Azərbaycan Cümhuriyyətinin qurucusu Rəsulzadənin vəfat ildönümüdür

Siyasi fəaliyyəti

 

ⅩⅨ  əsrin sonları  – ⅩⅩ əsrin əvvəllərində  Azərbaycan xalqı yüksəliş dövrünü keçirdirdi. Həmin illərdə Azərbaycan ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmişdir. Bunun nəticəsi olaraq da, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı.[1]

Belə qabaqcıl şəxsiyyətlərdən, ziyalılardan biri də Məhəmməd Əmin Rəsulzadə idi.

Azərbaycan milli istiqlal hərəkatının və bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməliniqoyan xalqımızın ziyalısı  Məhəmməd Əmin Rəsulzadə 1884-cü il-dəBakının Novxanı kəndində anadan olmuşdur. O, ilk təhsilini “Rus-Azərbaycan” məktəbində almış, istedadlı alim, jurnalist və publisist olmuşdur. Bakı texniki məktəbini də bitirdikdən sonra mətbuatda bir sıra yazılarını dərc etdirmişdir. Bu yazılarında o xalqı maariflənməyə çağırır, xalqa  mətbuat, söz, ittifaq və cəmiyyət qurma azadlıqları verilməsini tələb edirdi. Bu zaman Rusiyanın Azərbaycanda yeritdiyi milli qırğın siyasətinə qarşı çıxır, onu kəskin tənqid edirdi. 1902-ci ildən sonra RSDFP – nin nəznində bir sıra təşkilatlar( “Müsəlman Gənclik təşkilatı”, “Müsəlman sosial – demokrat “Hümmət” təşkilatı”) yaratmış, fəaliyyət göstərmişdir. Həmin dövrlərdə təşkilatın bir sıra qəzetləri  Məhəmməd Əmin Rəsulzadə və təşkilatın digər öndərləri tərəfindən nəşr edilmişdir. Qəzetlərinyaradıcıları Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Təşkilatın 1904-1905-ci illərdə nəşr edilmiş “Hümmət” qəzeti qısa bir müddət sonra öz nəşrini dayandıraraq 1906-cı ildə “Təkamül” adı ilə yenidən çıxır.[2]

1905-1907-ci illər rus inqilabı dönəmində Məhəmməd Əmin Rəsulzadə gördüyü bu işlərlə müəyyən uğura çatıb, xalqda milli oyanışa səbəb olmuşdur. 1908-ci ilin sonlarında çar Rusiyası tərəfindən həbs olunma təhlükəsi yarandığına görə İrana getməyə məcbur olur. Buradakı xalqımızın acınacaqlı vəziyyətinə şahid olan Məhəmməd Əmin Rəsulzadə, bu məsələyə biganə qalmayaraq bir sıra ziyalılarla birlikdə İran demokrat partiyasının əsasını qoyur. 1909-cu ildə fəaliyyətə başlayan qəzetləri “İran-Nou” 1910-cu ilin yayında bağlansa da, oktyabr ayında yenidən öz fəaliyyətinə davam edir. Bu zaman onun Amerikan milyonçusu Morqan Susterlə apardığı siyasi müsahibəsinin qəzetdə nəşr edilməsi çar Rusiyasını ciddi narahat edir və onun İrandan getməsi üçün ciddi təzyiq göstərilir. 1911-ci ildə İranı tərk edən Məhəmməd Əmin Rəsulzadə gizli  Astara – Lənkəran yolu ilə Bakıya gəlir. Bir müddət burada qaldıqdan sonra o, həmin il İstanbula səfər edir. Daha sonra Türkiyədə Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə görüşmüş və əməkdaşlıq quraraq “Türk ocağı” təşkilatına daxil olmuşdur.[2]

1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi ilə əlaqədar olaraq amnistiya elan olunur və  M.Ə.Rəsulzadə vətənə geri qayıda bilir. Məhəmməd Əmin Rəsulzadə, özünün  göstərişi ilə keçmiş həmkarları Tağı Nağıyev  və Abbasqulu Kazımzadə tərəfindən yaradılmış “Müsəlman Demokratik “Müsavat” partiyasına” daxil olur və onun rəhbəri seçilir.Beləliklə M.Ə.Rəsulzadə uzun bir müddət öz siyasi fəaliyyətinə davam edir. Lakin 1917-ci ildə baş vermiş inqilab yenidən vəziyyətin qarışmasına səbəb olur.

1917-ci ildə tarixə Fevral inqilabı kimi düşmüş hadisə Rusiyada Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnir. Bundan sonra azad seçkilərin keçirilə bilməsi üçün Müvəqqəti hökümət qurulur və bunun sayəsində Rusiyanın taleyi həll olunurdu. Həmin ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağrıldı. M.Ə.Rəsulzadənin də iştirak etdiyi bu qurultayda böyük səs çoxluğu ilə Rusiyanın fedarativ dövlətə çevrilməsinə qərar verildi.[4]

Nəhayət, 1917-ci ildə Bakıda Müsavatın Birinci qurultayı keçirildi. Bu qurultayda Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmiş, eyni zamanda, ölkənin bütün ərazilərində “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlanmışdı.[3]

1918-ci ilmayın 27-də Azərbaycan Milli şürası yaradıldı və M.Ə.Rəsulzadə şüranın sədri seçildi. 1918-ci ilin mayın 28-də Azərbaycanın istiqlaliyyət xəbəri bütün bəşəriyyətə elan edildi. Azərbaycan Demokratik Respublikası, bütün islam şərqində qurulmuş ilk respublika idi. Bu münasibətlə keçirilmiş iclasda o, belə bir nitq söyləmişdir:

“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”[7]

O, burada Azərbaycanın vəziyyəti barəsində danışaraq bildirir ki, tarix boyu var olmuş Azərbaycan düşmənlərin acımasız siyasəti nəticəsində xarici yazarların əsərlərində yeni yaranmış kimi qələmə verilir. 1918-də Azərbaycanın istiqlaliyyəti elan olunana qədər xalqımızın Azərbaycan xalqı olması barədə heç bir məlumat olmayıb. Buna görə də, xalqımızın qarşısında vacib bir məsələ dururdu: müstəqil milli dövlətimizi yaratmaq.  Məhəmməd Əmin Rəsulzadə və onun daim yanında olan digər ziyalılar belə bir çətin görəvi öz üzərlərinə götürdülər.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində daim Azərbaycanın xeyrinə qərarlar qəbul etmiş, onun taleyində misilsiz rol oynamışdır. Cümhuriyyətin süqutundan sonra isə gizli fəaliyyətinə davam etmişdir.[3]

 

 

Maarifçilik fəaliyyəti

O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmişdir. Onun məqalələrində xalq maarifi, məktəb təhsili ilə bağlı çox maraqlı və dəyərli fikirlər vardır.

Məhəmməd Əmin Rəsulzadənin ən çox tənqid etdiyi məsələlərdən biri də təhsil sistemi idi. Çünki çarizmin qurduğu təhsil siyasətində ana dili dərslərinin təlimləri olduqca zəif keçirilirdi.

Bu səbəblə, 1908-ci ildə “Tərəqqi” qəzetində dərc etdirdiyi “Yerli məktəblər” adlı məqaləsində bunu xüsusi vurğulamışdır. O, ana dili dərslərinin layiqli səviyyəyə çatdırılmasını tələb edirdi.

Həmin il “Tərəqqi” qəzetində çap etdirdiyi başqa bir məqaləsinə əsasən, hesab dərslərinin ana dili dərsindən sonra gələn ikinci ən vacib dərs olduğunu bildirirdi. Eyni zamanda, hesab dərslərinə müvafiq dərsliklərin olmaması onu dərindən narahat edirdi. Buna görə də, Üzeyir Hacıbəyovun səyləri nəticəsində nəşr edilmiş “Hesab məsələləri” kitabı Məhəmməd Əmin Rəsulzadə tərəfindən qürurla  alqışlanmışdı.

O, öz pedagoji fəaliyyəti boyunca müəllim azlığı problemini də əfraflı şəkildə ərz etmişdir. Eyni zamanda müəllimlərin yeni, milli ruhda tərbiyələndirilməsini istəyir, beləliklə, məktəblərin də milliləşəcəyinə inanırdı. Bundan əlavə, o bilirdi ki, yalnız bütün millətin məktəblərə gedib təhsil alması nəticəsində xalq milli mədəniyyətə qovuşa bilər. M.Ə.Rəsulzadə bu fikrini “Açıq söz” qəzetində də öz oxucularına çatdırmışdır.

Başqa bir uğurlu addım isə 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından sonra  Zaqafqaziya Müəllimlər Seminariyasının  Qazaxa köçürülməsi və burada fəaliyyətinə davam etdirməsi idi.

Azərbaycanın ilk ali məktəbi olan – Bakı Dövlət Universitetinin açılmasının təşəbbüskarı yenə də Məhəmməd Əmin Rəsulzadə olmuşdur.

Universitetin yaranmasından sonra ziyalılarımızın qarşısında duran ən vacib problemlərdən biri də təhsilin hansı dildə – rus, yoxsa Azərbaycan dilində olması ilə bağlı idi. O dövrdə tarixi proseslərlə bağlı olaraq milli kadrların olmamasına görə tədrisin rus dilində keçirilməsi faciə kimi qələmə verilsə də, əslində bu proses millətin və dövlətin mənafelərinə heç bir ziyan gətirmirdi. Əksinə, milli kadrlarımızın tezliklə yetişə bilməyi üçün bu addım əhəmiyyətli hesab olunurdu.

Beləliklə, 1919-cu ildə Bakı Dövlət Universitetinin əsası qoyuldu və Azərbaycan tarixinə parlaq bir səhifə yazıldı.

 

 

Ədəbi fəaliyyəti və əsərləri

Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan mətbuatı tarixində siyasi və pedaqoji publisistikanın ən görkəmli nümayəndələrindən biri idi. Tədqiqatlar göstərir ki, onun 1903-1920-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmişdir. Onun məqalələrində xalq maarifi, məktəb təhsili ilə bağlı çox maraqlı və dəyərli fikirləri vardır.

Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı “Şərqi – Rus” qəzetində çap olunmuş ilk əsəri “Müxəmməs” ilə başlamışdır. Daha sonra, “Öz müxbirlərimizdən.Bakı”  yazısı və  “Elm tərifində deyilibdir” şeiri 1903-cü ildə həmin qəzetdə çap edilmişdir.[5]

“Hümmət” Sosial – Demokrat partiyasının nəznində yaradılan və onun bir orqanı olan ilk qəzet “Hümmət” qəzeti olmuşdur.

O, eyni zamanda, “Tərəqqi” və “İrşad” qəzetlərində də öz işlərini, məqalələrini çap etdirmişdir( “Kənddə müsibət”, “Qara pul”, “Çin müsəlmanları”, “Şeytan işinin nəticəsi”, “Nagəhan Bəla”, “Şurayi – Osmani” və s.)  Hətta 1908-ci ildə qısa bir müddətlik  “İrşad” qəzetinin redaktoru da olmuşdur.

1907-ci ildə də maarifçilik sahəsində bir sıra işlərə imza atmışdır. Üzeyir Hacıbəyovun hazırladığı “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lüğəti” kitabının redaktoru olur. Eyni zamanda, A.Blyumun “Fəhlə sinfinə hansıazadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir.

Bir neçə il sonra M.Ə.Rəsulzadə Stalinin xahişi ilə “Gənc türklərin qələbəsi haqqında” adlı məqaləsini yazır. Burada məşrutiyyətçi Gənc türklər haqqında geniş məlumatlar verilmişdir. 1909-1910-cu illərdə İrana getməyə məcbur olur və burada da siyasi fəaliyyətini davam etdirərək “İrani-Nov” qəzetini çap etdirir.

1910-1911-ci illərdə farsca əsərlər, kitablar da çap etdirir.  “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri və  “Səadəti bəşər” (“Bəşəriyyətin  xoşbəxtliyi”) kitabı buna nümunədir.

Redaktorluğunu etdiyi məşhur qəzetlərindən biri olan “Açık söz” qəzetinə də öz töhfələrini vermişdir. “Miladdan 1916”, “4 gün xəlq içində” , “Rusiya müsəlman ictima harada olmalıdır?”, “Cəmaət idarəsi” məqalələri buna nümunədir.

1918-ci ildə Batumda imzalanan ilk Türkiyə – Azərbaycan dostluq müqaviləsindən sonra Türkiyədə fəaliyyət göstərən “Vakit” qəzetində Məhəmməd Əmin Rəsulzadə haqqında bir sıra məqalələr çap edilir. Bunlar arasında M.Ə.Rəsulzadənin çap etdirdiyi “Azərbaycanın Almaniya hökumətinə notası” adlı yazısı xüsusi əhəmiyyət kəsb edir.

Stalinin sayəsində həbsdən azad olunan Məhəmməd Əmin Rəsulzadə elmi ezamiyyət götürərək Moskvadan ayrılır və 1922 – ci ildə Türkiyəyə səfər edir. O, burada bir sıra kitablarını nəşr etdirir: “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” və s. “Yeni Qafqasiya” jurnalının nəşr olunması da onun adı ilə bağlıdır. [2]

1928-cı ildə yaradılan “Promotey” hərəkatına bir sıra dövlətlər , o cümlədən, Azərbaycan qoşulmuş və həmin ildə də M.Ə.Rəsulzadənin də üzvü olduğu “Promotey”  jurnalı Fransada nəşr edilməyə başlanmışdı.[8]

1928-1955-ci illər ərzində daim Azərbaycanın tərəqqisi uğrunda mühüm adımlar atmış, öz fəaliyyətini qürbətdə də olsa davam etdirmişdir. Müxtəlif ölkələrin nəznində sayısız-hesabsız nəşr etdirdiyi kitablar, məqalələr, qəzetlər onun Azərbaycanın milli azadlığı, istiqlalı, gələcəyi naminə etdiklərinin yazılı sübutu kimidir.“Azəri-Türk”, “Qurtuluş”, “Odlu Yurd”, “Azərbaycan” jurnallarını,  “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi”, “Azərbaycan müstəqillik uğrunda mübarizədə”, “Azərbaycan Kültür Gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”  kitablarını, “İstiqlal”qəzetini ,Varşavada “Azərbaycanda Milli Hərəkat” adlı çox əhəmiyyətli bir məqaləsini,  “Azərbaycan problemi” əsərini,  “Milliyyət və bolşevizm” məcmuəsini və “Stalinlə ixtilal xatirələri”ni çap etdirir.

 

 

Nəticə

Azərbaycan dövlətçilik tarixində, Azərbaycan mətbuatında və Azərbaycan xalqının milli oyanışında öz töhfələrini verən, istər Azərbaycanda, istərsə də, mühacirətdə daim Azərbaycanın müstəqilliyinə can atan və bu məqsədlə bir sıra böyük həcmli tədbirlər görən Məhəmməd Əmin Rəsulzadə  bu gün millət kimi formalaşmış olmağımızın ən böyük dəstəkçilərindən biri olmuşdur. [6]

O, hər zaman türkçülük, istiqlalçılıq, islamçılıq ideyalarına sadiq qalaraq Azərbaycan Cümhuriyyətini yaratmışdır. M.Ə.Rəsulzadə və onunla birgə çalışan digər ziyalılarımız Azərbaycanın siyasi azadlığı üçün bir sıra fikirlər ortaya qoymuş, prinsiplər müəyyənləşdirmişdirlər. Bu da onu göstərir ki, Azərbaycan, istiqlaliyyəti elan olunana qədər uzun və çox sayda çətin mərhələlərdən keçmişdir.[7]

Nəhayət, bu cür təşəbbüslər və səylər nəticəsində Azərbaycan müstəqillik əldə edə bilmişdir. Lakin bu müstəqilliyimiz qısa olmuş ölkəmiz  muxtariyyətini itirmişdir. Buna baxmayaraq, Məhəmməd Əmin Rəsulzadənin ölkəmizdə gördüyü tədbirlər, xalqa aşıladığı milli ruh Azərbaycanın gələcəyi üçün çox təsirli olmuşdur.

 

 

 

Ədəbiyyat siyahısı:

[1]Rəsulzadə M.Ə. Əsərləri, II cild.Bakı, 2001, səh.286-287

[2]Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı,2013, səh.17

[3]Azərbaycan Xalq Cümhuriyyəti. (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild, səh.11-12

[4]Ziyad Əmrahov Azərbaycan Parlamentarizmi tarixi-100, Bakı, 2018, səh.15-18

[5]Faiq Ələkbərov Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü, Bakı, 2014, səh.50

[6]Faiq Ələkbərov Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü, Bakı, 2014, səh.262-263

[7]Ⅶ. Uluslararası türk sanatı, tarihi və folkloru kongresi/ Sanat etinlikleri – Faiq Ələkbərov AzərbaycanTürkçülüyü Məfkurəsi Və Məhəmməd Əmin Rəsulzadə , Bakı, 2017, səh.264-265

[8]Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı,2013, səh.164

Yazı, Qafqazın Günəşi Dərgisi ” Ən yaxşı esse ” müsabiqəsində 2-ci yeri qazanmışdır.

YAZAR: Aydan Soltanlı