Azərbaycanda psixologiya elminin inkişafı

Bütün dünyada olduğu kimi Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır. Elməqədərki psixoloji fikirlərin tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O, bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.

Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdırılmasını dünya psixologiya elminin inkişafı kontekstindən ayırmaq lazımdır. İnsanlar lap qədim zamanlardan qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəkildə, lakonik dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da ondan bəhs olunmasın, münasibət bildirilməsin.

1920-ci il aprel ayının 28 – də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi. 1920- ci ilin mayın 12-də  «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökumət dekreti elan olundu .
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı. 1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs deyərək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil müəssəsəsi – APİ yaradıldı. 1931- ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.
A. O. Makovelski 1920-ci ildə Azərbaycan Dövlət Universitetinə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1931 – ci ildən 1941-cı ilədək AETPİ – də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır və 1960-cı ilə qədər Məntiq- psixologiya kafedrasına rəhbərlik edir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. O, Ə.K.Zəkiyevin doktorluq dissertasiyasının rəsmi opponenti, M.Məhərrəmov,  M.Abbasov, M.Hacıyev, İ.Seyidov və başqalarının elmi rəhbəri olmuşdur.

Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq kadrlarının hazırlanmasında B. B. Komarovskinin də böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Komarovski 1921-1924- cü illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, professor elmi adı alır. Komarovski ilk elmi məqaləsini 1914-cü ildə, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa malik olan Komarovski «Psixologiya cədvəlləri», «Uşaqlığın sosiologiyası», «Təkrarlama metoduna dair» və s. onlarla fundamental əsərlərin müəllifidir.

Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur . O, respublikamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun Azərbaycan Dövlət Universitetində 1926-1927 – ci illərdə təşkil etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müəllif istiqamətli tədqiqatlar aparılmışdır. F.İbrahimbəyov 1927-1949 – cü illərdə V. İ. Lenin adına APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.

30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə gənc və istedadlı alimlər gəlir. Onların sırasına S. Hacıyev, M.Məhərrəmov,  M.Abbasov və başqaları xüsusilə seçilirdilər. Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünəməxsus yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiş azsaylı, yüksək ixtisaslı, peşəkar psixoloqlardandır. O, ilk növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad etməklə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparılmasını zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən psixoloqlardandır. 1983-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1998- ci ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra daha ciddi şəkildə Azərbaycan psixologiya elminin inkişafında səy göstərmişdir.
Professor B.H.Əliyev sosial psixologiyanın aktual problemləri, hüquq psixologiyası, professor S.İ. Seyidov isə menecment psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın inkişaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ictimai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və formalaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə milli şüurun, milli özünüdərkin formalaşması deməkdir.
Vaxtilə Sokrat deyirdi: ” Özünü dərk et “. Milli inkişaf isə özünüdərkdən keçir.

 

YAZAR: Aytən Yusibova

Həmçinin bax: Cins-rol stereotiplərinin formalaşması və möhkəmlənməsi

Həmçinin bax: turaz.org/cnn-turk-kanali-44-gunluk-veten-muharibesinden-behs-eden-senedli-film-hazirlayib-video/