Azərbaycanda reklam

Reklam bazar iqtisadiyyatına aid olan bir fəaliyyət növü olmaqla yanaşı, eyni zamanda, müəssisələrin imicini yüksəltməyə, məhsullara olan tələbatı formalaşdırmağa və satışı həvəsləndirməyə xidmət göstərir, marketinqin əsas funksiyalarından biri kimi çıxış edir.

Azərbaycanda reklam sahibkarlığının formalaşmasının bu və ya digər problemlərinin tədqiq edilməsinin vacibliyi, həmçinin iqtisadi ədəbiyyatlarda bu problemlərin kifayət qədər işıqlandırılmaması reklamın aktuallığını doğuran şərtlərdir.

Azərbaycanda reklam bazarının formalaşması və inkişaf dövrünü iki mərhələyə ayırmaq olar: 1) 1995-2004 və 2) 2004-2013-cü illər. Birinci mərhələdə reklam biznesinin ən yüksək inkişaf dövrü 1997-ci ilə şamil edilir. Bu ildə reklam dövriyyəsinin həcmi təqribən 12 milyon ABŞ dolları təşkil etmişdir. Sonrakı illərdən başlayaraq Azərbaycanda reklam dövriyyəsinin həcmi enməyə doğru meyl etmiş və 2000-ci ildə təqribən 2 milyon dollar , 2004-cü ildə isə bu rəqəm artaraq 4 milyon dollar olmuşdur.

Ölkəmizdə reklam bazarının inkişafının ikinci mərhələsi 2004-2013-cü illəri əhatə edir. Bu dövrdə reklam bazarı kifayət qədər sürətlə inkişaf etməyə başlamışdır. Belə ki, 2004-cü ilə nisbətən 2008-ci ildə reklam dövriyyəsi 4.7 dəfə artmışdır. Sonrakı illərdə artım prosesi davam etmişdir. Məsələn, əvvəlki ilə nisbətən artım 2009-cu ildə 2.1%, 2010-cu ildə 23.4%, 2011-ci ildə 57.2%, 2012-ci ildə 26.7%, 2013-cü ildə isə 18.0% təşkil etmişdir. 2004-2013-cü illərdə reklam dövriyyəsi bütövlükdə 14.3 dəfə artmışdır.

2005-ci ildən başlayaraq Azərbaycanda reklam bazarının sürətli inkişafını  formalaşdıran bir sıra amillər mövcud olmuşdur. İlk növbədə, ölkə iqtisadiyyatının sürətli inkişafını qeyd etmək lazımdır. Son illər Respublikada yerli məhsul istehsalçılarının sayı xeyli artmış, onlar sürətlə inkişaf etməyə və xarici şirkətlərlə rəqabəti gücləndirməyə başlamışlar. Bu da reklam bazarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Azərbaycanın vergi nəzarəti sistemində də ciddi müsbət irəliləyişlər baş vermişdir. Artıq, əksər reklam şirkətləri də digər sahələrdə olduğu kimi öz dövriyyələrini rəsmi qeydiyyata almaq məcburiyyətində olmuşlar. Bu isə reklam bazarının real vəziyyətini səciyyələndirməyə imkan vermişdir.

Azərbaycanın reklam bazarının müasir vəziyyətindən danışan zaman onun daha bir xüsusiyyətinin məhdud şəkildə formalaşmasını və inkişaf etməsini xüsusilə qeyd etmək lazımdır. Digər səciyyəvi cəhət ondan ibarətdir ki, reklam fəaliyyəti əsasən iri şəhərlərdə, xüsusilə də Bakıda cəmləşmişdir. Bu onunla izah olunur ki, iri şəhərlərin əmtəə bazarlarında rəqabət daha kəskin xarakter alır, eyni zamanda şəhər əhalisi yüksək gəlirli hesab olunur. Beləliklə, Respublikada son illərdə reklam fəaliyyəti böyük şəhərlərdə daha sürətlə inkişaf etməyə meyilli olmuşdur.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, Azərbaycanda reklamın məhsullar və ya sahələr üzrə formalaşmasında müəyyən özünəməxsus xüsusiyyətlər və problemlər hələ də qalmaqdadır. Hazırda Azərbaycanda o məhsullar və ya sahələr daha çox reklam olunurlar ki, orada rəqabət güclüdür. Lakin, qeyd etmək lazımdlr ki, Respublikaya idxal olunan bir çox məhsullar bazarında inhisarlaşmanın güclü olması və nəticədə rəqabətin zəif olması bu məhsullar üzrə həyata keçirilən reklam tədbirlərinin də zəif olmasına səbəb olmuşdur. Son zamanlarda reklamın yayım strukturunda da xeyli dəyişikliklər baş vermişdir. Turan informasiya agentliyinin yaydığı məlumata əsasən son illərdə Respublikada yayımlanan reklamın əsas hissəsi (70%) televiziyanın payına düşür.

Müasir dövrün tələblərinə uyğun olaraq “marketinq” və “reklam” anlayışları insanların həyatına çox dərin daxil olmuşdur. İnsan psixologiyasına nüfuz etmək, onlarda motivasiya hislərini yaratmaq, stimullaşdırmaq, düzgün prioritetlər qurmaq imkanı baxımından reklamların zəruriliyi şübhə doğurmur. Statistik göstəricilərə görə hər gün istehlakçılar təxminən 300-ə yaxın reklam məhsulu ilə rastlaşır, 100-ə yaxın reklam çarxı ilə tanış olurlar.

Azərbaycanda reklam bəzi hallarda düzgün dərk olunmur. Son zamanlar reklam bazarındakı rəqabət, demək olar ki, “xəstə” insanı xatırladır. Buna səbəb reklam agentliklərinin sayının çoxalmasını, istehlakçı şirkətlərin alıcılıq qabiliyyətinin zəifləməsini göstərmək olar.

Azərbaycanda bir çox sahələrdə uğur əldə olunsa da, sosial reklam sahəsində vəziyyət bir o qədər də ürəkaçan deyil. Yerli telekanallarda nadir hallarda sosial reklamlara rast gəlinir, bəzi hallarda isə BMT-nin və ya UNISEF-in təqdim etdiyi sosial reklamların nümayişinin şahidi oluruq. Sosial reklamların nümayişi barədə Səhiyyə Nazirliyi bildirir ki, bu strukturların reklamı yalnız nazirliyin icazəsi ilə nümayiş etdirilə bilər. Qeyd etmək lazımdır ki, dövlət tərəfindən HIV/AIDS, şəkərli diabet və bu kimi ağır sosial problemlərin həllinə kifayət qədər vəsait xərclənir.

Bu gün ölkəyə xaricdən hazır reklamlar gətirilir və dublyaja verilir. Ona görə də elə etmək lazımdır ki, reklamlar dublyaj olunmasın və ölkəmizdə çəkilsin. Bu reklamlar bazara daxil olubsa, mütləq pul xərcləməlidirlər.

Hal-hazırda reklam bazarında dil siyasəti yoxdur. Küçə reklamları şəhərin dilidir. Amma, bu reklamlar bərbad vəziyyətdədir. Azərbaycanda bu sahədə problemlər çoxdur. Buna görə də müvafiq struktur yaradıldıqdan sonra müasir metodlar əsasında kadr siyasəti həyata keçirilməlidir. Azərbaycanda reklam sahəsində çox zaman təsadüfi insanlar çalışırlar.

Hazırda dünyanın sürətli inkişafında özünəməxsus təkan verici qüvvəyə çevrilən reklam işi Azərbaycanda hələ də tələb olunan səviyyədə deyil. İstər audio (səsli), istər, audioiviozual (səsli və görüntülü), istərsə də bassorama (avtobuslarda vurulan reklam növü) tipli reklamlarda qeyri-peşəkarlıq üstünlük təşkil edir. Heç kimə sirr deyil ki, televiziya ekranlarından izlədiyimiz reklamların əksər hissəsi ya şadlıq saraylarının, ya da mobil telefonların tanıtımı ilə bağlıdır.

Bu gün reklam problemləri onun inkişafının qarşısını alan əsas amillərdən biri hesab edilir. Bu problemlər aşağıdakılardır:

  • Reklam xidmətində qeyri-peşəkarların çoxluğu,
  • Reklamçıların yetişdirilməsi üçün təhsil ocaqlarında müvafiq ixtisasların olmaması. (Lakin 2014-cü ildə Turizm İnstitutunda bu sahə üzrə ixtisas açıldı.)
  • Reklam elanlarının keyfiyyətinin aşağı olması.
  • Reklam mətnlərində dilimizin leksik-semantik qaydalarının pozulması.
  • Ölkəmizdə fəaliyyət göstərən müəssisələrin əksəriyyəti bir çox səbəblərdən maliyyə hesabatları kimi reklam xərcləri və gəlirləri haqqında məlumat vermirlər. Həmçinin reklam tədqiqatlarının aparılmasında süni maneələr yaradırlar.
  • Bəzi hallarda reklam haqqında qanunun tələblərinin pozulması aparılan tədqiqatlardan sonra belə bir nəticəyə gəlmək olar ki, bu sahədə də iqtisadiyyatın bir çox sahəsində olduğu kimi bəzi problemlər mövcuddur.

Reklam problemlərinin aradan qaldırılması və reklamın inkişafı üçün aşağıdakı təkliflərin nəzərə alınması məqsədəuyğundur:

  • Reklam işinin təşkili və idarə edilməsini tənzimləyən qanunvericilik bazarda baş verən yeniliklərə uyğunlaşdırılmalıdır.
  • Bu gün iqtisadiyyatın sürətli inkişafı və qlobal bazarlar əlaqəsinə uyğun olaraq reklam fəaliyyətini tənzimləyən qanunvericilik bazası mütəmadi yenilənməli, qanundakı boşluqlar aradan qaldırılmalı və beynəlxalq standartlara cavab verən qanun hazırlanmalıdır.
  • Rəhbərliyin və menecerlərin vaxtına qənaət etməsi və işin səmərəli təşkili üçün texniki vasitələrin tətbiqi, eyni zamanda dünya təcrübəsinin öyrənilməsi vacibdir.
  • Bu əlaqələrin qurulması həm reklam şirkətlərinin, həm də ölkəmizin reklam bazarının inkişafına şərait yaradacaq.
  • Müəssisələrin reklam fəaliyyəti ilə bağlı araşdırmaların aparılmasına şərait yaratmaq, həmçinin, reklam fəaliyyəti ilə bağlı illik hesabatların verilməsini məcbur etmək məqsədəuyğundur.
  • Ölkəmizdə fəaliyyət göstərən televiziya və radioların, internet provayderlərinin və s. təkmilləşdirilməsi vacibdir. Reklam proqramlarının təşkili üçün peşəkar kadrların yetişdirilməsi.

Bu gün reklam ən böyük problemlərdən biri, reklam fəaliyyəti ilə qeyri-peşəkarların məşğul olmasıdır. İndi müəssisələrin və reklam vasitələrinin çoxunun paytaxtda cəmlənməsi reklamın regionda zəifləməsinə səbəb olur.

YAZAR: Rəsmiyyə Səfiyeva

Həmçinin bax: Reklam müraciətlərinin hazırlanması

Həmçinin bax: https://turaz.org/nazirler-kabinetinden-elilliyi-olan-sexslerle-bagli-qerar/

Həmçinin bax: https://tehsilim.org/dovlet-qullugunda-seriste-modelinin-tesdiqlenmesi-uzre-pilot-layihenin-ilk-onlayn-telimi-kecirilib/