Azərbaycan Xalq Cümhuriyyəti

Plan:
Giriş ……………………………………………………………………………………………………     2
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması…………………………………………….. 2
Xarici ölkələrdə açılan səfirliklər ………………………………………………………………    3
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici işlər nazirlərinin Rusiyaya münasibətləri ……………………………………………………………………………………….. 4
Məhəmməd Həsən Hacınski ………………………………………………………………….       4
Əlimərdan bəy Topçubaşov …………………………………………………………………..        5
Fətəli xan Xoyski ………………………………………………………………………………..         5
Məmmədyusif Cəfərov…………………………………………………………………………         5
Rusiya ilə münasibətlər ………………………………………………………………………..       6
Aprel işğalı …………………………………………………………………………………………..     8 Nəticə………………………………………………………………………………………………….      9
Ədəbiyyat siyahısı …………………………………………………………………………………     9

Giriş
Bütün millətlərin dövlətçiliyinin qorunmasında, beynəlxalq sahədə təmsil olunmasında, xalqın, millətin mövqe və maraqlarının təmin edilməsi və təhlükəsizliyinin qorunmasında xarici siyasət ən vacib faktorlardan biridir. Xarici siyasət istənilən ölkənin beynəlxalq platformlarda tanınmasına, təmsil edilməsinə və ölkənin gələcək rifahı üçün uğurlu addımların atılmasına təkan göstərən faktordur. 1918-ci il mayın 28-dən 1920-ci il 27 aprelə qədər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti də bu dövrlərdə bir çox ölkələrə istiqlalını tanıtmağa nail olmuş və 23 aylıq dövr ərzində öz xarici siyasətində ölkənin gələcək müqəddəratı üçün əhəmiyyətli olan addımlar atmağı bacarmışdır. Hazırda Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya ilə münasibətlərinin tədqiqi, Cümhuriyyətin xarici siyasətinə dair obyektiv araşdırmaların aparılması SSRİ dövründə əldə olunmuş nailiyyətlər və buraxılmış səhvlərin düzgün qiymətləndirilməsi zəruridir. Yaxın illərdə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti bir çox tədqiqatçılar və tarixçilər tərəfindən tədqiq edilmiş və araşdırılmışdır. Bu tədqiqatlar Cümhuriyyət dövründə dövlətin xarici siyasətinin əhəmiyyətini izah etmək üçün əhəmiyyətlidir. Bu məqalədə məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin ümumilikdə xarici siyasətinin əhəmiyyətini, istiqamətlərini araşdırmaq, Cümhuriyyətin yarandığı gündən istiqlalını tanıtmaq üçün gördüyü işlər, bu sahədə inkişaf üçün digər ölkələrdə açılmış səfirliklər, ölkənin Rusiya ilə əlaqələrini, bu əlaqələrin mahiyyətini aşkar etməkdən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
Gürcüstanın Zaqafqaziya Federasiyasından çıxaraq istiqlalını elan etməsi üzərinə bu Federasiyanın azərbaycanlı deputatlar fraksiyası da özünün “Azərbaycan Milli Şurasını” elan etmiş və Məhəmməd Əmin Rəsulzadəni bu şuraya sədr olaraq seçmişdir. 1918-ci il may ayının 28-də Şərqdə ilk parlamentli respublika sayılan Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan edildi. Elə həmin gün də xalqa İstiqlal bəyannaməsi elan edilmişdir. İstiqlal elan olunan kimi Batumda olan sülh heyəti ayrı-ayrılıqda Türkiyə ilə danışıqlara getmişdir. Batumda dostluq haqqında müqavilə iyunun 4-də bağlanır. Müstəqil Azərbaycan Cümhuriyyəti adından bu müqaviləni bağlamağa Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, xarici işlər naziri Hacınski və Türkiyə dövlət şurasının sədri, ədliyyə müşaviri Xəlil bəylə ordu komandanı Vəhib paşa getmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Azərbaycanda asayişi təmin etmək üçün istənilən zaman onlara əskər və ordu ilə kömək etməyi öz öhdəsinə götürürdü.
İstiqlal bəyannaməsinin 3-cü bəndində deyilirdi: Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə yanaşı, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. Bu maddədən belə nəticə çıxarmaq olar ki, Azərbaycan Xalq Cümhuriyyəti qonşu ölkələrlə mehriban münasibətlər yaratmaq prinsipi sovet Rusiyasına da aid edilirdi.
Xarici ölkələrdə açılan səfirliklər
Azərbaycan Xalq Çümhuriyyəti dövründəki diplomatik əlaqələr və xarici siyasət, Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluqları, Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri habelə, xarici dövlətlərin Azərbaycanda olan konsulluqları və diplomatik nümayəndəlikləri vasitəsilə həyata keçirilmişdir. 1918-1920-ci illəri əhatə edən dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə, Dağlılar Respublikası, Ermənistan, Gürcüstan və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti, Kuban və Don hökumətləri yanında nümayəndəsi fəaliyyət göstərmişdir.
Ümumilikdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Belçika, Hollandiya, Yunanıstan, Polşa, İsveçrə, İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası və Krımda Paris sülh konfransından sonra diplomatik nümayəndəlikləri açıldı.
Türkiyədə Yusif Vəzir Çəmənzəminli və Əlimərdan bəy Topçubaşov, Gürcüstanda Məmmədyusif Cəfərov, Faris bəy Vəkilov, Dağlı xalqları Respublikasında Əbdürrəhim bəy Haqverdiyev, Ermənistanda Məhəmməd bəy Təkinski, Teymur bəy Təkinski və Əbdürrəhim bəy Haqverdiyev, Ukraynada Yusif Vəzir Çəmənzəminli,Türküstanda Əkbər ağa Sadıqov diplomatik nümayəndə kimi, İranda Adil xan Ziyadxanov səfir kimi fəaliyyət göstərmişdir.
Xarici dövlətlərdən isə Bakıda Böyük Britaniya, Ermənistan, Yunanıstan, Belçika, Gürcüstan, Danimarka, İtaliya, Litva, İran, Polşa, ABŞ, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və İsveç öz nümayəndəliklərini yaratmışlar.
Azərbaycanın müstəqilliyinin Antanta Şurası tərəfındən tanınmasından sonra “Qərbi Avropa və Amerika ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyalarının yaradılması və Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında” qanun layihəsi Parlamentdə müzakirə olunaraq qəbul edildi. Bu qanuna görə, 1920-ci il aprel ayının 1-dən İngiltərə, Fransa, ABŞ, Almaniya, Rusiya, İsveçrə, Polşada (Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya) və İtaliya ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri təsis olunmalı idi. Buna baxmayaraq sovet rejiminin beynəlxalq hüquq normalarını pozaraq Şimali Azərbaycanı işğal etməsi və de-fakto tanınmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratması nəticəsində Azərbaycanın xarici ölkələrlə diplomatik əlaqələrinə və beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyuldu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici işlər nazirlərinin Rusiyaya münasibətləri
Məhəmməd Həsən Hacınski-1918 ci il 28 maydan 6 oktyabra qədər Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri vəzifəsində olmuşdur. Onun Cümhuriyyət dövründə xarici ölkələrlə diplomatik əlaqələrdə əhəmiyyətli rolu olmuşdur. M. H. Hacınski barəsində müxtəlif mənbələrdə ziddiyyətli fikirlər söylənsə də, o Azərbaycanın istiqlalı idealarına sadiq, vətənpərvər bir şəxs idi. O həyatı boyu ölkənin müstəqil yaşamasına çalışmış, Azərbaycanı bolşevik istilasından qorumağa çalışsa da sonda bolşevik rejiminin qurbanı olmuşdur. Bakı şəhərinin layihələşdirməsi və abadlaşdırılması sahəsində Hacınskinin əvəzolunmaz xidmətləri olmuşdur.
Hacınskinin Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri seçildiyi gündən o, əsasən Türkiyə ilə danışıqlara və Paris sülh konfransında ölkənin tanınmasına daha çox üstünlük vermişdir.
Əlimərdan bəy Topçubaşov-6 oktyabrdan 26 dekabra qədər Azərbaycan Xalq Cümhuriyyətində xarici işlər naziri vəzifəsində çalışmışdır. Topçubaşov AXC yarandığı gündən hüquqşünas bir alim kimi Cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması üçün var qüvvəsi ilə çalışmışdır. O, xarici nümayəndələrlə görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, Azərbaycanı tanıtmağa çalışırdı. İngilis polkovniki Tampla görüşündə Tamp ona Londondan formal tapşırıq aldığını və Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçiləri ilə görüşməməli olduğunu bildirmişdir. Rusiyanın keçmiş Xarici İşlər naziri S.D.Sazonovla keçirilən bir görüşdə isə Sazonov ona Qafqaz müsəlmanları ruslara çox yaxın olduğunu və Rusiyadan ayrılmaq istəmədiyini bildirmişdir.

Fətəli xan Xoyski – Xoyski xarici işlər naziri vəzifəsinə 2 dəfə seçilmişdir. 26 dekabr 1918 ‐ dan 14 aprel 1919 -ə qədər olan dövrdə o ilk dəfə, 22 dekabr 1919 ‐dan 27 aprel 1920-ci ilə qədər olan dövrdə isə ikinci dəfə Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri seçilmişdir. O hələ, baş nazir olduğu dövrdən Azərbaycan dövlətinin dünya ölkələri tərəfindən tanınmasına var qüvvəsi ilə çalışırdı. Xoyskinin 1918-ci il may ayının 30-da dünya ölkələrinin xarici işlər nazirliklərinə göndərdiyi radio-teleqramı İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristianiya, Kopenhagen, Xarici işlər nazirlərinə göndərmişdir. Cənubi Qafqaz respublikaları arasında baş vermiş mübahisəli sərhəd məsələlərinə həsr olunmuş Qafqaz konfransında Xoyski Böyük Rus inqilabının Cənubi Qafqaz xalqlarının azadlığa çıxmasına səbəb olduğunu və Qafqazın azadlıq sevən oğullarının – istər o azərbaycanlı olsun, istərsə də dağlı, gürcü və ya erməni olsun, müstəqil yaşamaq və sərbəstlik ideyasında yollarının bir olduğunu bildirmişdir bundan belə nəticəyə gəlmək olar ki, Xoyski Rus inqilabını Qafqaz xalqlarının müstəqil yaşaması üçün bir fürsət kimi görürdü.
Məmmədyusif Cəfərov- Məmmədyusif Cəfərov 14 aprel 1919-cu ildən 22 dekabra qədər olan müddət ərzində xarici işlər naziri vəzifəsində çalışmışdır. O, xarici işlər naziri vəzifəsində işlədiyi dövrdə Gürcüstanla hərbi müdafiə paktı bağlamağa nail olmuşdur. Onun vəzifədə olduğu dövr Cümhuriyyətdə ağır hadisələrin baş verdiyi dövrlərə təsadüf etdiyinə görə əsasən, Ermənistan və Gürcüstanla münasibətlətə daha çox önəm verilmişdir.
Rusiya ilə münasibətlər
XIX əvvəllərindən başlayaraq günümüzə qədər Rusiya ilə münasibətlər nəinki Azərbaycanın xarici siyasəti olaraq qalır, həmçinin onun mədəni, sosial-iqtisadi və siyasi inkişafının müəyyənedici faktorlarından biridir.
Bir sıra sənədlər göstərir ki, cümhuriyyət sovet Rusiyası ilə əlaqələrin yaradılmasını zəruri hesab edirdi və bu yolda uğurlu addımlar atmağa təşəbbüs göstərmişdir. 1918-ci ilin yayında Rəsulzadənin Azərbaycan hökümətinin sədri və xarici işlər nazirinə ünvanladığı məktub onun Rusiya ilə münasibətlərə əhəmiyyət verdiyini sübut edir. Məktubda Rəsulzadə Türkiyənin müstəqilliyimiz haqqında yazılmış teleqramlara cavab verib-vermədiyini soruşduqdan sonra “Bizi Moskva, həmçinin İran maraqlandırır” deyə Rusiya ilə əlaqələrin mühümlüyünü vurğulamışdır. Bu faktı xarici işlər nazirinin sentyabr ayının 13-də Tiflisdəki nümayəndə heyətinə göndərdiyi məktub da sübut edir. Bu məktubda yazılırdı : “Moskvaya gəlincə, biz Moskva ilə əlaqə yaratmaq istəyirik. Ümumiyyətlə biz, Rusiya, həmçinin sovet hakimiyyəti ilə daim dostluq şəraitində yaşamaq istəyərik”
Bu zaman sovet hakimiyyəti nəinki Azərbaycan istiqlalının əleyhinə idi, hətta Azərbaycan adı və ya Azərbaycan muxtariyyəti ideyasını belə düşünmürdü. Bakı və Qafqaz bolşeviklərinin başçısı, həmçinin sovet hökümətinin Qafqazda fövqəladə Komissarı təyin edilən Şaumyanın vaxtilə Azərbaycanın muxtariyyətini istəyən müsavatçıları və digər milli-demokratik qüvvələri Azərbaycanı xarabaya çevirməklə hədələməsi də bu faktlar arasındadır. Bakı kommunasının əsas fəaliyyəti Rusiyaya xidmət etməkdən, ilk olaraq onu neftlə təmin etməkdən ibarət idi.
M. Ə. Rəsulzadə 1918-ci il 7 dekabrda parlamentin açılışında səsləndirdiyi nitqində Rusiyaya münasibətini bildirərək demişdir ki, bizim Rusiya camaatına qarşı heç bir nifrət və ya ədavətimiz yoxdur Rusiyaya nifrətimiz onun camaatına nifrətimiz demək deyildir. Millətləri əzən və onların hüquqlarını verməyən rusiyanın özüdür. Bütün millətlər hürr olmalı və hürr olduqdan sonra istədiyi ölkə ilə ittifaqa girməlidir. Biz Rusiyanın həqiqi rus demokratiyasının əlinə keçməsinin tərəfdarıyıq. Biz Rusiyanın səadətini sevər və səadətini istəyərik. Lakin öz istiqlalımızı da əziz tutarıq. Səbr ilə qəbul edilən şeylərdə səadət olmaz, səadət isə hürriyyət və istiqlaldadır.
Sentyabrın ortalarında Azərbaycan-Osmanlı hərbi dəstələri Bakı şəhərini yadellilərdən azad etməsindən sonra Almaniya Azərbaycanı diplomatik cəhətdən tanıyacağını bildirir və onun müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınmasına öz yardımını göstərəcəyinə söz verir. Türkiyə isə Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanıyacağı halda, öz qoşunlarını Brest sülhü üzrə müəyyən edilmiş sərhədlərə çəkəcəyini öhdəsinə götürürdü.
1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 1 ili ilə bağlı keçirilən bayram günlərində Dərbənd və Petrovskinin tutulması xəbərləri birinci ildönümü qeyd edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalını Şimaldan Rusiya təhlükəsi ilə üz-üzə qoymuşdu. Rusiyada Kolçak problemi yaranan zaman Əbdürrəhim bəy Haqverdiyev müttəfiqlərin Kolçak hökümətinin Rusiya ərazisində tanınmasının nəinki yeni yaranmış respublikaların, həmçinin Qafqaz Azərbaycanının da mövqeyinə uyğun olmadığını bildirmişdir. O bəyanatında həmçinin qeyd etmişdir ki, Azərbaycan Rusiyada bərpa ediləcək və ya fəaliyyət göstərəcək tanımayacaq və Azərbaycan ərazisi gələcəkdə Rusiyanın tərkibinə daxil edilməməlidir.
Rusiya imperiyasının dağılmasından sonra yaranan yeni Qafqaz respublikalarının səyləri nəticəsində hazırlanıb, Sülh konfransına və müttəfiqlərin ayrı-ayrılıqda nümayəndələrinə təqdim etdikləri Bəyanatlar və etiraz notalarına əhəmiyyət verilmədi. Əlimərdan bəy Topçubaşov yazırdı ki, müttəfiqlərin bəziləri yəni, İtaliya və Fransa, vahid Rusiya yaradılmasını istəyirlər, bdigərləri, yəni, İngiltərə və Amerika isə özlərini bu fikrə tərəfdar kimi göstərirlər.
Fətəli xan Xoyski özünün II nazirliyi dövründə Rusiya ilə əlaqələr yaratmaq məqsədi ilə Rusiyanın xalq xarici işlər komissarı Çiçerinə dəfələrlə nota göndərmişdir.
Çiçerinin yanvarın 2-də Azərbaycana göndərdiyi ilk notasında Azərbaycan hökümətini Denikin təhlükəsinə qarşı mübarizəyə səsləyərək Azərbaycanın öz dövlət maraqlarını və zəhmətkeş xalqın maraqlarını düşünərək azərbaycanlıları bizim təklifimizə razılıq verməyə məcbur etməli olduğunu bildirmişdir. Fətəli xan Xoyski komissar Çiçerinin Denikinlə mübarizə prosesinə Azərbaycanı da cəlb etmək fikrinə qarşı çıxaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən tanınmasını, Azərbaycan və rus xalqları arasında ədalətli, suverenlik prinsiplərinə əsaslanmış qonşuluq münasibətləri yaradılması fikrini irəli sürmüşdür. O, Denikinə qarşı mübarizəni sovet Rusiyasının daxili işi olaraq görür və Cümhuriyyətin buna qarışmasını düzgün hesab etmirdi. Bütün bunlra baxmayaraq, F.Xoyskinin Rusiya ilə münasibətlər yaratmaq cəhdləri bir fayda verməmişdir. 1920-ci il aprelin 15-də parlamentdə Əliheydər Qarayev hökumətin sovet Rusiyasına diplomatik nümayəndə göndərmədiyini tənqid etmiş , Fətəli xan Xoyski isə ona cavab olaraq bildirmişdir ki, biz artıq üç dəfə Rusiyaya mehriban əlaqələr yaratmaq üçün danışıqlara getməyə hazır olduğumuzu bildirsək də, indiyə qədər də bizim təklifimiz kənarda qalıb. Çıxış edən natiq (Əliheydər Qarayev nəzərdə tutulur) nahaq yerə bizi günahlandırır. Fətəli xan Xoyski əlavə olaraq bildrimişdir ki, əgər Ə.Qarayev istəyirsə ki, Cümhuriyyətlə sovet Rusiyası arasında mehriban dostluq münasibətləri yaradılsın, qoy, onda o, öz həmfikirlərini də danışıqlara getməyə məcbur etsin.
Azərbaycanın yanvar ayının 11-də Paris sülh konfransında de-fakto tanınmasından sonra yanvar ayının 23-də Çiçerinin ünvanladığı II nota Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Avropa tərəfindən tanınmasının Rusiya üçün mühüm əhəmiyyəti olmadığını göstərirdi. Fətəli xan Xoyski ona cavabında Rusiya tərəfindən Azərbaycan istiqlalının qeyd-şərtsiz tanınması barədə hələ də açıq və qəti bir fikir demədiyini ona bildirmişdir. Çiçerinin fevral ayının 20-də göndərdiyi III notasında o, Azərbaycan istiqlalının yalnız müxtəlif məsələlərlə bağlı danışıqlar nəticəsində mümkün ola biləcəyini qeyd etmişdir. Həmin vaxt daxili işlər naziri olan Hacınski və onun başçılıq etdiyi bir qrup düşünürdü ki, sovet Rusiyasına güzəştlər verilərsə, Azərbaycanın istiqlaliyyətini tanıda bilərlər. Lakin, Fətəli xan Xoyski və və onun məsləkdaşları isə ölkədə güclü rejim yaratmağın və Rusiya təcavüzə qarşı silahlanmanın əhəmiyyətini çıxış yolu olaraq görürdü.
Xoyskinin Rusiyanın daxili işlərinə qarışmaması nəticəsində Rusiya ilə 1920-ci ilin yanvarından diplomatik qarşıdurma başlanır. Bu qarşıdurmanın arxasında isə əslində Bakı neftinə sahib olmaq iddiaları dururdu.
Aprel işğalı
Bolşevik təhlükəsinin artması vaxt keçdikcə öz nəticələrini göstərirdi. Sovet Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycan Cümhuriyyəti həlledici mərhələyə daxil oldu. Başda A.Mikoyan olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI Qırmızı ordunu Bakıya dəvət etdi. Aprel ayının 25-dən 26-na keçən gecə XI Qırmızı ordu Azərbaycan sərhədlərini keçir. Yalama stansiyasında baş verən 2 saatlıq döyüş nəticəsində azərbaycanlılar məğlub edilir. Aprelin 27-də hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında ultimatum verilir. Beynəlxalq hüquq normalarını kobudca pozaraq Azərbaycan hüdudlarını keçən Qırmızı ordunun müdaxiləsi Parlamentin 1920-ci il aprelin 27-də axşam saat 11 radələrində hakimiyyətin Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi ilə nəticələnir. Lakin işğalçılar parlamentin dinc yolla, qan tökülmədənhakimiyyəti təhvil vermə qərarına məhəl qoymadılar. Bununla, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və hakimiyyət bolşeviklərin əlinə keçdi
Nəticə
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə Azərbaycan istiqlalına qovuşsa da Azərbaycanla Rusiya arasında bərabərhüquqlu dövlətlərarası münasibətlər qurmaq mümkün olmadı. Bu dövr ərzində Rusiyanın Azərbaycanın istiqlalına qarşı münasibəti mənfi olaraq qalmışdır. Rusiya Azərbaycana öz ərazisi olaraq baxaraq onu hərbi siyasi yollarla öz əlində saxlamağa çalışır, müstəqilliyi tanımağı əsassız səbəblərlə qəbul etmirdi. Azərbaycan höküməti İstiqlal bəyannaməsi və Rəsulzadənin çıxışlarında Rusiya ilə dostluq münasibətləri qurmaq, normal iqtisadi və siyasi əlaqələr yaratmaq istəsə də bu istəklər həyata keçmir. Nəticədə isə sonda Azərbaycan yenidən istiqlalını itirir.

Ədəbiyyat siyahısı
Nəsiman Yaqublu- Cümhuriyyət qurucuları, Bakı, 2018,504 s
Nəsiman Yaqublu- Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə Bakı 1999
Mirzəbala Məmmədzadə-Milli Azərbaycan hərəkatı, Bakı, Nicat 1992
Musa Qasımlı, Elmira Hüseynova-Azərbaycanın xarici işlər nazirləri, Bakı, Mütərcim, 2013,144 s
Cəmil Həsənli-Azərbaycan Respublikası Beynəlxalq münasibətlər sistemində, 1918-1920. Bakı, 1993
Cəmil Həsənli- Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918- 1920). Bakı, “GARISMA” MMC, 2009, – 576 səh.
Nəsib Nəsibzadə- Azərbaycanın xarici siyasəti (1918-1920-ci). Bakı, Ay-Ulduz, 1996, 304 səh.
Yusif Vəzir Çəmənzəminli-Xarici siyasətimiz Azərbaycan Dövlət Nəşriyyatı Bakı 1993 51 səhifə

YAZAR: Fidan İbadova
Həmçin bax: Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsəri ədəbi-tənqidi müstəvidə
Həmçi bax: https://tehsilim.org/mir-celal-pasayev-gencler-ucun-internet-e-kitabxana-ve-kreativ-innovativ-merkez/
Həmçin bax: https://turaz.org/ozbekistan-portalinda-zengezur-haqqinda-meqale-yerlesdirilib/