Azərbaycan Xaqanı- Şah İsmayıl Xətai
Mövzuya giriş
VI minillik dövlətçilik tarixi olan Azərbaycan xalqı bir sıra dövlətlər yaratmışdır ki, bu dövlətlər dünya tarixinin gedişində böyük rol oynamışdır. Dünya tarixində mühim rol oynayan dövlətlərdən biri də Azərbaycan Səfəvilər dövlətidir.1501-1736-ci illəri əhatə edən bu dövlətimiz tarixdə silinməz iz qoymuşdur. Səfəvi sülaləsinin və ordenin yaradıcısı Monqol hakimiyyəti dövründə “ türkün piri “ adlandırılan Şeyx Səfiyyəddin Ərdəbili olmuşdur. Ərdəbil şəhərində möhkəmlənən Səfəvi ordeni zamanla güclənirdi. Bu güc isə dövrün dövlətlərini kəskin şəkildə narahat edirdi. Səfəvi dərvişləri Şeyx Cüneydin hakimiyyət dövründə (1447-1460 ) daha da güclənir. Bundan narahat olan Qaraqoyunlu Cahanşahın tələbi ilə Şeyx Cüneyd 1449-cu ildə Ərdəbili tərk edir. 1460-cı ildə Səfəvi müridləri Dağıstana və Şirvana yürüş edir, Samur çayı döyüşündə Səfəvilər məğlub olur və Şeyx Cüneyd döyüşdə öldürdürülür. Ondan sonra təriqətin rəhbərliyinə və Ərdəbil hakimliyində hakimiyyətə Şeyx Cüneydin oğlu və Sultan Uzun Həsənin bacısıoğlu Şeyx Heydər (1460-1488) və sonra isə Şeyx Sultanəli (1488-1494) gəlir,lakin Sultanəli hakimiyyətdə cəmi 6 il qala bildi 1494-cü ildə Şəməsi döyüşündə öldürüldü və nəhayət təriqətin rəhbərliyinə gələcəkdə Səfəvilər dövlətini quracaq olan Şeyx Ismayıl (1494-1501) gəldi.
Şah Ismayılın həyatı.
Şah Ismayıl Səfəvi 1487-ci il iyulun 17-də nüfuzlu Azərbaycan ailəsində- Şeyx Səfiyyədin Ərdəbilinin ailəsində doğulmuşdur. O, ana tərəfdən Sultan Uzun Həsənin nəvəsi idi. Şah Ismayıl atası Şeyx Heydər, anası isə Aləmşah bəyim idi. O, Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.
9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən Ismayıl, anası və qardaşları Sultan Əli və Ibrahim ilə birlikdə əvvəl erməni monastır Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı. Bir müddət sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı.Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi. Şah Ismayılın 3 əsas həyat yoldaşı (ümumilikdə 5), 6 oğulu və 8 qızı olmuşdur.
Şah İsmayıl Xətainin siyasi mübarizəyə qoşulması və Səfilər dövlətini yaratması.
Hakimiyyət illəri 1501-1524-cü illəri əhatə edir. 14 yaşında hakimiyyətə gələn Ismayıl çox ağıllı və cəsur idi. Gilanda Şeyx Əli Lahicaninin yanında böyüyən İsmayıl Səfəvi ondan fars və ərəb dillərini, Quran- i Kərim oxumağı öyrənir. Onu ziyarət edən Qızılbaş- Türkman bəyləri artıq siyasi vəziyyətin yetişdiyini və mübarizəyə başlamaq vaxtı gəldiyini bildirirdilər. 1499-cu ildə Gilandan ayrılan İsmayıl Səfəvi və müridləri Azərbaycanın içi ilə Ərkivana, ordan isə Ərzuruma yola düşürlər. Ərzurum qurultayında birinci zərbəni əsas düşmənləri Şirvanşah I Fərrux Yasara vurumaq qərara alınır. 1500-cü ildə I Fərrux Yasara qarşı yeddi min qızılbaşla hücuma keçdi. Abidin bəy Davaçı Şamil, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustacılı,Əhməd bəy Ustaclı,və başqaları döyüşən qızılbaşlar arasında idi. Ismayıl 7 minlik qoşunu ilə 20 min süvarisi olan və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvan şahını məğlub etmiş və onu öldürmüşdü. Daha sonra Ağqoyunlulara qarşı mübarizəyə başlayan Qızılbaşlar 1501-ci il Şərur döyüşündə Ağqoyunlunun 1-ci qolu olan Əlvənd Mirzə məğlubiyyətə uğradır və Ağqoyunlu dövlətinin 1-ci qolunu süqutu uğradır. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl Səfəvi özünü şah elan etdi. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz sonradan isə müxtəlif hökumdarların dövründə,Qəzvin (1555-1598), İsfahan (1598-1736) olmuşdur.1503-cü ildə Almaqulağı döyüşündə Ağqoyunlu dövlətinin 2-ci qolu olan Muradıda məğlubiyyətə uğradaraq onun torpaqlarına sahib olur. İranın içlərinə doğru dərin fəth başladan şah ismayıl Xətai tezliklə İranı tamamilə fəth edir. 1508-ci ildə Bağdad şəhərini fəth edən Qızılbaşlar Ağqoyunlu dövlətini beləliklə süquta uğradırlar. Xorasan uğrunda gedən mübarizə iki türk övlətini- Səfəviləri və Şeybaniləri üz-üzə qoyur. 1510-cu ildə Mərv döyüşündə Özbək hökmdarı Şeybani xanı məğlub edən Şah İsmayıl Xorasandan Amudərya çayına qədər olan ərazini ələ keçirir. Beləliklə Səfəvilərin ərazisi Amudəryadan Fərat çayına qədər olan bölgəni əhatə edirdi. Beləliklə Səfəvilər dövləti geniş ərazili imperiyaya çevrildi. 1514-cü ildə Cənubi Türkmənistana hücum edən Şah İsmayıl bölgənin əsas şəhərlərindən olan Astarabad şəhrini fəth edir. Ərəb mülkü uğrunda gedən mübarizə Səfəvi və Osmanlını üz-üzə gətirir. Bu iki türk dövləti arasında 1514-cü ilin avqustun 23- də baş verən Çaldıran döyüşündə Səfəvi dövləti Osmanlılara məğlub oldu. Bu Şah İsmayılın ilk və son məğlubiyyəti idi. Bundan sonra 1517, 1521 və 1522-ci illərdə Gürcüstana hərbi səfərlər edən Şah İsmayıl 23 may 1524-cü ildə vəfat edir.
Şah İsmayıl Xətainin ədəbi irsi.
Şah Ismayıl uşaq vaxtlarından sərkərdəlik etməsinə baxmayaraq,dərin düşüncə qabiliyyətinə malik olmuşdur.Şah Ismayıl Xətai az yaşamasına,vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çox cəhətli ədəbi bir irs yaratmışdır.O,həm əruz, həm də heca vəznində, həm epik,həm də lrik janrlarda qələmini işlətmiş, yadda qalan, asan dildə yazılan əsərləri iləörnək ola biln əsərləri ilə ədəbiyyatımızı zənginləşdirmişdir. Onun şerlərində xeyr və şər anlayışları ilə bağlı fikirlərdə vardır. Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır. Şah İsmayıl Xətainin Dəhnamə, Nəsiətnamə əsərləri və Azərbaycan dilində yazdığı zəngin divanı ədəbiyyatımızın əsas nümunələrindəndir.
Nəticə.
Azərbaycan eləcə də ümumturk tarixində mühüm rol oynayan Səfəvilər dövləti və türk xaqanları və dünya fatehləri arasında özünə layiq yer tutan Şah İsmayıl Səfəvi Azərbaycan xalqının əvəz olunmaz liderlərindən, dövlət xadimlərindən biridir. 14 ilə 14 məmləkət fəth edən Azərbaycan xaqanı yaratmış olduğu Səfəvi dövləti ilə Azərbaycanın ilk dəfə vahid bir dövlət halında birləşməsinə səbəb olmuşdur. Şah İsmayıl dövlətçilik tarixində gördüyü işlərlə yanaşı Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə də fərqlənir. Məhz ana dilində heca vəznində yazılmış ilk əsər Şah İsmayıl Xətaiyə məxsusdur. Böyük irsə sahib çıxmalı və onu qorumalyıq.
YAZAR: Təranə Quliyeva