Azərbaycan Prezidenti: “Ermenistanla imitasiya naminə danışıqlar aparmaq,mənasız video konfranslar keçirmek fikrində deyilik”
“Əlbəttə, fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndiriləcək. Bu, bizim üçün əsas məsələdir, bu, milli məsələdir. Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı münaqişənin həllinə dair Azərbaycanın mövqeyində dəyişiklik olmadığını bildirib: “O ki qaldı münaqişənin həllinə, bizim mövqeyimizdə, qeyd etdiyim kimi, heç bir dəyişiklik ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, birmənalıdır və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Orada bu yaxınlarda keçirilmiş qondarma “seçkilər” bunu bir daha təsdiqlədi. Çünki bütün aparıcı dövlətlər, qonşu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar bu “seçkilərin” tanınmaması ilə əlaqədar bəyanatlar vermişlər.
Qaynaq:Apa.az
Xəbərçi kafkazh.com xüsusi müxbiri Şəbnəm İbrahimli