Azərbaycan Səfəvi Dövləti I Şah Abbasın hakimiyyəti illərində

Tarixi mənbələr göstərir ki, 1587-ci ildə Mürşüdqulu xan, xüsusilə, ustaclıq və şamlu tayfalarından olan qızılbaşların Xorasan qrupu Qəzvində on altı yaşlı Abbası şah elan etdilər. Bu vaxta qədər Qarabağ, Ərdəbil, Lənkəran müstəsna olmaqla Azərbaycanın bütün vilayətləri osmanlı türklərinin əlində idi. Qızılbaş dövləti inkişaf etmiş iqtisadi bölgələrində yüksək mədəniyyətindən güclü hərbi potensialından mərhum edilmişdi. Qızılbaşların Azərbaycan Səfəvi dövləti tənəzzülə uğrayırdı.

I Abbas ölkənin idarə olunmasında İran feodallarına meyil etməklə özünü daha çox qədim İran şahlarına bənzətməyə çalışırdı. O, yerli İran xalqının bir sıra qədim adət-ənənələrini bərpa edir, adlı-sanlı qədim İran familyalarını himayə edir, onları dövlət vəzifələrinə irəli çəkirdi. Nəhayət, şah farsların yerləşdiyi mərkəzdə (Əcəm İraqında) bir sıra dövlət vergilərini azaltdı. İsfahan tacirlərinə və əsnaflara xüsusi imtiyaz verdi, onları bir illiyə bütün dövlət vergilərindən azad etdi.

Şah Abbas öz islahatları ilə Azərbaycan köçəri əyanlarının nüfuzunu məhdudlaşdıpmağa başladı. Eyni zamanda, iranlılardan ibarət olan şiə ruhani məmurlarının dövlət işlərində iştirakını gücləndirdi. İri torpaq sahiblərinin sıxışdırılması, edam edilmiş feodalların torpaqlarının ələ keçirilməsi hesabına şah öz şəxsi torpaqlarını xeyli genişləndirdi. Bu mübarizədə xeyli feodal hakim və əmirlər məhv edildi. Şah Abbas hakimiyyətə qarşı çıxan təkəli tayfasına amansız divan tutdu. Onun əmrilə bir sıra tayfalar məhv edildi.

Yeni şah dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi.

Etimad-üd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük xadim kimi şöhrət qazanmış Hətəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırılmış və ali hakim dəftərxanasının qayda-qanununa çevrilmişdi. Qızılbaş əyanlarının qüdrətini sarsıtmaq məqsədilə şah şiə ruhanilərinə və oturaq əyanların köməyinə arxalanaraq, öz vergi siyasətində onlara güzəştə getdi.

Şah Abbasın islahatları nəticəsində qızılbaş əyanlarının qüdrəti sarsıldı, mərkəzi hakimiyyət isə xeyli qüvvətləndi. Şah Abbas Səfəvilər dövlətinin keçmiş qüvvəsini bərpa edə bildi. Azərbaycan bu dövlətin aparıcı qüvvələrindən birinə çevrildi. Şah Abbas dövlətin mərkəzi aparatını və mülki bürokratiyanı möhkəmləndirərək İngiltərə, Fransa, İspaniya, Roma papası, Moskva knyazlığı ilə diplomatik əlaqə yaratmaq məqsədilə danışıqlara başladı.

Bütün XVI əsr boyu Azərbaycan-Türkiyə münasibətləri gərgin olmuşdur. Osmanlı qoşunu dəfələrlə Azərbaycanın ərazisinə soxularaq, öz yolları üzərində olanı qarət və məhv etmişdi. Bu qarətçi müharibələrə dini don geydirilmişdir. Özlərini tamhüquqlu müsəlman hesab edən osmanlı sultanları səfəviləri dönük adlandırır, onları “nifrətə layiq” yaxud “nalayiq hərəkət edən” qızılbaşlar adlandırırdılar. Bu da, öz növbəsində, qızılbaş-osmanlı münasibətlərini daha da kəskinləşdirirdi.

Qeyd edildiyi kimi, on illərlə davam edən dağıdıcı müharibələrdən sonra, 1590-cı ildə İstanbulda Səfəvi-Türkiyə dövlətləri arasında sülh müqaviləsi imzalandı. Onun əsasını, osmanlıların tələb etdiyi kimi, “idarəetmə hüququ” təşkil edirdi. Bu, o demək idi ki, bölgələr tərəflər arasında sülh müqaviləsinin tarixi ilə təsdiqlənməlidir. Səfəvilər buna etiraz etsələr də, nəticə etibarilə razılaşmağa məcbur oldular. Tərəflərin şimal sərhədi Kür çayından keçirdi. Aragel Təbrizlinin yazdığına görə, digər sərhəd xətti Xudafərin körpüsü idi. Cənub sərhədləri isə Ucan otlağı və Türkmənkənddən keçirdi. Sülh müqaviləsi Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında böldü, ölkənin böyük hissəsi Osmanlı feodallarının sərəncamına keçdi. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər torpaqlar Türkiyəyə verildi. Xalxal, Ərdəbil, Qaracadağ və Talış Səfəvilər tərəfində qaldı. Beləliklə, Səfəvi-Osmanlı arasında bağlanmış 1590-cı il müqaviləsi Azərbaycan torpaqlarını parçaladı, onun müstəqilliyinə son qoydu.

Ərdəbil istisna olmaqla, Azərbaycanın I Abbasın hakimiyyəti altında qalan cənubi-şərq vilayətləri Qəzvinə tabe idi. Bu vaxt Sultaniyyə, Sədcas və Zəncan vilayətlərində siyahmənsur adlı kürd tayfası məskən saldı. Onlar Səfəvi ordusunun arxa cəbhəsini möhkəmlədirmək üçün Xorasandan bura köçürülmüşdülər. İki dövlət arasında müəyyən edilmiş yeni sərhədi qorumaq da onlara tapşırılmışdı. Həmzə Mirzənin ölümündən sonra yaranmış qarışıq vəziyyətdən istifadə edən bu tayfanın başçısı Dövlətyar xan Səfəvilərə tabe olmaqdan boyun qaçırdı. Sədçasda qala tikdirərək oraya xeyli ərzaq və sursat topladı. Hətta Şah Abbasın Qəzvində olmasından istifadə edən Dövlətyar öz ərazisini genişləndirməyə çalışdı, lakin onun bu cəhdi baş tutmadı. O, azərbaycanlıların köməyindən istifadə edə bilmədi. Onu əhatə edən “qiyamçı kürdlər” karvanların və tacirlərin sərbəst hərəkət etmələrinə ciddi mane oldular. 1592-ci ildə şah Qəzvində olarkən Dövlətyar onun yanına gəlmədi I Abbas ona qarşı qoşun göndərdi, Dövlətyar əsir alınıb Qəzvinə gətirildi və orada siyahmənsur tayfasının digər başçıları

ilə birlikdə edam edildi. Ərdəbil vilayətinin idarə olunması Səfəvi sarayına sadiq feodallara tapşırıldı. Ona görə də 1590-cı il sülhü bağlayarkən Azərbaycanın Səfəvi dövləti idarəsində qalan bütün cənub-şərq vilayətləri Qəzvinin tabeliyindən çıxdı.

Lakin Şah I Abbas Azərbaycanın bütövlükdə Səfəvi dövlətinə qatılması fikrindn daşınmadı. O, Azərbaycanın bütün bölgələrini bir inzibati mərkəzdə birləşdirməyə çalışırdı.

1593-cü ildə şah Abbas ilk dəfə təntənəli şəkildə Ərdəbilə gəldi. Şahı müşayiət edənlərin qarşısına çıxmağa qadir olmayan Şahverdi xan Qaracadağı tərk edib Türkiyəyə keçdi, onun yerinə yeni hakim təyin edildi. Qaracadağ Ərdəbil iqamətgah olmaqla, Azərbaycan bəylərbəyi Zülfüqar xana tabe edildi.

Beləliklə, 1593-cü ildən etibarən qızılbaşlara tabe edilən Azərbaycan vilayətləri-Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyliyində birləşdi. Bu bəylərbəyliyə Fərhad xan və Zülfüqar xan Qaramanlı qardaşları növbə ilə başçılıq edirdilər. 1595-ci ilə qədər bəylərbəyliyin qoşununun sayı 10 minə çatırdı (süvari və piyada) və “Azərbaycan qoşunu” adlanırdı. 1594-cü ildə Şah Abbas bəylərbəyliyin maddi bazasını möhkəmlədirdi. Beləliklə, Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun “vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı”.

Bağdad tutulduqdan sonra 1639-cu il mayın 17-də Qəsri-Şirində Türkiyə ilə Səfəvi dövləti arasında 1612-ci il sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi imzalandı və XVIII əsrin birinci rübünə qədər qüvvədə qaldı. Azərbaycanda qismən sakitdik yarandı, on illərlə boşalmış şəhərlərin əhalisi geri qayıtdı, inzibati və ticarət mərkəzləri olan şəhərlər öz əvvəlki şöhrətini qaytarmağa başladı. 1645-1648-ci illərdə Azərbaycan Səfəvilərin Gürcüstan səfərindən də zərər çəkirdi. XVII əsrin ortalarında Səfəvi dövlətində iqtisadi dirçəliş, I Abbas tərəfindən İran və Azərbaycan üçün görülmüş məlum tədbirlər öz bəhrəsini verməyə başladı. Ayrı-ayrı şəhərlərdə, xüsusilə, Dərbənddə və Ordubadda vergi imtiyazı, Bakı şəhərinə olan xeyirxah münasibət, Gəncənin bərpası və abadlaşdırılması, Təbrizdə şəhər tikintisi xeyrinə bəzi tədbirlər, Ərdəbilə daim qayğı, xalqın doğma diyarın inkişafı və abadlaşmasına olan qayğısı bütün bunların hamısı XVII əsrin ikinci yarısından etibarən Azərbaycanı Yaxın və Orta Şərqdə çiçəklənən diyarlardan birinə çevirdi.

Ümumiyyətlə, XVII əsrin əvvəllərində Səfəvilər, Türkiyə və Avropa dövlətləri arasında yaranmış siyasi vəziyyət feodal istehsal üsulunun xarakterindən doğan tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi idi.

 

Şah Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal bölgələrinə yarımköçəri tayfalar köçürürdü. Məsələn, Mutanda çoxlu şahsevən ailəsi yerləşdirilmişdi. Türksoylu padarların Səfəvilər tərəfindən İrandan Azərbaycana köçürülməsi də XVI-XVII əsrlərə təsadüf edir. Onların çox hissəsi ləzgilərin basqınlarını dəf etməli idilər. Padarlar indi də Dəvəçi, Şamaxı, Şəki və başqa bölgələrdə yaşayırlar.

Yerlərdə ali hakimiyyət bəylərbəyilərə məxsus idi. Hər bir bəylərbəylik şah tərəfindən təyin edilmiş bəylərbəyi tərəfindən idarə edilirdi. Bəylərbəyilərə tabe olan vilayət hakimləri qolbəyi adlanırdı. Bir qədər kiçik inzibati bölkünün hakimi sultan adlanırdı. Sultanlar qolbəyilərə, bəzi hallarda bilavasitə tabe idilər. Bəylərbəyilər və ona tabe hakimlər hərbiçilər (mülazimlər) saxlamalı idilər. Onlar bəylərbəyliyin hərbi qüvvələrinin özəyini təşkil edirdilər. Naməlum müəllifin məlumatına görə, Azərbaycanın dörd bəylərbəyliyində mülazimlərin sayı 30 mindən yuxarı deyildi.

YAZAR: Günel Yusubova
HƏMÇİNİN BAX: Afrotürklər
HƏMÇİNİN BAX: Tehsilim.org/turk-edebiyyatinda-elisir-nevainin-rolu-adli-seminar-kecirilecek/