Azərbaycana və İsrailə qarşı qərəzli siyasətin arxasında kimlər dayanır? – TƏHLİL
Dünyadakı insan haqları üzrə təşkilatların əslində müəyyən qrupların əlində təsir mexanizmi olması çoxdan məlum olan məsələdir. Bu qərəzli təşkilatlardan biri də – “Human Rights Watch” təşkilatıdır. Azərbaycanda və İsraildə insan haqları məsələsinə “həssas” yanaşan bu qurum nədənsə məsələ Ermənistan və bir sıra digər dövlətlər olduqda susmağa üstünlük verir. Elə bu qərəzli siyasətlə bağlı ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri (https://www.wsj.com/articles/a-selective-opponent-of-settlers-11579046287?mod=searchresults&page=1&pos=1) bu beynəlxalq insan haqları təşkilatının ermənilər tərəfindən işğal altındakı torpaqlarda məskunlaşma siyasəti ilə bağlı ikiüzlü yanaşmasını ciddi şəkildə tənqid edib. Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir.
İş orasındadır ki, “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika regionları üzrə direktoru Sara Li Uitson erməni ailəsində anadan olub, erməni diasporunun maliyyələşdirdiyi şəxslərdən biri kimi tanınmaqdadır. Azərbaycanı tez-tez tənqid edən xanım Sara Li Uitson təşkilatının beynəlxalq imicinə ciddi şəkildə zərbə vurmaqla məşğuldur. Bu xanım bu yaxınlarda İsrailin İordan çayının qərb sahilində apardığı məskunlaşmanı kəskin şəkildə tənqid edib. Qeyd etmək yerinə düşər ki, bu onun ilk belə tənqidi deyil. Maraqlıdır kİ, İsrailin İordan çayının qərb sahilində məskunlaşma siyasətini tənqid edən “Human Rights Watch” işğalçı dövlət olan Ermənistanın Qarabağ və ətraf rayonlardakı məskunlaşma siyasəti qarşısında susmağa üstünlük verir. Məhz bu məntiqi sualı “The Wall Street Journal”ındakı yazısında müəllif Yevgeni Kontoroviç oxucularına ünvanlayır.
Məqalədə xanım Uitsonun Yaxın Şərqdə və Cənubi Qafqazdakı məskunlaşma siyasətinə fərqli və ikiüzlü yanaşması ciddi şəkildə tənqid olunur. Müəllif yazır ki, Ulitson işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmanı dəstəkləyir. “Human Rights Watch” təşkilatının bu yüksək çinli nümayəndəsi, eyni zamanda, Qarabağda qanunsuz şəkildə yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilatlara dəstək verir. Son zamanlar qanunsuz şəkildə suriyalı erməni qaçqınların işğal altındakı torpaqlarda yerləşdirilməsi də bu dəstəyə misallardan biridir.
Mənbə:Apa.az
Müxbir:Arzu Əliyeva