərazilərdə, ölkələrdə və kontinentlərdə təsadüf edilirsə, bu, pandemiyadır.

Xarici mühit şəraitində makroorqanizmin (insan) və xəstəlik törədən mikroorqanizmin bir-birinə qarşılıqlı təsiri infeksion proses adlanır. Mikroorqanizmlərin yığılıb çoxalma yerinə infeksiyanın mənbəyi deyilir.

İnfeksion xəstəliklər mənbəyin xarakterinə görə iki qrupa bölünür:

1) antropozoonozlar (infeksiyanın mənbəyi insandır),

2) zoonozlar (infeksiyanın mənbəyi heyvanlardır).

Yoluxmuş orqanizm yeganə infeksiya mənbəyi kimi bu formalarda həyat sürür; xəstə insan, xəstəlik daşıyıcı (insan) və yoluxmuş insan. Mikroorqanizmlərin orqanizmdə ilkin yerləşmə yeri ilə müvafiq, törədicilərin 4 tip yayılma mexanizmi ayırd olunur:

1) nəcis – ağız yolu ilə

2) damcı yolu ilə (tənəffüs yollarında)

3) transmissiv yolu ilə (qan yolu)

4) əşyalar vasitəsi ilə – bilavasitə təmasda olmaq yolu ilə.

Xəstəlik törədicilərinin yayılmasında bir sıra faktorlar iştirak edir: hava, su, qida ərzaqları, torpaq, ev əşyaları və həşəratlar.

 

YAZAR: İsmayılova Səbinə

Həmçinin bax: Qədim və ilk müasir insanlar

Həmçinin bax: turaz.org/cin-8-ay-sonra-4-herbisinin-olduyunu-tesdiqleyib/