“AzScienceNet” şəbəkəsinin infrastrukturu genişlənir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və Verilənlərin Emalı Mərkəzinin (VEM) texniki imkanlarının artırılması məqsədilə əlavə otaqlara və yeni avadanlığa ehtiyac yaranıb.

AZƏRTAC xəbər verir ki, bu məsələ institutun İdarəetmə şurasının onlayn iclasında müzakirə olunub.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov VEM-in yeni struktur sxemini təqdim edib. O qeyd edib ki, VEM əməkdaşları yeni binaya köçürülməlidir. Hazırda server otaqlarının mövcud strukturu burada yeni avadanlığın quraşdırılmasına imkan vermir: “AzScienceNet”in müasir tələblərə cavab verməsi üçün yeni binanın yüksək səviyyədə dizayn edilməsi və orada təmir işlərinin aparılması, eləcə də şəbəkədə funksionallıq və optimallığın artırılması zəruridir”.

R.Ələkbərov, həmçinin “AzScienceNet” şəbəkəsinin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləyib.

 

Mənbə: azertag.az

Xəbərçi: Çiçək Abbasova