Azərbaycan tarı repressiya olunurdu

Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan repressiya dönəmini düzgün təhlil etmək üçün  əvvəla “repressiya nədir?” sualını cavablandırmalıyıq.  Repressiya latın sözü olub, 2 mənada işlənir: 1) təqib etmə, kütləvi cəzalandırma; 2) mənəvi təzyiq. Bildiyimiz kimi, SSRİ-də hakimiyyət diktatura rejimi ilə idarə olunurdu. Belə rejimlərdə əsas məqsəd hakimiyyəti qorumaq və bu yolda hər cür fəaliyyəti həyata keçirməkdən qaçınmamaqdır. Repressiyadan da bir növ hakimiyyətin möhkəmləndirilməsi vasitəsi kimi istifadə olunurdu. Repressiya olunmaq dedikdə, ilk olaraq ağlımıza ziyalıların, elm, sənət adamlarının sürgün edilməsi, güllələnməsi, ailələrinin sürgün edilməsi  gəlir. Lakin repressiyaya məruz qalanlar sadəcə insanlarımız deyildi. Həm də dinimiz, dilimiz, mədəniyyətimiz, mətbuatımız, ədəbiyyatımız, torpaqlarımız, folklorumuz, adət-ənənələrimiz, milli musiqi alətlərimiz repressiyaya məruz qalırdı. Həmin dönəmdə repressiyaya məruz qalan milli musiqi alətlərimizdən biri də tar idi.

1929-cu ildə “İnqilab və mədəniyyət” jurnalının ikinci nömrəsində “Tar konservatoriyadan çıxarıldı” sərlövhəli xəbərə əsasən tar konservatoriyadan çıxarılır və tara qarşı mübarizə başlayır. Jurnalın “Xronika” səhifəsində verilmiş həmin məqalədə yazılır: “Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar ancaq cümə konservatoriyasında keçiləcəkdir”.

Lakin mübarizə bununla da bitmirdi. Tarı sadəcə konservatoriyadan çıxarmaqla kifayətlənməyən SSRİ tara  məhkəmə keçirir. Əslində tarın məhkəməsi milli düşüncəmizin, milli mentalitetimizin məhkəməsi idi.  Məhkəmədə əsas məqsəd isə tarı lazımsız bir musiqi aləti hesab edərək onu Azərbaycan musiqisindən uzaqlaşdırmaq deyil, həm də xalqımızı milli köklərindən uzaqlaşdırmaq idi.  Kommunist qəzetinin 1929-cu il tarixli 9-cu sayında tarın məhkəməsinin keçirilməsi ilə bağlı elan paylaşılır:

“ Tarın məhkəməsi. Şənbə günü yanvar ayının 12-də axşam saat 7 tamamda, Bünyadzadə adına Dövlət Türk Teatrosu binasında tarın bir musiqi aləti olmaq üzrə lazım olub olmadığı haqqında böyük  müzakirə və mübahisə məclisi çağırılır. Müzakirədə xalq maarif komissarı Quliyev və musiqi mütəxəssisləri iştirak edəcəkdir. Teatra daxil olmaq üçün əvvəlcədən Dövlət Konservatosiyasından buraxılış kağızı alınmalıdır. ”

Maraqlısı burasında idi ki, məhkəmədə böyük canfəşanlıqla iştirak edən M.Quliyevin də sonu Müşfiqdən heç də fərqli olmadı. SSRİ repressiyasının caynağından o da xilas ola bilmədi. Bəlkə də buna səbəb, M.Quliyevin ikili düşüncəsi olub. O, məhkəmədə Azərbaycan xalq mahnılarını, onların əhəmiyyətini yüksək qiymətləndirmişdir. Əfsus ki, o, xalq dastanlarımıza mənfi münasibət bəsləmiş, “Leyli və Məcnun”, “Əli və Kərəm”, “Şahsənəm” kimi dastanlarımızı sosialist realizmi üçün yaramaz əsərlər hesab edib. Həm də o, tarın fars musiqi aləti olması fikrini önə sürürdü. M.Quliyevin tarla bağlı fikirləri özünün  Azərbaycan mahnıları ilə bağlı fikirləri ilə əks mövqe təşkil edirdi. O, tarın Azərbaycan milli musiqi aləti olması fikrini təkzib etmiş və tarı fars musiqi aləti adlandırmışdı. Bizə maraqlıdır ki, mahnılarımızı qəbul edən biri necə olurdu ki, bu mahnıların ifa olunduğu alətə qarşı belə bir mövqe tuturdu?

Biz M.Quliyevin və həmçinin tarı İran musiqi aləti hesab edənlərin fikirləri ilə razılaşmırıq. Doğrudur, tar sözü fars mənşəli söz olub, mənası “tel”, “sap”, “sim”  və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik “kəndir” deməkdir. Əgər tar sözü fars mənşəli olduğu üçün tarı fars musiqi aləti hesab edirlərsə, əlbəttə, yanılırlar. Çünki izahdan da aydınlaşdığı kimi, tar sözü sim deməkdir, əvvəl sadəcə İranda ipə tar deyilib və müxtəlif musiqi alətlərinin adında da tar sözü “sim” mənasında işlədilib. Məsələn: setar, yektar, çahartar və s. Alətin adının fars mənşəli olması həmin alətin İrana məxsus olmasını sübut etmək üçün yetərli deyil. Tarın tarixinə nəzər salsaq görərik ki, Əfrasiyab Bədəlbəyli tarın ibtidai variantının miladdan 2000 il öncə misirlilərin istifadə etdiyi “Nabla” adlı alət olduğu fikrini irəli sürmüşdür. Əfrasiyab Bədəlbəylinin fikri ilə razılaşsaq, o zaman tar fars musiqi aləti belə deyil. Bizə görə, tar Azərbaycan musiqi alətidir. Bildiyimiz kimi, Azərbaycan tarı UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına əlavə edilmişdir. “ Azərbaycan: “ İran tarın UNESCO-da tanınmasına görə bizi təbrik edib” adlı məqalədə bu sənədlə bağlı oxuyuruq: “Tarın hazırlanması və ifaçılığı orta əsrlərdən tarın iki, üç, dörd, beş və altı simli növləri Azərbaycanda işlədiləndən tətbiq olunub. ” Bizə görə, Azərbaycan tarı və İran tarı iki fərqli alətdir. Həqiqətən də tariximizə nəzər salsaq görərik ki,  tarın ixtirası  XIX əsrin II yarısında tanınmış tarzən  Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcanın)  adı ilə bağlı olmuşdur. Sadıqcanın Azərbaycan tarını ixtira etməsi ilə bağlı Fuad Əzimli “Musiqi alətlərimizin adları” kitabında belə məlumat verir: “ İran tarının XIX əsrdə ən məşhur ifaçılarından biri də Mirzə Sadıq Əsəd oğlu olmuşdur. O, virtuoz ifaçı olmaqla yanaşı həm də böyük ixtiraçı idi. Belə ki, XIX əsrin ikinci yarısında o, İran tarına istinadən yeni tar növünü ixtira etmişdir. Ola bilsin ki, yeni tarın yaradılması ilə əlaqədar onu İran tarından fərqləndirmək üçün sadəcə olaraq ustad aləti öz vətəninin şərəfinə “Azərbaycan tarı” adlandırmışdır ”. Sadıqcan Azərbaycan tarını digər tarlardan ayırmışdır. “İranda dizdə, Azərbaycanda sinədə çalınan tar və onların arasındakı fərqlər…” adlı məqalədə  Sadıqcanın tarda etdiyi dəyişikliklər barədə belə məlumat verilib: “ O, tarın quruluş və formasında dəyişikliklər edib, cingənə və kök simləri əlavə edərək simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırıb”. Əfsus ki, tarı İran musiqi aləti hesab edənlər bu tarixi faktı unutmuş və milli musiqi alətimiz olan tarı da repressiyaya məruz qoymuşlar. Təəssüflər olsun ki, həmin dönəmdə tar konservatoriyadan çıxarıldı. Tar milli bir alət kimi danılmağa başlandı. Həmin dönəmdə tarın talehi ilə bağlı C.Qasımov  “Ədəbi məhkəmələr” kitabında belə yazırdı: “ Nə qədər ağrılı olsa da, yeri gəlmişkən onu da qeyd etməliyik ki, həmin ərəfədə ermənilər tarın, neyin, kamanın onlara məxsus olduğunu sübut etməyə çalışırdılar. Maraqlıdır, tarı birinə (azərbaycanlıya) yaddan gəlmə adı qoyaraq qadağa edir, heç bir aidiyyatı olmayan digərinə (erməniyə) isə yaddan gələni özününküləşdirməyə şərait yaradırlar  “.

Biz tarın, neyin, kamanın ermənilərinkiləşdirilməsinə göz yumulması ilə bağlı belə düşünürük ki, azərbaycanlılar müsəlman, ermənilər isə xristian idi. Rusiya isə din qardaşı olan erməniyə göz yummaqla müsəlman əhalidə belə bir fikir formalaşdırmağa çalışırdı ki, məhz onlara xristian olduğu üçün güzəşt olunur. Yəni, bir növ “xristianlar müsəlmanlardan bir addım öndədir” kimi fikirlər formalaşdırırmaqla, müsəlmanlara qarşı dini repressiya törədirdilər.  Digər bir tərəfdən, Azərbaycan torpaqlarına erməniləri yerləşdirən Rusiya xalqımızın başına erməniləri sadəcə torpaq cəhətdən ucah etməklə kifayətlənmək istəmir, həmçinin də milli alətlərimizin ermənilər tərəfindən işğal olunmasına yardımçı olurdu. Hansı ki, xalqımız bu gün də milli mədəniyyətimizi oğurlamağa çalışan ermənilərlə mübarizə aparır. Onlar indi də musiqi alətlərimizdən, mahnılarımızdan yeməklərimizə qədər hər şeyimizi oğurlamaq istəyirlər. Bu da onu göstərir ki, yüz il əvvəldə oğru xisləti daşıyan ermənilər bu gün də eyni xislətdədirlər. Fəqət unutmayaq ki, bizim ulu babalarımız bizə mədəniyyətimizi, şanlı tariximizi miras qoyan kimi, ermənilərə də babaları oğurluğu miras buraxıblar. Öz yurd-yuvasından sürgün olunan tar əleyhinə həmin dönəmdə mətbuatda şeirlər çap olunurdu. Süleyman Rüstəm tara qarşı yazır:

Ötmə dedim, ötmə dedim

Ötmə tar.

İstəməyir proletar

Səndə çalınsın Qatar.

Tara qarşı “oxuma tar”, “rədd olsun tar”, “ötmə tar” kimi nidaların ucaldığı bir dönəmdə  Müşfiqin qəlbindəki vətən eşqi onu tarın müdafiəsinə qaldırır və o, “Tar” şeirini yazır:

Oxu tar, oxu tar!

Səsindən ən lətif şeirlər dinləyim,

Oxu tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Əfsuslar olsun ki, 1937-ci ildə repressiya olunanlar məhz bu tarın oxumasını istəyənlər, ürəyi vətən, millət eşqi ilə döyünənlər oldu. Şeirin ardını oxuduqca müəllifin necə də uzaqgörən olduğunu, tarın səsinin kəsilməsini istəməyənlərin öz səsinin kəsəcəklərini bilə-bilə susmadığını, şair cəsarətini görürük:

Çoxları üzünə durdular,

Könlünü qırdılar.

…Üstündən bir qara yel kimi əsdilər,

Səsini kəsdilər.

Daşlandı çəkənlər nazını,

Beləcə qırdılar aşığın sazını.

Sadəcə tarın üzünə durmaqla kifayətlənmədilər, bir də onu müdafiə edənlərin üzünə durdular. Onlara qarşı savaşdılar. Müşfiqin “Tar” şeiri də çox təzyiqlərə məruz qaldı. Müşfiqi tənqid atəşinə tutdular. Tarın səsi batırılmasın deyə mübarizə aparan Müşfiqin səsi batırıldı. O da tar kimi repressiya olundu. Lakin istədiklərinə nail ola bilmədilər. Xalqımız nə tarını, nə də Müşfiqini unutdu. 

YAZAR: Elnurə Əflatun 

 

Həmçinin bax: Şuşa abidələri

Həmçinin bax: https://turaz.org/kecmis-agderenin-5-umumilikde-ise-daha-7-kend-azerbaycanin-nezaretine-qayidir/