Azərbaycan fəlsəfəsi: Əli bəy Hüseynzadə
Azərbaycan fəlsəfəsi: Əli bəy Hüseynzadə
Azərbaycan-Türk filosofu Əli bəy Hüseynzadə islamçılıqla müqayisədə türkçülüyün tarixinə, fəlsəfəsinə nisbətən çox önəm vermiş, siyasi türkçülüyə meyil göstərmişdir. Onun fikrincə, eyni ideya uğrunda mübarizə aparan insanlar arasındakı fikir ixtilaflarının, ziddiyyətlərinin olması milli birliyin pozulmasına dəlalət edə bilməz. Əksinə, fikir ixtilafları nəticəsində həqiqət meydana çıxar və millətdə əsil həqiqətin arxasınca gedər. İfrat muhafizəkarlara və ifrat tərəqqiçilərə qarşı olan Hüseynzadə islam dinin ve türklüyün ruhunda daima yeniliyin, çağdaşlığın olmasını rəhbər tutmuşdur. Ona görə bu gün müsəlman xalqları digər inkişaf etmiş millətlərdən geri qalmışdır və bunun səbəbi isə ifrat mühafizəkarların və solçuların xalqın irəliləməsinə sədd çəkməsidir. Onun fikrincə, dörd-beş yüz ildən sonra Avropalılar gözlərini gələcəyə dikdiyi halda, islam- türk dünyası hələ də keçmişdən ayrıla bilmir. Halbuki keçmişi görmək, bilmək yalnız istiqbalı, tərəqqiyi təyin etmək üçün lazımdır, orada ilişib qalmaq üçün deyil. O, dünyəvi elmlərlə dini elmləri bir-birindən ayırmaq, dini elmlərlə yanaşı, riyaziyyat, təbiətşünaslıq kimi dünyəvi elmləri
də öyrənmək lazım olduğunu bildirirdi. Hüseynzadəyə görə, həm Osmanlılar, həm də Qacarlar – müsəlman xalqları cəhalət içindədirlər. Lakin İstanbul höküməti din məsələlərinə nəzarət etdiyi halda, Tehran hökuməti mollalar və seyidlərlə bacara bilmirdi. Osmanlı türkləri qədimdən bəri tutduqları din ve məzhəbdən dönmədikləri halda, İran mollaları ikidə bir yeni məzhəblər ixtirasına qalxırdı. Hüseynzadəyə görə, islam coğrafiyasında ən ağrılı yerin İran olması təsadüfi ola bilməz. Belə ki, İranda hind məzhəbləri, buddizimlə brəhmənizm zərdüştlüyə, xristianlıq maniçiliyə çevrilmişdi. Zərdüştlük və onun xeyir-şər nəzəriyyəsi xilafətçiliyi (islamçılığı) yavaş-yavaş içdən öz təsiri altına almışdır. Zərdüştlük islam dini, xüsusilə də onun şiə məzhəbçiliyi daxilində yeni bir forma alaraq yaşamağa davam etmişdir. İrandilli xalqlar zərdüştlüyün şiəlik daxilində bu formada İranda davam etməsinə qarşı olmasalar da, eyni sözləri türklər və ərəblərlə bağlı demək olmazdı. Bu baxımdan, islam aləmində yenilik və köhnəlik məsələsinin, eyni zamanda, hürriyyət, azadlıq anlayışlarının bütün müsəlman xalqlarının və onların ziyalıları üçün
eyni mahiyyət daşıdığını iddia etmək doğru deyil. Hüseynzadənin təbirincə desək: ” müsəlman xalqları olmasına baxmayaraq milli adət-ənənələrə, inqilabi yeniliklərə, dində islahatlara və digər məsələlərə farslarla türklər və ərəblərin, yaxud da ərəblərlə farslar və türklərin baxışları fərqlidirlər. ”
YAZAR: Vəsilə Allahverdiyeva
Həmçin bax: Türkçülüyün atası-Əli bəy Hüseynzadə