Azərbaycanlı gənclər #KarabakhisAzerbaijan, #StopArmenianAgression həştəqlərini dünya trendi edib

 

Qlobal pandemiya səbəbindən bütün münaqişə və müharibələrin dayandırıldığı bir dönəmdə Azərbaycanın dövlət sərhəddində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsi və bununla bağlı sosial media şəbəkələrində dezinformasiyalar yayması Azərbaycan Diaspor Könüllüləri və diaspor gənclərinin sərt reaksiyalarına səbəb olub.

 

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” platformasında birləşən və müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə twitter´də ölkəmizin dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar.

 

Gənclər facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törədikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatl. ar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression, #StopArmenianOccupation həştəqlərindən istifadə etməklə, facebook.com və twitter.com sosial şəbəkələrində 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Azərbaycanlı gənclər sözügedən həştəqlərlə, ümumilikdə 100 minə yaxın paylaşım ediblər. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb.

 

Qeyd edək ki, Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə «Karabakh İs Azerbaijan!» YouTube kanalı yaradılıb. Azərbaycan Diaspor Könüllüləri, diaspor gəncləri ilə birlikdə, Qarabağ həqiqətləri – onun tarixi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri, əhalisi, adət-ənənələri, təbiəti, mətbəxi və s. haqqında Azərbaycan, ingilis, rus və digər dillərdə videoçarxlar hazırlayaraq kanal vasitəsilə yayımlayırlar. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək və bu istiqamətdə həqiqətləri müxtəlif dillərdə dünyaya bir daha bəyan etməkdir.

 

Mənbə: Report.az

Xəbərçi: Aytac Cəfərova