Azərbaycanın qoruqları

Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci  ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.

Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.
Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.

Meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır.

Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.

Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.

Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.

Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının  çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın  «Qırmızı Kitabı»na yazılmışdır.

Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir.  Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar  ağaclarının orta yaşı  165 il, orta hündürlüyü 35 m,  orta diametri isə 1 m-dir.

Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.

Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

Xüsusilə qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının nəzarətində olan Şərq çinarlarının qorunduğu unikal Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edilmişdir.

Qoruğun müvcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsinin tamamilə məhv edilmişdir. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və Qoruğun inzibati binası dağıdılmışdır.

İlisu Dövlət Təbiət Qoruğu

İlisu  Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57№-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli Qərarı ilə qoruğun ərazisi genişləndirilmişdir.   Hal-hazırda qoruğun sahəsi 17381,6  hektardır.

Qoruğun təşkil edilməsndə məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.

Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq «iyli su» mənasından yaradılmışdır.

Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir.

Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir.

Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.

İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

İlisu qoruğunda  dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur.  Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s.  bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir.

Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar  (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar  və s.), cücüyeyənlər  (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir.
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir.
Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.
Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, kür şirbiyi, və kür xramulyası yalnız Kurmuxçayın qoruğun aşağı sərhəddindəki hissəsndə məskunlaşmışdır.
Burada suda – quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.
Qaragöl Dövlət Təbiət Qoruğu

İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində  yerləşir; sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüusək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.

Bu göl mühüm hidroloci və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respubikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır.
Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m)  yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Burada geoloji cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır;  şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var; digər hissələrində relyef düzənlikdir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır.  İllik yağıntının miqdarı 700 mm-dir.

Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir.

Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.
Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.
Gölün ekoloci şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.
İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir.
Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanmışdır.
Qarayazı Dövlət Təbiət Qoruğu

Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu əraziində — Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və  4855 hektar ərazisi qaldı. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı.

Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir.Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və kürün hidroloci reciminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.

Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır.

Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı—Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir.

Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.

Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi qışın quraq və mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın orta illik temperaturu 12,20-dir; yalnız yanvarın orta temperaturu 00-dən aşağı  (-0,10) düşür. İllik yağıntının miqdarı 400 mm olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə artıqdır.

Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloci xüsusiyyətləri, Kür çayının təsiri, qrunt  suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratməışdır.

Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının saili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir, onların əmələ gətirdiyi kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd, qızılağac təşkil edir.Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsasən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf, söyüd, qaramurdarça, iydə, göyəm və s. ibarətdir.

Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır.

Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan  qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur.

Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, batalıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir.
Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.  Qarayazı qoruğunun adının qəribə mənası vardır. Qarayazı «qara» və «yazı» sözlərindən ibarətdir. Burada  «qara»  böyük, «yazı» isə qədim türk dillərinə aid olan düzənlik, çöllük mənalarına işlədilir. Qarayazı coğrafi adının mənası «Böyük düz», «Böyük çöl» deməkdir.
Türyançay Dövlət Təbiət Qoruğu

Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmişdir. Hazırda sahəsi ərazisi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.

Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.

Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Ərazi kəskin parçalanmış relyefə malikdir. Geomorfoloci cəhətdən burada arid denudasiya relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli parçalanmışdır. Relyefin paçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və az münbitli olması ilə nəticələnmişdir.

Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti və qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. İl ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.

Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır.

Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.

Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

Əvvəllər Turyançay qoruğunun üç filialı vardı (Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiəri sahəsi)  300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göy-göl Dövlət Təbiət Qoruğuna verilmiş, daha sonra, ərazisi genişləndirilmiş və  Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Zaqatala Dövlət Təbiət Qoruğu

Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz  hissəsinin cənub mikroyamaclarında təşkil edilmişdir. Ərazisi 23844 hektar idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli 370s nömrəli Qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılmışdır. Qoruq Gürcüstan Respublikası ilə həmsərhəddir.

Zaqatala  Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz  torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur.

Qoruğun ərazisi  meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 650-3646 m hündürlükdə yerləşir.

Yüksəklik artdıqca qoruğun iqlimi mülayim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və orta dağ qurşaqları (800- 2200 m. d. s. h.) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür, yüksəklik artdıqca isə bunlar subalp seyrəklikləri ilə, sonra subalp çəmənlikləri (2400 m.) daha sonra isə alp çəmənlikləri (3200 m-ə kimi) və nəhayət, subnival və nival qurşaqları ilə əvəz olunurlar.

Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı- qayalı çay sahilləri ilə kəsilir.

Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında qalır, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olurlar.

Zaqatala  Dövlət Təbiət Qoruğunun ərazisi çox kəskin çay şəbəkəsi ilə kəsilir. Öz mənbəyini qoruğun ərazisindən götürən və şimaldan cənuba kimi bütovlükdə bu ərazidən keçən əsas çaylardan Alazan çayının qolları olan Katexçay və Balakənçayı göstərmək olar. Dağ çaylarının suyunun əsasını su ayrıclarında böyük miqdarda yağan qar və yağışlar təşkil edir.

Əsrlər boyu qoruğun ərazisindən axıb keçən əsas çaylar orta dağlıq hissədə hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaratmışlar.

Ərazinin əsas suxurları gilli şistlər və qum daşlarından ibarətdir. Qoruğun torpaq örtüyü əsasən ibtidai dağ-çəmən, dağ-çəmən, dağ-çəmən-meşə və qonur meşə torpaq tiplərindən ibarətdir.

Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar.
Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır.
1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloci problemlər üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü—Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort- iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir.
Çox qiymətli dərman bitkisi olan cenşenin  Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən   və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.
Elmi- tədqiqat işi qoruğun əməkdaşları və başqa elmi- tədqiqat və tədris institutlarının alimləri tərəfindən aparılır.
Şirvan Dövlət Təbiət Qoruğu

Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir. Hələ 1961-ci ildə Kür-Araz  ovalığının həmin hissəsində alimlərin həyata keçirdiyi sayğının nəticələrinə əsasən ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan Hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda Respublika hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edildi. 1982-ci ildə dövlət təbiət qoruğunun sahəsi genişləndirlərək. 25761 hektara çatdırıldı.  2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılmışdır. Hazırda  Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.

Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının «Qırmızı kitab»ına düşmüş  gözəllik  rəmzi olan ceyranların və bu ərazi üçün səciyyəvi olan digər  fauna növlərinin mühafizəsini və bərpasını  təmin etməkdir.

Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii lanşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi  təşkil edir. Hər bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti vardır.

Geoloci dövr ərzində qoruğun ərazisi bir neçə dəfə Xəzərin suları altında olmuşdur. Xəzərin səviyyəsinin azalması ilə əlaqədar ərazi dəniz, qismən sel və allüvial çöküntülər nəticəsində quruya çevrilmişdir. Ərazi dəniz səviyyəsindən aşağıda yerləşir. Burada mikrorelyef yaxşı nəzərə çarpır. Külək vasitəsilə yaranan dyun təpəciklərinin hündürlüyü 0,5-1,2 m-ə qədərdir və onlar ceyranların mühafizəsi və sığınacağı üçün çox sərfəlidir.

Qoruq ərazisində əsasən boz, boz-çəmən və çəmən-bataqlıq torpaqları və qumluqlar yayılmışdır.

Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi az və ya zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsilə səciyyələnir. Qoruq ərazisi yarımsəhra zonasında, düzənlik ərazidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Qoruğun ərazisindən bir neçə kollektorlar keçir. Onların vasitəsilə qoruqda olan Çala gölü su ilə təmin olunur. Xəzərin, kanalların  suyu qışda donmur, bu da ceyran və quşlar üçün çox əhəmiyyətlidir.

Bəndovan Dövlət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişlər. Həmin gölün köçəri  su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır.

Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən də səhra, çəmən-çala və qumluq bitkiləri yayılmışdır.

Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra zonasında yerləşsə də, heyvanlar aləmi çox zəngindir. Burada xeyli miqdarda məməlilər, sürünənlər  və suda-quruda yaşayanlar vardır.

Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Qoruqda  Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar mühafizə olunur.
Korçay Dövlət Təbiət Qoruğu
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə  Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay dövlət təbiət qoruğu yaradılmışdır.
Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir.Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın «Qırmızı Kitab»ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək olar. Burada  məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.