Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edir
Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, vətəndaşların Tbilisidə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub.
Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib.
Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır. Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaq.
Ölkə ərazisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək.
Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib.
Mənbə: Report.az
Müxbir: Aytac Cəfərova