Azərbaycanlıların Mart soyqırımı unudulmamalıdır!
Azərbaycanlıların Mart soyqırımı unudulmamalıdır!
1918-ci il Mart soyqırımının həm tarixi kökləri,həm daxili şəraitdən,həm də böyük dövlətlərin regionda yürütdükləri siyasətdən doğan səbəbləri var idi. Soyqırımın kökləri,hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirmək üçün özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi.İsti dənizlərə çıxmaq üçün Osmanlı dövləti və İrana qarşı mübarizədə yanında qul psixologiyasına sahib,Şərqi yaxşı bilən,şəraitə tez uyğunlaşmağı bacaran və özünə digər amillər baxımından yaxın hesab etdiyi erməniləri görməsi,onları azərbaycanlı torpaqlarına köçürüb yerləşdirməsi, əlverişli şərait yaradaraq qısa müddətdə varlandırması ilə bütün Cənubi Qafqaz regionunda milli münaqişələrin və sonralar isə baş verən qanlı hadisələrin təməli qoyuldu.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı.Mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası,erməni ziyalıları,o cümlədən erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar.S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik”.
Qırğın qəddarlıqla həyata keçirildi.Şəhər yerdən və havadan bombardman edildi.Silahlı dəstələr uşaqlara,qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün türk,müsəlman olmaq kifayət edirdi.
Soyqırımın gedişində azərbaycanlılara məxsus ictimai binalar,milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı.”Açıq söz”,”Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı.Təzəpir məscidinin minarələri zədə aldı.
Mart soyqırımında çoxlu itkilər olsa da,Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı,dövlət müstəqilliyinin elanı yubadılsa da,dayandırıla bilmədi. Azərbaycanlılar arasında birlik ideyası daha da güclənmiş və reallaşmışdır.Artıq Azərbaycan xalqı dərk etmişdi ki,onun xilası özünə arxalanaraq öz milli təşkilatının ətrafında sıx toplanmaq və tərəddüd etmədən onun arxasınca getməkdədir. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsuli-idarəsini qurdu.Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi,müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi.
Bir sözlə desək,erməni vəhşiliyinin, qəddarlığının qurbanı olan uşaqların ürək parçalayan nalələri,”kömək edin”-deyib qışqıran,haray salan köməksiz və ümidsiz qadınların yanıqlı səsi,qocaların hönkürtüsü özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində səslənməli,qan yaddaşına ömürlük həkk olunmalıdır.
1918-ci il 31 Mart soyqırımı unudulmamalıdır!
Yazar: Nərmin Hüseynova
Həmçinin bax: Əhməd Yəsəvi dövrünə aid sənədlər aşkar edilib
Həmçinin bax: https://tehsilim.org/31-mart-soyqirimindan-103-il-otur/