Azərbaycanda biokimyanın inkişaf tarixi
Canlı orqanizmlərin tərkibinə daxil olan maddələrin kimyəvi təbiətini, onların toxumadaxili çevrilmələrini və həmin çevrilmələrin orqan və toxumaların fəaliyyəti ilə əlaqəsini öyrənən bioloji elm sahəsi olan biokimya (bioloji kimya) elminin bəzi istiqamətləri insanları qədim zamanlardan maraqlandırmışdır. Lakin bu elm sahəsi yalnız XVIII-XIX əsrlərdən etibarən ibtidai şəkildə inkişaf etməyə başlamış, XX əsrdə isə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.XIX əsrin ortalarında biologiya və təbabət sahəsində aparılan tədqiqatların geniş vüsət alması sayəsində bitki və heyvan orqanizmlərinin kimyəvi tərkibinə, orqan və toxumalarda baş verən proseslərə dair geniş məlumatlar əldə edilmişdi və artıq həmin məlumatların sistemləşdirilməsinə böyük ehtiyac yaranmışdı. 1842-ci ildə bioloji (fizioloji) kimya problemlərini özündə əks etdirən ilk dərsliyin (J.E.Simon “Handbuch der angewandten medizinishen Chemie”) çap edilməsi yeni bir elm sahəsinin əsasının qoyulması baxımından əlamətdar olmaqla bərabər, “bioloji (fizioloji) kimya” termininin meydana çıxmasına da başlanğıc vermişdir. XIX əsrin II yarısında müxtəlif xarici ölkələrdə bioloji kimya problemlərini özündə əks etdirən dövri jurnalların nəşrinə başlanılmış və bir sıra universitetlərdə bu elmin tədrisi ilə məşğul olan bioloji (tibbi) kimya kafedralarının əsası qoyulmuşdur.
Azərbaycanda bioloji kimya elminin inkişafı ali təhsil sisteminin tarixi ilə bağlıdır. Ölkəmizin ilk təhsil müəssisəsi olan və 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin fəaliyyətinin ilk illəri ərzində burada bioloji kimya fənninin tədrisi ilə digər kafedraların müəllimləri məşğul olurdu və bu dövrə qədər Azərbaycanda biokimyəvi tədqiqat aparılmırdı. 1921-ci ildə əvvəllər Zaqafqaziya Universitetinin (Tbilisi) tibbi kimya və farmakologiya kafedrasına rəhbərlik etmiş rus alimi M.D.Malenyuk (1868-1932) Bakıya köçərək, burada BDU-nun 2 kafedrasına – ümumi gigiyena və fizioloji kimya kafedralarına – rəhbərlik etməyə başladı. Lakin biokimya elminə qəlbən bağlı olan V.D.Malenyuk 1926-cı ildə ümumi gigiyena kafedrasının rəhbərliyindən öz arzusu ilə imtina edərək, ömrünün sonuna qədər əmək fəaliyyətini bioloji kimya kafedrasında davam etdirmişdir. Bu illər ərzində bioloji kimya kafedrası tibb fakültəsinin nəzdində olduğuna görə, burada aparılan tədqiqat işləri də tibbi biokimya problemlərini əhatə edirdi.1930-cu ildə Bakı Dövlət Universiteti tibb fakültəsinin bazası əsasında Azərbaycan Tibb İnstitutu təşkil edildikdən sonra bioloji kimya kafedrası bu institutun nəzdində fəaliyyət göstərmişdir. 1932-1937-ci illər ərzində ATİ-nin (indiki Azərbaycan Tibb Universitetinin) biokimya kafedrasına H.İ.Səfərov rəhbərlik etmişdir. O, kafedranın əməkdaşları ilə birlikdə insan və heyvan biokimyası (xüsusən mineral maddələr mübadiləsi) sahəsində tədqiqat aparmışdır. Sonralar H.İ.Səfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyası) bioloji kimya kafedrası təşkil etmiş və ömrünün axırına qədər (1964) həmin institutda elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1937-ci ildə ATİ-nin bioloji kimya kafedrasının rəhbərliyi A.S.Həsənova (1900-1972) həvalə edilmişdir. Respublikada insan biokimyasının və tibbi-biokimyanın sonrakı inkişafı məhz A.S.Həsənovun adı ilə bağlı olmuşdur. 1937-1972-ci illərdə kafedraya rəhbərlik edən A.S.Həsənov buradakı fədakar əməyinə görə, əməkdar həkim (1942), əməkdar elmi xadimi (1943) kimi fəxri adlara layiq görülmüş, 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Onun öz əməkdaşları ilə birlikdə apardığı elmi-tədqiqat işlərinin əsasını vitaminlərin maddələr mübadiləsindəki rolunun öyrənilməsi, respublikanın kurort amillərinin (o cümlədən “İstisu”mineral suyunun və Naftalan neftinin) müalicəvi təsirinin tədqiqi, A vitamininin provitamini olan karotinin təklikdə və Naftalan nefti ilə kompleks şəkildə tətbiqi zamanı bir sıra patoloji proseslərin sağalma mexanizmlərinin araşdırılması təşkil etmişdir.
A.S.Həsənovun elmi məktəbinin yetirmələri olan A.Z.Babayev, Y.Babayev, H.M.Əliyev, N.A.Rzayev, S.B.Tağızadə, A.M.Əfəndiyev, F.Q.İslamzadə və digər alimlər sonralar öz elmi məktəblərini yaratmış, öz uğurlu elmi fəaliyyətləri ilə Azərbaycan elminə şərəf gətirmişlər. Bunlardan A.Z.Babayev toksikoloji kimya problemləri üzrə tədqiqat aparmış və 1972-1986-cı illərdə ATU-nun eyniadlı kafedrasına rəhbərlik etmişdir. Y. Babayev Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda, bir sıra antropozoonoz infeksion xəstəliklər zamanı insan və heyvan orqanizmlərində törənən biokimyəvi dəyişiklikləri tədqiq etmişdir. H.M.Əliyev əczaçılıq kimyası problemləri üzrə tədqiqat aparmışdır və hal-hazırda ATU-nun eyniadlı kafedrasına rəhbərlik edir. S.B.Tağızadə (1929-1998) elmi fəaliyyətini onkoloji xəstələrdə karbohidrat mübadiləsinin tədqiqinə sərf etmişdir. N.A.Rzayev (1927-1981) zülal mübadiləsi, qanın və limfanın bioloji kimyası, gerontologiya və geriatriyanın biokimyəvi aspektləri üzrə bir sıra əsaslı elmi-tədqiqat işlərinin müəllifidir. O, A.S.Həsənovun vəfatından sonra 1973-1981-ci illərdə ATİ-nin bioloji kimya kafedrasına rəhbərlik etmişdir. Kafedranın əməkdaşları N.A. Rzayevin rəhbərliyi altında maddələr mübadiləsinin orqanizmin yaşı ilə əlaqədar olan dəyişikliklərin tədqiqi ilə məşğul olmuşlar.
Son onilliklər ərzində ATU-nun bioloji kimya kafedrasına A.M.Əfəndiyev rəhbərlik edir. Bu kafedrada və onunla yanaşı fəaliyyət göstərən “Hüceyrə patologiyasının biokimyası” Problem Elmi-Tədqiqat Laboratoriyasına prostaqlandinlərin metabolizm xüsusiyyətləri, lipidlərin peroksid oksidləşməsi və hüceyrələrin təbii antioksidant sisteminin vəziyyəti, hemoqlobinopatiyalı xəstələrdə biokimyəvi dəyişikliklər və immun sistemin vəziyyəti, ürək əzələsinin hipertrofiyası zamanı kardiomiositlərdə baş verən biokimyəvi dəyişikliklər kimi elmi problemlər üzrə tədqiqat işləri aparılır.
XX əsrin ikinci yarısında Azərbaycanda elmi-tədqiqat institutları şəbəkəsinin genişlənməsi bioloji kimya elminin inkişafında da öz əksini tapmışdır. Hazırda respublikamızın müxtəlif elmi-tədqiqat institutlarında, Bakı Dövlət Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan Bədən Tərbiyəsi Akademiyasında, Azərbaycan Pedaqoji Universitetində bioloji kimyanın müxtəlif elmi istiqamətləri üzrə tədqiqat işləri aparılır.
Respublikamızdı bitki biokimyası və fiziologiyası sahəsində təməli elmi-tədqiqat işlərinin aparılmasında və bu sahədə ixtisaslı kadrlar yetişdirilməsində Azərbaycan Respublikası MEA-nın akademiki S.Ə.Əliyevin əvəzsiz xidməti vardır. Elmi-Tədqiqat Botanika İnstitutunda çalışan akademik S.Ə.Əliyevin bu sahədə apardığı tədqiqat işləri sayəsində respublikamızın təbii şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldarlıqlı buğda və digər kənd təsərrüfatı bitkiləri əldə edilmişdir.
Hazırda Bakı Dövlət Universitetinin bioloji kimya kafedrasında prof. A.Ə.Quliyevin rəhbərliyi altında texniki biokimya problemləri üzrə tədqiqat aparılır – uzun müddət saxlanılan kənd təsərrüfatı məhsullarının mühafizə edilməsinin biokimyəvi prinsipləri öyrənilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ET Heyvandarlıq İnstitutunun bioloji kimya laboratoriyasında müxtəlif kənd təsərrüfatı heyvanlarında geniş yayılmış xəstəliklərin biokimyəvi əsasları tədqiq edilir. Azərbaycan Bədən Tərbiyəsi Akademiyasının idman biokimyası kafedrasında funksional biokimya üzrə tədqiqat aparılır.
Azərbaycan Respublikası MEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun nəzdində olan mərkəzi sinir sisteminin biologiyası laboratoriyasında akademiyanın müxbir üzvü, prof. T.M. Ağayevin rəhbərliyi altında beyində maddələr mübadiləsinin xüsusiyyətləri tədqiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müxtəlif elmi-tədqiqat institutlarının müvafiq laboratoriyalarında – M.A.Topçubaşov adına Klinik ET İnstitutunda, Respublika Onkoloji Elmi Mərkəzində, ET Mamalıq və Ginekologiya İnstitutunda və s., həmçinin ATU-nun Elmi-Tədqiqat Mərkəzində klinik biokimya üzrə tədqiqatlar aparılır.
Azərbaycan biokimyaçılarının elmi-tədqiqat işlərinin əlaqələndirilməsində 1959-cu ildə təşkil edilmiş Azərbaycan Biokimyaçılar Cəmiyyətinin böyük rolu olmuşdur. Bu cəmiyyətə 1959-1972-ci illərdə Azərbaycan SSR EA-nın müxbir üzvü, prof.A.S.Həsənov, 1972-1981-ci illərdə respublikanın əməkdar elmi xadimi, prof. N.A.Rzayev, 1982-1998-ci illərdə Azərbaycan Respublikası MEA-nın müxbir üzvü T.M.Ağayev rəhbərlik etmişdir. 1998-ci ildə Azərbaycan Biokimyaçılar Cəmiyyətinin bazası əsasında Respublika Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyəti təşkil edilmiş və bu cəmiyyətin prezidenti vəzifəsinə, akademik S.Ə. Əliyev seçilmişdir: cəmiyyət 1999-cu ildə Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyasının üzvlüyünə qəbul edilmişdir. Federasiyanın nəzdində bioloji kimyanın tədrisi komissiyası təşkil edilmişdir. Bu komissiyaya üzv seçilmiş 8 nəfər biokimya mütəxəssisi arasında Azərbaycan Respublikasının nümayəndəsi də vardır (prof. A.M.Əfəndiyev). O, adı çəkilən komissiyada MDB ölkələrinin yeganə təmsilçisidir.
YAZAR: Əsədzadə Mahizər
Həmçinin bax: Biokimya. Predmeti, məqsəd və vəzifələri. Biokimya nədir?
Həmçinin bax: turaz.org/qirgizistan-koronavirusla-mubarize-ucun-24-milyard-som-ayirib/