Azərbaycanda subborel qurşağın torpaqları
Azərbaycanda subborel qurşağın – mezofil meşələrin və bozqırların, alp və subalp çəmənlərinin və çəmən-bozqırlarının torpaqları
Respublikamızda subborel qurşağın – mezofil meşələrinin qonur dağ-meşə torpaqları meşə zonasının üst rütübətli qurşağında 1000 (900) – 2000 (2200) m. yüksəkliklər arasında yayılmışdır. Bu torpaqların yayıldığı ərazilər mülayin-isti iqlimi ilə səciyyələnir. Orta illik temperatur 6,0-11,90-dən yüksək deyildir. Orta illik yağıntıların miqdarı 570-952 mm-dir. Rütubətlənmə əmsalı yüksəkdir (1,42-1,58). Fəal temperaturların cəmi 1737-31960– dir. Bu qurşaqda, əsasən, şərq fıstığı yayılmışdır. Burada ot bitkisi olmur.
Qonur dağ-meşə torpaqlarının aşağıdakı yarımtipləri ayrılır: zəif doymamış (lösləşmiş) qonur dağ-meşə, tipik qonur dağ-meşə, karbonat qalıqlı qonur dağ-meşə, bozqırlaşmış qonur dağ-meşə torpaqları.
Zəif doymamış (lösləşmiş) qonur dağ-meşə torpaqları yarımtipinə daxil olan torpaqların aşağıdakı səciyyəvi diqnostik göstəriciləri vardır: profilin zəif differensiasiya etməsi və nazik töküntü-döşəmə qatının mövcudluğu, humuslu-akkumlyativ horizontunun qalınlığının az olması; bütün profilin karbonatlardan, A2 horizontunun isə qismən üzvi birləşmələrdən yuyulması. Profilin üst qatında humusun miqdarı 6,2-8,3% arasında dəyişir. Humus fulvat tiplidir. Torpaqlarda udma tutumu 15-30 mq-ekv-dir. Udulmuş əsaslar içərisində Ca2+ və Mg2+ üstünlük təşkil edir. Torpaqlar turş və zəif turş reaksiyaya malikdirlər.
Tipik qonur dağ-meşə torpaqları yarımtipi Böyük Qafqazın cənub yamacında 900-1000 m, Kiçik Qafqazda isə 1200 m-dən yüksəkdə yayılmışdır. Onlara vələs, palıd-vələs və vələsli-fıstıq meşələri altında təsadüf etmək olur. Tipik qonur dağ-meşə torpaqlarında humusun miqdarı 8,41-11,05% arasında tərəddüd edir. Humusun tərkibi fulvat tiplidir. Bu torpaqlarda udulmuş əsasların cəmi 24,9-41,0 mq-ekv arasında dəyişməklə, əsas yeri Ca2+ tutur.
Karbonat qalıqlı qonur dağ-meşə torpaqları yarımtipi nisbətən isti şimal-şərq və şərq baxarlı işıqlı palıd-vələs, az hallarda fıstıqlı-vələs meşələri altında inkişaf edirlər. Üst qatda humusun miqdarı 5,9%-dir. Humusun aşağı qatlara doğru kəskin azalması müşahidə olunur. Humusun tərkibi humat-fulvat, yaxud fulvat tiplidir. Udma tutumu kifayət qədər yüksəkdir. Udulmuş əsaslar ən çox B (52 mq-ekv), nisbətən az A (41-45 mq-ekv), ən az isə C horizontunda müəyyən edilmişdir.
Bozqırlaşmış qonur dağ-meşə torpaqları yarımtipinə daxil olan torpaqlar əsasən meşə talalarında qırılmış meşələrin yerində, nisbətən isti, mülayim-rütubətli şimal-şərq baxarlı yamaclarda inkişaf etmişdir. Bu torpaqlar üçün səciyyəvidir: profilin orta qalınlıqda olması (30-40 sm); 4-5 sm-ə qədər qalınlıqlı çim qatı; dənəvər-noxudvari struktura; qonur rəng; orta gillicəli qranulometrik tərkib; yumşaqvari-bərkvari struktura; orta və alt qatların çınqıllı olması; keçidin nisbətən aydın olması; karbonatların olmaması; çəmən otlarının və qismən ağacların torpaqəmələgəlmədə iştirakı və s. Subalp çəmənləri altında bu torpaqların üst qatında humusun miqdarı 8-9% – dək çatır. Torpaqların reaksiyası zəif turş, turş və neytrala yaxındır. Bu torpaqların udma tutumu digər yarımtiplərlə müqayisədə nisbətən aşağıdır.
Çimli-karbonatlı (çürüntülü-karbonatlı) dağ-meşə torpaqları meşə zonasında ayrı-ayrı massivlər, yaxud meşəaltı kolluq, xırda ağacların və yüksək otların inkişaf etdiyi fıstıq, palıdlı-fıstıq meşələri altında yayılmışdır. Çimli-karbonatlı meşə torpaqları müxtəlif iqlim şəraitində, meşə və çəmən bitkiləri altında, karbonatlı süxurlar üzərində əmələ gəlir. Meşə çətirinin seyrək olduğu sahələrdə günəş şüaları torpaq səthinə düşdüyündən bozqırlaşma proseslərinin inkişafı üçün şərait əmələ gəlir. Bununla əlaqədar torpaqların səthində nazik çim qatı yaranır. Bu torpaqlar əsasən karbonatlı süxurlar üzərində formalaşırlar. Çimli-karbonatlı dağ-meşə torpaqlarının iki yarımtipi inkişaf etmişdir: yuyulmuş çimli karbonatlı və tipik çimli-karbonatlı dağ-meşə torpaqları. Yuyulmuş çimli karbonatlı dağ-meşə torpaqları yarımtipi – Atmosfer yağıntılarının miqdarı və buxarlanma şəraiti ilə əlaqədar olaraq göstərilən torpaqlar yuyucu su rejimi şəraitində inkişaf edir və bununla əlaqədar olaraq profildə karbonatların yuyulması və B horizontunda illüviləşmə əlamətləri müşahidə olunur. Yuyulmanın dərəcəsindən asılı olaraq karbonatlar bir çox hallarda 8-10 sm, bəzi hallarda isə 37-53 sm dərinlikdə müşahidə olunmağa başlayır. Onun miqdarı aşağı qatlarda 28,3-45,8% arasında dəyişir. Torpaqların üst qatında humusun orta miqdarı 6,5%-dir. Humus humat-fulvat tiplidir. Torpaqların pH göstəricisi 6,8-8,2 arasında olub üst qatda zəif qələvi, alt qatlarda isə qələvi mühit olduğunu göstərir. Bu da əsasən torpağın karbonatlığı ilə əlaqədardır. Tipik çimli-karbonatlı dağ-meşə torpaqları yarımtipi isə dağ-meşə qurşağının aşağı hissələrində, seyrək və quru meşələr zolağında, bozqırlaşmış meşə talalarında, relyefin daha çox parçalanmış sahələrində 1000-1300 m yüksəkliklərdə inkişaf etmişdir. Onların formalaşmasında meşələrin böyük miqdarda fitokütləsi ilə yanaşı təbaşir və paleogenin əhəngdaşı və mergellərinin yüksək karbonatlı aşınma məhsulları da mühüm rol oynayır. Humus qatı çox vaxt 20-30 sm-dən artıq olmur. Humuslu horizontun B horizontuna keçidi kəskindir. Profilin orta hissələrində gilləşmə əlamətləri müşahidə olunmur. Bu torpaqlarda humusun miqdarı əvvəlki yarımtiplə müqayisədə yüksəkdir (orta hesabla 11,4%). Profil boyu aşağı qatlara doğru humusun kəskin şəkildə azalması müşahidə edilir. Karbonatlar üst qatdan başlayır. Aşağı qatlarda onun miqdarı artaraq bəzi hallarda 70%-ə çatır. Yüksək karbonatlılıqla əlaqədar olaraq bu torpaqların üst qatı üçün qələvi, neytral və bəzi hallarda zəif turş, alt qatlarda isə bir qayda olaraq qələvi mühit səciyyəvidir. Udulmuş əsasların cəmi 37,8-47,7 mq-ekv arasında dəyişir. Bu torpaqlar yüksək dərəcədə doymuşdur. Kalisium və maqnezium udulmuş əsaslar cəminin 90-100%-ni təşkil edir.
Dağ-qaratorpaqları. Dağ qaratorpaqları dağətəyi və alçaq dağlıq zonalarında inkişaf etmişdir. Bu torpaqlara 600 m-dən 1200-1500 m-dək yüksəkliklərdə rast gəlinir. Dağ qaratorpaqlar meşənin aşağı sərhədlərində, meşə torpaqlarının ətrafında ayrı-ayrı massivlər və adalar şəklində yayılır. Dağ qaratorpaqlarının yayıldığı dağ və çəmən bozqırlarının iqlimi mülayim isti və quru qış fəsli ilə səciyyələnir. Orta illik temperatur 7,3-11,60 arasında tərəddüd edir. Yağıntıların miqdarı 380-700 mm arasında dəyişir. Yağıntıların əsas hissəsi yaz-yayın əvvələrində düşür. İlin soyuq mövsümündə yağıntıların üçdə-bir hissəsi düşür. Rütubətlənmə əmsaslı 1,22-1,29 –dur. Respublikamızın dağ qaratorpaqları üçün dövrü yuyucu su rejimi tipi səciyyəvidir. Respublikamızın dağ qaratorpaqları relyefin nisbətən yüksək elementlərində topallı-taxılkimilər müxtəlif otlu çəmən bozqırları, həmçinin Böyük və Kiçik Qafqazın alçaq dağlıq və dağətəyi sahələrində mülayim quru bozqırların ağotlu-topallı müxtəlif otlu senozları altında formalaşırlar. Bu torpaqların inkişafında ot bitkilərindən ağot, şırımlı-topal, daşdayan, tükburun ayrıq, ala tonqolotu, incə nazikbaldır böyük rol oynamışdır. Topallı otlar çim yaradan bitki olub bozqırları əmələ gətirir. Torpaqşünasların fikrincə bu torpaqlar torpaqəmələgəlmə və dağlıq şəraitə görə yayla və dağ qaratorpaqları olub, qəhvəyi meşə torpaqlarının evolyusiyası nəticəsində yaranmışdır. Təsadüfi deyildir ki, dağ qara torpaqlarının yayıldığı ərazilərin yuxarıda xarakterizə edilən iqlim göstəriciləri müəyyən dərəcədə bozqırlaşmış qəhvəyi meşə torpaqlarının arealının iqlim göstəricilərini təkrar edir. Bu həmin torpaqların oxşar iqlim şəraitində inkişaf etdiyini göstərir. Dağ qara torpaqlarının bu yarımtipləri ayrılır: yuyulmuş, adi, karbonatlı və bərkimiş qaratorpaqlar.
Yuyulmuş dağ qaratorpaqları əsasən 1000-1200 m yüksəklikdə formalaşmışdır. Karbonatlar 80-90 sm və daha dərində (mitsellər formasında) morfoloji cəhətdən ifadə olunurlar. Tekstur horizontun bərkiməsi və ağır gilli tərkibə malik olması profildə illüvial horizontun formalaşdığını sübut edir. Həmin horizont adətən qırmızımtıl qəhvəyi rənglə seçilərək qozvari-topavari strukturaya malik olur. Yuyulmuş dağ qaratorpaqları humusla yaxşı təmin olunmuşdur. Onun miqdarı üst qatlarda 4,6-7,4% arasında tərəddüd edir. Tərkibinə görə humus humat və fulvat-humat tiplidir. Torpaq məhlulunun reaksiyası zəif turş və neytraldır (pH 7,0-7,2). Dərinliyə doğru zəif qələvi mühit hakim olur. Yuyulmuş dağ qaratorpaqları yüksək udma tutumuna malikdirlər (45,8-50,0 mq-ekv). Yuyulmuş əsaslardan kalsium kationu çoxluq təşkil edir (25-44 mq-ekv). Kalisium birləşmələri bitki töküntülərinin parçalanmasından əmələ gələrək biogen mənşəlidir.
Adi dağ qaratorpaqları yarımtipi təbii drenləşmiş nisbəti yüksək təpəli dağ şleyflərində geniş yayılmışdır. Humusun miqdarına görə orta humuslu (4,6-7,7%) torpaqlar qrupuna daxil etmək olar. Humusun miqdarı dərinliyə doğru tədricən azalır. Humusun tərkibi humatlı-kalsiumludur. Adi dağ qara torpaqların uducu kompleksi doymuş olması ilə səciyyələnir (97-98%).Karbonatlardan və bozqırlaşmadan asılı olaraq torpaq məhlulunun reaksiyası üst qatlarda neytral və zəif qələvi (7,0-7,3), aşağı qatlara doğru isə qələvi və yüksək qələvidir (7,8-8,3).
Karbonatlı dağ qaratorpaqları yarımtipi Böyük Qafqazın şimal-şərq hissəsində rast gəlinir. Kiçik Qafqazın cənub hissəsində Kəlbəcər və Laçın meşələrinin kənarlarında bu torpaqlara ayrı-ayrı zolaqlar və ləkələr şəklində təsadüf edilir. Yuyucu olmayan su rejiminin hakim olması ilə əlaqədar olaraq təsvir edilən torpaqlarda profilin yuyulması əlamətlərinə rast gəlinmir və karbonatlar bir çox hallarda ən üst qatlarda da müşahidə olunur. Karbonatlı qara torpaqların profili karbonatlı-illüvial horizontun da yaxşı seçildiyi bir-birindən aydın şəkildə fərqlənən müxtəlif genetik horizontlara ayrılmışdır. Bu torpaqların A horizontunda humusun orta qiyməti 4,1-6,8% arasında dəyişir. Humus tərkibinə görə humat tiplidir. Humin turşularının xeyli hissəsi kalsiumla birləşərək kalsium-humatları əmələ gətirir. Udulmuş əsasların miqdarı 30,6-39,2 mq-ekv arasında dəyişir. Karbonatlı qaratorpaqlarda torpaq məhlulu çox vaxt neytral və zəif qələvi reaksiyaya malik olur və pH adətən 7,0-7,5-8,8 arasında dəyişir.
Bərkimiş dağ qara torpaqları yarımtipi vahid zona yaratmayaraq çox da böyük olmayan massivlər şəklində yayılmışdır. Bərkimiş dağ qara torpaqları nisbətən hamarlanmış sahələrdə, az meyilli qərb və şimal-şərq baxarlı yamaclarda inkişaf edir. Bir sıra torpaqşünaslar bu torpaqlarda bərkimiş horizontun əmələ gəlməsini vaxtilə meşənin təsiri altında olması ilə əlaqədar yüksək rütubətliliklə izah edir, onları qara rəngli bərkimiş torpaqlar adı ilə xüsusi genetik tipə aid edir, bu torpaqların öz inkişafında hidromorf torpaqəmələgəlmə mərhələsindən keçdiyini və s. göstərirdilər. Karbonatlı qaratorpaqlarla müqayisədə bu torpaqların humus qatı daha qalın olub 80-90 sm-ə çatır. Bu qat tünd rəngə (göyümtül və parlaq qara) boyanmaqla dənəvari və dənəvari-topavari strukturaya malik olur. Təsvir edilən torpaqlar profili, xüsuilə AB, B və BC horizontları üçün çox bərk (bərkimiş) quruluş, gilli tərkib səciyyəvidir. Quruluş və tərkibi ilə əlaqədar olaraq profil boyu çatlara rast gəlinir. Profildə 70-80 sm dərinlikdə illüvial horizont aydın nəzərə çarpır. Karbonatlar yalnız BC və C horizontlarında konkresiyalar və ağgözcüklər şəklində ayrılırlar. Bioloji cəhətdən bu torpaqlar zəif işlənmişdir. Humus nisbətən az, orta hesabla 3,5-8,0% təşkil edir. Humus fulvat-humat və humat tiplidir. Təsvir edilən torpaqların udma tutumu 31-36 mq-ekv təşkil edir. Torpaqların uducu kompleksi Ca2+ ilə yüksək doymuşdur. Bərkimiş qaratorpaqların üst qatlarında torpaq məhlulunun reaksiyası neytrala yaxın olub, aşağı qatlara doğru karbonatların iştirakı ilə əlaqədar olaraq zəif qələvi (pH 7,3-7,9) mühit hakimdir.
YAZAR: İsmayılova Səbinə
Həmçinin bax: Azərbaycanın qoruqları
Həmçinin bax: turaz.org/belarus-ve-azerbaycan-arasinda-9-milyon-dollarliq-muqavile-imzalanib/
Həmçinin bax: tehsilim.org/ikili-diplom-proqramina-qeydiyyat-sabah-yekunlasir/