Azərbaycan iqtisadiyyatında turizm

Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar.

Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycan Respublikasında da turizmin inkişafına maraq artmış və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Hələ 2002-ci ilin avqust ayının 27-də «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı» qəbul olunmuşdur. Ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizmə olan bu münasibətin əsasında sözsüz ki, ilk növbədə ölkənin sosial-iqtisadi maraqları dayanır. Bu sosial-iqtisadi maraqların təminatı üçün isə, Azərbaycan Respublikasının kifayət qədər imkanları və təbii-coğrafi potensialı vardır.

Azərbaycan Respublikası digər MDB dövlətləri kimi, bir sıra obyektiv səbəblərə görə, beynəlxalq turizmin inkişafına gec başlamışdır.  Azərbaycanda turizm sənayesinin formalaşması da müqayisə etibarı ilə son illərə təsadüf edir. Azərbaycan respublikası yerləşdiyi ərazi dünyanın qədim zamanlardan məskunlaşmlş bölgələrdən biridir.  Ölkəmizin ərazisində 6 mindən artıq təbiət, arxeologiya, memarlıq və mədəniyyət abidələri aşkar edilmiş və dövlət tərəfindən mühafizə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş, ölkəmizin ərazisində olan və dövlət mühafizəsinə götürülmüş, daşınmaz tarix və mədəniyyət abidələri əhəmiyyətinə görə dünya, ölkə və yerli dərəcələrə bölünür. Bunlardan 21-i dünya əhəmiyyətli memarlıq, 44-ü isə arxeoloji abidələrdir.

Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Mezolit, neolit və eneolit dövrləri haqqında maraqlı məlumatlara malik olan Qobustan qaya təsvirlərinin şöhrəti bütün dünyaya yayılmışdır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır.  Füzuli şəhəri yaxınlığında, Azıx mağarasında Daş dövrünün qədim insan izləri aşkar olunmuşdur. Mütəxəssislərin fikrincə, respublikanın müasir ərazisi hələ paleolit dövründə məskunlaşmışdır. Neftin necə çıxarılması ilə maraqlanan milyonlarla insan var. XVIII əsrin gözəl sənət nümunəsi və incisi, özünəməxsus memarlıq quruluşuna malik olan Şəki xan sarayı, həmçinin bu ərazidə yerləşən möhtəşəm qalalar və məbədlər, eləcə də Şəkinin ecazkar təbiəti və.s turistlərin diqqətini özünə cəlb edən amillərdir. Təbiət gözəllikləri ilə insanı heyran edən əsrarəngiz təbii mənzərələr, uzunömrlülər diyarı Lerik rayonunda salınmış  “Relax” tipli istirahət və turizm mərkəzləri bu gün dünyanın hər yerindən gələn turistlərin mədəni asudə vaxtlarının, istirahət və əyləncələrinin mənalı təşkilində mühüm əhəmiyyət kəsb edir.  YUNESKO-nun qərarı ilə 1999-cu ildə 1300 illiyi geniş qeyd olunmuş “Kitabi Dədəm Qorqud”  dastanında Azərbaycanın qədim dövlət və geniş əraziyə malik olmasından xəbər verilir.

Bir sıra ölkələrdə turizmin inkişafına xüsusi diqqət verildiyindən bu sahəyə lazımı qədər vəsait ayrılır. Müxtəlif əyləncələrlə zəngin olan istirahət üçün bütov şəhərlər –turizm mərkəzləri yaradılır, bu mərkəzlərdə minlərlə yerli sakin başqa ölkələrdən gələn qonaqlara xidmət göstərməklə iş yeri, məşğulluq əldə edir. Başqa sözlə desək, yerli əhalinin məşğulluq imkanı artır, kənd əhalisi, ikinci ixtisasa yiyələnir, onların həyat səviyyəsi yüksəlir, gəlirləri artır.

Turizm istehsalın tikintidən başlayararq, yeyinti sənayesinə qədər bir çox sahələrinin inkişafına da dolayı yolla təsir göstərir. Nəzərə almaq lazımdır ki, turizmin təsiri bir mənalı olmur. O, yerli əhalinin məişətinin bir çox sahələrinə müsbət və ya mənfi təsir göstərə bilər. Ona görə də bir sıra ölkələrdə beynəlxalq turizm mübadiləsinin inkişafının iqtisadi və sosoial nəticələrini öyrənən elm-tədqiqat mərkəzləri yaradılmışdır. Qeyd edək ki, həm də bu işi əlaqələndirən beynəlxalq turist təşkilatlarıda fəaliyyət göstərir.

Turzmin inkişafı aeroprtların, yolların, mağazaların, kinoteatrların tikintisinə və modernləşdirilməsinə, şəhərlərin abadlaşdırılmasına, abidələrin, meşə massivlərinin bərpa edilməsinə, su hovuzlarının təmizlənməsinə və s. təkan verir. Iqtisadiyyatın mühüm sahələri olan nəqliyyat, yeyinti,toxuculuq,ayaqqabı və digər sənaye sahələrinə də təsir göstərir. Məsələn mehmanxanalrın tikintisinə sərf olunan kapital qoyuluşu tikinti sənayesinin ümumi inkişafını stimullaşdırır. Tikinti sənayesinin inkişafı isə öz növbəsində bir çox sahələrin, ilk növbədə sement istehsalının inkişafına təsir göstərir. Müasir dövrümüzdə turizmin təşkilində azad fəaliyyət prinsipləri xüsusi yer tutmağa başlamışdır. Belə ki, indi ayrı-ayrı şəxslər tərəfindən xüsusi xidmət obyektləri və müəssisələri yaradılır. Ölkədə bir-birindən asılı olmayan dövlət və qeyri-dövlət turizm asosiasiyaları fəaliyyət göstərir. Lakin onların fəaliyyətləri xüsusi müqavilələr əsasında əlaqələndirilir, beynəlxalq turizmin tələblərinə uyğunlaşdırılır.

Turizm, böyük iqtisadi əhəmiyyətindən əlavə, müxtəlif din və mədəniyyətə mənsub olan insanlar arasında qarşılıqlı anlaşmanın və inamın artmasında müstəsna rol oynayır. Turizm fəaliyyəti, yalnız ticarətin və xidmətin təşkili, yeni ticarət ortaqlarının axtarışı və cəlb edilməsi ilə məhdudlaşmır. O, həmçinin, bütün dünyada sülhün bərqərar olması və qorunması naminə müxtəlif ölkələrin vətəndaşları arasında qarşılıqlı münasibətlərin qorunmasına yönəlmişdir.

Bu gün ölkəyə gəlir gətirən, əhalinin sosial-mədəni səviyyəsini yaxşılaşdıran bütün iqtisadi sahələrin inkişafı Azərbaycan dövlətinin maraq dairəsindədir. Dövlətin bilavasitə dəstəyi olmadan hər hansı bir sahənin inkişaf etdirilməsi mümkün deyildir. Bu baxımdan turizmin inkişafı da dövlət tərəfindən dəstəklənir. Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün  ölkə rəhbəri tərəfindən müvafiq qurumların və icra strukturlarının rəhbərlərinə göstərişlər verilmişdir. O cümlədən, bu sıraya həm yay turizmi, həm də qış turizmi daxildir. Dağ rayonlarında qış turizminin genişləndirilməsi üçün yaxşı şərait var.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranıb. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasındakı “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif güşələrində xüsusi mühafizə olunan təbiət əraziləri – milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

“Son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir, həmçinin formlar, sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı üçün şərait yaradır. Qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır”.

Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” ölkəmizdə turizm sektorunun dirçəlməsinə təkan verib. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə ölkəmizdə bu sahənin inkişafı üçün daha ciddi əsas yaradıb. Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi şəxsən diqqətdə saxlayır. Buna ən bariz nümunə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasıdır. Bu addım, şübhəsiz ki, ölkəmizdə turizmin inkişafının yeni mərhələyə qalxmasına öz töhfəsini verəcək. “Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək”,- deyə Prezident İlham Əliyev qarşıya ciddi vəzifə qoymuşdu.

Ümumdünya Turizm Təşkilatının UNESCO ilə əməkdaşlığı sayəsində bərpa edilən “Böyük ipək yolu” turist transkontinental marşrutuna Azərbaycan da  daxil edilmişdir. Iqtisadi, nəqliyyat və turizm baxımından bu yolun bərpasının böyük əhəmiyyəti vardır. 2001-ci ildə nazirlik tərəfindən “ Welcome to Azerbaijan” adlı xüsusi kompakt disk hazırlanmış və Ümumdünya Turizm Təşkilatının Koreyada və Yaponiyada keçirilmiş Baş Assambleyasında təqdim olunmuşdur. Bu diskdə Azərbaycanın təbiəti, mədəniyyəti, turizm ehtiyatları, musiqisi, mətbəxi və ümumiyyətlə ölkəmiz barədə tam genişliyi ilə məlumatlar əks olunmuşdur.

Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən – iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Regionların sosial, iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfransda da Prezident İlham Əliyev məhz bu məsələyə xüsusi toxunaraq deyib: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə, nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var”

2013-cü ildən etibarən digər turizmin inkişaf etmiş ölkələrində olduğu kimi elektron viza sisteminin tətbiq edilməsinə, turizm sahəsində prioritet olan ölkələrin təcrübəsinə əsasən hava limanlarında vizanın verilməsi məsələlərinin diqqətində olmasını vurğulayıb. Azərbaycan turizm sektoru iqtisadi böhran şəraitində də inkişaf edir və bu il ölkəyə gələn turistlərin sayının ötən ildəkindən çox olacağı gözlənilir. 2016-cı ildə Azərbaycana turist axınının əsasən Rusiyadan, eləcə də İran daxil olmaqla İran körfəzi ölkələrindən olacağı proqnozlaşdırılır. Hazırda ölkədə yerli və xarici turistləri qəbul etmək üçün 570 mehmanxana və mehmanxana tipli obyekt var. Bununla belə, evlərdə qalan turistlərin sayı daha çoxdur

Son illərdə Azərbaycanda turizmin inkişafında müsbət, pozitiv irəlləyişlər baş verir. Avrasiya nəqliyyat dəhlizində Bakının əlverişli mövqedə yerləşməsi, imzalanmış beynəlxalq neft müqavilələri, son zamanlar əcnəbi işgüzar adamların ölkəyə gəlişinin artmasına səbəb olmuşdur. Dünyanın onlarla iri şirkətləri öz komersiya və sənaye fəaliyyətlərini Azərbaycan iqtisadiyyatında tətbiq etmək istəyir. Ölkədə ictimai siyasi vəziyyətin sabitləşməsi, investisiyaların artımını stimullaşdırır. Həmin investisiyalardan otellərin, işgüzar mərkəzlərin , yaşayış evlərinin, sosial-mədəni məqsədli və turizm obyektlərinin tikintisində istifadə olunur.

Ədəbiyyat siyahısı

  1. Ağakərimov İ.M., Babazadə S.İ. Ekskursiya və ekskursiya rəhbəri. B., 2006.
  2. Ələkbərli Ə. Qərbi Azərbaycan abidələri. Bakı, 2006.
  3. Azərbaycan Respublikasının turizm haqqında Qanunu. B., Qanun, 2000
  4. Əlirzayev Ə. T., Aslanova. S. İ. Turizmin inkişafının sosialiqtisadi problemləri. B., 2006
  5. Dərqahov V. Azərbaycanın Xəzər sahili bölgəsinin rekreasiya-turizm ehtiyatları. Bakı, 2003.
  6. Məmmədov C. A. Sultanova M. V., Rəhimov S. N. Beynəlxalq turizmin coğrafiyası, B, 2002.
  7. Bilalov B. Ə. Dünyada və Azrbaycanda gəlmə turizmin müasir durumu. «Dirçəliş XXI əsr» jurnalı. Bakı, 2004.
Yazar: Gülər Nuriyeva

həmçinin bax: Dünya Demokratiyasının inkişafında AXC nümunəsi

həmçinin bax: https://tehsilim.org/bdu-ve-pasa-heyat-sigorta-arasinda-emekdasliq-sazisi-imzalanib/