Bağlanma tipi nədir?

Bağlanma tipi nədir ? Bağlanma tiplərinin münasibətlərin qurulması üzərindəki təsiri nədən ibarətdir?

Hər  birimiz  bilirik  ki, erkən uşaqlıq  dövründən  bəri bizi  yetişdirən  insanları  özümüzə  örnək model  olaraq görürük. Uşaqlıq dövründə,  yəni  özümüzə  məxsus  doğruların  olmadığı,  özümüzü  və  dünyanı  anlamaqda  çətinlik çəkdiyimiz  və  buna  uyğun olaraq formalaşmış  qərarlara  sahib  olmadığımız  dövrlərdə  bizi  yetiştirən  insanların qərarlarının  düzgünlüyünü  qeyri-şərtsiz  şəkildə  qəbul  edir  və buna  uyğun  olaraq  dünyaya eyni  pəncərədən, onların  gözü  ilə baxmağa başlayırıq.Bu baxımdan  ailənin önəmini  vurğulamadan keçmək  olmaz. Çünki  uşaq  üçün  ailə  insani  münasibətlərin  (doğru və ya yanlış fərq etmədən )  qaynağını, dünya  ilə əlaqə  prosesinin əsasını  təşkil edir  və sonrakı   yetkinlik  dövrlərində  insan  bu münasibəti və  ya digər  adı ilə   bağlanma tiplərini  həyatının bütün  əlaqələrinə  tətbiq  etməyə  başlayır.

Psixoloji  aspektdə bağlanma  tiplərini  3  əsas  qrupa  bölürlər:

  1. Güvənli bağlanma.
  2. Çəkingən bağlanma.
  3. Narahat bağlanma.

Bəs  bu  bağlanma  tipləri  ilə əlaqə quran   insanların  münasibətlərindəki  davranış  şəkilləri  hansı  xarakterə  malikdir ?

Güvənli  bağlanma. Erkən  uşaqlıq dövründə  sağlam bir  mühitdə  böyüyən, güvənin  hiss  olunduğu, ikili münasibətlərin  hörmət  və sevgi çərçivəsində  yaşandığı, buna  uyğun  bütün  ehtiyaclarının  qarşılandığı  insanlar   sonrakı  münasibətlərində  “yaxınlıq” və “səmimiyyət”  hislərini  rahatlıqla qəbul  edir  və  bu  hisləri  qarşı  tərəfə aydın  şəkildə ötürə bilirlər. Bu əlaqə güvənli  bağlanmadan  irəli gəlir və bu insanlar  aşağıdakı  xüsusiyyətləri  ilə seçilirlər:

  • Hislərini və ehtiyaclarını  rahatlıqla  ifadə edə  bilmək  bacarığı
  • Güvən verən  insan  olmaları
  • Dəyərli və  sevilən insanlar  olduqlarına  dair  inanclarının  tamlığı ilə

Çəkingən  bağlanma.Valideynləri  tərəfindən  soyuq,  uzaq  və  sevgini tam  hiss etməyərək  yetiştirilən,  ailəsi  ilə tam  yaxınlıq  qura  bilməyən  və  bu  hislərdən  məhrum  buraxılmış  uşaqlar  böyüdükdə  gələcək  münasibətlərində  çəkingənlik  yaşayırlar. Çəkingən  bağlanma  tipi  ilə bağlanan  bu  insanlar  əlaqələrin  dərinləşdiyini  hiss ettiyi ilk  andan  etibarən  münasibətlərini  asanlıqla  bitirə  bilirlər. Bu tip bağlanma  yaşayan  insanlar  aşağıdakı  xüsusiyyətləri  ilə seçilir:

  • Səmimiyyət hiss  ettikləri  mühitdən  uzaqlaşırlar.
  • Azadlıqlarının təhdid  altında  olduğunu  düşündükləri  mühitdən  və insanlardan  asanlıqla ayrılırlar.

Bu insanlar  yaxınlıq  qurmağı  çox   istəsələr də, mənfi  münasibətin təkrarlanacağını   düşündükləri  üçün  bir  növ özünü  qoruma  mexanizmi  olaraq  insanlarla  dərin  münasibət  qurmaqdan  çəkinirlər.

Narahat  bağlanma. Bu  tip  bağlanma  problemi  yaşayan  insanların  ailəsi  yaxınında  və ya  uzağında  olsa  belə  daima  güvənsizlik  və  narahatlıq  yaşayırlar. Çünki  erkən  uşaqlıq  dövründə yaşadıqları mühitdə  ailələri  onlara  axtardıqları  dəstəyi,  dəyəri   və  sevgini  nə  tam olaraq  verə  bilmiş, nə də tamamilə əsirgəmişdir. Bu  qeyri-müəyyənlik  şəraitində   böyüyən  uşaq sevginin  varlığı və  ya  yoxluğunu  tam  olaraq qavramır  və  gələcək  münasibətlərinə  daima  şübhə  ilə  yanaşır. Narahat  bağlanma  yaşayan  insanlar  aşağıdakı  xüsusiyyətləri  ilə  seçilirlər.

  • Göstərilən maraq  heç  bir  zaman  onlara  bəs etmir  və gerçəyi daima sorğulayırlar.
  • Qarşısındakı insanın  ona  göstərdiyi  sevgidən  heç  vaxt  əmin olmur.
  • Özünün sevilə  biləcək  insan  olub- olmamasını  həmişə  sorğulayır.
  • Sevgiyə möhtac  olduqlarını  düşünürlər.
  • Hər zaman  qarşı  tərəfdən  gözlənti  içində,  güvən  duyğusunun  isbatını  tələb  edirlər.

Bütün  bağlanma  tipləri  ilə  tanış  olduqdan  sonra  qeyd edək ki, bu bağlanma  tipləri  bizim  taleyimiz  deyildir və  bununla  yaşamağa  heç  bir  insan  məhkum  deyil. Böyüdüyümüz  mühitdə  fərqində  olmadan şüuraltımıza  yerləşən  bu  davranış  şəkillərindən  qurtulmağımızın  ilk  yolu bu  baxımdan  fərqindəlik  qazanmaqdır. Fərqinə varmaq  dəyişimin  ilk  addımıdır. Daha sonra  isə  nəyə ehtiyacınız  varsa, necə  bir sevgi, qayğı, diqqət  istəyirsinizsə, – bütün  bunları  “indiki siz” in  tapmasına  icazə  verin, “uşaqlıqdakı  siz” in  deyil.

YAZAR:  Səbinə Rzazadə (Psixoloq)

Həmçinin bax: Psixologiya elmi

Həmçinin bax: https://turaz.org/resmi-xeber-3/

Həmçinin  bax: https://tehsilim.org/tecrube-proqrami/