Babək və xürrəmilər haqqında qaynaqlar

Ərəb mənbələrində və görkəmli alimimiz Z.M.Bünyadovun araşdırmalarında Babəki zəmanəsinin qəhrəmanı, azadlıq savaşı aparan görkəmli sərkərdə və bir dövlət xadimi kimi qiymətləndirməyə imkan verən dəlillər kifayət qədərdir.

1. Mənbələrdə sayı 300 min nəfərdən çox göstərilən silahlı qüvvəni nizami və çox təcrübəli Xilafət ordularına qarşı təşkil etmək üçün Babək çox çevik hərbi-siyasi strukturlar yaratmışdı.
2. Mənbələrdə Babəkin hökmdar (malik) olması haqqında kifayət qədər məlumat verilmişdir. Təbəriyə görə, oğluna göndərdiyi məktubda Babək özünü şah (məlik) adlandır araq yazırdı: «Əgər sən mənim dalımca gəlsəydin, öz sülalənin varisi olardın və bu zaman vərəsəlik sənə keçərdi». Bəzz məğlubiyyətindən sonra Bizansa gedərkən yorğunluq ucbatından Səhl ibn Smbatın yanında qalmağa məcbur olan Babək qardaşı Abdullahı Sünikə-ibn-İstifanusun qalasına göndərməsini belə əsaslandırmışdı:
«…biz nə olacağım bilmirik. Birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşıyacaqdır və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur». Tarixdə bəllidir ki, sülalə yalnız hökmdarlara məxsusdur. Məsudinin yazdığına görə, Səhl ibn Smbat Babəkin əl-qolunu bağladıqdan sonra əvvəlcə ayaqlarına düşüb itaət bildirdiyi ağasına indi həyasızlıqla demişdi: «sən qoyun və inək otaran adi çobansan. Sən hara, dövləti idarə etmək, siyasətlə məşğul olmaq hara?».

3. Məsudi «Babəkin ölkəsi» deyəndə Bəzzeyn, Azərbaycan, Arran və Beyləqanı nəzərdə tuturdu. Tarixdə hər hansı bir ərazinin hansısa hökmdara məxsus olması «onun ölkəsi» kimi verilir. Bəzz Babəkin mərkəz şəhəri-paytaxtı idi.
4. Dövlətin əsas rəmzlərin dən biri də bayraqdır. Əbu Dulafın yazdığına görə, Bəzzdə «əl Xürrəmiyə» adı ilə məşhur olan «əl Mühəmmirə» bayraqları təntənəli surətdə təqdis edildi. Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları halda, Babəkilər qırmızı rəngə boyamışdılar.
5. 830-cu il I Həmədan döyüşü nəticəsində Babək qalib gələrək torpaqlarınıızı ərəblərdən təmizlədikdən sonra Azərbaycan tamamilə onun nəzarəti altında idi. Babək Sünik, Beyləqan, Arsax və Uti vilayətlərini də öz hakimiyyəti altında birləşdirmişdi. Həmin bölgələrin hakimləri Babəkin vassallan kimi çıxış edirdilər. Belə nəticə çıxarmaq olar ki, Azərbaycanın Arazdan şimaldakı torpaqları-Arran da Babəkin hökmdarlığına tabe idi. Musa Kalankatlının «Alban tarixi» nə görə, 826- cı ildə Babək Beyləqanda onun hakimiyyətinə qarşı baş vermiş üsyanı yatırmış, 827-ci ildə Qərbi Sünik vilayətini tutmuşdu. 830/831-ci illərdə Beyləqanda baş vermiş daha bir üsyanı yatıran Babək Beyləqanı özünə tabe edə bilmişdi. Babək Arran torpaqlarının sərvətlərindən və insan ehtiyatlarından ərəblərə qarşı mübarizədə istifadə edirdi. Onun atlı qoşunu Arranın gözəl qışlaqlarında yem ehtiyatı ilə təmin olunurdu. Bu vilayətin hakimləri Babəkə bir hökmdar kimi bac verir, qoşununa yardım göstərirdilər. Babək bəzən nigah diplomatiyasından da istifadə edirdi. Məsələn: Babək Sünik nəslinin böyüyü-hökmdar Vaşaqın qızı ilə evlənmişdi.

6. Babəkin Afşinlə apardığı danışıqlar onun malik-hökmdar olması, dövlətə malik olması ehtimalını bir qədər də gücləndirir. Ərəb sərkərdəsi türk Heydər ibn Kavus (Afşin) Mərkəzi Asiyada Usruşana vilayətinin hakimi olduqdan sonra xəlifənin qulluğuna girsə də, o, mənbələrə görə Babəklə və xəlifəyə qarşı çıxmış Təbəristan hakimi Məzyərlə gizli danışıqlar aparır, Xilafəti məhv elmək planı hazırlayırdı. O, Babək və Məzyərə təbii müttəfiqi kimi yanaşırdı. Məzyər və Afşinin mühakiməsi zamanı Afşinin Babəklə birlikdə Xilafəti məhv etmək üçün qəsd düzəltməsi üzə çıxmışdı. Afşin Babəklə danışıqlarda onu sülhə çağırır və Babəkə aman vəd edirdi. Bu zaman Afşin Babəkə bir sərkərdədən daha çox dövlət adamı-hökmdar kimi yanaşırdı. Danışıqlar zamanı Afşin Babəkə belə bir təklif vermişdi: «Gəl, sülh bağlayaq. Sənin əlində olan mülk (ölkə) səndə qalsın,… mən qayıdım gedim, xəlifədən sənin üçün daha bir mülk alıb, fərman göndərim».
7. Babəkin hökmdar kimi xəzinəyə malik olması haqqında da mənbələrdə məlumatlar vardır. Təbəriyə görə, Afşinin Azərbaycanda öz yerinə qoyduğu sərkərdəsi Mingicavır Babəkə məxsus kəndlərin birində olan evdə böyük xəzinə tapıb bu haqda nə Afşinə, nə də xəlifəyə xəbər verməyərək mənimsəmişdi.
8. Babəkin bir hökmdar kimi cəlladı da olmuşdur. Təbəriyə görə, Babəkin edamında xəlifə Mötəsimin cəlladı ilə yanaşı, onun öz cəlladı da iştirak etmişdi.

YAZAR: Günel Yusubova
HƏMÇİNİN BAX: Atillanın sonuncu Roma səfəri və ölümü
HƏMÇİNİN BAX: Tehsilim.org/sibir-turklerinde-medeniyyet-ve-musiqi-seminari/