Azərbaycan ordusu vəziyyətə nəzarət edir.

Azərbaycan ordusu vəziyyətə nəzarət edir.

Cənubi Afrika Respublikasının (CAR) “Pretoria News” qəzetinin onlayn platformasında “Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüquq normalarının pozulmasıdır” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, Azərbaycanın CAR-dakı səfirliyindən bildiriblər ki, məqalədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan bəhs edilir.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə yer verilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Diqqətə çatdırılıb ki, Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Məqalədə qeyd olunur ki, dünya birliyinin COVİD-19-a qarşı mübarizə apardığı halda bu hücum və təxribat əməli, eyni zamanda, Ermənistanın davamlı olaraq atəşkəsi pozması yolu ilə Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Diqqətə çatdırılır ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Mənbə:Axar.az

Müxbir: Nuray Ələkbərova