Azərbaycan klassik ədəbiyyatında gender problemi

Azərbaycan klassik ədəbiyyatın bir çox nümunələrində cinslərarası münasibət, qadın münasibəti, bir sözlə, gender məsələləri öz əksini tapmışdır. Bəs sual olunur ki, ümumiyyətlə gender nədir və Azərbaycan klassik ədəbiyyatında  gender məsələləri necə təsvir olunur?
İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərəkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.
Gender aspektlərinin ədəbi və incəsənət əsərlərinin tətqiqi planında Oğuz  türklərinin məşhur eposu olan “Dədə Qorqud dastanı” bu cəhətdən böyük maraq doğurur.Dastanda qadın surətləri, onların ailədə və cəmiyyətdə vəziyyəti böyük yer tutur. Burada qadınlar təsvir edilən hadisələrin ən fəal aparıcı qüvvələrindəndir. Dastanda qadınların analıq şərəfindən, döyüşlərdəki igidliklərdən, at çapmaqda və ov atmaqda kişilərdən geri qalmamalarından söhbət açılır.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin bütün yaradıcıllığı boyu sosial münasibətlər, qadın-kişi bağlılığı, əxlaq və s. barədə suallara cavab axtarmışdır. Şair öz əsərlərində cinslərarası sosial münasibətləri özünəməxsus şəkildə ifadə etmişdir. Onun yaratdığı Şirin, Leyla,  Fitnə, Nüşabə və digər qadın surətləri bu günə  qədər  gender aktuallığını itirməyiblər.
XX əsrdə yaşayıb yaratmış görkəmli yazıçı, dramaturq C.Cabbarlı qadın azadlığı probleminə öz əsərlərində geniş yer vermişdir. Bu əsərlərinə ən gözəl misal “Sevil” pyesini göstərmək olar. Bu pyesin ilk tamaşaları güclü əks-səda yaratmaqla bərabər, qızğın mübahisələrə səbəb olmuşdur. Bu da, ondan irəli gəlir ki,  C.Cabbarlı zəmanənin ən aktual probleminə – “yarasına” toxunub, həyatın mürəkkəb sosial-psixoloji və mənəvi dəyişikliklərinə biganə qalmayıb.
Azərbaycanda və bütün müsəlman Şərqində demokratik satirik poeziyanın banisi M.Ə.Sabir nadanlıq və dini xurafata qarşı yorulmadan mübarizə aparmışdır. Onun yaradıcılığında “qadın azadlığı” mövzusu xüsusi yer tutur. M.Ə.Sabir “qadın-tərbiyəçi” problemini də cəmiyyətin qarşısında duran əsas vəzifələrindən biri kimi qeyd edirdi. Qadın təkcə həyat yoldaşı deyil, həm də anadır. Ana uşağı dünyaya gətirməklə bərabər, həm də onun tərbiyəsində məsuliyyət daşıyan tərbiyəçidir. Sabirə görə, nadan,savadsız qadın olan xalqın tərəqqisindən danışmağa belə dəyməz.
Zaman keçdikcə, Azərbaycanın klassik ədəbiyyatında olduğu kimi, bəzi problemlər olduğu kimi qalır. Biz cəmiyyətdə qadının kişi mövqeyinə çata bilmədiyinin tez-tez şahidi oluruq. Bu o deməkdir  ki, hazırda Azərbaycanda bütün sahələrdə, o cümlədən idarəetmədə, qərar qəbulunda, biznes fəaliyyətində, ailədə kişilər qadınları böyük faizlə üstələyir. Bütün bu kimi problemləri həll etmək, gender bərabərliyini yaratmaq üçün qadınla kişinin eyni söz haqqına malik olmalı, təkcə sözdə deyil, praktikada da bərabərhüquqlu olmalıdır.

YAZAR: Əliyeva Zenfira

HƏMÇİNİN BAX: Menstruasiya zamanı yaranan pozğunluqlar

HƏMÇİNİN BAX: https://turaz.org/qlobal-genc-alimler-akademiyasi-genc-alimleri-teskilata-uzv-olmaga-devet-edir/

HƏMÇİNİN BAX: https://tehsilim.org/dim-de-6-avqust-2021-ci-il-tarixinde-toefl-ibt-imtahanlari-kecirilecek/