Azərbaycan etnogenezi

Etnogenez etnosun inkişafının elə bir mərhələsidir ki, bu mərhələdə o, özünəməxsus bütün əxlaqi –mənəvi dəyərlər sistemini, milli simasını və adını, onu başqalarından fərqləndirən mental xüsusiyyətləri yaradır. Etnogenez prosesində yaranan milli sima, mənəvi dəyərlər sistemi ilə başqalarından fərqlənən xüsusiyyətləri ilə milli adı altında varlığını davam etdirir. Hər bir xalq etnogenez mərhələsində qazanılmış milli simanın mənəvi dəyərlər sisteminin pozulması ilə etnos yaşamaq qabiliyyətini, mənəvi gücünü itirir, parçalanıb başqa xalqlar arasında əriyib yox olur. Bütün imperialist dövlətlər əsarət altına aldıqları və əsarət altına almağı planlaşdırdıqları xalqların öz etnogenezi, etnik tarixi, ümumiyyətlə, etnik proseslərin obyektiv qanunauyğunluqları, onların iqtisadi, siyasi, dini, ideoloji, mədəni, psixoloji vasitələrlə məqsədyönlü istiqamətləndirilməsi üsullarını öyrənməyə, bilməyə imkan vermirlər.

Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azərbaycan türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan- Qəzvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır. Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır. Arxeoloji araşdırmalar sübut edir ki, Azərbaycan ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Ərazinin bol sulu çayları, meşələri, dağlıq və dağətəyi bölgələri hələ ibtidai insanların ən qədim zamanlardan burada məskunlaşmasına şərait yaratmışdır. Bu gün ən aktual məsələlərdən biri bu ərazinin ən qədim sakinlərindən olan prototürklərin ilkin təşəkkülü, soykökümüzdə duran türk tayfalarının yayılma arealının haradan qaynaqlanması və Azərbaycan türklərinin etnogenezinin müəyyənləşməsindən ibarətdir.

Türkün düşmənləri saxta dəlillərlə XVIII əsrin birinci yarısında meydana çıxan «Ural-Altay nəzəriyyəsi» üzərində daha çox dayanaraq, iki meyli əsas götürürlər:

– Türk  dillərinin tunquz, monqol, mancur dilləri ilə geneoloji qohumluğu;

– Ön Asiya, Kiçik Asiya, Orta Asiya və Qafqaz regionuna türklərin Sibir və Uzaq Şərqdən gəlmə olması;

Azərbaycan tarixi ümumtürk tarixindən təcrid olunmuş şəkildə öyrənilə bilməz. İmperiyanın yeritdiyi hökm siyasətindən biri də ondan ibarət olmuşdur ki, Azərbaycan tarixində hər şeydən danışmaq mümkündür, bir şərtlə ki, türklərin adı çəkilməsin. Çəkilsə də, onları orta əsrlərdə bu əraziyə “gəlmə”, “vəhşi”, “düşmən” və s. kimi qələmə vermək lazımdır. İndi isə o pərdə dağılmışdır və Azərbaycan tarixinin düzgün, əsaslı, elmi şəkildə öyrənilməsi üçün, mütləq, türk əcdadlarımızın ta qədimdən bu günə qədər keçdiyi yola nəzər salınmalıdır. Azərbaycan türklərinin etnoqenezindən yazmış bir neçə psevdo tarixçinin siyasətə xidmət edən elmi ümumiləşdirmələri insanı dəhşətə gətirir. Onlar Azərbaycan ərazisində yaşayan xalqların hamısını qədim hesab edərək, Azərbaycan türklərinin etnoqenezini tam bəsitləşdirir və həm də onları Qafqaza “gəlmə” kimi qələmə verməklə, tariximizi lap dünənlə – yəni XI-XII əsrlərlə bağlayırlar. Bəzi tədqiqatçılara etnoqenezlə bağlı məlum olmayan və yaxud da bilərəkdən özlərini bilməməzliyə qoyduqları faktları dəqiqləşdirək…

Əli bəy Hüseynzadə 100 il bundan əvvəl “Həyat” qəzetində yazırdı ki, Qafqaz canişini Voronçov Daşqov 1905-ci il iyulun 20-də qəzetin bağlanmasını təklif etmiş və sənədin də kənarında yazmışdır: “təcili olaraq “Həyat”ın sərlövhəsindəki “türk” sözü pozulsun, əvəzinə “tatar” sözü yazılsın”. O zamankı Rusiyanın mətbuat səhifələrində türkü unutdurmaq üçün onu təhqir etməkdən çəkinmirdilər. Məsələn, “türkə hakimiyyət ver, atasını öldürər”. Və ya “türk alim  ola  bilər, insan ola bilməz” və s. kimi ifadələr işlədilirdi.

Azərbaycanlı tədqiqatçı Əjdər Fərzəli Gəmiqaya və Qobustanda olan daşlar üzərində 32 hərfdən (9 sait və 21 samit səsdən) ibarət ilk Azərbaycan (türk) əlifbasını kəşf etmiş və 400-dən artıq söz oxumuşdur. Maraqlısı isə odur ki, bu sözlərin hamısı (Tanqrı, Ana, adam,  gün və s.) bugünkü ana dilimizdədir. O, “Gəmiqaya-Qobustan əlifbası” adlı kitabında yazır ki, bu əlifba bu günədək dünyada qəbul olunmuş əlifbaların ən qədimi olub, 8-10 min il bundan əvvələ aiddir. Bu daşlar üzərindəki yazıları qədim rəssam ümumi tayfalar tərəfindən qəbul olunmuş dildə – protoazərbaycan, prototürk dilində – Tanrıçılıq dilində yazmışdır. Qədim Azərbaycan türklərinin dili Tanrıçılıq dili olub [A.Farzali, 2005, s.250]. Qobustan və Gəmiqaya petroqlifləri Azərbaycan türkünün yaratdığı ən qədim yazılı mənbələrdir.

Azərbaycan türklərinin tarixi və etnogenezi məsələsi qonşu regionlarda protürklərin yaşaması ilə sırf bağlı olmuşdur. Qədim türklər Azərbaycana yaxın hansı ərazilərdə yaşamışlar? Bu gün tədqiqatçılar daha çox şumerlərin türk olması və mixi yazıların türkcə oxunması haqqında təkzibolunmaz dəlillər gətirirlər. Hələ XIX əsrin sonlarında Lenorman və Qommel şumer dilinin ural-altay (türk) dilində olması fikrinə gəlmişlər. Onlar qeyd edirlər ki, səslənməsinə, saitlərin harmoniyasına və d. səbəblərə görə bu dil türk dilləri qrupuna daxildir. Məsələn, ata sözü şumer dilində “atta”, oğul sözü “uqhul” kimi səslənir [Brokqauz i Efron, 1901,s.62-63].Maraqlıdır ki, başqa hansı dildə «ata» və «oğul» sözləri türk dilində olduğu kimi səslənir? Bundan başqa, XXI əsrdə ABŞ və Türkiyədə çap olunmuş bir sıra əsərlərdə şumer mixi yazılarının türkcə olması faktı təsdiqlənir [T.Azərtürk, 2001; 2002; 2003; A.Cəliloğlu, 2001]. Sadəcə, bu yazıların oxunuşu ilə uzun illər başqa xalqlar məşğul olmuşlar ki, onlar ya türk dilini bilmədikləri üçün və yaxud da bilərəkdən mixi yazıların dilini və onları haradan “gəlməsi” məlum olmayan bir xalq kimi qələmə vermişlər.

Yazılı mənbələr sübut edir ki, Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət (Aratta istisna olmaqla) Quti dövlətidir. F.Ağasıoğlu yazır ki, “Qədim akkad və elam yazılarında göstərilir ki, qutilər ölkəsi 70 boyla vuruşmuşdular. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda “quti” adı o dövrdə həmin ərazilərdə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və s. türk boylarının ümumi adı kimi işlənmişdir”. Tədqiqatçı qədim proto – azər tayfalarından olan qutilərin e.ə.2200-2109-cu illərdə ikiçayarası əraziləri ələ keçirib, 91 il hakimiyyətdə olmalarından, assur mənbələrində “Göydəki ulduzların sayı qədər çox olan qutilər” haqqında məlumatdan xəbər verir [F.Ağasıoğlu, 2000, s.149-155]. Digər mənbələrdə də e.ə.III minilliyin ikinci yarısında Urmi gölünün cənubunda olan qədim türk tayfaları arasında quti və lullubəylər haqqında məlumatlar vardır. Tədqiqatçılar qeyd edirlər ki, «…lullubi (lullubəy-müəl.) Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad olmuşdur» [Azərbaycan tarixi, 1994, s.79].

İ.Əliyevin redaktəsi ilə çap olunmuş “Azərbaycan tarixi” (rus dilində) kitabında yazılıb ki, «Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş quti, lullubi, hürri və digər tayfa və tayfa ittifaqlarının birbaşa varisidirDeməli, Manna dövlətini quran tayfaların əkssəriyyəti prototürk etnosları olmuşlar.

E.ə.VII əsrin əvvəllərindən e.ə.VI əsrin əvvələrinə qədər Azərbaycan ərazisində türkdilli tayfaların yaratdıqları kimmer-skit-sak padşahlığı mövcud olmuşdur. Roma imperiyasının məşhur saray şairi P.O.Nazo yazır ki, eramızın əvvəllərindən Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skitlər-türkdilli tayfalar yaşamışlar. Bu faktı Herodot, Miletli Hekatey  və başqalarının əsərləri də sübut edir. Cənubi Qafqazda meydana çıxan gürcü, erməni və alban yazılarından çox-çox öncə türk yazıları mövcüd olmuş, Alban əlifbası qədim türk əlifbası əsasında tərtib edilmişdir

Yazıçı, etnoqraf, türkoloq Murad Aci yazır: “Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki qədim Ermənistanda dualar türkcə qələmə alınmışdır, deməli, əski ermənilər ibadətlərini suryani dilində deyil, türkcə etmişlər… Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Bu sualların cavabını qədim erməni məbədlərinin divarlarında tapmaq olar – orada türk tamğaları həkk olunmuşdur. İnşaatçıların tamğaları. Ayrı-ayrı kilsələrin divarlarında 23 belə işarə var. Zvartnots, Kotavank, Dvin, Çvari və digər yaşayış məntəqələrindən run (türk) yazıları tapılmışdır…Ermənilər onlara baxır, özləri onları nəşr etdirir və bu yazıların türkcə olduğunu anlamırlar” [M. Adji, s.168].

Azərbaycan arxeoloqlarının apardığı qazıntıların bir çoxundan türkdilli xalqların Cənubi Qafqazda eramızdan əvvəl V-II minilliklərdə və eramızın ilk əsrlərində yaşamalarını sübut edən maddi dəlillər vardır. Buraya arxası üstə uzadılmış skeletlər, daş qarışıq torpaq kurqanlar, müxtəlif dəfn adətləri, türk sərkərdələrinin öz atları ilə birgə və yaxud da atlarının dəfn olunduğu qəbirlər və digər arxeoloji faktlar daxildir [Narimanov,1987; Seyidov,2003]. Zaqafqaziya ərazisində ən çox at dəfnləri ilə müşahidə olunan qəbir abidələrinə Azərbaycanda rast gəlinmişdir. Bu da təsadüfi deyil. Atın əhilləşdirilməsindən sonra türklərin yeni dünyası və yeni həyatı başlayır. Azərbaycan ərazisində belə dəfnlərə Naxçıvan, Qarabağ, Mingəçevir, Gəncə-Qazax, Daşkəsən, Şəki-Zaqatala, Muğan və b. yerlərdə rast gəlinmişdir . Naxçıvanda (Maxtakəndi) 5 min il bundan əvvələ aid at fiquru tapılmışdır. Herodotun verdiyi məlumata görə, massagetlər (türklər) atı Günəşə qurban kəsmişlər.

Hər hansı xalqın qəbul etdiyi qida məhsulları və musiqisi də geneoloji xüsusiyyət daşıyır. Əliköməktəpə (Cəlilabad rayonu) abidəsindən eneolit dövrünə aid tapılmış at sümükləri içərisində kürək sümüklərinin çoxluğu, at ətindən qida məhsulu kimi istifadə edildiyini göstərir. Bu gün Orta Asiyada yaşayan türklər at əti yeməklə bərabər, ən hörmətli qonağa dayça (atın balası) kəsər, at südündən istifadə edərlər. Digər mənbələrdə də ən qədim zamanlardan türklərin at əti yeməsindən, at südü içməsindən bəhs edilir və bu gün də bu geneoloji xüsusiyyət saxlanılır. Musiqi mədəniyyətinə gəldikdə isə, onu deyə bilərik ki, ən qədim musiqi alətlərindən biri saz, dligəri isə uddur. E.ə. III minilliyə aid qədim şumer daş barelyefi üzərində saz çalan insan təsviri, e.ə. II minilliyə aid Babilistan ərazisindən tapılmış gil lövhə üzərində ud çalan insan təsviri, e.ə. I minilliyə aid Ziviyədən tapılmış gümüş qab üzərində saz çalan manna musiqiçisi musiqi tariximizdən xəbər vermirmi? Və bu gün sazı və udu çalan hansı xalqdır? Uzaq Sibirdən Avropaya qədər bu musiqi alətlərini ifa edənlər ancaq türklərdir. Mühit və şəraitdən asılı olmayaraq, hər hansı bir xalqın qan yaddaşı, gen yaddaşı heç vaxt itmir. Türkdilli xalqların ədəbiyyat tarixində özünəməxsus yer tutan və uzaq əsrlərdən soraq verən “Kitabi-Dədə Qorqud”-un ən qədim adət-ənənələri oğuz türklərinin ibtidai dövrünə – eramızın III-IV əsrlərinə aiddir. Dastanda göstərilir ki, türklər çadır və alaçıqlarda yaşayır, maldarlıqla məşğul olur, at südü və ondan hazırlanmış içkilər içir, at kultuna sitayiş edir və s. Qəhrəman yaralananda atın quyruğunu kəsir, öləndə isə atı da öldürürlər.

Azərbaycan tarixi” kitablarında əsas mübahisə doğuran məsələ məhz Azərbaycan xalqının etnogenezi ilə bağlı ortaya çıxmış və müxtəlif elmi konsepsiyaların yaranmasına səbəb olmuşdur. Beləliklə, bir əsr yaşı olan Azərbaycan tarixşünaslıq elmində formalaşmış bir neçə elmi konsepsiyanı üç əsas qrupda birləşdirmək olar:

1-ci konsepsiya: Ön Asiya nəzəriyyəsi Ön Asiya nəzəriyyəsini  Azərbaycanda Yusif Yusifov,  Firudun Ağasıoğlu, Aydın Məmmədov, Mahmud İsmayılov, İsmayıl Mahmudov,  Elməddin Əlibəyzadə,  M.T.Zehtabi, Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, Arif Rəhimoglu, Türkiyə alimlərindən Səlahi Dikər, Osman  Nədim Tuna, Hilmiyə Çığ, Əli Qafqasiyalı, Rəcəb Albayraq kimi alimlər, həmçinin məşhur Qazax alimi Oljas Süleymanov   müdafiə edirlər.  “Urmu nəzəriyyəsi”ilə Ön Asiya konsepsiyasını sistemli hala salan alim isə Firudun Ağasıoğlu olmuşdur. Birinci konsepsiyaya görə   Azərbaycan  ən qədim çağlardan Azərbaycan türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli Azərbaycan tayfaları ilə qayıdan türk boylarının konsolidasiyası Azərbaycan xalqının yaranması ilə nəticələnmişdir. Firudun Ağasıoğlunun yazdığına görə, birinci konsepsiya “Doqquz bitik” əsərində belə görünür: Avropoid irqin Aralıq dənizi tipinə aid olub, Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd və Kür-Araz arxeoloji kulturunun daşıyıcıları kimi Ön Asiyada formalaşmış Prototürk etnosunun prototürk dili (və dialektləri) m.ö. IV minilin ortalarında dağılmağa başlayır. Elə bu çağlardan prototürk dialektlərində danışan tayfaların miqrasiyası başlanır. Onların böyük bir hissəsi Azərbaycandan Orta Asiya, Güney-Sibir və Altay istiqamətində doğuya, Quzey-Qafqaz istiqamətində isə quzeyə miqrasiyası edirlər. Arxeoloji bəlgələr, kurqan kulturu, sənət əsərləri bu miqrasiyaları təsdiq edir. Doğuya getmiş türklər orada monqollarla uzun müddət iç-içə yaşadığından bəzi türk boylarında antropoloji tipində monqoloid cizgilər yaranır. Protoazər boylarının yayıldığı Dərbənd-Tiflis-Ərzurum-Mosul-Kərkük-Həmədan-Bakı-Dərbənd xətti ilə əhatə olunan ərazilər Azərbaycan xalqının etnik tarixi coğrafiyasıdır. Doğu və quzey yönlərə getmiş türklərin müəyən qismi saqa-qamər (skit-kimmer), hun, avar, suvar, qıpçaq, oğuz və sair adlarla Azərbaycana və Anadoluya qayıdır. Azərbaycana qayıdan soydaşları ilə qovuşan azər boyları artıq yeni eraya formalaşmış Azərbaycan xalqı kimi daxil olur. Ağasıoğlunun fikrincə  Türklərin ilkin yaranma arealı kimi Aralıq dənizi sahələri oldugunu ilk dəfə  akad. N.Marr söyləmişdir,. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan Marr bu fikrini irəli sürdüyü “Yafəs dilləri” nəzəriyəsi və “dörd ünsür” metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan “Günəş” nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, Yusif  Yusifovun “Qədim Şərq tarixi” və İsmayıl Mahmudovun “Türk Qafqazında siyasi və etnik yapı. Eski çağdan günümüze Azərbaycan tarixi” kitablarında  yazdıqlarına görə,  miladdan öncə Azərbaycan Ön Asiya və İkiçayarası bölgələri ilə birlikdə ilk prototürklərin (subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak ) məskəni olmuşdur. Bu tarixçilər mixi yazılarda mühafizə olunmuş kuti, lullubi, kas, turukki xüsusi adlarının İran və Qafqaz dilləri ilə izah olunmadığını (bunu çox hallarda türk mənşəyi əleyhinə olanlar da etiraf etmişlər), uydurma Zaqr-elam dil qrupuna daxil olmadığını əsaslandırmaqla etnonim, toponim və antroponimlərin əksəriyyət etibarilə Türk-Azərbaycan dili bazasında izah olunduğunu sübut etmişlər. Bu sahədə, Q.Ə.Qeybullayev daha çox iş görmüşdür, B.Landsberqer tərəfindən kutilərin türk etnosu olması fikri irəli sürülmüşdür.  Kuti dilindən şumer hökmdar siyahılarında və bəzi başqa mənbələrdə bir sıra şəxs adları qalmışdır. Bunlar Kamal Balkan tərəfindən türk dilləri bazasında izah olunmuşdur. Aratta, kuti, lullubi, turukki, kassi, subi tayfalarının türk mənşəli olduğunu üzə çıxaran mühüm dəlillər sırasında şübhəsiz dil faktları – bu tayfalarla bağlı etnonim, toponim və antroponimlər mühüm yer tutur.

2-ci konsepsiya: İran və Sovet Rusiyası konsepsiyası Bu konsepsiya Hind-Avropa Konsepsiyasının “Ariya hipotezi” və “Slavyanofil” ideologiyasının “yaradıcılığıdır”. Bu konsepsiyaya görə, bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarıda məskunlaşmış qafqazdilli, Araz çayından aşağıda məskunlaşmış irandilli (fars,tat,talış,gilək və s.) xalqın simbiozudur.  Bir qrup türk (oğuz) tayfası gəlib, XI-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir.

3-cü konsepsiya:  Ural-Altay nəzəriyyəsi.   Bu konsepsiyaya görə Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. 250 il bundan əvvəl ortaya atılan bu nəzəriyəyə görə, güya türk dili monqol və tunquz-mancur dilləri ilə qohumdur (bəziləri bura koreya və yapon dillərini də əlavə eir). Halbuki, keçən bu müddət ərzində sübut oluna bilməyən Altay teoriyasına görə, türklər monqoloid irqli tayfalardan ayrılıb, Altaydan Ön Asiyaya gəlmişdir. Azərbaycan və Altayı ilkin türklərin Atayurdu sayanlar adi bir həqiqəti unudur ki, hər hansı bir şəxs konkret bir kənddə doğulduğu kimi hər hansı bir etnos da konkret bir regionda yaranır. Hər bir protodili formalaşdıran etnos bunu eyni regionda gerçəkləşdirə bilir. Necə ki, protohindavropa etnosu Avropanın mərkəzində, protofinuqor etnosu Uralda, protosami etnosu Ərəbistan yaylasında, protomonqol etnosu Mərkəzi Asiyada öz protodillərini yaradıb, eləcə də, prototürk dili Ön Asiyada ərsəyə gəlib. Bir adam eyni və ya müxtəlif anda iki ayrı yerdə doğula bilmədiyi kimi, bir etnosun da özü və yaratdığı protodil Monqolustan və Azərbaycan kimi bir-birindən uzaq iki müxtəlif regionda yarana bilməz, lakin doğulan uşaq böyüyüb Ata ocağından başqa yerə köçə bildiyi kimi, bir etnos da etnos kimi formalaşandan sonra Ata yurdundan uzaqlaşa bilər. Bu konsepsiya tərfdarlarının istinad etdiyi yeganə “elmi” dəlil Altay nəzəriyəsi və bu nəzəriyəyə görə, türklərin Atayurdunun Altay olması fikridir. Bu nəzəriyənin isə sübut olunmamış bir fərziyə olduğu bəllidir və bu sahə ilə məşğul olan tanınmış komparavist türkoloqlar son iyirmi ildə Altay dil birliyindən imtina etmişlər. Firudun Ağasıoğlunun yazdığına görə, İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib.

Son olaraq bu nəticəyə gəlirik ki, Azərbaycan türkləri Bütöv Azərbaycanın ən qədim sakinləri olaraq, nəsli icma dövründən, ilk nitq mədəniyyətinin yarandığı zamandan bu günədək davamlı olaraq bu ərazidə digər azsaylı etnoslarla birlikdə yaşamış, çoxluq təşkil etdiyindən dilini və ərazisini itirməmiş, çox zəngin və sivilizasiyalı mədəniyyətə malik olmuşlar.

 

Ədəbiyyat 

1.Sumbatzade A.S.. Azerbaydjanüı-gtnoqenez i formirovanie naroda. Baku

2.Qeybullaev Q.A,Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994.

3.Qeybullaev Q.AGtnoqenez Azerbaydjanüev. 1, Baku, «Glm» 1991

4.Fərzəli Ə.. Gəmiqaya-Qobustan əlifbası, Bakı, 2003

5.Firidun Ağasıoğlu. Azər xalqı. Bakı, 2000

6. Allahverdiyev S., Haqverdiyev Ə.Türk dünyası xalqlarının tarixi, Bakı, 1996.

Yazar: Gülər Nuriyeva

həmçinin bax Azərbaycan iqtisadiyyatında turizm

həmçinin bax https://tehsilim.org/muddetli-muqavile-ile-islemek-isteyenlerin-nezerine/