Azərbaycan Respublikasında təhsil sistemi
PLAN:
- Təhsil sisteminin məzmunu
- Məktəbəqədər təhsil
- Müəllim və uşaq bağçası tərbiyəçisinə verilən tələblər
- Uşaq bağçası tərbiyəçisinin və müəllimin hüquqları
1.Azərbaycan Respublikasında təhsil sistemi dedikdə, ölkəmizdə insanı həyata hazırlayan təlim-tərbiyə müəssisələrinin qarşılıqlı fəaliyyəti sayəsində meydana çıxan böyük bir qurum nəzərdə tutulur. Başqa sözlə, təhsil sistemi ölkə daxilində mövcud olan təlim-tərbiyə müəssisələrinin məcmuyudur. Buraya dövlət və özəl statuslu məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil məktəbləri, kollec, peşə və ixtisas məktəbləri, gimnaziya, lisey, ali ixtisas məktəbləri, institutlar, universitetlər, məktəbdənkənar tərbiyə ocaqları və s. daxildir.
Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Qanunu əsasında idarə olunur. Qanunda qeyd olunur: təhsil sistemi müxtəlif pilləli təhsil proqramlarını ardıcıl həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsil idarəetmə orqanlarından, təlim tərbiyə prosesi ilə məşğul olan digər müəssisə və təşkilatlardan ibarətdir. Təhsil sisteminin əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa, praktik hazırlığa, mütərəqqi dünyagörüşünə malik olan, xalqın milli, mənəvi, mədəni dəyərlərinə dərindən yiyələnən, insan hüquqlarına hörmət edən vətənpərvər və yaradıcı düşünən şəxsiyyət tərbiyə etməkdir.
Ölkəmizdə təşkil edilən təlim-tərbiyə müəssisələri arasında sıx əlaqə vardır. Məsələn, məktəbəqədər tərbiyə müəssisələrində uşaqların əqli inkişafına, əxlaqi cəhətdən formalaşmasına, fiziki cəhətdən gümrah böyüməsinə nə qədər çox diqqət verilsə, bu ümumtəhsil məktəblərinin işini bir o qədər asanlaşdırmış olar. Eləcə də, ümumtəhsil məktəblərində işin keyfiyyəti nə qədər yüksək olarsa, ali məktəblərin işi də bir o qədər yaxşı nəticə verər və s. Buradan aydın olur ki, bu təhsil müəssisələri, həqiqətən də, sistem təşkil edir.
Respublikamızda təhsil sisteminin əsas prinsipləri dövlətimizin Konstitusiyasında və Təhsil Qanununda təsbit edilmişdir: irqi və milli mənsubiyyətindən, cinsindən, dinə münasibətindən və s. asılı olmayaraq bütün vətəndaşlar təhsil almaq hüququna malikdirlər; bütün uşaqlar üçün təhsil icbaridir və s.
Təhsil sistemi vahiddir və bütün tədris müəssisələri arasında qarşılıqlı əlaqə, ardıcıllıq vardır ki, bu da təlimin aşağı pilləsindən yuxarı pilləyə keçməsini təmin edir.
- Məktəbəqədər təhsilin məqsədi uşaqların erkən yaşlarından fiziki, əqli, mənəvi və psixi inkişafını pedaqoji qanunlar əsasında ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması, özülün qoyulması və uşaqların gələcək normal inkişafının istiqamətini təmin etməkdir. Məktəbəqədər təhsil ailədə və məktəbəqədər tərbiyə müəssisələrində həyata keçirilir.
Azərbaycan Respublikasının “ Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə” sinə görə məktəbəqədər tərbiyə müəssisələrinin strukturu, tipləri və fəaliyyətinin əsasları aşağıdakı qaydada müəyyən edilmişdir. Məktəbəqədər tərbiyə müəssisələri dövlət və qeyri-dövlət müəssisəsi ola bilər. Məktəbəqədər tərbiyə müəssisələrinin tipləri bunlardır: körpələr evi; körpələr evi-uşaq bağçası; uşaq bağçası; əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri; məktəb uşaq bağçası.
Bu tərbiyə müəssisələrində uşaqların yaşından asılı olaraq qruplar aşağıdakı qaydada təşkil olunur:
- kiçik yaşlı körpələr qrupu – 2 aylıqdan 1 yaşadək;
- orta yaşlı körpələr qrupu – 1 yaşdan 2 yaşadək;
- böyük yaşlı körpələr ürupu – 2 yaşdan 3 yaşadək.
Uşaq bağçasında və körpələr evi – uşaq bağçasında məktəbəqədər qruplar belə təşkil olunur: – bağçada kiçik yaş qrupu – 3 yaşdan 4 yaşadək;
- bağçada orta yaş qrupu – 4 yaşdan 5 yaşadək;
- bağçada böyük yaş qrupu – 5 yaşdan 6 yaşadək
- məktəbə hazırlıq qrupu.
Əsasnaməyə görə əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün aşağıdakı müəssisələr təşkil olunur: nitqi qüsurlu uşaqlar üçün, eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün, görmə qabiliyyəti pozulmuş uşaqlar üçün, dayaq-hərəkət orqanları qüsurlu uşaqlar üçün, zehni inkişafı geri qalan uşaqlar üçün, tez-tez xəstələnən uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar.
Məktəbəqədər tərbiyə müəssisəsi ailənin və cəmiyyətin mənafeyinə uyğun olaraq uşaqların hərtərəfli inkişafına nail olmaq, təhsilə hazırlamaq, fiziki və psixi sağlamlıqlarını mühafizə etmək və möhkəmləndirmək kimi vəzifələri yerinə yetirir.
- Müəllim və tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, birinci növbədə müəllim və tərbiyəçi özü bu xüsusiyyətlərə malik olmalı, pedaqoji səviyyəsini daim təkmilləşdirməli, öz üzərində müntəzəm işləməlidir. Müəllim tərbiyəçi təlim-tərbiyə işində başlıca simadır. Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır? Müasir müəllimə və tərbiyəçiyə hansı tələblər verilir? Müasir müəllimə və tərbiyəçiyə tətbiq edilən bir sıra aparıcı tələblər vardır. Bu tələblərə konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq bacarığı daxildir.
Konstruktiv tələb aşağıdakıları bunları edir: təlim tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığı; şagirdin və uşağın inkişaf layihəsini hazırlaya bilmək, yaranmış vəziyyətdən çıxmaq, işi planlaşdırmaq, maddi bazanı möhkəmləndirmək bacarıqları və s.
Kommunikativ bacarığa aşağıdakılar daxildir: uşaqların qəlbinə yol tapa bilmək, özünü onlara sevdirmək, uşaqlar arasında düzgün münasibətləri tənzim edə bilmək, valideyn və ictimaiyyətlə ümumi dil tapa bilmək, pedaqoji mərifətə malik olmaq, yeri gələndə gülməyi, hirslənməyi bacarmaq, ağır vəziyyətə düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək, bir sözlə münasibətlərin nizama salınması və s.
Qnostik bacarığa aşağıdakılar daxildir. Qnostik yunanca qnozis sözündən götürülüb, mənası idrak deməkdir. Qnostik bacarıqlara pedaqoji nəzəriyyəni bilmək və ondan yaradıcı şəkildə istifadə etmək, özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilmək, elmi tədqiqat işlərində iştirak edə bilmək, psixologiyanı bilmək və ondan istifadə etməyi bacarmaq, bir sözlə pedaqoji prosesin nəzəri əsaslarını bilmək bacarığıdır.
Təşkilatçılıq bacarıqlarına aşağıdakılar daxildir: uşaqları ictimai işlərə cəlb edə bilmək, bağçada uşaqları yaşlarına uyğun ictimai işlərə cəlb etmək, uşaqlar arasında düzgün vəzifə bölgüsü aparmaq, onların boş vaxtını günün tələbləri səviyyəsində düzgün təşkil etmək bir sözlə uşaqların fəaliyyətinə rəhbərlik etməyi bacarmaq və s.
- Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda uşaq bağçası tərbiyəçilərinə və müəllimlərə bir sıra hüquqlar verilir ki, bunlar Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olmaqla dövlət tərəfindən qorunur. Bu hüquqlar aşağıdakı sahələri əhatə edir: peşə şərəfinin və ləyaqətinin qorunması, normal iş şəraitinin yaradılması, təlimin forma, metod və vasitələırini sərbəst seçmək, təhsil müəssisələrinin nizamnaməsinə uyğun, onun idarə olunmasında iştirak etmək, təhsil sistemində seçkili vəzifələrə seçmək və seçilmək, ixtisasını artırmaq və yeni ixtisas almaq, qanunvericilikdə nəzərdə tutulmuş əlavə məzuniyyətə çıxmaq.
Ölkəmizdə müəıllim və uşaq bağçası tərbiyəçilərinin fəxri adları onlara ömür boyu məxsus edilir. Onlar yalnız məhkəmənin qərarına görə bu adlardan məhrum edilə bilərlər. Müvafiq qərarlara görə uzun müddət işləyən bağça tərbiyəçiləri və müəllimlər üçün təltiflər, əmək haqqı və təqaüdlərin artırılması müəyyən edilir.
Özünün elmi, ideya-siyasi biliyini artırmağa cəhd edən, yüksək mədəniyyətə, dərin biliyə, pedaqoji ustalığa malik olan hər bir bağça işçisi və müəllim yüksək nüfuza malik olur, uşaqların, valideynlərin və ictimaiyyətin dərin hörmətini qazanır.
İstifadə olunmuş ədəbiyyat:
- Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2000.
- A.Həsənov. Məktəbəqədər pedaqogika, Bakı, 2000.
- Ə.Seyidov. Pedaqogika tarixi, Bakı, 1968.
- S.Əfəndiyeva, A.Cəfərova. Uşaq bağçasında tərbiyə işinin təşkili, Bakı, 1970.
- Q.İ.Şukinanın redaksiyası ilə, Məktəb pedaqogikası, Bakı, 1983.
- N.Kazımov, Ə.Həşimov. Pedaqogika, Bakı, 1996.
YAZAR: Gülnar Nəzirli
Həmçinin bax: Nitq və uşaqlarda nitq inkişafı
Həmçinin bax: https://turaz.org/pandemiya-seraitinde-evde-saxlanilmali-olan-dermanlarin-adlari-aciqlandi/
Həmçinin bax: https://tehsilim.org/ikili-diplom-proqrami-uzre-elave-qebul-ucun-musabiqe-elan-edilir-2/