Azərbaycan cümhuriyyətinin xarici siyasəti

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən fəal xarici siyasət yeritməyə başladı. 1918 il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya – Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Zaqafqaziya seyminin nümayəndələri ilə Türkiyə arasında Batum danışıqları iyun ayının 4-də hər üç respublika və Osmanlı dövləti arasında “sülh və dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələndi. “Os manlı impe rator hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi” Azərbaycan Hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin 4-cü maddəsində deyilirdi: “Os manlı imperator hökuməti Azərbaycan Cümhuriyyəti Hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyduğu təqdirdə hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürür”. Osmanlı yardımından əsas məqsəd 1918 ilin yazında bolşeviklərin əlinə keçmiş Bakını azad etmək idi. 1918 il iyunun 17-də birinci Hökumət böhranından sonra yaradılmış yeni Hökumət kabinəsinin xarici siyasətdə ilk addımı Dördlər İttifaqı və Cənubi Qafqaz respublika larının iştirakı ilə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfıkürdskidən ibarət heyətin göndərilməsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə 1918 il avqustun 23-də Əlimərdan bəy Topçubaşovu fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmişdi.

Burada o, rəsmi görüşlər keçirmiş, Azərbaycanla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdı. İstanbulda vəziyyəti müşahidə edən Almaniya nümayəndələri yəqin etdilər ki, Azərbaycan Hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək fikrində deyildir. Belə olduqda, onlar Bakı barəsində  planlarını reallaşdırmaq üçün Sovet Rusiyası ilə gizli danışıqlara başladılar. Sovet Rusiyasının işə qarış ması Azərbaycan Hökumətinin Bakını azad etməsini xeyli yubandırdı. Almaniya -Rusiya danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım almaq ümidləri doğrulmadı. “Sentrokaspi”çilər və avqust ayının əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər də şəhəri Qafqaz İslam Ordusunun hücumundan müdafiə etmək iqtidarında deyildilər. Nəhayət, Berlində üç aya qədər davam edən Almaniya – Rusiya danışıqla rı 1918 il 27 avqust sazişinin imzalanması ilə nəticələndi (bax BrestLitovsk müqaviləsinə əlavə məxfi saziş). İstanbulda olan və Almaniya ilə Rusiya arasındakı gizli sövdələşmədən xəbər tutan Azərbaycan nümayəndələri 27 avqust sazişi ilə bağlı Almaniyanın Türkiyədəki səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya – Macarıstan və Bolqarıstan səfirliklərinə, həmçinin bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də verildi. 1918 ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi.

Sentyabr ayının ortalarında Azərbaycan – Osmanlı hərbi qüvvələri Bakını yadellilərdən azad etdilər. Bakının azad edilməsi Tələt paşanın Berlində apardığı danışıqlara müsbət təsir göstərdi. Danışıqlar nəticəsində sentyabrın 23-də Almaniya-Os manlı protokolu imzalandı. Protokola görə Almaniya 27 avqust sazişindən imtina edir, Azərbaycanı diplomatik cəhətdən tanıyacağını bildirir, onun müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınacağına yardım göstərəcəyini vəd edirdi. Türkiyə isə Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanıyacağı halda, öz qoşunlarını Brest sülhü üzrə müəyyən edilmiş sərhədlərə çəkəcəyini öhdəsinə götürürdü. 1918 ilin payızında Almaniya – Türkiyə bloku məğlub oldu. Məğlubiyyət ərəfəsində Azərbaycan Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula gələn Əlimərdan bəy Topçubaşov oktyabr ayında Türkiyənin rəsmi dairələri ilə bir sıra görüşlər keçirdi. Oktyabrın 30-da yalnız Türkiyə üçün deyil, Azərbaycan üçün də son dərəcə ağır olan Mudros barışığı (1918) imzalandı. Barışığa görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli idi. Türkiyənin nəzarəti altında olan Cənubi Qafqaz dəmir yolu müttəfiqlərin nəzarətinə verilirdi. Türkiye, eyni zamanda, 59 Bakının müttəfiqlər tərəfindən işğal edilməsinə etiraz etməməli idi.

Noyabrın 4-də Əlimərdan bəy Topçubaşov Mudros barışığının Azərbaycana aid maddələri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası verdi. Mudros barışığına əsasən, 1918 il noyabrın 17-də ingilis generalı U.Tomsonun başçılıq etdiyi müttəfiq qoşunları Bakıya daxil oldular. Bundan az əvvəl isə Azərbaycan Hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini yenicə bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciət qəbul etdi. Müttəfiqlərin müdaxiləsi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Bakıdakı vəziyyətlə yaxından tanış olduqdan sonra, rus və erməni milli şuralarının ciddi səylərinə baxmayaraq, general U.Tomson bildirdi ki, Britaniya komandanlığı Azərbaycan Hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir, Xoyski “Bakıda ən bacarıqlı adamlardan biridir” və yeni koalisiya Hökuməti təşkil edilənə qədər onun Hökuməti ölkədə yeganə təsirli hakimiyyət olaraq qalır. Yeni yaradılmış Hökumətin ilk addımı dekabrın 28-də Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyən etmək oldu. Hökumətin təqdimatı ilə təşkil edilmiş nümayəndə heyətinə tanınmış siyasi xadim, Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov rəhbərlik edirdi. Bu zaman İstanbulda olan Əlimərdan bəy Topçubaşov Türkiyənin rəs mi dairələri və İstanbuldakı İngiltərə, ABŞ, İtaliya, İsveç, İran, Hollandiya, Rusiya, Ukrayna və Ermənistan hərbi və diplomatik nümayəndələri ilə faydalı görüşlər keçirirdi.

Azərbaycan nümayəndələri Parisə viza almaq üçün çətinliklərlə qarşılaşdılar. 3 ay İstanbulda gözlədikdən sonra nümayəndələr İstanbul — Səlanik – Pirey (Afina) – Neapol – Roma marşrutu ilə Parisə yola düşdülər. 1919 il mayın 2-də ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə Azərbaycan məsələsi ilk dəfə Paris konfransının Dördlər Şurasının iclasında müzakirə edildi. Parisə gəldikdən sonra Azərbaycan nümayəndələri may ayı ərzində Böyük Britaniya, Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndələri ilə görüşlər keçirdilər. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L.Mallet Əlimərdan bəy Topçubaşovu qəbul etdi. Danışıqlar zamanı siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Mayın 28-də günün birinci yarısında Amerika diplomatı H.Morgentau, günün ikinci yarısında isə prezident V.Vilson Azərbaycan diplomatlarını qəbul etdi. Görüşdə Əlimərdan bəy Topçubaşov bildirdi ki, Azərbaycan nə Kolçakı, nə Denikini, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan başqa birisini tanımayacaqdır. Danışıqlar zamanı Azərbaycan Respublikasıının memorandumu V.Vilsona təqdim edildi. 1919 ilin yazında Rusiya ağqvardiyaçılarının müvəqqəti qələbəsi müttəfiqlərin onlara olan meylini gücləndirdi. Rusiyadakı ağqvardiyaçı generalların müvəqqəti uğurları fonunda Parisdəki rus mühacirlərinin fəallaşması Azərbaycan nümayəndələrini daha çevik diplomatik addımlar atmağa sövq edirdi. Bu məqsədlə avqustun 19-da və 26-da sülh konfransının sədrinə məktubla müraciət olundu. Bu sənədlərdə Qafqazdakı vəziyyət ətraflı təhlil edilərək, konfrans qarşısında Denikinin Könüllü ordusu ilə bağlı üç mühüm tələb qoyulurdu:

1) Könüllü ordu Dağıstan vilayətinə münasibətdə müttəfiq komandanlığının müəyyən etdiyi demarkasiya xəttini pozmamalıdır;

2) Könüllü ordu ən qısa vaxtda Dərbənddən çıxmalıdır;

3) Könüllü ordunun əlinə keçən Xəzər donanmasının gəmiləri Azərbaycan Hökumətinə qaytarılmalıdır. Könüllü ordu ilə bağlı Azərbaycan nümayəndələrinin Parisdə qarşılaşdığı çətinliklər 1919 ilin sonunadək davam etdi. Azərbaycan nümayəndələrinin qarşılaşdığı ciddi çətinliklərdən biri də ermənilərin “Böyük Ermənistan” yaratmaq məqsədilə irəli sürdükləri ərazi iddialarına qarşı mübarizə ilə bağlı idi.Qərb ölkələrindən yardım alan və güclü xarici icmalara malik olan Ermənistan ilk günlərdən etibarən sülh konfransının qarşısında həlli mümkün olmayan tələblər qoymuşdu. Ermənistan siyasətçiləri “erməni məsələsinin” Qafqazdan kənarda qüdrətli və qalib ölkələrin köməyilə həll ediləcəyinə, Ermənistan ərazisinin Türkiyə, Azərbaycan və Gürcüstanın əraziləri hesabına xeyli genişləndiriləcəyinə ümid bəsləyirdilər. Lakin Azərbaycan nümayəndələri Qərb ölkələrinin siyasi dairələri tərəfindən müdafiə edilən və bilavasitə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönələn erməni iddiaların ı dəf etməyə nail oldular.

Bu dövrdə yeni yaranmış dövlətlər qarşılarına çıxan siyasi, iqtisadi və xüsusilə maliyyə çətinliklərini həll etmək üçün özlərinə siyasi cəhətdən güclü, iqtisadi cəhətdən varlı himayəçi dövlətlər axtarırdılar. Bu baxımdan köhnə və yeni Rusiyanın Azərbaycana formaca fərqli, mahiyyətcə eyni olan münasibəti Azərbaycan Xalq Cümhuriyyətini özünə böyük dövlətlərin simasında himayəçi axtarmağa sövq edirdi. Birinci dünya müharibəsində məğlub olana qədər Azərbaycan üçün himayəçi dövlət Türkiyə idi. Müharibədən sonra beynəlxalq vəziyyət köklü surətdə dəyişdiyindən bu cür himayəçi dövlət Fransa, Böyük Britaniya, ABŞ və ya İtaliya ola bilərdi. Azərbaycana və ümumilikdə Qafqaz dövlətlərinə Fransa himayədarlığı o qədər də real deyildi. Fransa işgüzar dairələrinin Qafqaza marağı güclü olsa da, Klemanso hökumətinin “vahid və bölünməz Rusiya” ideyasına sədaqəti daha üstün idi. İngilis qoşunları Bakıya daxil olduqdan üç ay sonra, 1919 ilin fevralında Lloyd Corc hökuməti onları Qafqazdan mümkün qədər tez çıxarmağı qərara aldı.

Lakin ingilislər bunu elə etmək istəyirdilər ki, nə amerikalılar, nə də fransızlar bu regionda birtərəfli qaydada qüvvətlənməsinlər. Beləliklə, ingilislər tərəfindən ilk dəfə italyanların Qafqaza cəlb edilməsi ideyası irəli sürüldü. Bununla, həm de italyanların sülh konfransından narazılığı aradan qaldırıldı. İyunun 28-də Böyük Britaniya hökuməti ingilis ordusunun Qafqazdan çıxarılacağı barədə Paris sülh konfransına rəsmi məlumat verdi. Müttəfiqlər Qafqazdan çıxan  ingilis orudusunu italiya ordusu ilə əvəz etmək haqqında qərar qəbul etdilər. U.Orlandonun başçılıq etdiyi İtaliya hökuməti Azərbaycanda və Gürcüstanda olmuş polkovnik M. Qabbanın məlumatını dinlədikdən sonra Qafqaza ordu göndərməyə razılıq verdi. Lakin iyunun 31-də İtaliyada hakimiyyətə gəlmiş yeni F.Nitti hökuməti bildirdi ki, Britaniya qoşunlarını əvəz etmək üçün Qafqaza İtaliya ordusu göndərilməyəcəkdir. Nitti hökumətinin bu qərarı avqust ayında həmin məsələnin yenidən qalxmasına səbəb oldu. Azərbaycan və Gürcüstan nümayəndələri Parisdə keçirdikləri birgə iclasda qərara gəldilər ki, yalnız Böyük Britaniyanın himayədarlığı Qafqaz respublikalarının mənafeyinə uyğundur. Bu məqsədlə ingilis nümayəndələri ilə aparılan danışıqlar müsbət nəticə vermədi. Avqustun axırında ingilis əsgərləri Azərbaycanı tərk etdilər. Avropa dövlətləri ilə yanaşı, Qafqaz mandatına namizədlərdən biri də ABŞ idi. Böyük Britaniya, Fransa və İtaliyadan fərqli olaraq, Amerikanın Qara dəniz boğazları, İstanbul və bütövlükdə, Qafqaz mandatını qəbul etməkdə marağı var idi. Bu məqsədlə iyulun 5-də ilk addımlar atıldı.

Sülh konfransının “Onlar Şurası” Amerikanın təqdimatı əsasında polkovnik V.Haskeli Ermənistana ali komissar təyin etdi V.Haskelin Ermənistana müttəfiqlərin ali komissarı təyin edilməsi Azərbaycan Respublikasının da Amerikanın Qafqaz siyasətinə cəlb edilməsinə təsir göstərdi. Ermənilər bu dəfə Azərbaycana olan ərazi iddialarını ABŞ vasitəsilə həll etmək istəyirdilər. Avqustun axırlarında Bakıda apardığı danışıqlarda V.Haskel Qarabağın və Zəngəzurun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etdi. Bununla belə, V.Haskel təklif edirdi ki, İrəvan quberniyasının cənub hissəsində – Naxçıvan və Şərur – Dərələyəzdə ABŞ generalqubernatoru tərəfindən idarə olunan neytral zona yaradılsın (bax “Haskel layihələri”). Oktyabrın 24-də Naxçıvanda ABŞ general-qubernatorluğu yaradılması barədə V.Haskelin bəyanatı elan edildi və Amerika polkovniki Edmund Delli bu zonaya qubernator təyin edildi. Lakin Azərbaycan Hökumətinin ciddi müqaviməti, Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində amerikalılar öz niyyətlərini reallaşdıra bilmədilər. Polkovnik Edmund Delli Naxçıvanda general-qubernator kimi deyil, sülh konfransının nümayəndəsi kimi fəaliyyətə başladı. 1919 ilin noyabrında Paris müzakirəsində V.Haskelin vəkalətinin Azərbaycana və Gürcüstana aid edilməsi barədə ABŞ-ın cəhdləri İngiltərə və Fransanın ciddi müqaviməti nəticəsində baş tutmadı.

Keçmiş Rusiya imperiyasının hüdudlarında yaranmış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın baş naziri Lloyd Corcun 1919 ilin noyabrında İngiltərə parlamentinin icmalar palatasındakı çıxışı ilə başlandı. Lloyd Corcun çıxış ında aydın hiss edilirdi ki, o, Azərbaycanın istiqlaliyyətinin tanınmasına və ona yardım göstərilməsinə tərəfdardır. Britaniya baş nazirinin belə mövqeyi Denikinin məğlubiyyətindən sonra bolşevizminYaxın və Orta Şərqə yayılmasının qarşısını almaq zərurətindən irəli gəlirdi. 1919 ilin noyabr-dekabr aylarında müttəfiqlər arasında aparılan danışıqlar Azərbaycanın müstəqilliyinin tanınmasın ı artıq reallaşdırmışdı. Bu məqsədlə və Böyük Britaniyanın təşəbbüsü ilə 1920 il yanvarın 10-da Paris sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Bir gün sonra, yanvarın 11-də müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Corc Kerzonun təklifi ilə aşağıdakı məzmunda qərar qəbul etdi: “Müttəfiqlər və Birlik ölkələri Azərbaycan Hökumətini de-fakto səviyyəsində tanıyırlar”. Azərbaycanın istiqlaliyyətinin Paris sülh konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı artırdı. Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə başladı.1920 il martın 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini, əhatə edən saziş və müqavilələr imzalandı (bax Azərbaycan -İran müqavilələri).

Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıdı. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə 61 konsul-agentlikləri yaradıldı. 1920 il aprelin ortalarında Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis olunması haqqında qanun qəbul etdi. Azərbaycanda isə İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, Amerika Birləş miş Ştatlarının, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı (bax Bakıda xarici diplomatik nümayəndəliklər). Aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcrid olunmuş vəziyyətdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. 1919 ilin yayında Azərbaycanla Gürcüstan arasında imzalanmış “İttifaq müqaviləsi” Denikin təhlükəsinə, rus təcavüzünə qarşı müqaviməti gücləndirmişdi. Lakin vətəndaş müharibəsinin gedişində bolşeviklərin qazandığı qələbələr Sovet Rusiyasının mövqeyini möhkəmləndirdi. Hərbi qələbelər, öz növbesində, qonşu dövlətlerə diplomatik təzyiqi gücləndirir və bolşevik təbliğatı üçün əlverişli şərait yaradırdı. Azərbaycanın timsalında bu təzyiq 1920 ilin yanvarından aprelinədək diplomatik qarşıdurma həddinə çatan notalar mübadiləsində öz əksini tapmışdı. Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) xarici işlər komissarı GY.Çiçerin 1920 il 2 yanvar tarixli notasında əslində Azərbaycan Hökumətindən Denikinə qarşı tələsik müharibəyə girməyi tələb edirdi (bax Çiçerin notaları). G.Çiçerinin notası alınan gün, yanvarın 6-da Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Azərbaycan Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi. İclasda xarici işlər naziri Fətəli xan Xoyski Sovet Rusiyasının Azərbaycanla və Gürcüstanla hərbi saziş bağlamaq təklifi barədə məruzə etdi.

Gürcüstanla məsləhətləşmədən sonra yanvarın 14-də Azərbaycanın xarici işlər naziri Fətəli xan Xoyski G.V.Çiçerinə cavab notası göndərdi. Notada göstərilirdi ki, Denikinin uzun müddət Azərbaycan üçün təhlükə törətməsinə və ona qarşı Azərbaycan – Gürcüstan hərbi-müdafiə sazişi bağlanmasına baxmayaraq, Denikinə qarşı mübarizə Rusiyanın daxili işidir; Azərbaycan Respublikası Sovet Rusiyası ilə mehriban qonşuluq münasibətləri yaratmaq məqsədilə danışıqlara başlamağa hazırdır. Azərbaycan tərəfi bu fikirdə idi ki, danışıqlara başlamaq üçün Sovet Rusiyası rəsmi şəkildə Azərbaycan Respublikasını tanımalı idi. Bu Azərbaycanın milli müstəqilliyinin qorunmasına təminat ola bilərdi. Lakin Azərbaycanın bu mövqeyi Sovet Rusiyasını təmin etmirdi. RK(b)P MK-nın Siyasi Bürosu Fətəli xan Xoyskinin cavabını, ümumiyyətlə, Azərbaycan Hökumətinə münasibət məsələsini yanvarın 17-18-də keçirilən iclasında müzakirə etdi. G.Çiçerinin məruzəsi və V.İ.Leninin teklifi üzrə iclas Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə ruhunda qərar qəbul etdi. Qərarda göstərilirdi: “Xalq xarici işlər komissarlığma tapşırılsın ki, Azərbaycan Hökuməti barəsində çox böyük təmkinlik və etimadsızlıq siyasəti yeritsin, çünki o, Denikinə qarşı birgə hərbi əməliyyat aparmaq təklifimizi rədd etmişdir və Xəzər dənizində bizə qarşı çıxan İngiltərə hərbi qüvvələrinə xidmət göstərir. Hər bir millətin zəhmətkeş kütlələrinin öz müqəddəratını təyin etməsi hüququnu dönmədən qəbul etdiyimizi tam müəyyən şəkildə qeyd etməklə, xalq xarici işlər komissarlığı Azərbaycan Hökumətinin bu cür davranışına qarşı qəti protest etməlidir”. Belə bir vəziyyətdə, yanvarın 19-da müttəfiqlərin ordu göndərmədən, yalnız silah və hərbi sursat vasitəsilə Azərbaycanı və Gürcüstanı müdafiə edəcəyi barədə qərarının elan edilməsi bolşevik təcavüzü üçün əlverişli şərait yaradırdı.

Qafqazı, ilk növbədə, Azərbaycanı və Gürcüstanı bolşevik təcavüzündən xilas etmək üçün buraya ordu göndərilməsi çox zəruri idi. 1920 ilin əvvəllərində Denikinin məğlub olması, Sovet Rusiyasının fəallaşması, Azərbaycana qarşı erməni təcavüzünün baş qaldırması fonunda yaranmış ş əraitin araşdırılması göstərir ki, yanvarın 19-da müttəfiqlərin qəbul etdiyi qərar düzgün qərar deyildi. Həmin qərarın qəbul olunduğu iclasın sənədləri ilə tanışlıq göstərir ki, marşal Ferdinand Foş başda olmaqla hərbi ekspertlər Şurası və peşəkar hərbçilərin hamısı Azərbaycana və Gürcüstana ordu göndərilməsini zəruri hesab edirdilər. Yalnız Lloyd Corc başda olmaqla, bəzi siyasətçilərin təzyiqi ilə Azərbaycana və Gürcüstana münasibətdə belə yarımçıq qərar qəbul edilmişdi. Sovet Rusiyası Antanta ölkələrinin Azərbaycana və Gürcüstana ordu göndərib-göndərməməsi məsələsi ilə ciddi şəkildə maraqlanırdı. Hələ 1919 ilin axırlarında ingilis nümayəndəsi O.Qredi ilə danışıqlar aparan RSFSR xalq xarici işlər komissarlığının Kopenhagendəki müvəkkili M.M.Litvinov yanvar ayında G.V.Çiçerinə göndərdiyi teleqramda bildirirdi ki, İngiltərə hökuməti Qafqaza güclü ordu göndərmək barədə şayiələri təkzib edir. 1920 ilin yanvarında Azərbaycanın istiqlaliyyəti Antanta dövlətləri tərəfindən tanındıqdan az sonra, yanvarın 23-də G.V.Çiçerindən ikinci nota alındı. Bu nota daha hədələyici məzmuna malik idi.

G.V.Çiçerinin notasında Fətəli xan Xoyskinin birinci notaya 14 yanvar tarixli cavabı təhlil edilir, Azərbaycan Hökumətinin Rusiyanın daxili işlərinə qarışmamaq mövqeyi Denikinlə mübarizədən imtina kimi qiymətləndirilirdi. 1920 ilin fevral-mart aylarındakı notalar mübadiləsi də təxminən əvvəlkilərlə eyni məzmunda idi. Fərqli cəhət bundan ibarət idi ki, Qırmızı Ordu artıq Azərbaycanın sərhədlərinə yaxınlaşmış, yaranmış təhlükə ilə bağlı Hökumət daxilində müxtəlif fikirlər meydana çıxmışdı. Bundan əlavə, 1920 ilin fevralında yaradılmış AK(b)P mövcud vəziyyətdən dövlət çevrilişi üçün istifadə etməyə cəhd göstərirdi. Sovet Rusiyasının Azərbaycan Respublikasına münasibəti siyasi mülahizələrdən çox iqtisadi amillərlə bağlı idi. 1920 ilin yazında vətəndaş müharibəsi, əsasən, başa çatmış, fəlakətli dərəcədə dağılmış təsərrüfatı bərpa etmək kimi çətin bir vəzifə qarşıya çıxmışdı. Təsərrüfatın bərpa edilməsi isə, ilk növbədə, neft məsələsi ilə bağlı idi. Əslində, 62 elə 1920 ilin yanvarından başlanan diplomatik qarşıdurmanın arxasında da Bakı neftinə sahib olmaq iddiaları dururdu. V.İ.Leninin martın 17-də Qafqaz cəbhəsinin hərbi-inqilab şurasına göndərdiyi teleqramda Bakının işğal edilməsi məsələsi açıq-aydın göstərilmişdi. Teleqramda deyilirdi: “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səylərinizi buna verin, həm də bəyanatlarda son dərəcə diplomatik olmaq və möhkəm yerli sovet hakimiyyətinin hazırlandığını tamamilə yəqin etmək lazımdır… Qüvvələr yeridilməsi haqqında baş komandanla şərtləşin”. Keçmiş Sov.İKP MK yanında marksizm-leninizm institutunun mərkəzi partiya arxivində bu teleqramın əlyazması ilə yanaşı, onun surəti də saxlanılır.

Teleqramın surətində Q.K.Orconikidze bu sözləri yazmışdır: “Teleqram Bakıya hücum hazırlanması dövrünə aiddir. Əməliyyat hazırlanmışdı…”. Sovet Rusiyasının hücumu ərəfəsində Moskvaya gəlmiş erməni nümayəndələri ərazi güzəştləri müqabilində Azərbaycan Hökumətini devirmək işində öz yardımın ı təklif edirdilər. Şübhəsiz ki, mart ayının ortalarında Qarabağda plana uyğun şəkildə erməni qiyamının baş verməsi və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi əvvəlcədən hazırlanmış təxribat planının nəticəsi idi. 1920 ilin martında Qarabağın dağlıq hissəsində Azərbaycan Cümhuriyyətinə qarşı qaldırılan qiyamda, Qazağa və Naxçıvana Ermənistan tərəfindən edilən təcavüzdə məqsəd Azərbaycanın nizami ordu hissələrini Bakıdan çıxartmaq idi. Daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırmaq üçün ordu hissələri təcili Bakıdan və Dağıstan sərhədlərindən Qarabağın dağlıq hissəsinə gətirilməyə başladı. Xarici təhlükə ilə yanaşı mart ayının axularında Hökumətin istefa verməsi də böhranın dərinləşməsində az rol oynamırdı. Lakin yeni Hökumət yaradılmadığı üçün köhnə kabinet hələlik öz fəaliyyətini davam etdirirdi. Aprel ayının ortalarında Qırmızı Ordu hissələrinin Azərbaycan sərhədlərində toplaşması Azərbaycan Hökumətinin ciddi narahatlığına səbəb olmuşdu. Aprelin 15-də Fətəli xan Xoyski G.Çiçerinə göndərdiyi te’eqramda yazırdı ki, Dağıstan denikinçılərdən təmizləndikdən sonra Azərbaycan xalqı bu ümiddə idi ki, şimaldan təhlükə qurtarmışdır; o, qardaş dağlı xalqları və xalqların öz müqəddəratını təyin etmək hüququna təminat vermiş Rusiya ilə dostcasına yaşayacaqdır. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri yaxmlığındakı Dərbənd rayonunda və Dağıstanın hüdudlarında sovet hökumətinin fikrindən xəbərsizdir, ona görə xahiş edir ki, yuxarıda göstərilən rayonlarda ordunun toplanmasının səbəbləri haqda məlumat verilsin. Bu teleqramdan iki gün sonra RSFSR xarici işlər nazirinin müavini L.M.Qaraxandan Sovet Rusiyasının ticarət-iqtisadi münasibətlərə dair danışıqlara hazır olması barədə alınan teleqram taktiki mülahizələrlə bağlı idi.

Lakin aprelin 18-də Quba qəza rəisi daxili işlər nazirliyinə göndərdiyi gizli teleqramda Azərbaycanın sərhədlərində toplanmış sovet hərbi hissələrinin hərbi hazırlıq planları barədə məlumat verirdi. Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığının 11-ci ordu rəhbərliyinə və Volqa – Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə göstərilirdi ki, Azərbaycanın əsas qüvvəsi öz dövlətinin qərb cəbhəsində məşğuldur. Ona görə 11 -ci orduya və Volqa – Xəzər donanmasına Tuxaçevski, Orconikidze və Zaxarovun imzası ilə göndərilən direktivdə əmr edilirdi ki, aprelin 27-də Azərbaycan sərhədini keçib, beş gün ərzində Yalama – Bakı əməliyyatını yerinə yetirsinlər. Aprelin 23-də bu direktivdə dəyişiklik edildi və sərəncam verildi ki, 11-ci ordunun son vəzifəsi Bakı quberniyasını tııtmaq deyil, bütün Azərbaycanı ələ keçirməkdir. Aprelin 26-da Ermənistan hökuməti barışıq imzalamaq xahişi ilə çıxış etdi. Lakin gec idi. Azərbaycanın taleyi artıq Moskvada həll edilmişdi. Ölkə daxilində təxribatçılıq işi ilə məşğul olan bolşeviklər öz fəaliyyətlərini 11 -ci Qırmızı ordunun komandanlığı ilə, xüsusilə hərbi-inqilab şurasının üzvü Q.K.Orconikidze ilə sıx əlaqələndirirdilər. A.İ.Mikoyan başda olmaqla, yerli bolşeviklər 11 -ci Qırmızı ordunun Azərbaycanı işğal etmək planlarının həyata keçirilməsində, işğal əməliyyatının vaxtının müəyyənləşdirilməsində fəal iştirak edirdilər. Q.K.Orconikidzenin keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında marksizm-leninizm institutunun mərkəzi partiya arxivində saxlanılan əlyazmasında göstərilir ki, ” Bakıya hücum əməliyyatı hazırlanmışdı və Levandovskinin başçılığı ilə aprelin 25-26-da Azərbaycan sərhədlərini aşdıq”. Hərbi qüvvələr, əsasən, Qərb cəbhəsində olduğu üçün Qırmızı Orduya qarşı əsaslı müqavimət göstərmək mümkün olmadı. Səməd bəy Mehmandarovun aprelin 27-də əlavə qüvvələr göndərilməsi üçün ordunun yerləşdiyi Qərb cəbhəsinə vurduğu təcili teleqramın da heç bir əhəmiyyəti olmadı. 1920 ilin aprelində baş vermiş ciddi Hökumət böhranının özü də 11 -ci Qırmızı ordunun Bakıya da xil olması üçün əlverişli şərait yaradırdı. Azərbaycan Hökuməti aprelin 27-də respublikanın Sovet Rusiyası tərəfindən təcavüzə məruz qaldığı, sərhədlərinin pozulduğu barədə müttəfiqlərin Tiflisdəki nümayəndələri qraf de Martelə, polkovnik Qabbaya və K. Lyükkə təcili məlumat göndərdi. Azərbaycan Hökuməti müttəfiqlərin nümayəndələrindən xahiş edirdi ki, Azərbaycana yenidən hücum etməməsi üçün Ermənistan hökumətinə təsir göstərsinlər, çünki baş vermiş təcavüz aktı ilə əlaqədar Hökumət öz qoşunlarını Qarabağdan və Ermənistanla sərhəd olan rayonlardan çıxarır.

Müttəfiqlərin nümayəndələri elə həmin gün Ermənistan hökaməti ilə əlaqəyə girdilər. Aprelin 28-də Ermənistan hökuməti bildirdi ki, onların orduları dayandıqları mövqelərdən irəliləməyəcəklər, Azərbaycana hücum etməyəcəklər. Bunun müqabilində onlar bir sıra şərtlər irəli sürürdülər. Aprelin 27-si gündüz saat 4-də Azerbaycan bolşevikləri 11-ci ordu dəstələrinin Biləcəri stansiyasında dayandığına arxalanaraq, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Fəhlə Konfransı adından Parlamentə hakimiyyəti təhvil vermək haqqında ultimatum təqdim etdilər. Parlament hakimiyyəti dinc yolla 63 bolşeviklərə vermək barədə qərar qəbul etdi. 11 -ci ordu Bakıya daxil oldu, Azərbaycan yenidən Rusiya tərəfindən işğal olundu. Aprelin 28-də San-Remo konfransında iştirak etmiş Azərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq dövlətlərin Ali Şurasına, İtaliya hökumətinə və xarici dövlətlərin Romada olan səfirliklərinə suveren Azərbaycan dövlətinin Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sülh konfransına verilmiş notada qeyd olunurdu: “Azərbaycan nümayəndələri ümid edirlər ki, Sülh konfransı müstəqilliyin bərpa olunmasında Azərbaycana köməklik göstərəcəkdir”. Bu məzmunda notalar və müraciətlər dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə verildi. Lakin bunların elə bir əhəmiyyəti olmadı. Antanta ölkələri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Aprel işğalı ilə sona çatdı. Onun Parisdəki nümayəndələri isə Azərbaycan siyasi mühacirlərinin ilk dəstəsinə çevrildilər.

YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Qaraxanilər dövləti
HƏMÇİNİN BAX: Tehsilim.org/115-yasli-fuyuzat/