Azərbaycan SSR-də korenizasiya (yerliləşdirmə) siyasəti, I hissə

 Azərbaycan SSR-də korenizasiya (yerliləşdirmə) siyasəti, I hissə

Korenizasiya (yerliləşdirmə) siyasətinin mahiyyəti və səbəbləri

1920-ci illərdən başlayaraq Kreml sosializm quruluşunun yaranması proqramı çərçivəsində milli respublikalarda yerliləşdirmə siyasətini həyata keçirməyə başladı. “Yerliləşmənin” ideoloji əsasını 1917-ci il noyabrın 15-də elan edilmiş Rusiya Xalqlarının Hüquqları Bəyannaməsi təşkil edirdi. Partiya və sovet rəhbərlərinin yazılarında “yerliləşmə” ideologiyası daha da inkişaf etdirildi. 1920-ci ildə İ.V.Stalin “Rusiyada Sovet hakimiyyətinin milli məsələ ilə bağlı siyasəti” məqaləsində “ana dilində məktəb, məhkəmə, idarə, hakimiyyət orqanlarının yaradılmasını” təklif etdi. (Борисенок, 2015: 227-228). Yerliləşdirmə siyasəti ilk dəfə olaraq RKP-nin 1921-ci ilin martında keçirilən 10-cu qurultayında müzakirə edildi. (Suny, 2015: 235).

Yerliləşdirmə siyasətinin 3 əsas səbəbi var idi:

1) İttifaq respublikalarının rəhbər orqanlarında titul etnosun gətirilməsi ilə sovet respublikaları milli xarakter almalı idi;

2) Bu siyasətin tətbiq edilməsi ilə sovet hakimiyyətinə “xalqın hakimiyyəti”, “yerli hakimiyyət” çalarları verilməli idi. Bolşeviklərə görə yerli həyat tərzini, adət-ənənələri yaxşı bilən, milli, yerli elitanın yaradılması xalqın sovet hakimiyyətini rahatlıqla qəbul etməsinə gətirib çıxara bilərdi.

3) Bu siyasət Çar Rusiyasındakı milli ucqarların idarə olunması formaları ilə müqayisədə sovet quruluşunun üstünlüklərini təbliğ etmək mənafeyi naminə həyata keçirilirdi. Həqiqətən də, inqilabdan əvvəl Çar Rusiyasının tərkibində olarkən Cənubi Qafqazın müsəlman əhalisi milli ucqarları idarə etmək hüququndan məhrum olduqları halda sovet hakimiyyəti qurulduqdan sonra yerli əhalinin idarəetməyə cəlb edilməsi artıq reallığa çevrildi.

Ümumi nəticədə korenizasiya siyasətini həyata keçirməkdə Sovet rəhbərliyinin məqsədi milli respublikalarda rus dilini yerli dillərlə əvəz etmək, Çar Rusiyasının milli siyasətdə həyata keçirdiyi yanlışlıqları aradan qaldıraraq və etnik azlıqların sovet hakimiyyətinə inamını gücləndirmək idi.

SSRİ-də yerliləşdirmə siyasətinin mahiyyətini Stalin partiyanın 1923-cü ilin aprelində keçirilən 12-ci qurultayında izah edirdi. Qurultaydakı çıxışı zamanı Stalin sovet hakimiyyətinin xalqın maraqlarına uyğunlaşdırılması üçün yalnızca məktəblərin deyil, sovet respublikalarındakı bütün dövlət və partiya orqanlarının ardıcıl olaraq milliləşdirilməsini  və xalqın tələblərinə uyğun şəkildə fəaliyyət göstərilməsini təklif etdi. Stalin yalnızca bu yolla Sovet hakimiyyətinin beynəlmiləl mahiyyət qazanacağını, Sovet dövlətinin iqtisadi və mədəni baxımdan geri qalan bütün zəhmətkeş xalqların dövləti olacağını qeyd etdi. Bundan sonra RKP (b)-nin 12-ci qurultayında milli respublikaların hakimiyyət orqanlarına müvafiq xalqların dilini, məişət tərzini, adət-ənənələlərini bilən yerli əhalinin nümayəndələrinin təyin edilməsi, bütün qurumlarda yerli dilin istifadəsini təmin edilməsi və milli hüquqları pozanlara qarşı cəzaların təyin edilməsi ilə bağlı bir sıra qanunlar qəbul edildi. Beləliklə, RKP(b)-nin 12-ci qurultayı bolşeviklər partiyası tərəfindən milli məsələnin həllində əsas kurs kimi “korenizasiya” (yerliləşdirmə) siyasətini rəsmən elan etmiş oldu.

  Azərbaycan SSR-də yerliləşdirmə siyasətinin kökləri

 Azərbaycanda yerliləşdirmə siyasətinin təməlləri artıq sovet hakimiyyətinin ilk illərində atılmışdı. Sovet hakimiyyətinin ilk günlərindən Azərbaycan türkləri qanunvericilik və icra hakimiyyətlərində aparıcı rola malik idilər. 1920-ci il aprelin 27-də Azərbaycan Hərbi İnqilab Komitəsinin (Azrevkom) yaradılması bu siyasətin ilk addımları idi. Azrevkomun tərkibi tamamilə azərbaycanlılardan təşkil olunmuşdu. Sovetləşmənin ilk günündən Azərbaycan SSR hökümətinin 9 xalq komissarlığı tamamilə azərbaycanlılardan (türk) ibarət idi. Respublikanın qanunvericilik və icra orqanlarında da Azərbaycan türkləri üstünlük təşkil edirdilər. 1929-cu il aprelin 1-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 80%-ni azərbaycanlılar təşkil edirdi. (Niftaliyev, 2018: 71,72).

1921-ci ilin fevralında Azrevkom-un (Azərbaycan İnqilab Komitəsi) sədri Nəriman Nərimanov Azərbaycan (türk) dilinin dövlət dili olması haqqında fərman imzaladı. Fərmana görə rus dili ilə paralel olaraq dövlət müəssisələrində türk dilindən də istifadə edilməli idi. Nərimanovun dövlət dili ilə bağlı fərmanının verilməsi ilə tədris müəssisələrində ADR zamanında tədris olunan osmanlı türkcəsi ləğv edildi və Azərbaycan (türk) dili (sadə xalq danışıq dili) tədris olunmağa başlanıldı. Əslində korenizasiya siyasətinin həyata keçirilməsi üçün dil faktorunun önəmi böyükdür ki, məqalənin növbəti hissəsində bu məsələyə toxunmağa çalışacağıq.

 Yerliləşdirmə siyasətində ilk addımlar. Mexaniki yerliləşdirmə siyasəti (1923-1926)

Nərimanovun dövlət aparatını yerliləşdirmə siyasəti mərkəz tərəfindən dəstək almadığına görə çox zaman Kommunist partiyasının daxilində də fikir ayrılıqları ilə nəticələnirdi. Buna baxmayaraq Sovet İttifaqının rəhbərliyi artıq milli sovet respublikalarına nəzarət etmək üçün yerli xalqlarla əməkdaşlıqdan başqa alternativ variant görmürdülər. Ona görə RK (b) partiyasının 1923-cü ilin aprelində keçirilən 12-ci qurultayı milli respublikalarda korenizasiya (yerliləşdirmə) siyasəti barədə qərar qəbul edir. 1923-cü ilin aprelindən partiyanın 12-ci qurultayında yerliləşdirmə siyasəti qəbul edildikdən sonra bütün sovet respublikaları kimi Azərbaycan SSR-də də yerliləşdirmə siyasəti həyata keçirilməyə başlanılır. Yerliləşdirmənin 1926-cı ilə qədərki bu mərhələsi mexaniki yerliləşdirmə də adlanır. Mexaniki yerliləşdirmə mərhələsi milli respublikaların bütün dövlət və partiya orqanlarında rusların yerli əhali ilə əvəzləndiyi dövrdür. (Martin, 2001: 132). 1924-cü ilin aprelində Zaqafqaziya Diyar Komitəsində Azərbaycanda milli siyasət barədə qərar qəbul edildi. Almaniya tarixçisi Yorq Baberovski Azərbaycanda yerliləşdirmə siyasətinin həyata keçirilməsin Nərimanovun qələbəsi kimi xarakterizə edir. (Baberovski, 2003: 250). Plana görə ilk olaraq türk fəhlələri arasında savadlanma işi aparılmalı idi. ZDK 1924-cü il ərzində “Azneft”-in yeni yeni yaradılmış fabrik-zavod məktəblərinə, ən azı 1000 nəfər türk yeniyetmə və gənc göndərməyini nəzərdə tutmuşdu. Bununla yanaşı ZDK xalq maarif komissarlığına yaşlı türk fəhlələrinin öz peşələrinin daha yaxşı bilməsi üçün axşam kursları təşkil etməyi tapşırdı. Yekun nəticədə 1926-cı ilin əvvələrinə qədər 1500 nəfər ixtisaslı türk işçisinin hazırlanması müəyyənləşdirilmişdi. ZDK-nın planında Dəmir Yolunun Azərbaycan xəttinin tamamilə türkləşdirilməsi də nəzərdə tutulmuşdu. Plana görə 1924-cü ilin sonuna qədər fəhlələrinin 70 %-i, 1925-ci ilin əvvəllərində isə tamamı türklərdən ibarət olmalı idi. (Baberovski, 2003:  254-255).

AzKP-nin yerliləşdirilməsi

Azərbaycan SSR-in yerliləşdirmə siyasətində partiyanın və onun icra orqanlarının yerliləşdirilməsinin özünəməxsus xüsusiyyətləri var idi.  İşçi müəssisələrinə və dəmiryolunda olduğu kimi Azərbaycan Kommunist partiyasının da yerliləşdirilməsi üçün ZDK ayrıca plan hazırlamışdı. ZDK-nın planına görə 1924-cü il ərzində AzKP-yə ən azı 1000 nəfər azərbaycanlı (türk) qəbul edilməli, Bakı Komitəsinin və rayon partiya komitələrinin tərkibində türk kommunistlərinin payı ən azı 35 % olmalı idi. ZDK partiya katibləri arasında azərbaycanlıların sayının artırılması üçün Bakı partiya məktəbinin bütün məzunlarının məsul vəzifələrə göndərilməsini tövsiyyə etdi. ZDK-nın bu qərarı AzKP-də savadsızların sayının artması ilə nəticələndi. Ancaq bu vəziyyət Zaqafqaziya partiya rəhbərliyini narahat etmirdi. Çünki ZDK partiyaya yenicə qəbul olunmuş azərbaycanlılar arasında savadsızlığı aradan qaldırmağı nəzərdə tutmuşdu.  Bununla partiyada yerliləşdirmə öz nəticəsini verdi və 1924-cü ilin iyuluna qədər  2333 nəfər AzKP-yə qatıldı. Azərbaycanlıların partiyada sayının artmasının digər səbəbi də əhalinin demoqrafik artımı ilə bağlı idi. 1925-ci ildən 1927-ci ilə qədər partiya üzvlərinin sayı 20 472 nəfərdən 27950 nəfərə qədər artdı. 1927-ci ildə isə türklərin sayında azalma müşahidə edildi. Partiya üzvlərinin sayı 44%-dən 38%-ə azaldı. İmmiqrasiya hesabına partiyada rus və ermənilərin sayı artdı. Ancaq buna baxmayaraq yenə də AzKP-inin rəhbər vəzifələrində azərbaycanlılar üstünlük təşkil edirdilər. 1923-cü ilin yayında AzKP MK-da 16 azərbaycanlı (türk), 13 rus, 2 erməni və 3 digər millətin nümayəndəsi var idi. Sonrakı illərdə azərbaycanlılar partiyada üstünlük təşkil etməkdə davam edirdilər. 1925-ci ildə MK-nın və vilayət komitələrinin bütün üzvlərinin 74%-i azərbaycanlı idi. MK və vilayət komitələrində fərqli olaraq Bakı partiya təşkilatında üstünlük ruslarda idi. 1927-ci ildə Bakı partiya təşkilatında ruslar 43%, azərbaycanlılar isə 30% təşkil edirdilər. Ancaq Bakıdan kənarda Azərbaycanın kənd partiya təşkilatlarında azərbaycanlılar üstünlük təşkil edirdilər. 1923-cü ilin iyununda Azərbaycanda 11 azərbaycanlı və 4 rus katibin rəhbərlik etdiyi 16 qəza partiya komitəsi fəaliyyət göstərirdi. Yalnız bir rayon komitəsinə erməni başçılıq edirdi. 1920-ci illərin sonunda Azərbaycanın kənd partiya təşkilatlarının rəhbərliyində artıq bir nəfər də olsun rus yox idi. Partiyanın yerliləşdirilməsində komsomol təşkilatlarının rolu böyük idi. (Baberovski, 2003: 257).

Ədliyyə və milis orqanlarının yerliləşdirilməsi

Azərbaycan SSR-də yerliləşdirmə siyasətinin güclü olduğu yerlər arasında ədliyyə və milis orqanları mühüm yer tutur. Ədliyyə və milis orqanlarında türkləşdirmə siyasəti artıq 1920-ci illərdə tamamlanmışdı. 1923-cü ilin iyununda Bakının hüdudları xaricində respublika milisi, demək olar ki, tamamilə milliləşdirildi. Lənkəran istisna olmaqla, Azərbaycanın 16 qəzasında milis heyətinin vəzifələrini türklər təşkil edirdilər. 1928-ci ildə bütün milislərin 90%-i türk idi. Milis orqanları kimi ədliyyə sistemində də yerliləşdirmə siyasəti güclü gedirdi. 1927-ci ildə, hətta Bakıda da ədliyyə sisteminin 64%-i türklər idi. Azərbaycan Ali Məhkəməsinin doqquz hakimindən yeddisi türk idi. (Niftaliyev, 2018: 74). 1928-ci ilə qədər Göyçay, Kürdəmir və Ağdaş qəzalarında aparatlar tamamilə yerliləşdirildi.  Ədliyyə aparatında millətlərarası əmək bölgüsü yalnız erməni əhalinin əhəmiyyətli payı olan Gəncədə qaldı. 1928-ci ildə şəhərdə bu aparatın işçilərinin 57%-ini türklər, 42%-ini də ermənilər təşkil edirdi. (Baberovski, 2003: 257). 1939-cu ilin dekabrın 1-nə qədər Azərbaycan SSR-in xalq komissarları və respublikanın qabaqcıl işçilərinin 42-si azərbaycanlı, 17-si rus, 13-ü erməni, 2-si kazan tatarı, 2-si kürd, 2-si ləzgi, 1-i yunan-tatar və 2-si yəhudi idi.

Mexaniki yerliləşdirmə siyasətində yaranan qüsurlar

Azərbaycanda yerliləşdirmə prosesi çoxsaylı maneələrlə qarşılaşırdı və ona hətta müqavimət də göstərilirdi.  Bu bir çox obyektiv səbəblərlə bağlı idi. Əvvəlcə 1917-ci ilə qədər ölkə müstəmləkə sistemi əsasında idarə edilirdi. İkinci olaraq Azərbaycan türkləri arasında savadsızlığın güclü olması və iqtisadi səbəblər müəyyən hüdudlardan kənara çıxa bilməyən yerliləşdirmənin imkanlarını məhdudlaşdırırdı. Üçüncü bir tərəfdən yerli əhalidən təhsili olmayanların işə götürülməsi və onların səriştəsizliyi çox zaman milli azlıqların da narazılığına səbəb olurdu. (Niftaliyev, 2018: 68).  Milli azlıqlara görə titul millətə imtiyazlı mövqelərin verilməsi bolşeviklərin proletar beynəlmiləlçiliyi anlayışına zidd idi. Amerikalı tarixçi Terri Martin Azərbaycanda partiya-inzibati aparatının türkləşdirilməsi nəticəsində rusların və başqa millətlərin nümayəndələrinin rəhbər vəzifələrdən uzaqlaşdırılması prosesinin açıq şəkildə həyata keçirildiyini qeyd edir. Hətta Azərbaycan Kommunist partiyasının nümayəndələrindən biri qeyd edirdi ki, rusların işdən çıxarılaraq yerinə azərbaycanlıların təyin olunması onların kəskin etirazlarına da səbəb olurdu. (Martin, 2001: 137).

 Funksional yerliləşdirmə siyasəti (1926-1928)

Yerliləşdirmə siyasəti mərkəz tərəfindən dəstəklənsə də, yerli əhalinin dövlət orqanlarında neçə faiz və hansı səviyyədə təmsil olunması ilə bağlı suallar hələ də aktuallığını saxlayır. Milli azlıqların şikayəti və müəssisələrə işə götürülən işçilərin səriştəsizliyi hökumətin 1926-cı ilin sonunda  yerliləşdirmənin mexaniki formasını funksional forma ilə əvəz etməsi ilə nəticələndi. Bundan sonra kvotalaşdırma sistemi namizədlərin səriştəsini və qurumların kadr ehtiyacını nəzərə almalı idi. Yeni qayda müvafiq ixtisaslı türkləri işə qəbul etməyi fabrik direktorlarını və təşkilat rəhbərlərinin öhdəsinə qoyurdu. Yalnız bu yolla yerli millətin nümayəndələri onların nüfuzunu və karyera yüksəlişini təmin edən vəzifələrdə təmsil oluna bilərdilər. Müəssisələrin  ştatlarında yerli əhaliyə xidmət göstərilməsi ilə bağlı vəzifə nomenklaturası müəyyən edildi. Dövlət aparatlarının yerliləşdirilməsi ilk növbə müəssisə rəhbərləri tərəfindən həyata keçirilməli və yerliləşdirilmə üçün tələb olunan işçilərin qeydiyyatı Xalq Əmək Komissarlığının orqanlarına tapşırıldı. Eyni zamanda müəssisə rəhbərlərinə işçiləri Xalq Əmək Komissarlığının orqanları vasitəsi ilə deyil, sərbəst seçmək və işə götürmək hüququ verildi. Funksional yerliləşdirmə sistemi yerli əhalinin təhsil və maarif sahəsindəki uğurlarından asılı idi. Ancaq təhsilin qeyri-kafi səviyyəsi karyera yüksəlişi üçün maneəyə çevrilirdi. (Baberovski, 2003: 260).

Yerliləşdirmə siyasətinin natamam və zəif olduğu qurumlar

Azərbaycan SSR-də yerliləşdirmə siyasəti bəzi dövlət və hakimiyyət orqanlarında güclü aparılsa da bəzi çətinliklərin olması yerliləşdirmə siyasətinin natamam aparılması ilə nəticələnirdi. Bu da əhalinin etnik tərkibindəki fərqlər, ixtisaslı kadrların olmaması və ən əsas da savadsızlığın olması kimi obyektiv səbəblərlə bağlı idi. Bakı Soveti, həmkarlar ittifaqları, “Azneft” fabrik və zavod komitələrində yerliləşdirmə tamamilə  zəif idi. 1917-ci ilin fevral inqilabının ilk illərində azərbaycanlılar Bakı Sovetində azlıqda qalırdılar. AzKP-nin 1920-ci ilin oktyabrında keçirilən 2-ci qurultayının qərarına görə Bakı Soveti şəhərdə və onun sənaye rayonlarında ali orqana çevrildi. Azərbaycan SSR qurulduqdan sonra da Bakı Sovetində ruslar üstünlük təşkil edirdilər. 1923-cü il aprelin 1-də də Bakı Sovetində ruslar 41%, ermənilər 14,6%, azərbaycanlılar isə 26,8% idi. (Niftaliyev, 2018: 75).   Məhz buna görə də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N. Nərimanov Stalinə məktubunda Bakı Sovetinin etnik tərkibindən şikayət edərək yazırdı: “Əgər indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə nəzər salınarsa, onda qərəzsiz müşahidəçi dəhşətə gələr. Yerli müsəlman mühəndislər və ümumiyyətlə ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur.” Ancaq bəzi azərbaycanlı kommunistlər bu məsələdə fərqli mövqe sərgiləyirdilər. Əliheydər Qarayev 1924-cü ilin aprelində keçirilən 13-cü ÜmumBakı Partiya Konfransında çıxış edərək Bakı Sovetindəki vəziyyəti belə izah edirdi: “Yoldaşlar, elə qurumlar kateqoriyası var ki, orada qurumların tam milliləşdirilməsi işə zərərli təsir göstərə bilər. Məsələn, Baksovet. Biz onu milliləşdirməliyik, ya yox? Əlbəttə yox. Doğrudan da, Bakı şəhərində türklər 32%, başqa millətlər isə 68% təşkil edirlər.”  Vəziyyət yalnız 1930-cu illərin əvvəllərində, Baksovet heyətinin 42,1%-ni türklər təşkil etdiyi zaman dəyişdi. 1931-ci ilin fevralın 6-da AzKP MK-nın Bürosunda Bakı Soveti Rəyasət Heyətinin 27 nəfərdən və 8 namizəddən ibarət namizəddən ibarət tərkibi təsdiq edildi. Onların 45%-ni türklər, 40%-ni ruslar, 9%-ni ermənilər, qalanlarını da digər millətlərin nümayəndələri təşkil edirdi. (Niftaliyev, 2018: 76).  Əvvəlcə də qeyd etdiyimiz kimi 1923-cü ilin yayında Bakı istisna olmaqla Azərbaycan SSR-in qalan bölgələrində sovetlər və onların icra orqanları tamamilə yerliləşdirilmişdi. Əhalisi türklərin çox olduğu bölgələrdə sovetlərin rəyasət heyəti və icraiyyə komitələri tamamilə türklərdən ibarət idi.

Azərbaycan SSR-də yerliləşdirmənin zəif olduğu yerlərdən biri də “Azneft” idi. 1927-ci ilin dekabrında İK-in sədri Ağamalı oğlu Azərbaycanda neft quyularının qazılması və hidravlika sahəsində işləməyə qabil olan türk mühəndislərinin çatışmamasından şikayətlənirdi. 1927-ci ildə “Azneft”də 7304 fəhlə, mühəndis, texnik və idarəçidən 348 nəfər azərbaycanlı (türk) idi.

Poçt, rabitə, aqrar və tibb sahələrində də yerliləşdirmə tamamilə zəif gedirdi. Azərbaycanda poçt işçilərindən yarısından çoxunu ruslar təşkil edirdi. 1927-ci ildə Bakıda telefon danışıqları rus dilində aparılırdı. Kəndlərdə yerliləşdirmə proqramını həyata keçirmək üçün hökumətə lazım olan savadlı yerölçənlər və həkimlər çatışmırdı. Xalq səhiyyə komissarlığında çalışan 500 nəfər həkimdən 29-u türk idi. Bununla yanaşı bütün Azərbaycan ərazisi üzrə aqronomların sayı maksimum 5 nəfər idi. Buna görə də, əyalətlərdə aqrar islahtların həyata keçirilməsində çətinliklər yaranırdı. 1927-ci ilin yazında Əliheydər Qarayev Azərbaycanda aqrar sahədə və torpaq komissarlığında yerliləşdirmənin tamamilə zəif olduğunu etiraf edirdi: “Xalq torpaq komissarlığının aparatını türkləşdirmək üçün 500-ə yaxın baytar, yerölçən aqronom və digər kənd təsərrüfatı mütəxəssisinin olması zəruridir. Hələ ki, Azərbaycanda bir türk baytar həkimimiz də yoxdur. Mövcud baytar heyətini türkləşdirmək imkanı yoxdur. Yerölçənlərdə vəziyyət necədir? Nərimanov adına texnikum və kənd təsərrüfatı fakültəsinin bizə lazım olan sayda ixtisaslı yerölçən verəcəyini gözləmək yanlış olardı; çünki torpaq məsələsinin həlli bu qədər uzun müddətə təxirə salınmayacaq və fövqəladə dərəcədə vacib işdir. Bu səbəbdən biz başqa millətlərdən olan yerölçənlərdən istifadə etməyə məcburuq. Beləliklə, türklərdən və bu millətlərin türk dilini bilən işçi kadrlarının olmaması bizim xalq torpaq komissarlığını tamamilə milliləşdirməyimizə maneə olur.” (Baberovski, 2003: 261).  Ümumiyyətlə Azərbaycanda aqrar və tibb sahəsinin zəif olmasının səbəbi bu sahələrdə təhsil alanlarının sayının kəskin aşağı olması ilə bağlı idi. Bunun digər səbəbi də bu sahələrdə ümumiyyətlə dərs deyən kadrların çatışmazlığından irəli gəlirdi. Aqrar və tibb sahələrində yerliləşdirmənin zəif getməsinin məhz yuxarıda sadalamağa çalışdığımız savadsızlıq amilindən irəli gəldiyi özünü doğrultmuş olur.

 

Ədəbiyyat siyahısı: 

1. Борисенок, Е Ю. (2015). Концепции «украинизации» и их реализация в национальной политике в государствах восточноевропейского региона (1918-1941 гг.).

2. Suny, R. G. (2015). Ararata bakmak.

3. Нифталиев, И. (2018). Кадровая политика в Азербайджанской ССР в 1920-1930-е.xx v. (Pravovoy aspekt).

4. Сталин, И.В. (1947). Сочинения. Том 5М.: ОГИЗ; Государственное издательство политической литературы.

5. Сяньчжун, Л. (2014). Плюсы и минусы политики «коренизации» СССР.

6. Нариманов, Н. (1989). Избранные произведения: Т. 2: 1918-1921.

7. Baberovski, Y. (2003). Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

8. Нифталиев, И. (2018). Кадровая политика в Азербайджанской ССР в 1920-1930-е гг. цели, основные, направления и формы осуществления.

9. Martin, T. (2001). The Affirmative Action Empire. Nations and Nationalism in the Soviet Union, 1923-1929.

10. Nərimanov, N. (1992). Ucqarlarda inqilabımızın tarixinə dair, /İ.V.Stalinə məktub/.

Hazırladı: Əli Novruzov

Həmçinin bax: https://kafkazh.com/rus-turk-muharibeleri-350-ilin-qarsidurmasi/