Azərbaycanda İslamın Yayılması

Azərbaycanda İslamın yayılması
Dünyanın ən mütərəqqi dini olan İslam və onun əsas kitabı Quran Allahın buyruğu ilə Məhəmməd Peyğəmbər Əleyhüssəlam tərəfindən bəşəriyyətə bəxş edilmişdir.Məhəmməd Peyğəmbər 610-cu ildən ərəblər arasında bu dini yaymağa başlamış və onun vasitəsilə ərəb qəbilələrini 630-cu ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi.Ərəblər işğal etdikləri ərazilərdə əhalini imana gətirmək üçün İslam dinini yayırdılar.Əksəriyyəti köçəri olan istilaçı ərəblər özləri hələ yeni olan dini(İslamı) lazımınca mənimsəmədiklərinə görə,əvvəllər Azərbaycan əhalisini İslamı qəbul etməyə məcbur etmirdilər,əlbəttə yeni dini qəbul etmək istəyənlərə də mane olmurdular.Bu,xüsusilə,Arrana aid idi,çünki onun əhalisi xristian,”Kitab əhli” idi.
Ölkənin cənub hissəsinə gəldikdə isə,burada İslam dini İranın dövlət dinini(zərdüştlüyü) sıxışdırmışdı.Ancaq atəşpərəstlər və məcuslar(çoxallahlılar) təqib olunurdular çünki onlar “Kitab əhli” deyildilər.Azərbaycanda yalnız ərəb qoşunlarının və hakimiyyət idarələrinin əl çatdıra bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə inanmaqda davam edirdi,çünki ibn Xəldunun sərrast söylədiyi fikrinə görə,ərəblər “dağlıq yerlərə deyil,düzənlik yerlərə basqın etməyə meyil göstərirdilər,ona görə ki,bu xalq öz vəhşiliyindən qarəti,soyğunçuluğu və viran etməyi sevir,dağ yerlərində isə bu məqsədə nail olmaq asan deyildi”.Lakin qeyd etməliyik ki,ərəblərin Azərbaycanda “Kitab əhli” ilə mülayim rəftar etmələrinin səbəbi bir də odur ki,onlar Bizans imperiyasına qarşı mübarizədə hərbi əməliyyat meydanı olan Zaqafqaziya vilayətlərinin strateji əhəmiyyətini yaxşı başa düşürdülər.Buna görə də işğalçı ərəblərin Zaqafqaziya əhalisi ilə,nə səbəbə belə “dostcasına iltifatla” rəftar etdiklərini başa düşmək olar.
V.V.Bartold qeyd etmişdir ki,”xristianlıqdan fərqli olaraq,İslam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız istila yolu ilə yayılırdı;müsəlman torpaqlarının sərhədləri ilə İslamın yayılan sərhədləri bir-birinə uyğun gəlirdi,həm də İslam dini zorakılıqla yayılmırdı və nə xristianlar,nə də zərdüştlər təqib olunmurdular”.Ancaq maraqlıdır ki,Xilafət başqa xristian ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında-Albaniyada kilsəyə qarşı Vlll əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı.Burada İslam dininin “qılınc gücünə” yayılması göz qabağındadır.Alban katalikosunun və onunla əlbir olan knyaz arvadının xəlifə Əbdül Malikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi reallığı açıq-aydın göstərir.Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən qriqoryan kilsəsinə tabe edildi.Kim Alban kilsəsinin müstəqilliyinə çalışardısa,”qılıncla yox edilməli” idi.Alban yazısı 705-ci ildə qadağan olundu.Alban dilində olan salnamə və qanun topluları məhv edildi.
YAZAR: Nərmin Hüseynova