Babək Xürrəmi: Azərbaycan qəhrəmanı, yoxsa fars milliyətçisi?

Babək Xürrəmi kimdir?

Azərbaycan xalqı əsrlər boyu yadelli istilaçılar və yerli feodallara qarşı qəhrəmancasına mübarizə aparmış, söz azadlığı və müstəqillik uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmişdir. Bu mübarizədə çoxlu sayda qurbanlar verilmişdir. Xalq və vətən azadlığı uğrunda gedən mübarizənin ən parlaq dövrlərindən biri də VIII-IX əsrləri əhatə etmişdir. Babək Xürrəmi həm Qafqaz tarixində, həm də Azərbaycan tarixində haqqında ən ziddiyyətli fikirlər olan şəxsiyyətlərdən biridir. Onun hansı milliyyətə mənsub olması ilə bağlı tarixçilər arasında müxtəlif və bir-birinə zidd fikirlər mövcuddur. Bu fikirlərdən hansının doğru olduğunu müəyyən etmək çətindir. Xürrəmilərin üsyanından sonrakı uğurları Babəkin həyatı ilə bağlı müxtəlif əfsanə və rəvayətlərin uydurmasına səbəb oldu. Azərbaycanlı tarixçilərin araşdırmalarında Babək ərəb əsarətinə qarşı döyüşən türk sərkərdəsi, farsdilli mənbələrdə isə islama və ərəblərə qarşı vuruşan fars milliyətçisi, ərəb dilində olan mənbələrdə isə islama qarşı çıxan üsyançı kimi xatırlanır. Babəkin hansı milliyətə mənsub olmasını hal-hazırda dəqiq müəyyən etmək mümkün deyil. Lakin, bu mövzu barədə konkret tarixi faktlarla fikir yürütmək mümkündür.

İslamın yayılması adı altında inkişaf edən, ərəb ekspansionizminə qarşı tarixdəki ən güclü müqavimət Abbasi dövründə Babəkin rəhbərliyi altında güclənmişdir. Babəkin rəhbərliyi altında ərəb istilaçılarına və ya fəthçilərinə müqavimət göstərən yalnız Xürrəmilər deyildi. Bu torpaqlarda yaşayan bir çox qədim dinlərə və təriqətlərə mənsub millətlərdən əlavə, ərəblərin zülmündən qaçan müsəlmanlar da var idi.
“Babək” və “Xürrəmi” adlarının mənşəyi
İstənilən bir şəxsiyyətin hansı milliyyətə mənsub olmasını müəyyən etmək üçün ilk növbədə adın etimologiyası araşdırmalıdır. Babək adının mənası fərqli tarixçilər tərəfindən 2 cür ifadə edilir:
Bir qrup alimlər düşünür ki, Babək adı “böyük” və “bəy” sözlərindən düzəlmiş, başçı mənasına gəlir. Babəkin əsl adı isə Həsən olmuşdur.Qiyasəddin Qeybullayevin əsərlərində Həsən adı Əsən kimi oxunur. Həsən adı ərəb mənşəli olsa da o düşünür ki, Babəkin adı əslində Əsən olmuş lakin ərəbdillli mənbələrə köçürülərkən adın qarşısına ya hərəkə səhv artırılmış, ya da bir sıra adların qarşısına “H” hərfi yazılaraq ərəbləşdirilmişdir. Əsən adı isə türk dilli ölkələrdə geniş yayılmış adlardan biri idi. Bundan əlavə, Dəqə Qorqud dastanında da “Babaq” adına rast gəlmək mümkündür. 7 cildlik Azərbaycan tarixi kitabının II cildində Babəkin adının Həsən olması, lakin Babək adını Sasanilərin təzyiqi ilə götürməsi qeyd edilir. Burada həmçinin Həsən adının müsəlmanlara aid olması xüsusilə vurğulanır. Bu tarixçilər düşünür ki, Babək islama qarşı deyil, türklərin əsarətinə qarşı vuruşurdu. Onlar Babəkin milli mənsubiyyətinin məhz türk olmasına inanırlar. Abbasqulu Bakıxanov kimi bəzi araşdırmaçılar “Azərbaycan” sözünün etimologiyası üzərində durduqlarında onu Babəklə bağlantılı olaraq açıqlamışlar. “Ehtimala görə, Azərbaycan sözü “Azər-Babəkan” sözünün ərəbcələşdirilmiş şəklidir. Ziya Bünyadov da belə alimlərdən idi. O düşünürdü ki, erkən orta əsrlərdə Azərbaycan ərazisində türk etnik plastının üstünlük təşkil etdiyini qəbul etməyən tarixçiləri ciddi tarixçi adlandırmaq mümkün deyil.
2. Digər alimlər isə düşünür ki, Babək Sovet dövründə ideallaşdırılmış bir qəhrəmandır. Onların fikrincə, ruslar Babəkin islam dininə qarşı çıxmasını bildiyindən əhaliyə onu qəhrəman kimi qələmə vermişdilər. Məhəmməd Əmin Rəsulzadə də bu cür düşünənlərdən idi. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Babək Azərbaycan cəmiyyətində müsbət qarşılanmır. XX əsrdə isə Babəkə tamam başqa mövqedən yanaşılmağa başladı. Onu hətta kommunist elan edənlər, qırmızı bayraq qaldırdığını dönə-dönə vurğulayanlar oldu. SSRİ-nin bayrağı da qırmızı rəngdə olduğu üçün Babəki kommunist adlandıranlar oldu. Ərəb mənbələrində Babəkin dinsiz adlandırılması da sovet ideologiyası üçün mühüm “tapıntı” idi. Dedilər ki, Babək islam dininə qarşı döyüşürdü. Həmin tədqiqatçıların qənaətinə görə “Babək” adı fars “Papaq” adının ərəbcə tələffüzüdür. Ziya Bünyadov Moisey Kalankaytuklunun “Alban tarixi” əsərinə yazdığı izah və şərhlərdə Sasani dövlətinin banisi I Ərdəşiri “Sasanın nəvəsi, Papakın kiçik oğlu” deyə qeyd edir. Başqa yerdə də onun isminin “Sasanın oğlu Ərdəşir Papakın” şəklində olduğunu bildirir. Farslara görə, Babək fars dövlətçiliyinin bərpasına çalışan bir sərkərdə idi. Lakin türk tarixçilər bu düşüncəyə əsasən bildirir ki, əgər o həqiqətən də farsların birləşdirilməsi üçün çalışsaydı Təbəri, Mirxond kimi fars tarixçilərinin əsərlərində onun haqqında zidd fikirlər səslənməzdi. yazıçı-publisist Hüseynağa Qəniyev “Babək və babəkidlər haqqında düşüncələr” adlı məqaləsində Babəkin qırmızı bayraq qaldırması fikrini təsdiqləyir, lakin bu addımının kommunizmin bir parçası sayılmasının düzgün olmadığını vurğulayırdı.

Xürrəmi sözünün mənşəyi barədə də eyni ziddiyyətli fikirlər mövcuddur. Xürrəmi adının mənşəyi haqqında türk mənbələrində əsas 3 fikir mövcuddur. 1. Məsudi, Yaqut əl- Həməvi, Sadiq əl- İsfərani kimi tarixçilər “Xürrəm” sözünün Ərdəbil yaxınlığında yaşayış yeri olduğunu bildirirlər. 2. “xürrəm” temini kef çəkəm, əyyaşlıq edən adamlara deyilib 3. Mütəhhər əl- Müqəddəsi deyirdi ki, Xürrəmilər maqların bir gözüdür. Bu əsasdan də “Xürrəm” termini “od” anlayışı əsasında təhlilini irəli sürmək olar. Farsca “xur”, “xvar”, “xarena” – günəş, od deməkdir. Bu baxımdan hərəkatda o qədər də rol oynamayan farslar və ermənilər “xürrəm” termininin meydana gəlməsinin mənbəyi ola bilər
Farsdilli mənbələrdə isə Xürrəmi sözü fars mənşəli söz kimi qeyd olunur. farsların fikrincə bu söz qızılsaçlı mənasını verir. Bu isə xürrəmilərin al bayrağı ilə əlaqələndirilir.

Bilalabad və Ərdəbil hansı dövlətə məxsus idi?
Milli mənsubiyyəti müəyyən etmənin digər bir faktoru həmin şəxsiyyətin doğulduğu və yaşadığı ərazidir. Tarixi qaynaqların məlumatına görə
Babək Xürrəmi Ərdəbilin Miməd nahiyəsinin Bilalabad kəndində doğulmuşdur. Bu barədə İbn-əl-Nədim yazırdı: “Babək haqqında məlumat
toplamış olan Vaqid ibn-Əmr Təmimi yazır ki, Babəkin atası mədainli, yağ satan bir şəxs idi. O, Azərbaycana gedib Miməd nahiyəsinin Bilalabad kəndində  yaşamağa başlayır. Cavidan da Babəklə məhz bu kənddə tanış olmuşdu”  Babəkin Xürrəmilər hərəkatını yaydığı ərazi isə İranın                 şimal-qərbində yerləşən bir ölkə idi. Bu ərazi hal-hazırda İran Azərbaycanının ərazisi, digər hissəsi isə Azərbaycan Respublikasının ərazisidir.
Qədim zamanlarda buraya daha çox Arran deyərdilər.  Babəkin ana yurdu isə cənub tərəfdən Ərdəbil ilə Mərəndə, şərqdən Xəzər dənizinə, Şamaxı və
Şirvana, şimaldan Muğan düzü ilə Araz çayı sahilinə, qərbdən isə Culfa, Naxçıvan və Mərənd nahiyələrini əhatə edirdi. Qədim tarixçilər Babəkin yaşadığı ərazini Bəzz dağı ətrafı olaraq göstərmişlər. Lakin nə Bəzz şəhəri, nə də Bəzz və Bəzzeyn dağlıq nahiyəsi haqqında dövrümüzə heç bir əsər qalmamışdır. Babəkin hansı millətin nümayəndəsi olması haqqında müxtəlif fərziyyələrdən biri də araşdırmaçı türk yazıçısı Güntay Gençalp tərəfindən yayılmışdır. Onun fikirlərinə görə, Babək bir şəxsiyyət olaraq Azərbaycan tarixi ilə əlaqəli olsa da, türk kimliyi və soyuna mənsub deyildi. Çünki, Babək dövründə Azərbaycanda türk yox idi. Türklər Babək məğlub olduqdan sonra bu ölkədə məskunlaşmağa başladılar. Babəki məğlub edən Orta Asiyadan gətirilən Türk döyüşçülərinin muzdlu əsgərləri idi. Babək məğlub olduqdan sonra yerli xalqı qırmağa başladılar. Çünki o zaman müharibə qaydaları belə idi.
Ya qılınclını öldürdülər, ya da əsir götürürdülər və qul bazarında sataraq qızıl qazanırdılar. Başqa sözlə, Babək məğlub olduqdan sonra bu ölkədə doğulan türklərin ataları türk, anaları isə yerli millətlərdəndir. Bu, Azərbaycanda məskunlaşan ilk türk dalğası idi. Səlcuqlu dövründəki ikinci dalğa türk varlığını gücləndirdi. Babəkin etnik mənşəyi tamamilə məlum deyil, ancaq sonra bölgədə Tat, talış, kürd və digər millətlər yaşayırdı. Başqa sözlə, Babəkin etnik mənsubiyyəti Sasanilər ölkəsinin xalqlarına mənsub idi. Hətta Azərbaycanda qurulan ilk türk dövləti Sacilər dövləti də, Babəkin məğlubiyyətindən sonra meydana gəldi.

Güntay Gencalp düşünür ki, xürrəmilik və onun lideri Babək Xürrəmdin xilafətə qarşı möhtəşəm dirəniş göstərib savaşsa da, türklüklə əlaqələri olmadıqları ortadadır. Lakin bununla bərabər, Babək məğlub olmasaydı Azərbaycanda və Anadoluda türklərin məskunlaşması da mümkün olmaya bilərdi. Xürrəmilik, həmçinin Babəkin şəxsiyyəti Sovet dövrü zamanında və İran ərazisində müstəqil araşdırılmamışdır. Sovetlərdə xürrəmilik türk-İslam düşmənliyinə xidmət etdiyi kimi, Səfəvi sonrası İranda, özəlliklə 20-ci əsrdə xürrəmilik fars-Sasani milliyətçiliyinə xidmət etmişdir.
Gencalp və R. Beşirli kimi bir çox jurnalist və yazıçıya ən ciddi reaksiyalar İran mollaları ilə təmasda olan şiə icmasından gəlmişdir. Jurnalist Elnarə Kərimova isə düşünür ki, Babək həqiqətən dindar idi və işğala qarşı mübarizə aparırdı.
Ancaq Babəkin milli kimliyindən asılı olmayaraq onun başlatdığı hərəkat Abbasilər xilafətinin çöküşünə səbəb. Babəkilər, başqa sözlə, Xürrəmilər hərəkatı Abbasilərin iqtisadi gücünü məhv etdi. Digər bir tərəfdən, xilafətin hakimiyət gücünün əsas ünsürü olan ordusu dağıldı və bunun nəticəsində Abbasilər üçün sonradan güclü bir təhlükə mənbəyi olan türklərdən oluşan ordu quruldu. Xilafətin tabeçiliyində olmayan xalqların Abbasilərlə müharibə təhlükəsi ortadan qaldırdı. Abbasilər xilafətinin parçalanması ilə əlaqədar olaraq yarımüstəqil və müstəqil ölkələrdə feodalizm ünsürləri sürətlə inkişaf etməyə başladı.

YAZAR: Fidan İbadova